• cümə, 29 Mart, 01:07
  • Baku Bakı 7°C

Bir biletlə dünyanı gəz - TURİZM

07.01.23 03:00 2458
Bir biletlə dünyanı gəz - TURİZM

Hazırda inkişaf etmiş ölkələrdə turistlər minimum sayda transferlərlə təyinat yerinə çata bilirlər. Belə ki, transfer sifariş etmək, avtobus və ya elektrik qatarı gözləmək lazım deyil - bir biletlə bir ölkənin bu başından digər tərəfinə getmək olur. Ekspertlər bunun Azərbaycanda da tətbiqinin müsbət nəticə verə biləcəyi qənaətindədirlər. 

Tətil və ya işgüzar səfər planlaşdırmaq səyahətçi üçün həmişə asan olmur. Bəzən səyahət edən təyinat yerinə çatmaq üçün bir neçə nəqliyyat növünü dəyişməyə məcbur qalır. Müasir turizmdə bu problem multimodal daşıma ilə həllini tapır. Bunlar müxtəlif nəqliyyat növləri üçün vahid biletlə son nöqtəyə birləşdirilmiş marşrutlardır. Məsələn, qatardan və ya təyyarədən avtobusa köçürmə ilə həyata keçirilir. Vahid bilet - multimodal daşımadır. Yəni bir neçə nəqliyyat növündə - məsələn, təyyarə, qatar və avtobusla səyahət zamanı bir biletlə hərəkət etmək mümkündür.

Ölkənin bir başından o biri başına

Hazırda dünya turizmində multimodal marşrutların inkişafı sayəsində turistlər minimum sayda transferlərlə təyinat yerinə çata bilərlər. Belə ki, transfer sifariş etmək, avtobus və ya elektrik qatarı gözləmək lazım deyil - bir biletlə bir ölkənin bu başından ən maraqlı və ən ucqar yerlərinə getmək olur. Ekspertlər hesab edirlər ki, bu, bütün nəqliyyat növləri üçün ayrıca bilet almaqdan daha sərfəlidir. Belə ki, sərnişinlərin rahatlığı üçün qatarların və avtobusların hərəkət cədvəli sinxronlaşdırılır. Vahid bilet sistemi, məsələn, Rusiyada da “Turizm və qonaqpərvərlik sənayesi” milli layihəsi çərçivəsində həyata keçirilir. Səyahətçilər biletləri mobil proqram vasitəsilə, eləcə də tərəfdaş saytlardan əldə edə bilirlər. Sistem onlara ən yaxşı variantları və mövcud tarixləri təqdim edir.

Həmçinin turistlərin rahatlığı və təhlükəsizliyi üçün şəhər mərkəzinə yaxın olan bəzi ərazilər ziyarətçiləri qarşılamaq, onlara təhlükəsiz və rahat yerdə wi-fi, sanqovşaq və məlumat mərkəzləri üçün ayrılıb. Bu ərazilər “Multimodal Turist Qovşağı” kimi xidmət edir. Bu sistem nəinki şəhərin mərkəzinə əlçatanlıq yaradır, həmçinin hamı üçün liftlər və pandusların mövcudluğuna görə əlverişlidir. Piyada yolları sayəsində də rahat hərəkət etmək mümkündür, həmçinin turistlər velosiped və ya avtomobil kirayələmək qərarına gələ bilərlər. Təyinat yerlərinə çatmaq üçün ictimai nəqliyyatdan da istifadə edirlər. Ekspertlər bildirirlər ki, hazırda dünyada multimodal daşımalara tələbat hər il artır, ona görə də müntəzəm olaraq yeni marşrutlar yaranır.

İqtisadi canlanmaya səbəb

Bizim ölkəyə gəlincə, yerli turizmin inkişafından danışsaq da, qalaq-qalaq problemlərin həll olunmamış qaldığı bu sahədə vahid bilet xidmətindən bəhs etmək hələ ki tezdir. Amma yeni trendlərdən, turist cəlb edəcək variantlardan yararlanmaq təbii ki, turizmin inkişafına xidmət edər.

Turizmçi Ceyhun Aşurov da vahid bilet anlayışı sisteminin bir çox ölkələrdə tətbiq olunduğunu deyir: ”Bu xidmətlər xüsusən həftə sonları həyata keçirilir və müəyyən qruplara aid edilir. Bu, əsasən ictimai nəqliyyatı əhatə edir. Ölkə daxilində bir şəhərdən digər şəhərə və ya bir regiondan digər regiona getmək üçün bu tip vahid biletlər tətbiq edilir. Turizmin bir proses kimi baş tutması üçün əlbəttə, turistin ilk növbədə qalma yeri olmalıdır, daha sonra nəqliyyat təmin olunmalıdır. Nəqliyyat önəmli faktorlardan biridir ki, insanlar bir yerdən başqa yerə rahatlıqla hərəkət edə bilsinlər. Bu mənada belə tətbiqlərin olması turistlərin daha uyğun qiymətə hərəkətinə yardım edir. Turistlər bu tip biletləri əldə edərək hərəkət edərkən daxildə turizm prosesləri sürətlənir, hərəkətlik daha da artır. Başqa bir model isə qrup biletlərin tətbiqidir. Bu xidmətə daha çox Almaniyada rast gəlinir və əsasən həftə sonları həyata keçirilir. Məsələn, 5 nəfərlik bilet satılır və qiyməti dəfələrlə ucuz olur. Bu, qrup şəklində və ya ailələrin səyahətinə şərait yaradır. Həmçinin regionlar və ya bütün ölkə üzrə ekskursiyalar təşkil edilir. Bu bilet daha çox qatarlarda keçərli olur. İctimai nəqliyyatdan istifadə edərək turistlər ya gün ərzində səyahət edib geri dönür, ya da həftə sonu haradasa qalıb istirahət edirlər. İnsanları bir nöqtədən digər nöqtəyə gedərkən istehlakçı kimi görürlər. Bu iqtisadi canlanmaya da müsbət təsirini göstərir və daxili turizmin inkişafına stimul yaradır. Bu kimi kreativ yanaşmalar turizmdə müəyyən canlılıq yaratmaqla həm də iqtisadi aktivliyi artırmış olur”.

Bizim ölkəmizdə də tətbiq olunsa...

Hazırda pandemiyanın təsirlərinin minimuma endiyi dövrü yaşadığımızı qeyd edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədr müavini Əhməd Qurbanov multimodal daşımaların ABŞ və Avropa ölkələrində daha çox populyar olduğunu bildirir: “Turistlər vahid biletlə ölkənin bir istiqamətindən digər istiqamətinə səyahət edə bilirlər. Bu da iqtisadi baxımdan fayda gətirir. Onlar ayrıca biletlər almaqdansa səyahəti bir biletdə cəmləşdirməyi büdcələrinə uyğun hesab edirlər”. Turizmçi hesab edir ki, multimodal daşımalar bizim ölkəmizdə də tətbiq olunsa, turistlərin rahatlığı baxımından səmərə gətirə bilər: “Bu xidmətin tətbiq olunması üçün müxtəlif sistemlər yaradılmalıdır. Gələcəkdə bu vasitə ilə turistlərə xidmət göstərmək turizm şirkətləri üçün də effektiv olar. Hesab edirəm ki, yaxın gələcəkdə bu tip tətbiqlərdən istifadə etmək səmərəli olmaqla bərabər, turistlərin sayına da müsbət təsir edər. Çünki turist səyahətdən öncə gedəcəyi ölkənin turizm imkanlarını araşdırır və bu cür üstünlüklər onu cəlb edir. Turist rahatlığını bu cür tətbiqlərlə təmin edə bilir və daha rahat şəkildə istirahətinə şərait yaradır”.

Əlaqə saxladığımız bəzi turizm şirkətləri multimodal daşıma – vahid bilet anlayışından hətta xəbərsiz olduqlarını bildirdilər. “Qabaqcıl ölkələrin turizm təcrübələrindən yararlanmağa çalışırıq. Belə xidmət tətbiq edilsə, təbii ki, həm gəlmə, həm də daxili turizmin inkişafına səbəb olar”- deyə şirkətlərdən bildirdilər.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər