• cümə axşamı, 28 mart, 11:58
  • Baku Bakı 4°C

Bir hekayə haqqında

10.12.18 17:30 1287
Bir hekayə haqqında
Çox hörmətli Elçin Əfəndiyev!
Sizin "Ədəbiyyat qəzeti”ndə (02 dekabr, 2017- ci il) dərc olunmuş "Rəssam Muxtar Manaflının həyatı, sənəti və bu dünyadan qaçışı” adlı hekayənizi oxudum. Bundan əvvəl Sizin Sovet dövrü yaradıcılığınızı bütövlükdə, sonrakı – 90-cı ildən bəri yaradıcılığınızın isə böyük əksəriyyətini oxumuşam.
Hətta sizin uşaqlar üçün bir hekayənizi də xatırlayıram. Orada kiçik uşaqlar plastmas gülün qopmuş yarpağını suya qoyurlar ki, yenidən göyərsin. Ancaq mənim hazırda sözüm yuxarıda adını çəkdiyim hekayəniz barəsindədir.
Hekayəni oxuyarkən hansı hissləri duydumsa, onu yazmaq fikrindəyəm.
Əvvəla, elə bildim ki, bu Sizin rəssam haqqında sadəcə bir yazıdır. Sonra yazının altında zəifcə "hekayə” sözünü gördüm. Bu adın həm uzun, həm də heç hekayə adına oxşamaması daha da diqqətimi çəkdi. Fikirləşdim ki, oxuyum görüm Mustafa kimdi?
İlk cümlədən əsərin elə də maraqlı olmadığını düşündüm. Lakin oxudum.
Mustafanın rəsmlərini, bu rəsmlərin mənasını, məğzini mən də, oxucu da başa düşür, anlayır. Onu görənlərin əvvəl heyrətinə səbəb olsa da, sonradan əsas nüansı nəzərdən qaçırır və bu əsərlərə qiymət vermirlər. Əsərlər onlara yeknəsəq, təkrar kimi görünür.
Mustafanın əsərləri faktdır. Fakt da odur ki, kiçicik bir uşaq qatarla keçdiyi zaman kəsiyində doğmaca kəndinin mənzərələrini zərrə-zərrə gözünə yığır, ürəyinə, qəlbinə, könlünə əbədi həkk edir. Bu kəndi onun gözündən, könlündən heç bir qüvvə çıxara bilməz. Ona görə də qəhrəmanın bir qatar sürətiylə keçib getdiyi kəndinin daşını, torpağını, yerini, göyünü, ağacını, quşunu ən incə naxışı ilə zahirən oxşar olsalar belə, fərqli cizgilərlə çəkməsi müəllimlərini, hətta görənləri belə əsəbiləşdirir, onlar rəssamın elə də böyük istedadının olmamasını sübut etməyə çalışırlar.
Biri o birinə bənzəməyən bu mənzərələr Mustafanın yaddaşında aydınca cızılıb. O da bu mənzərələri dəqiqliklə – ayrı-ayrı ştrixlərlə, boyalarla çəkir. Ancaq bu kənd mənzərələrinin "eyniliyi” müəllimlərini, anasını, nənəsini də bezdirir.
Hekayəni çox ağır oxuyurdum. Az qalırdım yarımçıq saxlayam. Ancaq saxlamırdım, müəllifin məqsədi olduqca maraqlı və orijinal idi. Həm də dediyim kimi ağır irəliləyirdi.
Nənə obrazını özündənrazı, elmli, dünyagörüşlü, qupquru bir kötük kimi canlandırdım. Sanki bu obraz daş kimi dağdan, qayadan qopub, indiki düşdüyü yerindəcə bitib qalmışdı. Bu daş o vaxta qədər tərpənməz qaldı ki, Mustafanın şəkillərinin hamısının bir-birinə oxşadığından o da əsəbiləşib, "sən o kəndə elə baxırsan, elə bil İlotlar azadlığa baxır”, dedi. Qadının, "İlotlar azadlığa baxır”, sözündən sonra canlanması möhtəşəm idi. Mənim üçün də, hekayə bir anın içində gözəlləşdi, bədiiləşdi, oxunaqlı oldu. Daha gerisi əla idi. Birbaşa oxudum və heyrətləndim.
Burada "İlot” sözünə rast gələn kimi nədənsə dərhal Çingiz Aytmatovun "Əsrə bərabər gün” romanındakı "manqurt” yadıma düşdü. Bu iki sözün arasındakı bağı aydınlaşdırmadan yadıma düşməsi çox qəribə idi.
İlot sözünə indiyə kimi heç vaxt rast gəlməmişdim. Nə məna kəsb etdiyini də anlamadım. Mustafanın özü kimi.
Həm də anladım ki, hekayə niyə ağır imiş. Sən demə yazıçının məqsəd və məramı küləyin göydə quş lələyini yüngülcə fırlatması kimi bir şey deyilmiş. Söhbət Fələyin çarxının ağır-ağır dünyanı fırlatmasından gedirmiş. Fələyin çarxının dünyanı necə fırlatmağını izləmək, onun sonuna varmaq elə də asan olmadığı kimi, Elçinin də əsərini oxumaq ona görə çətin imiş.
Fələyin çarxı nə qədər istəyir fırlansın . Bizim onunla daha işimiz yoxdu. Ancaq hər kəsin, hər yazıçının özünün fırlatdığı bir məcazi çarxı var. Elçinin məcazi çarxını İlota bənzətdim. İlot sözünün mənasını öyrənəndə qəzeti yerə qoyub öz – özümə sevinclə pıçıldadım: "Dəhşət! Deməli İlot kənd təsərrüfatı ilə məşğul olan qullara deyilirmiş. Bu qullar uzaq tarlalarda əkib-becərən azad kəndlilərə daimi bir kədər və həsədlə baxırmışlar”.
Nənə Mustafaya "İlotsan”, deyəndə onun da doğma kəndinə, elinə, obasına qovuşmaq arzusuyla nisgillə baxmasını nəzərdə tuturmuş. Mustafa azad olmayan kəndinin hər zərrəsini rəsmlərində ayrı ayrılıqda vəsf eləyir. Bəlkə də, nisgilini bununla ovutmaq istəyirdi.
Yenə Manqurtu xatırladım. Xatırlamaqda əsasım vardı. Manqurtun istəyi özündən asılı deyildi. O başqasının arzusunu yerinə yetirəndi. İlot isə əksinə, öz arzusunun nisgilini yaşayır.
Mustafa İlotdur. Kəndi düşmən tapdağı altındadır. Ora həsrətlə baxır. Hekayənin müəllifi İlotdur, Qarabağı həsrətlə gözləyir. Biz hamımız İlotlarıq, hamımız vətənimizin bütövləşməsinin arzusundayıq.
İstər Çingiz Aytmatovun Manqurtu, istərsə də Elçin Əfəndiyevin İlotu eyni yüksəklikdə dayanan obrazlardır. Ç.Aytmatovun Manqurtu oxucuların dilində "bomba” kimi partladı. Hər tərəfə, hər yana əks-səda verdi. Hər kəs Manqurtun prototipini misal göstərirdi. Elə indi də dillərdə əzbərdir. Lakin Elçinin İlotunun səsi xəfif gəldi, astadan gəldi. Əslində, bu səs Atom bombasının səsi kimi gurlamalıydı. Hər iki yazıçı əvəzolunmaz, əlçatmazdı. Birinin ruhu şad, o birinin canı sağ olsun.
Belə olmasaydı, böyük yazıçımız Elçin bu hekayəni qələmə almazdı.
O ki qaldı, fələyin çarxının dünyanı çətin və ağır-ağır fırlatmasına, bu da təbiidir. Çünki yer üzünün bütün sərhədləri götürülsəydi, irqlər, dinlər, dillər bir olub birləşsəydi, fələk də dünyanın çarxını asanlıqla fırladardı.

Aləmzər Əlizadə

banner

Oxşar Xəbərlər