• cümə, 29 Mart, 16:26
  • Baku Bakı 14°C

Bir dərman yetər, xəstə

05.02.19 10:00 618
Bir dərman yetər, xəstə
Xəstəliklərin və xəstələrin sayının günü-gündən artdığı bir dövrdə bəzi insanlar müalicə üçün xarici ölkələrə üz tuturlar. Son illər müalicə üçün Türkiyə, İran, Almaniyaya gedənlərin sayı heç də az deyil. Bir çoxları düşünür ki, xarici həkimlər müalicə yazarkən bir, maksimum iki dərmandan istifadə edirlər. Amma bununla yanaşı, xəstənin qəbul etdiyi müalicə daha effektiv olur.
Bu yaxınlarda sosial şəbəkədə bir məlumata rast gəldim. Bir xanım istifadəçi qeyd etmişdi ki, həkim xəstəyə ən mühüm hallarda beş ədəd dərman yaza bilər, amma bunu da protokol ilə əsaslandırmaq lazımdır. O bildirir ki, əgər diaqnoz qoyulmadan reseptdə 3-5-dən artıq dərman siyahısı yazılıbsa, bu həm tibbi etika, həm də qanun pozuntusudur: "Belə müalicəni etməyin! Bir mütəxəssis yalnız öz sahəsi ilə əlaqəli dərmanları yazmalıdır, o da protokola uyğun olaraq”.
Mövzu ilə bağlı həkimlərin rəyini aldıq. Həkim-terapevt Məlahət Abbasova bildirdi ki, həkim olaraq xəstəyə həddən artıq dərmanın yazılmasının əleyhinədir: "Təəssüflər olsun ki, həqiqətən də bəzən həkimlərimiz öz xəstələrinə xeyli sayda dərman yazır. Bu məsələni biz dəfələrlə həmkarlarımız arasında da müzakirə etmişik. Dünya təcrübəsində həkimlər müalicə zamana bir, maksimum iki dərmandan istifadə edir. Əslində, çox dərmanın xəstəyə xeyrindən çox ziyanı var. Həkimin xəstəyə təyin etdiyi dərmanlar onun qan sisteminə keçir və qanın tərkibini dəyişir. Həkimlər dərman yazarkən bu məsələni nəzərə almalıdır. Bu mənada hesab edirəm ki, xəstəyə sırf xəstəliyin özünə aid olan dərmanlar təyin edilsin. Məsələn, əgər xəstənin mədəaltı vəzində problem varsa, bu problemin aradan qaldırılması üçün müvafiq dərman təyin edilməlidir. Amma bizim həkimlərin əksəriyyəti sovet psixologiyasını əsas götürür. Bəzi həkimlər xəstənin immun sisteminə, öd kisəsinə, həzmin yaxşılaşdırılmasına görə də dərman yazırlar. Beləcə, bir müalicədə dərmanın sayı 5-dən az olmur. Bu, bizə sovet dövründən miras qalan bir şeydir. Amma xarici ölkələrdə məsələ bir qədər fərqlidir. Əgər xəstənin mədəaltı vəzində problem varsa, həkim sırf ona uyğun dərman yazır. Əgər xəstə qaraciyərindən şikayət edirsə, onu hepotoloqa istiqamətləndirir. Yəni, bizim həkimlərin xəstəyə münasibəti daha ətraflıdır. Biz çalışırıq ki, xəstənin bütün problemlərini aradan qaldıraq. Amma yaxşı olardı ki, maksimum şəkildə daha az dərman təyin edilsin. Çünki xəstənin qəbul etdiyi bütün sistem və dərmanlar onun qan tərkibini dəyişir. Mən özüm də çalışıram ki, dərmanların sayını minimuma endirim. Çünki elə dərmanlar var ki, onun tərkibini təbii vasitələrdən əldə etmək olur. Çalışıram ki, belə olduqda təbii üsullara üstünlük verim”.
Həkim Terapevt Elnur Rəhimov bildirir ki, qoyulan diaqnozdan asılı olaraq, müalicə sistemi dəyişə bilir: "Müasir dövrdə tibb sahəsində həkimlər daha az dərmana üstünlük verir. İndi diaqnostik və laborator vasitələrin köməyi ilə xəstədən analiz toplanır və ona uyğun dəqiq diaqnoz qoyulur. Çünki elə xəstəliklər var ki, onun müalicəsində yalnız bir dərmandan istifadə edilir. Yəni bu, dünyada belədir. Amma sovet dövründə istehsal edilən elə dərmanlar var idi ki, həmin dərmanlar müəyyən xəstəliklərin protokoluna daxil deyildi. Ancaq həkimlər öz xəstələrinə bu dərmanları yazırdı. Məsələn, adicə pnevmoniya xəstəliyinin müalicəsində üç dərmandan istifadə olunur. Əvvəlki dövrlərdə bu xəstəlikdən əziyyət çəkən xəstələrə yazılan dərmanların sayı isə altıdan çox olurdu. Çox hallarda həkimlər xəstələrə lazım olmasa belə, sistem yazır. Bu bizim psixologiyamıza artıq təsir edib. Bəzi xəstələr var ki, onlara az dərman yazanda narazılıq edir, yaxud şübhələnməyə başlayır. Xəstələrin çoxu fikirləşir ki, bir dənə dərmanla sağalmaq olmaz. Çoxları deyir ki, "bir dənə dərman mənim haramı sağaldacaq. Ay həkim, mənə bir sistem yazsanız, daha yaxşı olar”. Amma əslində sistem hər xəstəyə yazıla bilməz. Yəni sistem adətən yataq xəstələri üçün nəzərdə tutulur. Əvvəllər bu təcrübədən çox istifadə olunub deyə indi də insanlar fikirləşir ki, həkim müalicə zamanı daha çox dərman yazmalıdır. Amma bu hal artıq yavaş-yavaş dəyişir. İndi bizdə də bu məsələyə yanaşma tərzi xeyli dəyişib. Dünyanın əksər ölkəsində xəstəyə təyin edilən diaqnozun özünə məxsus protokolu var. Bu protokolda neçə dərman və hansı müalicə üsulu yazılıbsa, hər şey bu nizamnaməyə uyğun şəkildə aparılır. Yəni müvafiq protokoldan kənara çıxılmır”.
Şəbnəm
banner

Oxşar Xəbərlər