• cümə, 29 Mart, 16:43
  • Baku Bakı 14°C

“Bilirdim ki, bu qədər əziyyətin bəhrəsi olmalıdır” - Fotolar

17.09.19 10:00 1177
“Bilirdim ki, bu qədər əziyyətin bəhrəsi olmalıdır” - Fotolar
Azərbaycan əsilli müğənniSami Yusufungörkəmli şair, mütəfəkkirİmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasındahazırladığı kompozisiya qısa zamanda nəinki ölkə hüdudlarında, eləcə də ölkə xaricində diqqəti öz üzərinə çəkməyi bacardı. UNESKO-nun Ümumdünya İrs Komitəsinin43-cü sessiyasınınaçılış mərasimində baş tutan konsert proqramında təqdim olunmuş "Sığmazam”ın əks-sədası hələ də eşidilir.Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan konsert proqramının bəstəkarlığı məhz Sami Yusufa həvalə olunmuşdu. Konsertdə iştirak edən ansamblın üzvləri azərbaycanlı sənətkarlardan ibarət idi. Onlara isə Əməkdar artist, "Muğam” instrumental ansamblının bədii rəhbəri, Azərbaycan Milli Konservatoriyasının dosenti Sahib Paşazadə rəhbərlik edirdi. Konsert proqramında tar ifaçısı kimi gördüyümüz S.Paşazadə həm də ansamblın rəhbəri kimi çıxış edirdi. Biz də layihədən sonra onunla söhbət etdik.
- Konsertin sədası nəinki ölkəni, eləcə də sərhədləri aşaraq dünyanı dolaşdı. Yəqin ki, böyük masştablı konsertin ansamblının rəhbəri olmaq sizin üçün heç də asan olmayıb.
- Açığı, bu məsuliyyəti üzərimdə hər zaman hiss etmişəm. Bizim işimiz məsuliyyətli və bir o qədər də həssaslıq tələb edir. Mənim bu layihədə yer almağım isə heç də təsadüfi deyil. Belə ki, 2018-ci ildə dünyaca məşhur sənətçi Sami Yusufun prodüseri mənimlə əlaqə saxladı. Məni internetdə gördüklərini və ifaçılıq sənətimi bəyəndiklərini söylədilər. Nəticə olaraq Sami Yusufla bir layihədə işləməyimi təklif etdilər. Mən də məmnuniyyətlə qəbul etdim. Birləşmiş Ərəb Əmirliyində Əl-Məcaz amfiteatrında konsert proqramımız baş tutdu. Sami Yusufun musiqi qrupunun tərkibində dünyanın 8 ölkəsindən olan musiqiçilər vardı. Azərbaycandan yeganə ifaçı mən idim. Konsertdə Sami Yusufu müşayiət etdim. Hətta həmin konsertdə Sami Yusufla birlikdə "Sarı gəlin” mahnısını da ifa etdik. Yəni deməyim odur ki, Sami Yusufla dostluğumuz keçən ilə təsadüf edir. 2019-cu ilin mart ayında bu layihədə yer alan rejissor Ülviyyə Könül mənimlə əlaqə saxladı, bildirdi ki, yayda böyük masştablı konsert proqramı gözlənilir. Bu konsertdə Sami Yusufun bəstələri əsas olacaq və o, məktub yazaraq Sahib Paşazadə ilə birlikdə çalışmaq istədiyini bildirib. Ülviyyə xanım qeyd etdi ki, onsuz da Sami Yusuf sizin adınızı israrla çəkməsəydi belə, biz yenə də sizə müraciət edəcəkdik. Çünki sizin istedadınıza və potensialınıza bələdik. Hətta Sami Yusufun yazdığı həmin məktubu mənə göstərdilər. Bu konsertə belə dəvət aldım.
- Və ondan sonra siz layihənin ansambl rəhbəri seçildiniz.
- Belə böyük bir layihədə iştirak etməyin özü mənim üçün fəxrdir. Konsertin hazırlıqları başlayanda, 40 nəfər orkestr yığıldı. 14 nəfəri - 8 tar, 4 kamança, 2 kanon ifaçısını toplamağı mənə həvalə etdilər. Mən də çevrəmdə olan ifaçıları dəvət etdim və biz konsertin məşqlərinə başladıq. Sonra hamımız bir yerə yığışanda, yekdilliklə ansambla rəhbərlik etmək mənə həvalə olundu. Digər musiqi alətlərinin ifaçılarını isə təşkilatçılar özləri dəvət etmişdilər. Sami Yusuf Bakıya gələndə onunla görüşdük, konsertin detallarını danışıb, müzakirə etdik. Daha sonra ansamblla Sami Yusufun görüşü keçirildi. Mən musiqiçilərlə onun arasında körpü rolunu oynayırdım. Sami Yusuf ayın 18-də Bakıya gəldi və biz ayın 24-dən məşqlərə başladıq. 24-nə qədər konsertdə səsləndirilən kompozisiyaların notları yazıldı. 24-dən 27-nə qədər mahnıların səsyazması baş tutdu. Bütün musiqi alətləri ayrı-ayrı səsyazma prosesindən keçdi. O səsyazmalar lazım olan məqamlarda istifadə olunurdu. Bu proses çox ağrılı və çətin oldu. Bütün qrupların hamısının ayrı-ayrılıqla səsyazma studiyasında yanlarında olurdum. Çünki üzərimdə necə böyük bir məsuliyyətin olduğunu dərk edirdim. Böyük bir ansambla rəhbərlik etmək sözün əsl mənasında çətindir. Şükürlər olsun ki, bu işin öhdəsindən rahatlıqla gəldik.
- Qısa zamanda belə böyük bir layihəyə hazırlaşdınız. Təsəvvür edək ki, konsertə sayılı günlər qalıb, ortada nə not var, nə də musiqi. Heçmi həyəcanlanmadınız? Adi bir müğənni belə bir konsertə illərlə hazırlaşır.
- Sami Yusuf kompozisiyaları ayın 24-də bəstələdi və sadəcə, 4 günümüz vardı. Əslində notlar bizə daha əvvəl verilməli idi ki, ansambl məşq etsin. Amma biz bunun öhdəsindən gəldik. Bir az gec olsa da, nəticəsi gözəl oldu. Əlbəttə ki, həyəcanlanırdım. Notların gec verilməsi məni o qədər də narahat etmirdi. Mən ekstremal halları xoşlayıram. Olub ki, öz yaradıcılığımda konsertə, önəmli tədbirə bir gün qalmış ifa edəcəyim əsərə dəyişiklik etmişəm. Bəzən də olub ki, bilmədiyim əsəri bir günə öyrənib, səhəri səhnəyə çıxmışam. Özümü bu baxımdan yoxlamağı xoşlayıram. Bu layihədə də bilirdim ki, bu qədər əziyyətin bəhrəsi olmalıdır. İçimdə bir inam vardı. Birinci növbədə hər zaman Allah-təalaya inanıram, ikinci növbədə isə təvazökarlıqdan uzaq da olsa, istedadıma güvənirdim. Mən ansamblıma və özümə arxayın idim deyə heç bir problem yox idi.

- Konsertdən sonra sosial şəbəkələrdə "bunu ancaq Sami Yusuf edərdi”, "Sami Yusufdan başqa Nəsiminin qəzəlini heç kəs belə möhtəşəm şəkildə nümayiş etdirə bilməz” kimi fikirlərin ardı-arası kəsilmədi. Bir sənət adamı olaraq bu mövzu ilə bağlı fikirlərinizi eşitmək istərdik.
- Sami Yusuf sözün həqiqi mənasında peşəkar, işini bilən Azərbaycan kökənli bir sənətkardır. Onun bəstəsində "Sığmazam” qəzəlinə xüsusi bir rəng qatıldı. Ancaq unutmayaq ki, Nəsiminin qəzəli də çox möhtəşəmdir. Bu kompozisiyaya möhtəşəmliyi qatan da elə qəzəlin özü idi. Konsertdə 9 kompozisiyanın içərisində "Nəsimi” daha çox gündəmə düşdü. Çünki bu il "Nəsimi ili”dir və bu çox böyük bir layihə idi. Ortaya çox maraqlı kompozisiya çıxardı. Layihə olaraq Nəsiminin qəzəli çox maraqlı şəkildə təqdim olundu. Nəyi pisdir ki?
- Gözləyirdinizmi ki, bu layihə gündəmi bu qədər zəbt edər?
- Maraqlı bir layihənin içərisində olduğumuzun fərqindəydim. Ancaq Nəsimi kompozisiyasının bu qədər kütlə tərəfindən dinləniləcəyini və seviləcəyini gözləmirdim. Sosial şəbəkələrə daxil olanda görürəm ki, insanlar videonu paylaşıb və məni işarələyiblər, haqqımda gözəl sözlər deyirlər. Mən əslində sosial şəbəkələrdən çox az istifadə edirəm. Azərbaycanda belə gözəl sənətkarların və kompozisiyanın olması insana gözəl hisslər bəxş edir. Konsertdə "Sığmazam” kompozisiyasından başqa "Qobustan”, "Şəki Xan sarayı”, "Novruz” kimi ümumilikdə 9 kompozisiya səsləndirildi. Burada Azərbaycanın musiqisi, adətləri, mədəniyyəti, musiqisi əks olunmuşdu. Zalda birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyeva və nazirliklərimizin nümayəndələri, eləcə də xarici qonaqlar əyləşmişdi. Onlar da konserti çox bəyəndilər.

- "Sığmazam” kompozisiyası gündəmi zəbt etdikdə, xanəndələr haqqında xoş sözlər səsləndirildi və mətbuatda yalnız onların açıqlamaları yer aldı. Ancaq burda yer alan musiqi alətləri ifaçılarının adı çəkilmədi. Bu sizdə hər hansı məyusluq yaratdımı?
- Yuxarıda qeyd etdiyim kimi, mən sosial şəbəkələrdən o qədər də çox istifadə edən biri deyiləm, ona görə bundan xəbərim yox idi. Saytların birindən mənə zəng etdilər, ancaq o zaman xəbərim oldu ki, kompozisiya haqda ancaq xanəndələrin fikirlərini öyrəniblər. Halbuki, bu, kollektiv bir sənətdir. Tarın, balabanın, kamançanın, zərb alətlərinin və digər musiqi alətlərinin burada çox böyük rolu var. Kompozisiyada əməkdar artisti Təyyar Bayramovla aşıq Samirə qəzəldən beytlər səsləndirmişdilər. Onun üçün də tamaşaçıların gördüyü məhz həmin sənətkarlar oldu. Sosial şəbəkə izləyiciləri xəbərsiz idi ki, bu, konsert proqramıdır. 45 dəqiqəlik konsert proqramında təkcə 9 kompozisiya nümayiş olunub. Daha çox "Sığmazam” izlənildi. Bu kompozisiyada isə xanəndə böyük rol oynayır. Misal üçün, "Şirvanşah palace” kompozisiyasında ancaq çalğı alətlərinin ifası yer alıb.
- Hesab edirsiniz ki, sosial şəbəkələrdə yayılan 3 kompozisiyadan yalnız "Sğımazam”ın gündəm yaratmasının səbəbi bunlardır?
- Bu kompozisiyada nəinki beyt, həm xor, həm söz, həm də musiqi var. Bütün bunların hamısı birlikdə həmahənglik təşkil edir. Ona görə gündəmi zəbt etdi və qısa bir zaman kəsiyində məşhurlaşdı. Nəsiminin dühası, Nəsiminin ruhu o qəzəldə hiss olunurdu. Hər kəs gözləyirdi ki, Nəsiminin bu qəzəli onların istədiyi şəkildə təqdim olunsun.
- Bundan sonra böyük masştablı layihələr gözlənilirmi?
- Sami Yusufun yaxın zamanda albomu işıq üzü görməlidir. Bu layihəyə məni, Şirzad Fətəliyevi, Mircavad Cəfərovu, Toğrul Əsədullayevi, Təyyar Bayramovun oğlunu dəvət etdi. Burada tamam başqa əsərlər səsləndiriləcək. Ancaq bu albomda da Azərbaycanın milli alətlərinin xüsusi rolu olacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər