• cümə axşamı, 28 mart, 13:41
  • Baku Bakı 16°C

Bir-birinin motivasiya mənbəyi olan cütlük - Ailə

29.03.19 11:00 4104
Bir-birinin motivasiya mənbəyi olan cütlük - Ailə
Hacıbəy Heydərli: "Qız atası olduğum üçün çox xoşbəxtəm”
Ləman Heydərli: "Qarşı tərəfin sosial həyatını məhdudlaşdırmaq, ona kiminləsə görüşməyə qadağa qoymaq düzgün deyil”
Deyillər ki, həyatda ən gözəl duyğulardan biri də sevgidir. Sevmədən evlənmək Allaha inanmadan məscidə girmək kimidir. Düşünürlər ki, həyat yoldaşı seçimində diqqətli olmaq lazımdır. Hər kəs öz dünyagörüşünə, sosial vəziyyətlərinə uyğun biri ilə ailə qurmalıdır. "Ailə” rubrikamızın budəfəki qonaqları "Azxəbər.com” saytının təsisçisi və baş redaktoru Hacıbəy Heydərli və həyat yoldaşı Ləman Heydərlidir.
İlk olaraq müsahiblərimiz haqqında qısa məlumat verək.
Hacıbəy Heydərli Bakıda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. Daha sonra Türkiyədə magistratura səviyyəsində təhsilini davam etdirib. Tələbəlik illərindən media sahəsində keçirilən bir çox təlimlərin və kursların fəal iştirakçısı olub. "Azxəbər.com” saytının təsisçisi və baş redaktorudur. Xanımı Ləman Heydərli də Bakı şəhərində doğulub. Ali təhsilini həm bakalavr, həm də magistratura səviyyəsində Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Təhsilinin ilk illərindən müxtəlif şirkətlərdə, fərqli vəzifələrdə işləyib. Evləndikdən sonra məzuniyyətə çıxıb. Hazırda isə özəl sektorda öz işini qurub və marketinq sahəsində fəaliyyət göstərir.

"Sosial şəbəkədəki fəaliyyətini izlədim”
Cütlüyümüzün ilk tanışlığı sosial mediada olub. Tanışlıqlarından danışan Hacıbəy bəy qeyd edir ki, Ləman xanımın "facebook”dakı profilini görən kimi dostluq göndərsə də, xanım bir müddət bu dostluğu qəbul etməyib: "Əslində, bu danılmaz faktdır ki, sosial şəbəkələr işimizlə bağlı olaraq həyatımızın ayrılmaz parçasına çevrilib. Mən də çox aktiv istifadəçiyəm. Hər kəsin bildiyi kimi, "facebook” ortaq dostlarınızın çox olduğu şəxsləri sizə göstərir. Ləman xanımın da profilini təsadüfən gördüm. Baxdım ki, kifayət qədər ortaq dostumuz var. Açığı, şəkillərinə-filan baxdım və işgüzar, işini sevən xanım olduğunu gördüm. Dostluq göndərdim, amma bir müddət qəbul etmədi. Mən də prinsipə düşdüm (gülür). Ortaq dostumuz bir xanım vardı, məsələni ona danışdım və xahiş etdim ki, dostluğumu qəbul etsin. Sosial şəbəkədə dost olduqdan sonra xanımın fəaliyyətini izləməyə başladım. Zamanla məndə xanıma simpatiya yarandı və qərara gəldim ki, yazım. Bir müddət virtual söhbətdən sonra görüşdük. Bir-birimizə uyğun olduğumuzu görüb, münasibətimizi davam etdirdik və artıq, 2 ildir ki, evliyik”.
"Hacıbəy məndə lazım olan güvəni formalaşdırmışdı”

Ləman xanım deyir ki, tanımadığı şəxslərin dostluğunu qəbul etmədiyi üçün qarşı tərəfin virtual dostluq təklifinə cavab verməyib: "Həmin dövrdə tanımadığım şəxsləri qəbul etmirdim. Amma Hacıbəyin qərarlı olduğunu gördükdən, həmçinin ortaq tanışımızla da mənə mesaj göndərməyindən sonra qəbul etdim. Zamanla danışmağa başladıq və söhbətimizin tutduğunu gördüm. Daha sonra görüşmək qərarına gəldik. Təbii ki, Hacıbəy danışmağa başladığımız ilk günlərdən "görüşək” demədi. Bir müddət yazışdıq, bir-birimizi müəyyən qədər də olsa tanıdıq. Yəni görüş təklif etdiyi zaman Hacıbəy məndə lazım olan güvəni formalaşdırmışdı. Əlbəttə, insan güvənmədiyi, tanımadığı biri ilə görüşə getməz”.

İlk görüş yeri

"Məndə bir az özünəinam var idi deyə, ilk mesajı sanki 50 ildir tanıdığım bir yaxınıma yazırmış kimi yazdım” deyən Hacıbəy bildirir ki, ilk görüşləri Heydər Əliyev adına Respublika Sarayının qarşısında olub: "Mesajlarda elə hal-əhval tutub danışırdım ki, elə bil çoxdan tanıdığım biri ilə yazışıram. Bilirdim ki, qarşı tərəf bu səmimiyyətin haradan gəldiyini düşünür. Amma özümü elə aparırdım ki, sanki belə də olmalıdır. İlk görüş yerimizi ikimizin də iş yerinə yaxın olan Respublika Sarayının qarşısına təyin etdik. Həyəcandan da təyin etdiyimiz vaxtdan yarım saat tez gedib Ləman xanımı gözlədim (gülür). Ləman xanım güvəndən danışdı. Əlbəttə, tanışlığımızın ilk dönəmindən görüş təklif edə bilməzdim. Bunu özüm də yaxşı bilirdim ki, ilk olaraq onun inamını qazanmalı, özümü ona tanıtmalıyam. Beləcə, vədə yetişəndə görüşdük”.
Park Bulvarda romantik bir görüş
"Sevgi etirafını birinci kişi eləməlidir” deyən Hacıbəy bəy ilk dəfə sevgisini dilə gətirməyindən də danışdı: ”Bu, reallıqdır ki, bizim cəmiyyətdə sevgi etirafını kişi edir. Mən də qarşımdakı xanımı bəyənmişdim, onun xarakteri, ali təhsilli olması, söhbətimizin tutması və zamanla hislərimdən əmin olmağım sevgimi etiraf etməyimə səbəb oldu. Yadımdadır, ilk dəfə Park Bulvarda romantik bir görüş təşkil edib hislərimi olduğu kimi etiraf etdim. Nə yalan deyim, alacağım cavabı bilirdim. Çünki uzun müddət idi ki, danışırdıq və qarşı tərəfin də hislərini təxmini bilirdim”.

"Evlənəcəkləri insanla daha çox zaman keçirsinlər”
Biri ilə ailə qurmaq, həyatını birləşdirmək üçün onu tanımaq əsas şərtlərdən biridir. Maraqlıdır, cütlüyümüz necə düşünür, bir insanı nə qədər müddət və necə tanımaq olar? Ləman xanım deyir ki, gənclər tanışlıq dönəmində bir-birini hərtərəfli tanımalıdırlar: "Mən birini görəndə, onunla bir müddətlik söhbətdən sonra necə biri olduğunu anlayıram. Ona görə də, Hacıbəylə biri-birimizi tanıma dönəmimiz uzun çəkmədi. Yəni bu, fərddən asılıdır. Yaxşı olar ki, evlənəcəkləri insanla daha çox zaman keçirsinlər, bir-birlərini hərtərəfli tanımağa çalışsınlar”.
"Evliliyin təməlində birlik, sədaqət dayanır”
Hacıbəy isə tanışlıq dövründə insanların səmimi olmasının əsas olduğunu vurğulayır: "Biri ilə münasibət qurmaq, həyatını birləşdirmək istəyirlərsə, səmimi olsunlar. Özlərini bütün mənfi və müsbət xasiyyətləri ilə tanıtsınlar. Bu gün boşanmaların ən böyük səbəbi insanların özünü olduğu kimi tanıtmamaqlarıdır. Yəni sevgililik dönəmi başqa, bir evdə yaşamaq tamam başqadır. Sevgili olarkən hər şey yaxşı olur. Gəzirsiniz, söhbət edirsiniz sonra hər kəs fərqli evlərə gedir. Amma evlilik elə deyil, bütün günü həmin şəxslə bir evin içərisində keçirirsən. Evliliyin təməlində birlik, sədaqət dayanır”.
"İş həyatımda mənə çox böyük dəstək olur”
Həmsöhbətimiz mənfi və müsbət xasiyyətlərlə, özünü olduğu kimi tanıtmaqdan danışdı. Bəs cütlüyümüz bir-birində hansı müsbət və mənfiliklər kəşf ediblər? Ləman xanım həyat yoldaşının sosial mediada çox vaxt keçirməsindən şikayətlənir: "Əslində, elə də ciddi mənfi xasiyyəti yoxdur. Amma sosial şəbəkələrdə çox vaxt keçirir. İlk dövrlər bu, məni daha çox narahat edirdi. Lakin zamanla anladım ki, bu, onun işidir. Gündəmi izləməli, xəbərləri oxumalıdır. Müsbət cəhətləri isə daha çoxdur (gülür). Məsələn, çox anlayışlıdır. İş həyatımda mənə çox böyük dəstək olur. Nələrəsə qadağalar qoymur. Ən əsası isə çox yaxşı atadır”.

"Həyat yoldaşına qadağa qoymamalıdır”
Sosial şəbəkələrdən danışmışkən, evliliyin, şəxsin sosial həyatına necə təsir etdiyini soruşduq. Ləman xanım düşünür ki, ailə qurduğumuz insanı olduğu kimi qəbul etməli, onu və əvvəlki həyat tərzini dəyişdirməyə cəhd etməməlidir: "Evlənən şəxslər bir-birinə nələrəsə məhdudiyyət qoymamalıdır. Məsələn, xanım həyat yoldaşına qadağa qoymamalıdır ki, qarşı cinsdən olan dostlarınla görüşməməlisən. Eyni ilə də kişi qadına bu cür yanaşmalıdır. Yəni qarşı tərəfin sosial həyatını məhdudlaşdırmaq, ona kiminləsə görüşməyə qadağa qoymaq düzgün deyil və bu, ailədə müəyyən söz-söhbətlərə şərait yarada bilər. Təbii ki, evlilikdən sonra bəzi nüanslara diqqət etmək lazımdır, amma seçimlərinə qarışmaq, onun dostlarına və ya işinə qarışmaq olmaz”.
"Subay biri ilə evli şəxsin sosial həyatı eyni ola bilməz”
Hacıbəy də xanımı ilə eyni düşüncədədir: "Bu, insanın özündən, evliliyə yanaşmasından da asılıdır. Təbii ki, kiminsə sosial həyatını məhdudlaşdırmaq, onun seçimlərinə qarışmaq düzgün deyil. Amma bir məsələ də var ki, onsuz da xanımlar elə sosial həyat yaşamırlar ki, onu məhdudlaşdıraq. Lakin kişilərin dostlarla vaxt keçirməsi, əylənməsi təbii ki, subaylıq dövründə olduğu kimi olmamalıdır. Subay biri ilə evli şəxsin sosial həyatı eyni ola bilməz. Məsələn, əvvəllər dostlarımla hər gün görüşüb haradasa otururduqsa, evləndikdən sonra bunu hər gün etmirəm. Yəni bunu qarşı tərəf belə istəyir deyə yox, könüllü şəkildə edirəm. Düşünürəm ki, evliyəm və məni evdə gözləyən xanımım, övladım var. Açığı, dostlarımla oturanda belə, evə getmək üçün tələsirəm. Hətta, dostlarıma da məsləhət görürəm ki, siz də evlənin (gülür).”
"Yumurta bişirməyi belə bilmirəm”
Həyat müştərəkdir, ona görə, hər işdə həyat yoldaşları bir-birinə kömək etməli, dəstək olmalıdırlar. Maraqlıdır, Hacıbəy ev işlərində necə, xanımına dəstək olurmu? Sualı səsləndirən zaman hər ikisi gülür. Ləman xanım Hacıbəyin ev işlərində kömək etmədiyini deyir: "Ev işlərində kömək etməyi yoxdur. Amma arada uşağın yeməyini hazırlamağa kömək edir”.

Ləman xanımla söhbətə müdaxilə edən Hacıbəy heç yumurta da bişirə bilmədiyini etiraf edir: "Mən nəinki hər hansısa işi görmək, heç çaydanı qazın üzərinə qoyub qaynatmağı, yumurta bişirməyi belə bilmirəm (gülür)”.

"Diqqət və nəvaziş göstərməsi motivasiya, enerji verir”
Yemək bişirməyi bacarmayan Hacıbəy, bəs, yeməyi necə xoşlayırmı? Yəni "kişinin ürəyinə gedən yol mədəsindən keçir” məsələsi Hacıbəy üçün də keçərlidirmi? Sualı Ləman xanıma ünvanlasaq da, həmkarımız gülərək özü danışmağa başlayır: "Mən şəxsən bu məsələ ilə razı deyiləm. Kişinin ürəyinə gedən yol ona olan diqqətdən, nəvazişdən, xoş sözdən keçir. Dostlarım da bilir ki, tənqidi sevmirəm. Xoş sözlə ürəyimi ələ almaq daha asandır (gülür)”.

Ləman xanım deyir ki, diqqət və nəvaziş məsələsində həmfikirdir: "Əslində, bəzən xanımlar özəl günlərdə xüsusi hədiyyələr istəyirlər. Amma bu, mənim üçün elə də önəmli deyil. Onun xoş sözü, diqqət göstərməsi ən böyük hədiyyədir. Mən gün ərzində uşaqla, ev işləri ilə məşğul oluram. Hacıbəyin xoş bir söz deməsi, diqqət və nəvaziş göstərməsi mənə motivasiya, enerji verir”.
"Nə yaxşı ki, qızım oldu”
Cütlüyümüzün Nuraya adında şirin qızları var. Hacıbəy deyir ki, ən böyük arzusu qız atası olmaq idi: "Çox təəssüf ki, günümüzdə bəzi valideynlər oğlan uşaqlarının olmasını istəyirlər. Lakin mən həmişə qız övladımın olmasını arzulamışam və nə yaxşı ki, qızım oldu. Məncə, bir kişi üçün qız atası olmaq tamam başqa duyğudur. Bu hissi yaşadığım üçün çox xoşbəxtəm. Hətta, mən istəyərəm ki, ikinci övladım da qız olsun”.
Son olaraq cütlüyümüzdən ailə qurmaq istəyən gənclərə tövsiyələrini soruşduq. Lakin hələ gənc olduqlarını, məsləhət verməyin onlar üçün tez olduğunu dedilər. Sadəcə bildirdilər ki, həyatda ən gözəl duyğulardan biri hətta, birincisi sevgidir. Sevmədən evlənmək Allaha inanmadan məscidə girmək kimidir. Çalışsınlar ki, sevib, sevilsinlər. Ən əsası isə həyat yoldaşı seçimində diqqətli olsunlar. Öz dünyagörüşlərinə, sosial vəziyyətlərinə uyğun biri ilə ailə qursunlar.
Günel Azadə




banner

Oxşar Xəbərlər