AZE | RUS | ENG |

Bir az da sevgi qatıram... - Peşə

Bir az da sevgi qatıram... - Peşə
Nigar Talıbzadə: “Qadın istəsə, işini də görər, yeməyini bişirib uşaqlarına da baxar, pul da qazanar”

Seçdiyi rənglər, güllər, vurduğu naxışlarla səbətlərə gözəllik verir. Xonçalar düzəldir, konfetlərə bəzək vurur, zövq oxşayan körpə səbətləri hazırlayır. Deyir ki, şairə ilham gələndə şeir yazırsa, ona da ilham gələndə səbət düzəldir. Bu onun üçün yalnız gəlir mənbəyi deyil, həm də zövqdür.

Müsahibimizrəssam-dizayner Nigar Talıbzadədir.

Lənkəranda anadan olub. Orta məktəbi doğulduğu şəhərdə bitirdikdən sonra Xarici Dillər Universitetinin Filologiya fakültəsində təhsil alıb. Birinci kursda ailə qurduğu üçün öz ixtisası üzrə işləməyib. Hazırda uşaqlıqdan hobbi kimi məşğul olduğu sahəni inkişaf etdirib, evdar xanım olsa da, öz işini qurub və biznesini genişləndirməkdə davam edir.
 
"Qayınanam və baldızlarım mənə təkan verdi”
 
Nigar deyir ki, hələ məktəbdə oxuyarkən bəzək-düzək işlərinə ilk onu çağırırmışlar: "Uşaqlıqdan rəsmə, bəzək-düzək işlərinə marağım var idi. Atam özü müəllim olduğu üçün mənim də ali təhsil almağımı və ingilis dili müəllimi olmağımı istəyirdi. Məhz atamın istədiyinə görə, o sahəyə yönəldim. Hazırda filoloqam. Həm tərcüməçi, həm də müəllim kimi fəaliyyət göstərə bilərəm. Dizaynerlik isə mənə xoşbəxtlik verən, zövq aldığım sahə idi. Hələ məktəb illərindən bayramlarda nəyisə düzəltmək, bəzəmək işi olanda ilk olaraq məni çağırırdılar. Rəssamlıq qabiliyyətim də yaxşı idi. Məktəb yaşlarımda mütəmadi olaraq şəkil çəkirdim. Amma rəssamlıqla bağlı təhsilə o qədər də ciddi yanaşmırdım. Ailədə də rəssam olmağımı istəmirdilər. Şəkil çəkmək qabiliyyətimin olması işimin öhdəsindən gəlməyimə kömək oldu. Nə vaxtsa bu işə yiyələnəcəyimə əmin idim. Ailə qurduqdan sonra qayınanam və baldızlarım mənə təkan verdilər. Onların "Nigar, sən bu işə başlamalısan”, "Biz bu həvəsi səndə görürük” kimi fikirləri ən böyük motivasiyam oldu və başladım”.
  
Nigarın ilk sifarişi ona uğur gətirib: "İlk sifarişimi unutmuram. Bir ginekoloqun ad günü idi. Ona şəkillərlə birlikdə gül hazırlamalı idim. Nəvələri ilə birlikdə şəklini güllərlə bəzəyib ona hədiyyə etdim. İşimin bəyənildiyini gördükdən sonra özümə inamım artdı və əlavə sifarişlər götürməyə başladım”.
 

 
"Mən o çətinlikləri də sevirəm”
 
İşinin xüsusiyyətlərindən danışan həmsöhbətimiz deyir ki, diqqət etdiyi ilk nüans göz yorulmasının qarşısını almaqdır: "İş görərkən çalışıram ki, fərqli bəzəklərdən istifadə edim. Yəni hər gülü ayrı-ayrı formalarda bəzəyirəm. Rənglər və naxışlar eyni olanda, səbətlərin gözəlliyi nəzərə çarpmır, ən əsası, göz yorulur.

Düzdür, eyni rənglərdən istifadə etmək daha rahatdır, amma asana qaçıb göz yormaqdansa, çətinlik çəkib zövqlü iş ortaya qoymağa üstünlük verirəm. Səbətlərimin formaları ilə bağlı ideyaları ancaq gecə düşünə bilirəm. Mənim ilhamım gecələr gəlir. İşlərimi hisslərimlə edirəm. Özümü məcbur edib, iş görə bilmirəm. İlk olaraq rəngləri seçir, lentlərlə güllərin harmoniyasına diqqət edirəm. Ən əsası, işimə sevgi qatıram. Bir işin üzərində o qədər həvəslə işləyirəm ki... Əl işim istədiyim kimi alındıqda, keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Asan iş deyil, bunun çətinlikləri çoxdur. Amma mən o çətinlikləri də sevirəm”.
 

 
"Yapışqan barmağımı yandırıb”
 
Nərgizin ilhamı gecə gəldiyi üçün yuxusuzluqla mübarizə aparmalı olur. Deyir, işini o qədər sevir ki, heç bir çətinlik gözünə görünmür: "Əgər işini həvəslə və sevə-sevə görürsənsə, heç bir çətinlikdən söhbət gedə bilməz. Bəzək işi səbr tələb edir. Səbrsiz oldunsa, əhvalın da dəyişir və əhvalının dəyişməsi işinin keyfiyyətinə zərbə vurur. Ən çox mübarizə apardığım nüanslar yuxusuzluq və yapışqanla işləməkdir. Dəfələrlə yapışqan barmağımı yandırıb və mən o barmaqla işləməyə davam etmişəm. Elə olur ki, elədiyim iş alınmır. Yapışqan səhv yerə vurulur, lentim xarab olur. Bunlar işimi çətinləşdirir. Amma səbrli olduqdan sonra işinin öhdəsindən gəlmək olur. İnsanlar adətən, deyirlər ki, kiminsə sifarişləri bol olursa, kefdədir, yaxşı pul qazanır. Amma pul qazanmaq asan deyil. Onun arxasında yuxusuz gecələr, zəhmət dayanır”.

Bir işə nə qədər vaxt sərf etdiyinə gəldikdə isə, müsahibimiz deyir ki, təcili sifarişlər onu yorur: "Bəzən olur ki, bütün günümü işə həsr edirəm. Amma işimi bitirən kimi 2 həftə fasilə verirəm. İş çox olanda, öz-özümə söz verirəm ki, bunu çatdırmalıyam. "Bacaracağam” deyib işə başlayır, özümü motivasiya edirəm. Bir dəfə 2 günə 170 səbət sifariş vermişdilər. 2 gecə yatmayıb, həmin sifarişləri çatdırdım. Çox yorulmuşdum. Amma işin nəticəsini görəndə, insana qəribə məmnunluq gəlir”.
 

 
"İşin keyfiyyəti əhvaldan da asılıdır”
 
Nigar deyir ki, onun işinin keyfiyyəti əhval-ruhiyyəsindən asılıdır. Müsahibimizin sözlərinə görə, əgər əhvalı yerindədirsə, hər şey bir dəfədən yaxşı alınır: "Fikirləşirəm ki, insanın əhval-ruhiyyəsi yaxşı olanda gördüyü bütün işlər uğurlu olur. Bəzən isə nə etsən də alınmır. Ya gül xarab olur, ya lent uyğunlaşmır, ya da qutusunda problem yaranır. İnsana sadəcə səbr lazımdır. Hərdən əsəbiləşib stuldan dururam, yenidən yarım saatdan sonra geri, işimin başına qayıdıram. Görürəm ki, yenə alınmır. Sakitləşəndən sonra anlayıram ki, əslində problem mənim əsəbi və səbrsiz olmağımdır”.
 

 
"Qadınlar addım atmağa qorxmasınlar”
 
Nigar deyir ki, onun üçün "bacarmıram” anlayışı yoxdur: "Universitetdə oxuyarkən birinci kursda ailə qurdum. Sonra nə işləyə bildim, nə də magistraturaya gedə bildim. Amma bakalavr səviyyəsini bitirdim. Sonra uşaqlar, ev işləri görmək, ailə qayğıları zamanımı aldı. Amma vaxt tapıb öz işlərimi qurdum. Hər zaman öz uşaqlarıma da demişəm ki, heç vaxt "bilmirəm” sözünü işlətməyin. Çünki heç bir yerdə "bilmirəm, bacarmıram” sözü, anlayışı keçərli deyil. Düzdür, əvvəl mən də qorxurdum, elə düşünürdüm ki, birdən bacara bilmərəm. Bu yoldan çəkinmək istəyirdim. Amma sağ olsun qayınanam, baldızlarım, mənə dedilər ki, sən bacaracaqsan. Buna görə onlara təşəkkürümü bildirirəm. Hər bir qadın ayaq üstə durmağı bacarmalıdır. Bütün qadınlara məsləhətim budur ki, kim nəyi bacarırsa, o yoldan çəkinməsin. Bir insan bir şeyi istəyərsə, onu etməyə qadirdir. Qadın böyük qüvvədir. O istəsə işini də görər, yeməyini də bişirər, uşaqlarına da baxar, pul da qazanar. Qadınlar addım atmağa qorxmasınlar”.
 

 
- Səhifənizdə paylaşımlarınıza baxıram, hamısı fərqlidir. Rəng seçimini necə edirsiniz?
 
- Düzdür, rəng seçimi çox çətindir. Mənə çoxları deyir ki, sən bir tonla işlə. Mən bir tonda işləməyi sevmirəm. Hər bir kəsin öz zövqü var, ayrı-ayrı istəkləri olur. Biri zəng vurub deyir ki, yaşıl rəngdə gül lazımdır, yaşıl rəngdə edin. Hər kəsin zövqünü oxşamaq istəyirəm. Kim hansı rəngi sevirsə, o rəngdə onlar üçün düzəldirəm. Rəssamlıq qabiliyyətim olduğu üçün rənglərin ahənglərini tutuşdurmaq çətin olmur.
 
Nigar sonda vurğuladı ki, Azərbaycanda əl işlərinə qiymət verilir. Sadəcə, işlərini tanıtmaq və insanları işinin keyfiyyətinə inandırmaq lazımdır: "Bu işə başlayanda fikirləşirdim ki, necə olacaq ki, evdə otura-otura tanınacağam? Düzdür, ətrafımda çox böyük rəqiblərim var idi. Bilirsiniz ki, dizayn işi ilə məşğul olanların sayı çoxdur. Amma işimizlə rəqiblərimiz arasında tanınmağa başladıq. Sağ olsun qohum-əqrəba, rəfiqələrim, məni evdə otura-otura tanıtdılar. Çalışırıq ki, ətrafımızı daha da genişləndirək, sosial şəbəkədə səhifələrimizi tanıdaq. Nə qədər tanınırsansa, o qədər də sifarişlərin olur. Sifarişlərin də çoxdursa, gəlirin də yüksəlir”.
 
Aygün ƏZİZ
 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779