• cümə, 29 Mart, 06:21
  • Baku Bakı 5°C

Bir elatın tarixi səhifələri

17.10.19 13:00 816
Bir elatın tarixi səhifələri
"İlanlı” toponimi Azərbaycan ərazisi üçün coğrafi məkan asılılığına malik olmayıb? bütün sərhəd (dövlət) hüdudları üçün səciyyəvidir. Bu baxımdan filologiya elmləri doktoru, professor İbrahim Məhəmməd oğlu Bayramovun (1954) "Qərbi Azərbaycanın türk mənşəli toponimləri” ("Elm”, 2002), "Qərbi Azərbaycanın toponimlər sistemi” ("Elm”, 2005) monoqrafiyalarında, eləcə də "Ermənistanın türk mənşəli toponimlərinin tarixi-linqvistik təhlili” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında (2007) göstərdiyi kimi "İlanlı” yer adları əski türk tayfalarının tarixi-coğrafi məkanlarının ünvanı olmaqla həm də İrəvan quberniyasının Şərur-Dərələyəz qəzası və Hamamlı nahiyəsində, Qars vilayətinin Amasiya nahiyəsində, Naxçıvan mahalında... geniş yayılmış toponimlərdən (kənd, tayfa, dağ, yüksəklik, düzənlik, vadi... adları kimi) biridir. Ona görə də, Şərqi Azərbaycanda (Böyük Qafqaz, Şirvan-Qobustan, Abşeron, Muğan, Lənkəran bölgələrində) "İlanlı” toponimi ilə bağlı yer adlarının yaranmasının tarixi-coğrafi xüsusiyyətləri ilk növbədə həm nəsil, tayfa, elat amili, həm də təbii coğrafi məkan xüsusiyyətləri ilə sıx bağlıdır.
Təsadüfi deyil ki, bu toponimə Şərqi Azərbaycanın Qobustan bölgəsində daha çox rast gəlinməsi, hər iki səciyyəvi cəhəti özündə birləşdirən bir özəllikdir. Belə ki, XII-XIII əsrlərdə Ərəbistan yarımadasının şimal-qərb və Anadolu yaylasının cənub-şərq hissəsində köçəri həyat tərzi sürən türk-müsəlman elatının böyük köçü (həm də İslam dinin təbliği amili nəzərə alınmaqla) yol alaraq Qobustan bölgəsində Ağcakənd kəndində (əvvəllər Mərəzə qəsəbəsində, indiki Qobustan şəhərində) sonuclanmışdır. Bu yerlərdə yurd salan İlanlı bəylərinin şəcərə sələfləri olan Seyid İbrahim, Cəbrayıl və Abdulla, eləcə də, dini-irfanı fəaliyyətlə (mədrəsə-tədris üsulunun yaranması, nəqqaşlıq və miniatür sənətinin təşəkkülü...) məşğul olublar. Seyid İbrahimin tağ formalı tikilmiş hücrələr daxilində mədrəsə, ətrafında sənduqələrlə naxışlanmış əski qəbiristanlıq qalıqlarına keçən əsrin 70-80-ci illərində Mərəzə qəsəbəsinin mərkəzində rast gəlinirdi. Həmin sənduqələrin yan üzləri ərəb əlifbası ilə yazılmış və hər tərəfi miniatür rəsmlərlə nəqşlənmişdi.
Seyid İbrahim tayfası ruhani-irfani (sufi təriqətinə aid) yaşayış tərzi ilə yanaşı, həm də tərəkəmə həyatı yaşayıblar. Bu nəslin qış otlaq yataqları Qobustan qış otlağı massivinin "Şıx”, "Gəray”, "Soltan”, "Yetim” adlı düşərgələri olub. Belə ki, Seyid İbrahimin nəvəsi Şeyx Lələnin qış otlaq obası sonralar "Şıxlələcik” adlanıb. Tərəkəmə həyat tərzinin davamlı olması artıq 1720-1730-cu illərdə indiki Qobustan rayonu, Şıxzərli kəndindən 5 km cənub-şərq istiqamətdə (Bakı-Şamaxı avtomobil yolunun 78-ci km-də, yoldan 3 km şimal-qərbə tərəf) Hacı Ağası bəyin oğlu Zal bəyin uşaqları (Məhəmmədrza bəy Abdulla bəy oğlu 1818-ci ildə, onun oğlu Şahpələng bəy 1840-cı ildə bu kənddə doğulub) tərəfindən kövşənli-yovşanlı bir ərazidə İlanlı kəndinin (el arasında bu yurda Zallı da deyilir) əsasının qoyulması ilə nəticələnmişdir. Guya həmin yerlərdə zəhərli ilanların çox olması "İlanlı” toponimi ilə ifadə olunub.
Bir cəhəti qeyd edək ki, XIX əsrin əvvəllərində Qafqaz canişinliyi tərəfindən İlanlı elatının üzvlərinə verilən "bəy” titulları Sovet hakimiyyəti illərində də qorunub saxlanılmış, el arasında onlar bu cür adlanmışlar.
Tərəkəmə İlanlı bəylərinin qış otlaq sahələrinin cənub sərhədi indiki Qobustan Qoruğuna bitişik olan "Kiçik Daş Ağıl” (2740 hektar, İbrahim bəyə məxsus olub), "Köhnə Daş Ağıl” adlı qışlaqlara qədər uzanmışdır. "Köhnə Daş Ağıl”da Şahpələng bəyin daş tağı, dəvədamı, Hacı Alıcan bəyin 2 mərtəbəli evi, zağaları ("Qubad bəyin zağası”, "Sahibcan bəyin zağası”), Qırımxan Sahibcan oğlunun sal daş parçasında açdığı nişanə... son illərədək qalırdı. Bu yerlərdəki qədim "Qara atlı baba” qəbiristanlığı, Qobustan şəhəri yaxınlığındakı əski "Diri Baba” qəbiristanlığı (Zal bəy, Hacı Ağası bəy, İbrahim bəy, Xancan bəy... burada dəfn edilib) İlanlı elatının dini mərasim-ziyarət ocağıdır.
İlanlı (Zallı) kəndinin yaxınlığındakı qədim qəbiristanlığın yaşı 150-170 ilə çatır. Burada birinci Süleyman bəy Cəbrayıl bəy oğlu (1775-1850) dəfn edilib. Deyilənə görə, bu kəndin dəfn mərasimi "Diri Baba” qəbiristanlığında aparılırdı, qəbir yerlərini də Süleyman bəy (canlı-cüssəli, qüvvətli olub) qazırmış. Ömrünün son illərində Süleyman bəy kəndin ətrafında bir yer ayırır və vəsiyyət edir ki, məni burada dəfn edərsiniz. Bununla da bu qəbiristanlığın əsası qoyulub. Məzar daşları hündür və sənduqə formalı, baş daşlarının üstü günəş, nizə, müxtəlif heyvan rəsmləri və naxışlarla, ərəb əlifbalı yazılarla örtülüdür.
İlanlı kəndinin ətrafı da yovşanlı örüş-otlaq sahələri ("At yalı”, "Lələcik düzü”) olub, ot-yem bitkilərinə yel dəydikcə "at yalı” kimi "ləpələnirmiş”, "dalğalanırmış”.
İlanlı bəylərinin igid oğulları 1905-1907-ci, 1917-1920-ci illərdə hay-daşnak və rus silahlı qüvvələrinə qarşı, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi illərində (Bayram Bəyalı bəy oğlu, Alı Zülfüqar bəy oğlu, Baba Balabəy oğlu, Bəhram Xanbala oğlu, Qaraş Hacalı oğlu... bu savaşlardan geri dönməyib) döyüş səngərlərində qəhrəmanlıqlar göstərmiş və sinələrini sipər etmişlər. Lakin, 1930-1940-cı illərdə də ağır repressiya faciələrini yaşayan İlanlı elatının üzvləri az olmayıb.
1795-1797-ci illərdə Ağa Məhəmməd şah Qacar Qarabağa hərbi yürüşlər etdikdə İlanlı bəylərindən Cəbrayıl bəy öz dəstəsi ilə (40-50 nəfərlik dəstə ilə) Qobustan bölgəsi adından xalq müqavimət hərəkatında iştirak edib.
1918-1919-cu illərdə Sərxan bəy Surxay bəy oğlu Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun tərkibində Əsgəran qalası uğrunda döyüşlərdə şəhid olub.
Bu illərdə Şamaxı qəzasının kəndlərinə hücum edən hay-daşnak və rus-bolşevik silahlı quldurlarının basqını İlanlı kəndindən (50-60 ev olub) yan keçməyib. Mənfur düşmən basqınlarından danışan Məhəmməd Adıgözəl oğlu Məmmədovun (1906-1967), Niftalı Zülfüqar oğlu Babayevin (1909-1985), Baba bəy Zülfalı bəy oğlunun (1905-1982) bildirdiyinə görə, quldurlar dinc əhalini qətlə yetirə bilməsə də, mal-mülkü bütünlüklə qarət etmiş və evləri yandırmışlar. O faciələrin nişanəsi kimi Bəyalı bəy Ağalar bəy oğlu Rüstəmovun (1904-1993) yandırılmış 2 mərtəbəli evi 2000-ci ilədək qalırdı.
Keçən əsrin 30-cu illərində İlanlı elatının nümayəndələrindən Baday bəy Alış bəy oğlu (1867-1957), Qiyas bəy Qambay bəy oğlu (1882-1937, mahir saz ifaçısı idi, oğlu Zəbi bəy (1901-1989, mahir balaban ifaçısı), Qaraş Hacalı bəy oğlu (1901-1941, o da yaxşı balaban ustası olub)... həbs edilərək sürgünə göndərilmişlər.
İlanlı kəndinə və bəylərinə məxsus əski yurd yerlərinin ("Tabun yeri”, "Mahmudlu yurdu”, "Qırmızı yer”, "Lələcik”...) keçən əsrin 80-90-cı illərində əkin-örüş yerləri kimi istifadə edilib, indi nişanə kimi ancaq yurd-ocaq daşları və izləri qalır. İlanlı və Şıxzərli kəndləri arasındakı "İlanlı dərəsi”nin günbatan səmti dəvə oylağı olub. İlin yağıntılı dövründə bu dərədən axan su Ceyrankeçməz çayına birləşərək Səngəçal qəsəbəsi yaxınlığında Xəzər dənizinə tökülür. Ceyrankeçməz çayının "Şeyx Baba” qış otlağından (burada qədim qəbiristanlığın olduğu bilinir, bu yerdən həmişə "Azan” sədası eşidilərdi) keçən hissəsindəki "Ağakərim körpüsü” də İlanlı elatının adını yaşadır. 1948-1952-ci illərdə Bakı-Şamaxı avtomobil yolu çəkiləndə İlanlı kənd sakini Ağakərim o tikintidə gözətçi işləyib...
Cəbrayıl bəy (oğlanları Zal bəy, Süleyman bəy, Rüstəm bəy idi) qızı Şərəfbanu xanımı Gəmaltı (indiki Dərəkənd) kəndinə gəlin köçürəndə İlanlı kəndinə (bəylərinə) məxsus 500 hektaradək örüş-əkin yerini ("Göy pilpilə”, "Qırmızı yer”, "Lələcik”...) qızına cehiz verib, o yerlər sonralar həmin kəndin təsərrüfatına (E.Telman adına kolxoz) aid edilmişdir.
Ümumiyyətlə, İlanlı kəndinin ərazisi qədim tarixi-coğrafi maddi-mədəni irs nümunələri ilə zəngindir. Kəndin şərqində, 1 km aralıda "Axtarma” palçıq vulkanı ocağı var. Bu vulkan 3-7 ildən bir püskürür, sonuncu dəfə güclü oyanışı 2013-cü ildə qeydə alınıb. Kənd sakini Səfixan Allahverən oğlunun (1933-2015) həyətində 2018-ci ilin payızında həyətyanı qazıntı işləri apararkən 2 mərtəbəli qəbirlər, qəbirlərin içərisinə qoyulmuş müxtəlif ölçülü saxsı küplər aşkar edilib. Qonşuluqdakı Qəhrəman Hüseynbala oğlunun (1951) evinin altındakı tunel 500-600 m uzanaraq (bu evin bünövrəsində həm də içi küllə dolu iri təndir tapılıb) Şıxzərli kəndində Elim Uçot oğlu Cəbrayılovun, Qəşəm Nüsrət oğlu Orucovun evlərinə bitişik qalayadək uzanır. Həmin qalada isə pilləkənlərlə zirzəmiyə enmək olur...
İlanlı kəndi 1948-1950-ci illərdən sonra boşaldıldı, axırıncı köçmə 1962-ci ildə oldu. İndi bu qədim, tarixi yurdda cəmi 10 ev var...
Qeyd: Yazının hazırlanmasında Qaradağ rayonu, Duvannı qəsəbəsinin sakini Hacı Əlicuvan Mirzəbaba oğlunun (1937) və Qobustan rayonu, İlanlı kənd sakini Əmir Məhərrəm oğlu Məmmədovun (1974) məlumatlarından istifadə edilmişdir.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
banner

Oxşar Xəbərlər