• cümə, 19 Aprel, 03:36
  • Baku Bakı 18°C

Bir hə­qiqət var ki... - Cəlil Məmmədquluzadə - 150

07.05.19 11:30 2229
Bir hə­qiqət var ki... - Cəlil Məmmədquluzadə - 150
Cəlil Məmmədquluzadənin ictimai-fikir tariximizdəki müstəsna xidmətini la­yi­qin­cə də­yər­lən­dirmək, zəngin ədəbi və publisistik irsini, ötən böyük zaman mə­sa­fə­si­nin ideoloji qasırğalarından qo­­ruyub, onu zərrə-zərrə toplayıb, tədqiq və nəşr et­mək, ümumən mədəniyyət tariximizdəki dəyərini la­yi­­qincə müəyyən etmək, bu­gün­kü nəslə çatdırmaq yolunda ədəbiyyatşünas-mətnşünas alimlər bütöv bir ömür sərf et­­miş və bu ənənə bu gün də davam etdirilməkdədir.
Klassiklərin əsərlərinin tədqiqi və nəşri bir-birini bütövləşdirən son dərəcə ciddi el­mi, filoloji-teks­toloji işdir. Bu prosesdə, əsərin qələmə alındığı dövr­də olduğu ki­mi, sonralar onun tədqiqi və nəşri taleyində də ədəbi, ictimai-siyasi, ideoloji sə­ciy­yə­li amillərin do­ğur­­duğu mürəkkəbliklər mövcuddur.
Ta­rixin müxtəlif zaman mərhələlərinə nə­zər sal­dıqda, belə bir qənaət hasil olur ki, hər bir ic­ti­mai-si­ya­si quruluş öz ömrünü başa vurub, nəticədə yenisi ilə əvəz edil­­miş, "hər bir dövrün öz ha­kim ideyaları oldu­ğu kimi, bu ideyaların öz hakim for­maları da” (Mirəhmədov Ə.M. Azərbaycan Mol­la Nəsrəddini. Bakı, 1980, s. 211) olmuşdur. C.Məm­mədquluzadə də mövcud "hakim for­ma­la­rın” ağrı-acı­sını ya­şamış, dövrün doğurduğu bu mürəkkəbliklər və ziddiyyətlər bö­yük sə­nətkarın ədə­bi və publisistik irsinin nəşri tale­­yinə təsirsiz qalmamış, həm sağlığında, həm də son­­ra­lar böyük maneələr törət­mişdir. Bu amillər bəzən hər hansı bir əsərin nəşri za­ma­nı əs­lində müəllifin iradəsinə uyğun olmayan, amma həm özü, həm də sonrakı mər­hələlərdə digər əllər tərəfindən müxtəlif səbəblərdən edilən əlavə, ixtisar və də­yi­şikliklər şəklində özünü büruzə vermişdir. Bəzən bu pro­ses mətbəənin özündə be­lə davam etmişdir. Bir sözlə, bu prosesdə zaman özünəməxsus "sığal” və "dü­zəliş­lə­rini” etmişdir. Yazıçının bədii ir­si­nin tədqiqi və nəşri ilə bağlı çox sayda belə nü­mu­nələr göstərmək olar. Fikrin təsdiqi üçün "Mol­la Nəsrəddin” jurnalının 1917-ci il, 24-cü sayında nəşr olunan məşhur "Azərbaycan” mə­qa­lə­sinin nəşr taleyinə diq­qət yetirmək kifayət edər.
"Azərbaycan” məqaləsini milli oyanış və siyasi intibah dövrünün həqiqi ma­ni­fes­ti kimi qiy­mət­ləndirən akademik İ.Həbibbəyli yazır: "Azərbaycan” məqaləsi – xal­qımızın müstəqil və de­mok­ratik dövlət quruculuğu prosesindəki ümummilli və­zi­fələrinin publisist tərcümanı, carçısı, və­təndaşlıq harayının ifadəsidir. "Azər­bay­can” məqaləsi – Azərbaycan coğrafiyasının, vətəndaş ədib Cəlil Məmmədqulu­zadə­nin mahir qələmi ilə çəkilmiş nadir publisist xəritəsidir” (Hə­bib­bəy­li İ. Ustad Mir­zə Cəlil Məmmədquluzadə // Məmmədquluzadə C. Əsərləri: I c., Bakı, 2004, s. 25). Fikir, öz məntiqi təsdiqini «…dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vi­layətidir» – deyən C.Məmmədquluzadənin «Ha­ra­dır Azərbaycan?» sualına verdiyi cavabında tapır: "Azərbaycanın çox hissəsi İran­dadır ki, mərkəzi ibarət olsun Təbriz şə­hə­rindən, qalan hissələri də Gilandan tu­tub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti da­xil­lə­rin­dədir ki, bizim Qaf­qa­zın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bəyaziddən ibarət ol­sun” (Azər­baycan //"Molla Nəsrəddin” jurn., 1917, № 24, s. 3).
"Ona görə də biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıçı ki­­mi, publisist ki­mi yox, eyni zamanda böyük ictimai xadim kimi, böyük siyasətçi ki­­mi yanaşmalıyıq. …Bu, təkcə ədəbiyyat deyil, təkcə mə­də­niy­yət deyil, bu, si­ya­sət­­də böyük xidmətdir, ictimai həyatımızda böyük xidmətdir” (Azərbaycan Res­pub­­likasının Prezidenti Heydər Əliyevin böyük Azərbaycan yazıçısı Cəlil Məm­məd­­­qu­lu­za­də­nin anadan olmasının 125 illiyinə həsr edilmiş yubiley gecəsində nitqi – Respublika Sarayı, 28 de­kabr 1994-cü il).
1933-34-cü illərdən C.Məmmədquluzadə ir­sinin nəşri sahəsində ciddi iş gö­rül­mə­­yə başlanmışdır. C.Məm­mədquluzadənin arxivi Elmlər Akademiyasının Ədə­biy­yat sektoru tərə­findən əldə edil­miş­dir. Arxivi ilk olaraq, ədəbiyyatşünas Hə­bi­bul­la Səmədzadə araşdırmış və onun təs­virinin qısa xü­la­­səsini mətbuat vasitəsi ilə el­mi icti­maiy­yətə təqdim etmişdir.
C.Məmmədquluzadə ir­sini mümkün qədər geniş ölçüdə çapa hazırlamaq işini öh­­dəsinə gö­tü­rən Həbibulla Səmədzadə, ədibin əsərlərini üç cild­də nəşr etməyi qə­rar­laşdırmışdır. O, bu haqda yazır: «Elm­­lər Akademiyası Ədəbiyyat sektoru böyük sə­nətkarın yaradıcılığı ilə əsas oxucu kütləsini ta­nış etmək üçün "Mol­la Nəsrəddin” (C.Məm­mədquluzadənin – A.Ə.) kül­liy­ya­tını nəşr etmək işi ilə də məşğuldur. Kül­liy­yat üç tomdan ibarət olacaqdır. Birinci tomda Molla Nəsrəddinin dram əsər­ləri, ikin­ci tomda – hekayələri, üçüncüdə isə – fel­yeton, məqalə və ümumiyyətlə, pub­li­sis­tik əsər­ləri çap edi­ləcəkdir. Külliyyatın birinci və ikinci tomu mətbəəyə ve­ril­miş­dir. Üçüncü tomu isə 1935-ci ilin sonunda verilə­cək­dir» («İnqilab və mə­də­niy­yət» jurn., 1935, № 1, s. 34-35).
1936-cı ildə C.Məmmədquluzadənin «Əsərləri»nin I və II cildləri «Azərnəşr» tərə­fin­dən çapdan çı­xır. Mətni, 1935-ci ildə nəşriyyata verilən III cildin nəşri isə mət­bəə­də dayandırılır. Bu, 1936-cı il idi. Nəzərə alınmalıdır ki, vaxtilə Əli Nazimin «Əsər­ləri»nin I cildinə yazdığı müqəddimə nəşrdən kə­nar edilmişdir; bu da 1936-cı il idi. Ədibin Əziz Şərif tərəfindən tərcümə edi­lərək rus dilində Tif­lis­də nəşr olunmuş «Se­çilmiş əsərlə­ri»nə yazdığı müqəddiməyə görə, Əli Nazim və Əziz Şə­rifə hücum edən klimoviçlər ar­tıq var idi – bu da 1936-cı il idi.
1944-45-ci illərdə Nizami adına Ədəbiyyat və Dil İns­titutu bu işi davam et­dir­mə­yi və III cil­di iki hissədə bu­raxmağı yenidən qərara alır. 1945-ci ildə görkəmli alim Mir Cəlal Paşayev cildə müqəddimə yazır. Nəhayət, 11 ildən sonra – 1947-ci il­də III cil­din I hissəsi "düzəliş” və "təshihlə” nəşr olunur. Belə bir "düzəliş” C.Məm­mədquluzadənin məşhur "Azərbaycan” məqaləsi üzərində də edilir. 1917-ci il­də "Molla Nəsrəddin” jurnalında çap olunan bu məqalə senzuranın diqqətindən kə­narda qalsa da, 1947-ci ildə sovet ideologiyasının süzgəcindən çıxa bilməmiş və üzə­rində ixtisar aparılmışdır. "Azərbaycan” məqaləsinin ori­ji­nal­la müqayisəsindən mə­lum olur ki, məqalədəki «Ax, gözəl Azərbaycan vətənim, harada qalmısan?» cüm­ləsinin da­va­mı olan "Gəl, gəl, bir gəl gör bizi zornan rusca danışdıran türk qar­daşlar bizdən nə istəyirlər” cüm­ləsi mətndən kənar edilərək üç nöqtə ilə əvəz olun­muşdur.
Maraq doğuran suallar yaranır: Kim idi bizi zornan rusca danışdıran türk qar­daş­la­rı? Nə istəyirdi bizdən? Əslində, rus dilini mükəmməl bilən C.Məm­məd­qulu­za­də ni­yə bizi zornan rusca danışdıran türk qardaşlarının istəyindən şikayətli idi? Bəlkə bu, C.Məm­məd­qulu­za­dənin "Əsərləri”ni ilk dəfə çapa hazırlayan tərtibçilərin diq­qət­siz­liyinin sayəsində edil­miş­dir, ya cildin nəşrinə nail olmaq üçün məqsədli, dü­şü­nül­müş, məcburi bir şəkildə? Bəlkə, bu "təs­hih”i daha "bö­yük əllər” mətbəədə et­miş­dir? Yaxud, tərtibçilər Həbibulla Səmədzadə və Əziz Mirəhmədov özlərini qo­ru­maq üçün bu üsuldan istifadə etməli olmuşlar. Axı hələ 1947-ci il idi!..
Bütün bu sualların cavabı ilə məsələyə haqq qazandırmaq mümkün deyil. Bir hə­qiqət var ki, oxucu üçün Mirzə Cəlil irsini geniş miqyasda tanımaq imkanı ya­ra­dan bu nəşr ədibin ölü­mün­dən sonra əsərlərinin küll halında olan ilk nəşri kimi çox qiy­mətlidir. Məqsəd yalnız bir məsələni diqqətə çatdırmaqdır. Nəzərə alınmalıdır ki, bu nəşrin mətni sonrakı tərtibçilər tərəfindən ka­no­nik mətn kimi qəbul edil­miş­dir. Məhz bu səbəbdən yazıçının əsərlərinin sonrakı nəşrləri bu nəşrin mətni əsa­sın­da tərtib olun­muş və eyni zamanda yeni əsərlərlə zənginləşdirilmişdir.
"Çox görkəmli azərbay­can­çı olan Cəlil Məm­məd­quluzadənin milli və və­tən­daş­lıq mövqeyinin proqramı səviyyəsində” (Həbibbəyli İ. Məmmədquluzadə C. Əsər­lə­ri: III c., Bakı, 2004, s. 451) olan "Azərbaycan” məqaləsinin mətni orijinalla mü­qa­yisə edilmədiyindən, sonrakı, hətta üçcildlik elmi nəşrinə belə bu ixtisarla – "üç nöq­tə qüsuru ilə” daxil edilmişdir.
Deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, hər mil­lətin taleyində, onun milli mə­­dəniy­yəti­nin inkişafı axarın­da xalqın üzləşdiyi ictimai-siyasi dəyişikliklər həl­l­edi­ci rol oynamış, dövrün pafos və ideologiyası hər sahədə oldu­ğu kimi, onun ədə­bi-mədəni mühitinə də güclü təsir etmiş, ye­ni imkanlar açdığı kimi, qarşısına böyük qa­dağa və tə­ləblər də qoymuşdur. Bu baxımdan, C.Məmmədquluzadənin ədə­bi irsi bü­tün əsr bo­yu dövrün elmi-nəzəri, tekstoloji təhlilini tapmış olsa be­lə, real im­kan­lar biz­də bu yaradıcılığa yenidən qayıtmaq zərurətini gerçəkləşdirir.
Bu gün yazıçının dil, üslub, ideya xüsusiyyətlərini özündə ehtiva edən kanonik mət­nin yaradılmasına ehtiyac və imkan var. C.Məm­məd­quluzadənin əsərlərinin da­ha mükəmməl nəşrini təmin etmək məqsədilə çoxcildliklərinə daxil edilən felyeton və məqalələrinin mətninin "Molla Nəsrəddin” jurnalının orijinalı ilə tutuşdurularaq aş­kar olunan ixtisar və əlavələrin bərpa edilməsi arzuolunandır. Məhz bu məqsədlə də, C.Məmmədquluzadənin əsərlərinin çoxcildliklərinə daxil edilmiş "Molla Nəs­rəd­din” imzalı "Azərbaycan” məqaləsinin ("Molla Nəsrəddin” jurn., 1917, № 24 //AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. DM-440) orijinal variantını oxu­cu­la­ra təqdim etməyi vacib bildik.

AZƏRBAYCAN

Ax, unudulmuş vətən, ax yazıq vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yu­xu­dan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış ev­lərini bina etməyə üz qoydular.
Bəs sən haradasan, ay biçarə vətən?!
* * *
Dünya və aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söy­lə­sək, – o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı, inna lillahi və inna iley­hi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, mil­lət, millət, – dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur.
Bununla bərabər, yəni "bavücude inki”, hər söz danışıldı, hər mətləbə əl vu­rul­du, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bununla bə­ra­bər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyi-zəhləmi aparır, – haman söz Azərbaycan vətənimin üstündədir.
Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cu­mu­ram, özümdən soruşuram ki: Mənim anam kimdir? – Öz-özümə də cavab ve­ri­rəm ki: Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi. Dilim nə dildir? – Azərbaycan di­lidir! Yəni vətənim haradır? – Azərbaycan vilayətidir. Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir. Ha­radır Azərbaycan? – Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təb­riz şəhərindən, qalan hissələri də Gilandan tutub qədim Rusiya hökuməti ilə Os­manlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kür­düstanından və Bayaziddən ibarət olsun.
* * *
Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma düşdü ki, ke­çən həftə Tiflisdə müsəlmanların milli komitəsində bir məsələyə baxılırdı ki, aya bi­zim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun. Biri dedi rusca, biri dedi os­man­lıca, biri dedi ermənicə, axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı başarmır, bu səbəbdən bunlara izn verilsin ki, rusca danışsınlar. O ki, qaldı rus darülfünunu oxuyub başa çıxan bə­zi üzvlər, bunlara da izn verildi ki, rusca danışsınlar. Və həqiqətdə, mən ki, gedib sü­mük sındırıb illər ilə kafirlər içində əlimi murdar professorlara verə-verə elm oxu­muşam, insafdırmı ki, bugünkü gündə də oxuduğum elmi gizlədim və rusca da­nış­mayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar rusca danışılan mət­ləbləri başa düşmürdülər, cəhənnəmə düşmürdülər, gora düşmürdülər.
* * *
O ki, qaldı Bakı qurultaylarında olan səliqə, – bu barədə yaxşısı budur ki, heç da­nışmayım: onsuz da düşmənimiz çoxdur, xəbərdar olallar və gəlib baxıb və qu­rul­taylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar, çünki nədənsə bizim bəd­xahların hamısı bədnəzərdir.
* * *
Ax, gözəl Azərbaycan vətənim, harada qalmısan? Gəl, gəl, bir gəl gör bizi zor­nan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər. Ay torpaq çörəyi yeyən təb­rizli qardaşlarım, ay keçəpapaq xoylu, meşginli, sərablı, goruslu və moruslu qar­daşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey vəh­şi ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin, val­lah ağlım çaşıb! Axır dünya və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qo­yub bir fikirləşək görək, haradır bizim vətənimiz?!
Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları!
Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş və vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağ­la­ya­caq­lar?!
Niyə sakitsiz, ey mənim lüt-üryan vətən qardaşlarım?!.

Afaq ƏLİYEVA,
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru, dosent



banner

Oxşar Xəbərlər