• cümə, 19 Aprel, 15:45
  • Baku Bakı 25°C

BFB: Səhmlərin kütləvi üsulla yerləşdirməsini həyata keçirməyə hazırıq

17.10.17 11:30 1763
BFB: Səhmlərin kütləvi üsulla yerləşdirməsini həyata keçirməyə hazırıq
"Son dönəmdə baş verən tendensiyalar göstərdi ki, artıq ənənəvi maliyyələşmə alətləri əvvəlki funksiyalarını qismən olaraq yerinə yetirməməyə başladı. Artıq bazarda alətlərin diversifikasiyası - həm maliyyələşmə, həm də investisiya alətlərinin diversifikasiyası üçün tələb yaranmağa başladı".
"APA-Economics" xəbər verir ki, bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov "Azərbaycan kapital bazarları. İmkanlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq kapital bazarlarına çıxmaq bir zərurətə çevrilib: "Biz bu mərhələnin astanasındayıq. Biz əvvəllər müxtəlif şirkətlərə gedib kapital bazarlarına gəlməsi üçün onları inandırmağa, kapital bazarlarının üstünlüklərini anlatmağa çalışırdıq. Bu gün artıq şirkətlər özləri fond birjasının, kapital bazarı iştirakçılarının, investisiya şirkətlərinin, investorların qapısını döyərək vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi üçün müxtəlif alətlər və imkanlar axtarırlar. Bu gün bazarda artıq iki hissə formalaşıb: biri izafi likvidliyin formalaşdığı, digəri isə bütövlükdə vəsaitlərə ehtiyacı olan hissədir. Məhz kapital bazarları alətləri vasitəsi ilə bu mexanizmləri canlandırmalıyıq".
V. Namazov bildirib ki, ölkəmizlə oxşar iqtisadi mühitdə formalaşan iqtisadiyyatlar üçün məhz bu dövrdə kapital bazarları xüsusi əhəmiyyətə malikdir. "Eyni zamanda, borc alətləri, istiqraz bazarı və korporativ idarəetmənin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Məhz bu günə qədər görülmüş işlər sayəsində biz müsbət nəticələri ötən ildən görməyə başlamışıq. Məhz milli iqtisadiyyata inam, yerli şirkətlərə inamın fonunda biz 100 milyon dollarlıq SOCAR istiqrazlarını uğurla yerləşdirdik. Biz ilk dəfə olaraq yeni qurulmuş müasir kapital bazarı üzərindən bu istiqrazların IPO-sunu (kütləvi üsulla yerləşdirmə) həyata keçirdik. Biz bu mexanizm üzərindən artıq səhmlərin IPO-nu həyata keçirməyə hazırıq", - deyə V.Namazov vurğulayıb.
banner

Oxşar Xəbərlər