• cümə, 29 Mart, 01:39
  • Baku Bakı 7°C

Bir gəncin müsibəti

03.12.18 13:30 2915
Bir gəncin müsibəti
İtaliyada laqeydliklə, ABŞ-da tərəddüdlə, keçmiş SSRİ-də böyük rəğbətlə qarşılanan "Ovod” romanı bir əsrdən artıqdır ki, dolaşdığı ölkələrdə hələ də fikirləri haçalamaqdadır. Ən sərrast tənqidçilər, ən dəqiq oxucular ortaq nöqtəyə gələ bilmirlər: roman azadlıq, əqidə uğuruna qəhrəmanlıqdan bəhs edir, yoxsa sırf antixristianlığın təbliğidir?!
Bəlkə də, "Ovod”un məhz sosialist ölkələrində populyarlıq qazanması digər ölkə oxucularında belə bir təəssürat yaratmışdı. Təsadüfi deyil ki, əsasən Polşa, Rumıniya, o vaxtkı Çexoslavakiya, Kuba, Çin Xalq Respublikasında böyük maraq görmüşdü. "Ovod” SSRİ-nin bütün respublikalarının, hətta muxtariyyətlərinin dilinə, ümumilikdə 24 dilə çevrilmiş, 9 milyondan artıq tirajla buraxılmışdı. Hər halda "Qırmızı inqilab”ın lideri Leninin stolüstü kitabı idi. İlk dəfə 1898-ci ildə Rusiyada çap olunan "Ovod” proletar hərəkatının ən böyük dəstəkçilərindən olmuşdu. İnqilaba hazırlıq ərəfəsində fəallar tərəfindən tövsiyə edilən bu kitab amal uğuruna usanmadan mübarizə aparmaq, ateizmi təbliğ etmək istiqamətində xüsusən gənclərə örnək oldu. Elə rus inqilabçıları, Avropadakı mühacirləri ilə yaxın əməkdaşlıq edən müəllif Etel Lilian Voyniçin özünün də məqsədi bu idi. Missiya uğurla yerinə yetirilmişdi, onsuz da Voyniç həmin dövrdə qatı kilsə nəzarətində olan köhnə avropalılardan ümidini üzmüşdü. İngilis dilində yazılmış bu əsər heç bir ingilisin kitab rəfinə yol tapa bilmədi, çünki Britaniya romanın çapına icazə vermişdi. Bəlkə də dünyada sırf tərcümə olunduğu dillər sayəsində şöhrət tapan nadir əsərlərdəndir. Voyniçi qane etməyən tək şey – romanın məhz gənclərə tövsiyə olunması idi. Dəfələrlə romanın yetkin insanlar üçün yazıldığını vurğulasa da, gənclərlə kifayətlənməli olurdu, axı gənc qəhrəman seçməklə istiqaməti özü vermişdi.
Qərb şərhçiləri elə məhz bu səbəbdən Etel Lilian Voyniçin məqsədinin qəhrəmanlıq salnaməsi yaratmaq olmadığını iddia edirlər. Onların fikrincə, "Ovod” sırf antixristianlıq, hətta bu dinə qarşı fobiya, ikrah yaratmaq məqsədi daşıyır. Əlbəttə, proletar hərəkatının hədəflərindən biri də ateizmi yaymaq olsa da, müəllifin romanın qəhrəmanı timsalında özünün Tanrıya olan nifrətinin qabardılması bəzi tənqidçilərdə narazılıq yaradırdı. Məsələ burasındadır ki, roman İtaliyada XIX əsrdə baş vermiş inqilabi hərəkatdan bəhs etsə də, həmin dövrün inqilabi abu-havasını, şəraitini, xalqın etirazını, silahlı qalxınmanı, tarixi motivlərini qətiyyən əks etdirmir: inqilab burada yalnız fon xarakteri daşıyır. Buna görə də bu günün ədibləri və oxucuları əsəri tarixi roman kimi qiymətləndirmirlər. Voyniç bütün diqqətini baş qəhrəmanın möhkəm xarakterinin, əzablarının, cəsarətinin təsvirinə yönəldib.
Romanda hadisələr 1830-cu illərdə cərəyan edir. Baş qəhrəman – gənc ingilis Artur Berton anasının ölümündən sonra himayədarı olan keşiş Montanellinin məsləhəti ilə İtaliyaya gəlir. Burada Artur sevgilisi Cemma ilə inqilabi hərəkata qoşulur. Hərəkatın aktiv üzvlərindən olan Artur digərlərindən hətta jandarma qarşısında, həbs təhlükəsində belə yenilməməsi, özünə aman diləməməsi ilə fərqlənir. Bəs 19 yaşlı gəncdə inqilaba can atma, kilsəyə və onun xadimlərinə nifrət hardan yarandı? Axı onun himayədarı, anasından sonra tək əziz adamı olan Montanelli kilsə nümayəndəsi, mömin adam idi?! Gəncin sadə Arturdan qəddar Ovoda dönməsi, Tanrıdan üz çevirməsi də elə məhz yaxınlarının ona vurduğu zərbə sayəsində yaranır. Anasının atasına keşişlə xəyanət etməsi, illərlə atası bildiyi adamın yad biri olması, bir sözlə bu mübariz gəncin qəlbində şəxsi faciələrinin açdığı yaralar, doğmalarının yalanı və əlini yarıyolda buraxan sevgisi onun həyata, inama olan baxışlarını tamamilə dəyişir. İllərdir atası bildiyi insana anasının katolik keşişi ilə xəyanəti, Allaha bəkarəti ilə sadiq qalacağına and içmiş bir kilsə xadiminin bu səhvi ona qarşı ikrah yaradır. Özünə həmdəm bildiyi insanların üzdə Tanrıya bağlılığını, əslində isə şeytani əməllərinin kökünü gənc oğlan insanların özündə deyil, məhz dində axtarır. Onun fikrincə, dini xof, cəhalətə bürünmüş cəmiyyət qınağından qorxu insanlarda belə ikiüzlülük yaradır. Bu qənaət qəlbindəki nifrətə qarışaraq Arturu kilsənin və onun havadarlarının qəniminə çevirir. Halbuki gənc tələbə hərəkata qoşularkən özünə vətən hesab etdiyi İtaliyanın Avstriya qəsbkarlarından xilası üçün mübarizə aparırdı. Hətta "Gənc İtaliya” hərəkatının devizi olan "Tanrı və xalq eşqinə” devizini dilində əzbər edərək atdığı hər addımda tanrının ona və silahdaşlarına yar olacağını düşünürdü. Axı İsa Məsih də amal və bəşəriyyətin xilası uğrunda canından keçmişdi. Artur xəyalında özünü İsanın davamçısı kimi görürdü. Amma kilsə xadimlərindən, din daşıyıcılarından gördüyü ilk yalandaca indiyə qədər inandığı hər şey bir anda məhv olur.
Gənc oğlan kilsənin, xristianlığın, ona kor-koranə sitayiş edənlərin sərt düşməninə çevrilir. Bununla da kifayətlənməyib özünü Tanrının ən böyük düşmənlərindən elan edir. Ovoda görə Tanrı – mübariz insanın özüdür. Burada Voyniç məharətlə qəhrəmanının mübariz ruhunu, dönməzliyini göstərməklə inqilabçı rolunda onu əbədiyyətə qovuşdurur. Amma özü də bilmədən elə qəhrəmanın timsalında İsa Məsihi yenidən dirçəldir. Voyniç Ovodla İsanı qarşılaşdıraraq birincini daha zirvəyə qaldırmaq istəsə də yenidən əvvələ qayıdır və qəhrəmanın ilk çağlarda İsa peyğəmbərdən ilhamlanmasının heç də onun qəlbində tamamən bitmədiyini təsdiq edir.
Təbii ki, müəllif bunu istəmirdi, onun niyyəti dinə aid olan hər şeyi yerlə-yeksan etmək idi. Ancaq bu qarşılaşdırma ilahi qəhrəmanla inqilabi qəhrəmanı ortaq məxrəcə gətirir. Ovod nə qədər sərt olsa da həyatı, bütün canlıları sevirdi, insanlara daha aydın səma, daha firavan həyat bəxş etməyi, yanlış təfəkkürdən uzaqlaşdırmağı düşünürdü. Hətta gildən düzəldilmiş dini fiquru keşiş Montanellinin yanında qıraraq onun inancının da elə bu gil qədər qırılqan olduğunu sübuta yetirməyə çalışırdı. Eyni addımı əsrlər öncə İsa Məsih etmədimi? Əlləri qandallı Ovod jandarmdan, onların verdiyi işgəncədən qorxmadan, aman diləmədən amalına sadiq qalarkən, çarmıxa çəkilmiş İsa kimi yaddaşlarda əbədiyyət qazandı. Ovod da İsa və onun həvariləri kimi əzabkeşdir. Yəni müəllifin özü də bilmədən, istəmədən yenidən İsanın ətrafına hərlənməsi onu sərrast oxucu baxışlarının hədəfində gülünc göstərir. Çünki Voyniç bu əsərdə özünü və qəhrəmanını ateist göstərmək istəsə də, əslində daha bərbad şəklə salır: axı mübariz və uzaqgörən insan baş verən bütün çətinlikləri, yalanı, xəyanəti tanrının ayağına yazmaq istəyir. Elə isə "insan öz taleyinin yaradıcısı və hakimidir” deyən Voyniç niyə qadir insana inanmayıb yenidən Tanrıya müraciət edir? Ölüm ayağında oğlunu görən keşiş son anda Tanrıdan üz döndərir. Bu məqamda da Voyniç yanlışa yol verir: bir sevgi uğruna digər sevgini qurban verməklə. Halbuki qəhrəmanın sevgilisi onu tərk edərkən müəllif qızı "əsl sevgi qurban verilməz, inkar edilməz” iradına tutmuşdu. Demək ki, əsərin sonluğunun keşişin Tanrıdan dönməsi ilə bitməsi süni şəkildə düşünülüb, məqsəd roman boyunca qabardılan Tanrıyla düşmənçiliyinin məhz insanın qələbəsi ilə bitdiyini qabartmaq idi. Oxucu haqlı olaraq düşünür ki, Voyniç bu əsəri dönəmin inqilabçılarının "sifariş”i ilə yazıb. Onun həyat yoldaşı Sibir həbsxanasından qaçmış inqilabçı idi. Sonralar əri ilə mühacirətdə olan rus inqilabçıları ilə dostluq edib, onlardan rus dilini də öyrənmişdi. Lenini özünə ideal hesab edən xanım yazar inqilab liderinin "İnqilaba bir gün deyil, həmişə hazır olmaq lazımdır” fikrini özünə şüar etmişdi. Yalnız o dövrün abu-havasını düşünən, ateist qabarmanın gələcəkdə yatışacağını hesablamayan Voyniç bununla da Ovodun ümumoxucu rəğbətini qazanmasına mane olub. Müəllif öz qəhrəmanını Tanrıya və peyğəmbərə qarşı deyil, kilsəyə qarşı qoysaydı daha çox rəğbət qazanardı. Çünki dini riyakarlıq, din xadimlərinin ikiüzlülüyü bütün dinlərdə olub, var, güman ki, bundan sonra da olacaqdır. İnsanın Tanrıdan üz çevirməsinin günahı Ali Yaradanın iblisi sınaq kimi göndərməsində deyil, insanın bu sınaqdan üzüqara çıxmasındadır. Ona görə də "Ovod” bu gün də oxunmağına baxmayaraq, əslində dönəm ədəbiyyatıdır. Yəni sosialist ruhu, mübarizəni, dövrün sıçrayışını göz önündə canlandırmaq istəyən oxucu bu əsərə müraciət edib, ondan böyük zövq ala bilər. Lakin yenidən bu zamanın reallığına, öncəliklərinə qayıdarkən bugünkü oxucu romanı təkrar oxumağı düşünməz. Qeyd etdiyim kimi, roman keçmiş SSRİ-də uzun illər sosialist təfəkkürünün ilham mənbəyi kimi çıxış edib. İlk kosmonavtlar – Yuri Qaqarin, Valentina Tereşkovanın etirafına görə, məhz bu romandan təsirlənərək qorxunu yenib hər insanın qadir olmadığı cəsarətə şövqləniblər. Tanınmış sovet yazıçısı Nikolay Ostrovski "Polad necə bərkidi?”, Maksim Qorki "Ana” əsərini "Ovod”dan ilhamlanaraq yazıb. 1955-ci ildə "Ovod” əsasında çəkilmiş filmin musiqisini isə görkəmli bəstəkar Dmitri Şostakoviç bəstələyərək şedevr yaradıb. Dəfələrlə teatr səhnələrində oynanılıb.
Maraqlıdır ki, müəllif özünün SSRİ-dəki məşhurluğunu yalnız 91 yaşındaykən öyrənib. 1955-ci ildə ona SSRİ-dən içində "Ovod” uğurlarından bəhs edən "Oqonek” jurnalı göndərilib. Həyatının müdrik çağında olan, özünü unudulmuş hesab edən xanım üçün bundan gözəl hədiyyə nə ola bilərdi? Həmin ildən etibarən yerdə qalan 5 illik ömrünü onu sevən, uca tutan SSRİ oxucularına həsr edir, sovet respublikaları ilə məktublaşır. Yeri gəlmişkən, Etel Lilian Voyniç dünya tarixinə öz məşhur əsəri ilə keçməsəydi belə onun, xüsusilə də ailəsinin adı mütləq gələcək nəsillərə xatırlanacaqdı. Belə ki, dünyanın ən hündür zirvəsinin adı Voyniçin ana babası Everestin şərəfinə adlandırılıb.

Şəfiqə ŞƏFA



banner

Oxşar Xəbərlər