• cümə, 29 Mart, 06:37
  • Baku Bakı 5°C

“Bir də ayılırdım ki, tənəffüs çoxdan bitib, yemək isə yox” - Məktəb illəri

12.01.19 10:30 1271
“Bir də ayılırdım ki, tənəffüs çoxdan bitib, yemək isə yox” - Məktəb illəri
Məktəb illəri hər birimizin həyatının ən yaddan qalan illəridir. Əbəs yerə deyilməyib ki, o illər ömrümüzün ən şirin, qayğısız illəridir. O illərdən isə hər kəsin xatirələri çoxdur. Rubrikamızın budəfəki qonağı aktrisa Natavan Gümetin məktəb illərinə qiyabi səfər etdik: "Bakıda yerləşən 10 nömrəli məktəbin məzunu olmuşam. Məktəb illərində həddindən artıq nadinc idim. Buna görə də, müəllimlərim əlimdən zara gəlmişdi. Hətta elə müəllimlərim var idi ki, mən məktəbi bitirəndə nəzir verəcəyini deyirdilər. Səmimi desəm, intizamlı şagird deyildim. Tənəffüslərdən sonra həmişə dərsə gecikirdim. Məktəbimizin bufetində çox qəşəng yeməklər bişirdi. Hər dəfə başım yeməyə elə qarışırdı ki, bir də ayılırdım ki, tənəffüs çoxdan bitib, amma mənim yeməyim bitməyib. Yemək mənim üçün daha önəmli idi”.
Həmsöhbətim o illərdəki başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü: "Məktəb vaxtı saçlarım çox uzun idi. Bir dəfə müəllim məndən ev tapşırığını soruşanda, ayağa qalxmağa çalışdım. Hiss etdim ki, qalxa bilmirəm, birtəhər ayağa qalxanda isə saçım çox ağrıdı. Sən demə sinif yoldaşım Oruc saçımı partaya bağlayıb. Hirsimdən qalın tarix kitabını Orucun başına vurdum. Müəllim məni dərsdən qovdu. Oruc isə başağrısından iki həftə dərsə gələ bilmədi. Hamı kimi biz də dərsdən qaçırdıq. Bir dəfə yenə uşaqların çantasını ikinci mərtəbədən aşağı atdım ki, hamı dərsdən qaçsın. Özüm aşağı hoppanmaq istəyəndə direktorun köməkçisi məni görüb dedi ki, Ələkbərova, gəl, səni özüm qapıdan yola salacağam, yoxsa ayağın sınacaq, iki ay dərsdən qalacaqsan”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər