• cümə, 29 Mart, 19:02
  • Baku Bakı 14°C

Bir cüt ipək corab

15.12.15 11:59 1695
Bir cüt ipək corab
1.
Balaca xanım Sommers bir gün gözlənilmədən on beş dollara sahib oldu. Bu, ona çox böyük miqdarda göründü. Pul qabının irilənməsi illər boyu duymadığı bir hissi yaşatdı ona.
Sərmayəsini nəyə xərcləmək məsələsini çox götür-qoy edirdi. Demək olar ki, bir -iki gün o yuxulu kimi gəzdi, amma reallıqda isə hesablama aparırdı. O istəmirdi ki, tələsik hərəkət etsin, pulunu elə xərcləsin ki, sonra da peşman olsun. Gecəyarısı, hamı yatandan sonra o beynində plan cızır, pulu ağıla xərcləyəcəyini düşünürdü.
Janienin ayaqqabı pulunun üstünə bir neçə dollar əlavə etməklə onun ayaqqabılarının ömrünü uzatmaq olardı. O oğlanlara və Janie və Maga köynək tikmək üçün neçə metr parça alacaqdı, qərara almışdı ki, köhnə köynəkləri yamaq vurmaq üçün saxlasın. Maga təzə bir don alınmalıydı. O mağazaların vitrinində gözəl parçalardan tikilmiş donlar görmüşdü. Hətta hər uşaq üçün bir cüt corab almağa da pul çatardı. Oğlanlarına papaq, qızlara isə dənizçi şlyapası alacaqdı. Övladlarını həyatları boyunca bircə dəfə də olsa incə, gözəl geyimdə göz önünə gətirdikcə həyəcanlanır, gözünə yuxu getmirdi.
Hərdənbir qonşuları “daha yaxşı günlər” haqqında danışırdılar. Balaca xanım Sommers hələ xanım Sommers olmamışdan çox-çox əvvəllər “daha yaxşı günlər” görmüşdü. Ancaq o keçmişinə göz yumurdu - o haqda fikirləşmirdi. Çünki onun keçmişə sərf ediləsi vaxtı yox idi. Hazırkı zamanın tələb etdiyi ehtiyaclar onun bütün gücünü əlindən almışdı. Dumanlı, əldən düşmüş monastra bənzər gələcək hərdən onu qorxudurdu, ancaq xoşbəxtlikdən, gələcək heç vaxt gəlmirdi.
Xanım Sommers sövdələşmənin dəyərini bilən adamlardan idi. O aşağı qiymətə satılan maldan almaq üçün saatlarla gözləyərdi. Lazım gələrdisə adamları dirsəyi ilə kənara itələyib qabağa keçərdi. O seçdiyi malı bərk-bərk sinəsinə sıxar, növbəsi çatana qədər gözləyərdi. Onun üçün növbəsinin nə vaxt çatmağı fərq etməzdi.
2.
Həmin gün o çox zəif və yorğun idi. Səhər bircə loxma çörək yemişdi? Yox! Heç bir tikə də! O səhər durub uşaqları yedizdirdi, onların yerini yığışdırdı. Həyəcanlı bazarlığa hazırlaşdı, ona görə də yemək yeməyi unutdu!
O, özünü basabasda piştaxtanın qabağındakı fırlanan kresloya atdı. Güc toplayıb köynəklərə, donlara tərəf baxdı. Və əlini heç bir məqsədsiz-filansız piştaxtanın üstünə qoydu. O, əlcək taxmamışdı. Yavaş-yavaş əlinin nəsə yumşaq, çox incə bir şeyə toxunuşunu duydu. Baxıb gördü ki, əlini bir cüt ipək corabın üstünə qoyub. Corab yığılmış səbətin yanındakı elan lövhəsində yazılmışdı ki, corabların qiyməti iki dollar əlli sentdən bir dollar doxsan səkkiz sentə enib. Piştaxta arxasında durmuş cavan qız onların ipək trikotajlarını yoxlamağı arzu edib-etmədiyini soruşdu. O gülümsədi, sanki ondan brilyantlarla bəzənmiş bir taca baxmağı xahiş etmişdilər. O bu parlaq, yumşaq corabları əliylə hiss edirdi, onları götürüb parıltısına, ilan kimi barmaqları arasından necə sürüməsinə tamaşa edirdi.
Bu vaxt solğun yanaqlarına iki damla isti göz yaşı düşdü. Başını qaldırıb qıza baxdı:
- Bunların arasıında 8,5 ölçülü corab varmı?
8,5-in hər nömrəsi vardı. Faktiki olaraq, bütün corabların bu ölçüdə olanı vardı. Bax, bu açıq mavi corabdı, o biri lavanda rəngliydi, bəziləri yaşıl və bozun müxtəlif çalarları idi. Xanım Sommers bir cüt qara rəngli ipək corabı seçdi, onlara dönə-dönə yaxından baxdı. Özünü elə apardı ki, onların materialına baxır, satıcı qız isə onu arxayın etdi ki, əla materialdandır.
- Bir dollar doxsan səkkiz sent, - o ürəyində deyəcəyi sözləri bərkdən dedi. - Yaxşı, mən bu bir cüt corabı alıram.
O satıcı qıza beş dollar uzatdı, pulunun qalığını və corab paketini gözlədi. Bu necə də kiçik bağlamaydı! Onun köhnə bazarlıq səbətinin dibində itib-batdı.
3.
Bundan sonra xanım Sommers piştaxtaya tərəf getmədi. Liftə mindi, yuxarı mərtəbəyə, qadınların gözləmə zalına getdi. Sakit bir küncdə o pambıq corablarını çıxarıb yenicə almış olduğu ipək corabları geyindi. O, özünə corab aldığı üçün özünü günahlandırmırdı, ya da hərəkətindən məmnun qalmasının səbəbini də fikirləşmirdi. O, bu haqda heç fikirləşmirdi də. Elə bil o bir anlıq bütün bu yorucu fikirləri atıb onlardan uzaqlaşmaq, istirahət etmək istəyirdi.
Xam ipəyin bədəniylə təması necə də gözəl idi! O özünü yumşaq kresloda uzanmış kimi hiss etdi, onun yumşaqlığından həzz aldı. O, corabların bədəninə toxunuşundan bir az da artıq həzz aldı. Sonra ayaqqabılarını geyindi, pambıq corablarını yumurlayıb köhnə səbətinin içinə qoydu. Birbaşa ayaqqabı şöbəsinə getdi, lazım olan yerdə dayandı.
O, özünü çox narahat hiss edirdi. Ayaqqabıları heç cür corablarıyla uyğunlaşdıra, məmnun qala bilmirdi. Yubkasının ətəyini tutdu, ayağının birini nazik burunlu, parıldayan ayaqqabıların yanında tutdu. Ayağı və topuğu çox gözəl göründü. Heç inana bilmirdi ki, bu ayaqlar onunkudur, bədəninin bir hissəsidir... O, eybsiz, modaya uyğun bir ayaqqabı istəyirdi, bu barədə ona qulluq edən satıcıya da dedi. Qiymətin bir-iki dollar artıq olmasına heç fikir vermədi, arzuladığı ayaqqabını aldı.
Xanım Sommersin əllərinə əlcəyin yaraşdığı vaxtlardan çox illər gəlib keçmişdi. Nadir hallarda aldığı əlcəklər də həddindən çox ucuz olardı, əllərinə yaraşmırdı. İndi o dirsəyini əlcək piştaxtasının üstündəki yastığa söykədi, gözəl və yaraşıqlı gənc qız əlcəyi onun biləyinə qədər çəkdi. O biləyinə qədər çatan əlcəyi sığalladı, onu ehtiyatla düymələdi. Həm satıcı, həm də xanın Sommers əlcək taxılmış əllərə heyran oldular. Əlcəyi aldı. Ancaq pulu xərcləmək üçün hələ başqa yerlər də vardı.
4.
Səkinin kənarında içində çoxlu kitablar, jurnallar olan bir köşk vardı. Xanım Sommers iki dənə baha qiymətli jurnal aldı. O bir vaxtlar xoşuna gələn çox şeylərə öyrəşdiyi vaxtlarda belə jurnalları da oxumağı xoşlayırdı. O, jurnalları heç yerə qoymadı, əlində tutdu. Keçidləri düşəndə yubkasının ətəyini qaldırdı. Corabları. ayaqqabıları, onlara yaraşan əlcəkləri hərəkətlərində özünə güvən hiss oyadırdı, özünü gözəl geyinmiş insanlar sırasında görürdü. Çox ac idi. Başqa vaxtlar evinə çatıb çay dəmləyib, əlinə keçəni yeyənə qədər özünü birtəhər ələ alar, aclığa dözərdi. Ancaq ona bələdçilik edən duyğular onu başqa bir istiqamətə çəkirdi.
Küncdə bir restoran vardı. O heç vaxt bu restoranın qapılarından içəri girməmişdi. Yalnız bayırdan restoranın zərxara süfrələrinə, parıldayan qablara, yumşaq addımlarla müştərilərə xidmət edən ofisiantlara baxmışdı.
O, restorana girəndə heç nə baş vermədi, fikirləşdiyin kimi şoka düşmədi, qorxmadı. Balaca bir stol arxasına keçib təkcə əyləşdi. Diqqətli ofsiant sifariş götürmək üçün o an da stola yaxınlaşdı. Çox şey sifariş vermədi. Üstü mavi nöqtəli molyusk, göyərtili kotlet, bir az şirin bir şey, qaymaqlı dondurma, Reyn şərabı, bir fincan da qara kofe.
Ofsiant sifarişləri gətirənə qədər o əlcəklərini ehtiyatla çıxardı, stolun üstünə qoydu. Sonra jurnalı götürdü, ötəri nəzər salıb, uclarını bıçağın küt tərəfiylə kəsdi. Ətrafda hər şey çox gözəl idi. Zərxara süfrələr bayırdan göründüyündən də gözəl, ləkəsiz, qüsursuz idi. Başqa balaca stolların arxasında özlərini evlərindəymiş kimi hiss edib yemək yeyən xanımlar və centlmenlər
heç onun varlığını hiss etmirdilər. Həzin, xoş musiqi sədaları ətrafa yayılırdı. Pəncərədən içəri mülayim meh əsirdi. O bir dişləm aldı, jurnalda bir-iki söz oxudu, sonra kəhrəba kimi sarı şərabdan içdi, ipək corablarının içində olan topuğunu tərpətdi. Yeməyin qiymətinin nə qədər olmağını vecinə almadı. Yeyib qurtarandan sonra pulları sayıb ofisianta verdi, hətta məcməyinin içinə əlavə pul da atdı. Bunu görən ofisiant kral qanından olan kraliça qarşısında baş əyirmiş kimi ona təzim etdi.
5.
Pul kisəsində hələ pul qalmışdı. Az sonra özünü gündüz tamaşası elanının qarşısında gördü.
Bilet alıb teatra girdi, azca gecikmişdi, tamaşa başlamışdı. Salon ona tamam dolu göründü. Ancaq orda-burda boş oturacaqlar gözə dəyirdi, onu boş oturacaqların birinə qədər müşayiət etdilər. Zövqlə geyinmiş, ora vaxtını öldürmək, şirin şeylər yemək üçün gəlmiş iki qadının arasında oturdu. Oturacaqlarda yalnız tamaşaya baxmaq üçün gələnlər də vardı. Xanım Sommersin ətrafında oturanlara baxması heç kimi bezdirmədi. O, hər şeyə tamaşa edirdi - səhnəyə, aktyorların oyununa, ətrafdakı adamlara. Hər şeydən həzz alırdı. Gülməli yerlərdə güldü, faciə olanda ağladı - yanında oturmuş qadınlar da ağladı. Hətta onunla söhbət də etdilər. Qəşəng geyinmiş qadın gözlərini ətirli, güllü kiçik yaylıqla sildi. Sonra əlindəki şəkər paketini xanım Sommersə uzatdı.
Tamaşa qurtardı, musiqi dayandı, adamlar bir-birinin ardınca bayıra çıxdılar. Sanki yuxu sona çatırdı. Adamların hərəsi bir istiqamətdə getdi. Xanım Sommers səkinin qırağındakı dayanacağa gedib tramvay gözlədi.
Dayancaqda qarşısında dayanmış iti baxışlı bir kişi elə bil xanım Sommersin kiçik, solğun sifətini “tədqiq” edirdi. Qadının üzündə gördükləri kişini çaşdırdı. O, kişi qadının üzündə heç nə görmürdü, yalnız bir arzudan başqa. Kişi sehrbaz kimi aşkar etmişdi ki, qadın tramvayın heç bir yerdə dayanmadan onu əbədi olaraq aparmasını istəyirdi.
Tərcüməçi Sevil Gültən
banner

Oxşar Xəbərlər