Bəzi ifaçılar böyük ustadları görmədikləri üçün iddialı danışırlar
O da öz sənətində seçilmişlərdəndir... Oxuduğu muğamlara, ifa etdiyi
bəstəkar mahnılarına dinləyəndə anlayırsan ki, seçmək, yaxşını arayıb-tapmaq,
dərinə getmək onun sənət meyarlarındandır. Adətən nümunə olmağa iddialı yaş qırxdan,
əllidən o tərəfə başlayır, yəni sənətdə yolun tam açılandan, istedadın çoxluq
tərəfindən qəbul olunandan sonra. Amma onun səsi kimi taleyi də fərqlidir, başqalarından
fərqlənmir. O elə indikindən daha az yaşlarından da düzgün oxuları, səhnə
mədəniyyəti, ağayanalığı, məlahətli səsi ilə digər gənclərə – həmkarlarına
nümunə, örnək göstərildi. Haqlı olaraq da həqiqi mükafatını aldı – xalq
tərəfindən sevildi, xoş qarşılandı.
Söhbətləşdi: Fərid Hüseyn
Bu gün onun səsində muğamımız
dilindən, dinindən, mədəniyyətindən asılı olmayaraq dünyanın dörd bir yanında
səslənir, böyük konsert salonlarında eşidilir. "Muğam xəritəmiz”in
genişlənməyində, asta-asta dünya ilə bir olmağında onun da xidmətləri var. Onun
səsində muğam okean aşıb, qitə dəyişib, materik adlayıb – İsrail, Birləşmiş
Ərəb Əmirliyi, İsveç, Kanada, ABŞ, Qazaxıstan, Qırğızstsan, Almaniya, Fransa,
Türkiyə və sair ölkələrdə Azərbaycanı layiqincə təmsil edib.
Tərcümeyi-halı zərrə-zərrə
toplayırlar, axırda gəlib böyük bir bioqrafiyaya – ömürlüyə çevrilir. Bəzən
kitabların arxasında yer alan beş cümləlik tərcümeyi-hala sənət, söz adamları
bir ömür həsr edirlər. Zəhmət hesabına tərcümeyi-halını hər gün daha da
zənginləşdirənlərdən biri də odur.
O, da sənətdə böyük yola
istiqamətlənmişlər kimi uğurun səmtini, müvəffəqiyyətin dilini tapanlardandır. Bu
cəhətdən də Allahın sevimli bəndələrindən sayıla bilər. Uğurlarının düzümünü
izləyək: O, "Ananın səsi” mahnısı "7-17”, "Uşaq Muğam festivalı”,
"Pöhrə-97”,
"İstedadlar axtarırıq”, "Muğam-99”,
"Muğam-2001”,
"Üzeyir Hacıbəyov – 120”,
"Bakı Gecələri” kimi müsabiqələrin qalibi olan xanəndə Respublika Muğam müsabiqəsinin (2002) baş
mükafatına da – "Qran-pri” layiq görülüb.
Bundan başqa çoxsaylı diplomlara və mükafatlar qazanıb. Haqqında
danışdığım sənətkar dəyərli xanəndə, sevilən ifaçı Bəyimxanım Vəliyevadır. Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan
Milli Konservatoriyasında müəllimi və əməkdar artistdir B.Vəliyeva dəvətimizlə
redaksiyamızda "Muğam söhbəti” layihəmizin qonağı oldu. Onunla yaradıcılığı,
muğam ifaçılıq tarixi, muğamın tədrisi məsələləri barədə əhatəli söhbət etdik:
– Muğam məktəblərindən hansı sizin ruhunuza,
səsinizə, ifa marağınıza daha doğmadır?
– Nədənsə
bineyi-qədimdən muğam məktəbləri qollara ayrılıb, amma mənə elə gəlir ki,
ifaçılıqda belə bölgü etmək, ayrımçılıq salmaq doğru deyil, ən düzgünü, yaxşı
nə varsa, onu öz oxuna tətbiq etməkdir. Məsələn, Bakı məktəbi söz, şeiriyyət, qəzəliyyat, dolğun tələffüz baxımından
daha peşəkardır, Qarabağ muğam məktəbi
ifaçıların səsindəki məlahəti, rəngarəngliyi ilə seçilir. Şirvan məktəbində isə vəziyyət bir az
başqadır. Burada, əsasən, aşıq sənəti inkişaf etdiyindən, muğamlarına da belə ritmiklik
sirayət edib. Yəni hər üç qolun da özünəməxsus gözəlliyi var. İfada isə bu
müxtəliflikləri birləşdirib daha peşəkar oxular ərsəyə gətirmək olar.– Ustadınız Ağaxan Abdullayev olub.
Sizin ondan öyrənib gələcək nəsillərə ötürdüyünüz muğam öyüdü hansılardır?
– Bilirsiniz,
muğam elə bir sənətdir ki, nə qədər öyrənsən də, onun kamil bilicisi ola
bilmirsən. Yəni ifaçı püxtələşdikcə, sənət daha da dərinləşir. Ümumiyyətlə,
pedaqoqlar iki yerə ayrılır: öz biliyini son nöqtəsinədək tələbəsinə çatdırmaq
istəyənlər və qısqanclıqdan, "birdən
məndən daha yaxşı oxuyar" düşüncəsi səbəbindən sadəcə bildiyinin bir
hissəsini öyrədənlər. Xoşbəxtəm ki, mənim ustadım birinci qəbildən idi. O, əgər
bir muğamın üç variantı varsa, üçünü də mənə öyrədirdi ki, hansı səsimə daha
uyğundursa onu ifa edim. Düşünürəm ki, bu ən yaxşı pedaqoji metoddur. Hazırda
mən də çalışıram ki, indiyə qədər nə öyrənmişəmsə, onların hamısını tələbələrimə
çatdırım. Çünki arzum onların ən yaxşı səviyyədə yetişməsidir.– Ağaxan müəllim
erkən vəfat etdi. Bu gün sənətlə bağlı hansı məqamlarda onun yoxluğunu daha
dərindən duyursunuz?
– Təbii
ki, Ağaxan müəllimin vəfatı mənim üçün çox böyük itki oldu, çünki hər ifamda,
hər addımımda onunla məsləhətləşirdim. Allah ona rəhmət eləsin, qalan ustadlara
da can sağlığı versin. Bilirsiniz ki, Azərbaycan Milli Konservatoriyasında
başda ustad sənətkar Arif Babayev
olmaqla bir çox pedaqoqlar – Əlibaba
Məmmədov, Zabit Nəbizadə, Məsum İbrahimov, Qəzənfər Abbasov, Nəzakət Teymurova,
Aygün Bayramova və s. fəaliyyət göstərir. Sənətdə öz sözünü demiş
sənətkarla çiyin-çiyinə çalışmaq mənim üçün də fəxrdir, qürurdur. Mənə qaranlıq
məqamları ustadlardan soruşuram, aydınlaşdırıram. Nəyisə daha düzgün bilmək,
tam kökünə – dərinliyinə varmaq üçün bir-birimizlə məsləhətləşməyimiz, analiz
etməyimiz çox olub. Beləcə çalışırıq ki, xalq musiqimizi, muğam sənətimizi
qoruyaq, əslində olduğu kimi gələcək nəslə ötürək.– Azərbaycan Milli Konservatoriyasında
müəllim vəzifəsində çalışırsınız, sizcə, muğamın tədrisində hansı axsamalar
var, yaxud bu sənətdə nələrə daha çox diqqət yetirməlidirlər?
– Biz tədris zamanı tələbələrimizdən klassik ənənəyə sadiqliyi tələb edirik.
Çünki muğamın itməsini, dəyişdirilib gələcək nəslə fərqli formada çatdırılmasını
istəmirik. Tələbələrin də ən çox axsadıqları yerlər muğamın giriş və ayaq
hissələridir. – Hər kəsə bəllidir ki, muğamı
öyrənməkdə iddialı olan tələbələrdən çox az qismi bu sənəti davam etdirir.
Maraqlıdır ki, tələbələri hansı xüsusiyyətlərinə görə fərqləndirə, sənət
yolunun davamlı olacağını müəyyənləşdirə bilirsiniz?
Sənətdə yadda qalmaq üçün, ilk növbədə, səs,
sonra faktura, üçüncü və ən başlıcası isə tələbənin özünün muğama həvəsi olmalıdır.
Bu üç cəhət bir arada olarsa, tələbənin gələcəyi parlaqdır. Məndə də bir-iki nəfər
belə tələbə var ki, onların gələcəyindən ümidliyəm. – Siz həm də "Xan Şuşinskinin ifa xüsusiyyətləri və muğam sənətində tutduğu yer”
adlı elmi iş üzərində çalışırsınız. Hər bir dissertasiya mövzusunun əsas
xüsusiyyəti onun elmi yeniliyindədir. Siz öz mövzunuzda indiyə qədər toxunulmamış,
üzə çıxarılmamış, yaxud ötəri nəzər salınmış hansı məsələləri
aydınlaşdıracaqsınız?
- Öncə, qeyd edim ki, bəli, Xan Şuşinski
haqqında müxtəlif tədqiqatlar yazılıb, amma nədənsə bu vaxta qədər sırf elmi
çərçivədə ona müraciət edən olmayıb. Xan Şuşinskiyə müraciət etməyimin səbəbi,
təbii ki, onun sənətinə olan heyranlığımdan, uşaqlıdan iki ağız oxuduğu "Şahnaz" muğamının qulağımdan
getməməyi ilə bağlıdır. Daha sonra Xan Şuşinskinin ifaçısı olduğu, amma hələ
musiqi sənətinə aydın olmayan bəzi mahnıları da bu elmi işimdə araşdırmışam. – Üzeyir Hacıbəyov yazırdı ki, "Dəsgahların qəzəlləri mütləq əruz vəzni ilə
yazılmış olmalıdır, barmaq hesabı yazılmış şeir və qəzəllər dəsgah üçün
yaraşmaz, əruzda yazılmış dəsgahın vəzni dəsgahın musiqisi üçün vəzn məqamını
tutur”. Amma bu gün buna tam əməl olunmur, bu məqamlar sizcə, muğamatımıza
nə qazandırır, yaxud nələri itirməsinə səbəb olur?
– Əlbəttə,
muğam əruzda olanda daha gözəl səslənir. Yadıma düşmüşkən qeyd edim ki, elmi
işimin yeniliklərindən biri də budur ki, Xan Şuşinskinin muğamda heca vəzninə
müraciət edən ilk xanəndə olduğunu qeyd etmişəm. O, "Mirzə Hüseyn segahı”nda heca vəznli şeirdən yararlanıb.
Ümumiyyətlə isə oxunulan şeirin
ölçüsünə, məzmuna, muğama uyarlılığına fikir vermək lazımdır. Tamaşaçılar bəzən
Nəsimi, Füzuli "gizliliyini” sevmir, istəyir ki, heca vəznində, "açıq”
fikirləri dinləsin. Bəlkə, elə muğamları heca vəznində oxumaqla bu sənəti
tamaşaçıya daha çox sevdirmək, qəbullandırmaq olar? – Cabbar Qaryağdıoğlu "Mahur”u dörd,
Seyid Şuşinski isə "Cahargah”ı iki saata oxuyurmuş. Dəsgah elədir ki, onun vaxt
müddəti həm də səsə, "aralıqlara” görə dəyişir, ancaq hər halda ifaçı özü də
oxusuna müvafiq çalışır ki, əl-ayağını yığsın. Siz, dəsgah oxuyanda adətən,
25-30 dəqiqə çəkir, bu, zamanın, günün tələbi ilə bağlı olan bir şeydir yoxsa?
– Çox
düzgün vurğuladınız. Mənə elə gəlir ki, bu ancaq və ancaq zamanın tələbidir.
Hazırda Bakının bəzi kəndlərində muğam dəsgahlarına tələb var. Düzdür, hazırda
muğam sevilir, dinlənir, amma tələbat əvvəlki qədər deyil. El şənliklərimizdə
muğamı dəsgah formasında çox nadir hallarda ifa edirlər. Buna görə də
xanəndələr lakonik, konkret ifaya üstünlük verir ki, dinləyiciləri çox yormasınlar.– Siz daha
toylara getmirsiniz. Bərkə-boşa düşmək baxımından, sınaqlara öyrəşmək
sarıdan el şənlikləri də muğam ustasını az kamilləşdirmir. Sizdə, necə, elə
şənliklərində iştirak etməməyinizin sənətinizə hansısa təsiri olurmu?
– Hazırda
el şənliklərində daha çox yüngül mahnılar oxunur. Ona görə də düşünmürəm ki, iştirak
etməməyim fəaliyyətimdə qeyri-ciddilik yaradar. Pedaqoji fəaliyyətim bu sahədə
yetəri qədər köməkçim olur. Axı müəllim muğamları tələbəyə öyrədəndə özü də yenidən
öyrənir. – Oxuduğunuz muğamların əksəri
ənənəvidir, muğama haçansa yaradıcı yanaşmaq, yenilik etmək, improvizələr
barədə düşünürsünüzmü? Ümumiyyətlə, bu məsələlər sizi nə dərəcədə düşündürür?
– Sənətdə,
ifada yaxşı şəkildə icra olunan heç nəyə pis baxmıram. Amma mənə elə gəlir ki,
klassik muğamlarımız toxunulmazdır. Məsələn, hər hansı Avropa musiqi arasında
muğam səsləndirmək olar, yaxud muğamlarımızın hansısa şöbəsində, guşəsində rok,
pop musiqisi səsləndirmək mümkündür. Amma muğam dəsgahlarının olduğu kimi
gələcək nəslə ötürülməsinin tərəfdarıyam.– Ələsgər Abdullayev – Şəkili Ələsgər "Mahur”u çox gözəl oxuyub. Lent yazılarında səsi qalıb. Ancaq o səslər, bizə lazımı
səviyyədə – keyfiyyətdə gəlib çatmayıb. Köhnə lentləri əldə etmək, dinlənmək
sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
– Hazırda
elmi iş üzərində çalışdığım üçün köhnə səs yazıları barədə çox araşdırmalar
edirəm. Elmi işə başlayandan, hardasa, 3-4 ildir, köhnə lentlərə daha çox qulaq
asıram. Dinlədikcə də bu zamana qədər xəbərsiz olduğum üçün heyifsilənirəm,
çünki hər köhnə lent yazısını dinləyərkən özüm üçün bir çox yeniliklər
qazanıram. Düzdür, əvvəl də köhnə lentləri dinləyirdim, amma daha çox yaxın
tarixi – Yaqub Məmmədovu, İslam Rzayevi.
Bu tapıntılardan istər elmi işimdə, istər Milli Konservatoriyada 5 ildən bir
tərtib etdiyimiz tədris proqramında istifadə edirəm. Bilirsiniz, gözəl olmayanı
çalışırıq ki, üzə çıxarmayaq, amma gözəl olanı da unudulmağa qoymuruq.– Muğam qədər təkrar oxunan musiqi növü
yoxdur. Ancaq insanlar milyon illərdir eyni musiqilərə qulaq asmaqdan
doymurlar. Sizcə, buna səbəb nədir?
– Çünki
hər xanəndənin boğazı, avazı, nəfəsi, muğama yanaşma üslubu fərqlidir. Mənim
fikrimcə, muğam ifasının bir başlanğıcı, bir də sonu əvvəldən necə varsa, elə
də olmalıdır. Başlanğıcla son arasında qalan məqamda etdiyin improvizələr,
qəzəllər, boğazlar, avazlar isə istər-istəməz dəyişir. Deməli, muğam, əslində,
hər ifaçının səsində yenilikdir. Ona görə də hər ifa yeni muğam təəssüratı
yaradır və dinləyici əsrlər boyu davam edən bu rəngarənglikdən yorulmur.– Muğamlar
haqqında belə bir qənaət var ki, Muğamlar müxtəlif xalqların təbiətindən, iqlim
şəraitindən də asılıdır. Məsələn, "Busəlik”,
"Üşşaq” dağ yerlərində yaşayan xalqların təbiətinə uyğundur, "Rast”, "Əraq”, "İsfahan” isə bu
muğamlar isə orta iqlimdə yaşayan insanların təbiətinə uyğundur. Bu fikirlərlə
razısınızmı?
– Düzdür,
belə fərqlər istənilən halda hiss olunur, amma bu, şəxsin haralı olduğundan
asılı deyil, məncə. Sadəcə fərdi yaşantı və duyğularla bağlıdır. Muğam fəlsəfi
musiqidir və əlbəttə ki, mahiyyət etibarı ilə təbiətlə də əlaqəlidir. - Deyirlər ki,
"Rəhab” adını çayın suyunun səsinin tökülməsinə bənzəyir, "Üzzal” metroitin
axmasında, "Mahur” suda üzməkdən, "Rahab” bahar küləyinin adından götürülüb...
– Muğam
elə bir sənətdir ki, külək kimi əsdirir, yay kimi qızdırır. Məsələn,
"Heyratı”nı dinləyəndə əlinə silah alıb, arxaya belə baxmadan düşmən üzərinə
yürümək istəyirsən, yaxud "Bəstə-nigar” muğamında o qədər həssas, qayğılardan
azad olursan ki... Bu baxımdan muğamı bütün təbiət hadisələrinə, bütün hislərə
aid etmək olar, əsasən də, ana laylasına.
– Siz müxtəlif ölkələrdə yaradıcılıq
səfərlərində, qastrollarda olmusunuz, muğam sənətimizi təmsil etmisiniz.
Maraqlıdır, xarici ölkələrdə muğamımıza reaksiya necədir?
– Bilmirəm
nədəndir, amma Azərbaycan muğamı bütün dünyada fərqli qarşılanır. İfa zamanı
bəzən zala diqqət edirəm, inanırsınız ki, heç kimi bizi gözü açıq dinləmir, dinləyicilər
gözlərini yumub, sənətin sehrinə düşür, muğamı ilahi varlıq kimi qəbul edirlər.
Bu baxımdan, Azərbaycan muğamı qarşısında daima baş əyirəm. – Dəsgahlarda özünüzü, səsinizi ən rahat
hiss etdiyiniz muğamlar hansılardır?
– "Bayati-kürd”
və "Caharşah”ın "Bəstə Nigar”ında daha rahat hiss edirəm. – Yavər Kənəntərli "Şur”u ilə, Fatma
Mehrəliyeva "Kəsmə şikəstə”si ilə möhtəşəmdir. Bəs Bəyimxanım Vəliyeva hansı
muğama möhürünü vurmaq istəyər ki, hər dövrdə onun adı həmin muğamla qoşa
çəkilsin?
– Bunu
ancaq zaman göstərər. Çünki muğam elə sirli-sehrli aləmdir ki, bu gün
"Bayati-kürd” həvəsində, sabah isə "Bəstə-nigar” ovqatında ola bilərəm. Hansı
muğamla adımın qoşa çəkiləcəyini ancaq zaman və tamaşaçı deyə bilər.– İnsanın kefi yaxşı olmayanda bəzən
dilinin altında sevdiyi bir mahnını zümzümə edir, yada salır. Belə
məqamlarınızda beyninizdə səslənən hansısa bir muğam və ya qəzəl varmı?
– Gündəlik
həyatda – məişətdə muğam yox, bəzi mahnılar dilimə gəlir. Ən çox rəhmətlik
Məmmədbağır Bağırzadənin "Ürək deyər
ayrılığın üzü dönsün bu dünyadan”ı zümzümə edirəm. Amma bu cür seçimlər daha
çox əhvalla bağlıdır, adi bir mahnını zümzümə etdiyim də olur. – Oxuduğunuz qəzəllər içərisində hansı
şairin əsərləri ruhunuza daha yaxındır?
– Məhəmməd
Füzulinin yaradıcılığını çox sevirəm, Nəsiminin bir neçə qəzəlini də həmçinin.
Klassiklərimizin əksəriyyətinin poeziyasını sevirəm və ardıcıl şəkildə oxuyuram.– "Kəsmə şikəstə”, "Mirzə Hüseyn
segahı”, "Lay lay”, "Ərəq təsnifi” və sair oxumusunuz. İstərdim bu
rəngarənglikdən danışaq...
– Çalışıram
ki, əksər muğamları ifa edib hamısında səsimi
və özümü sınayım. – Daha gənc nəslin muğam ifaçıları ilə
söhbət zamanı mənə aydın olub ki, demək olar, hamısında digər növlərdə oxuyan
bir çox ifaçılardan fərqli olaraq sanki daha ehtiramkardırlar, yəni adlarını
çəkən kimi ustadlarının xidmətlərini vurğulayır, özlərini kənara çəkirlər.
– Bəli,
bu, muğamın əslindən, kökündən gəlir. Biz belə görüb-götürmüşük. Bəlkə də, bunun
üçün də bir məktəb keçmək lazımdır. Bəzi ifaçılar, bəlkə də, əsl böyük ustadları
görmədikləri, xüsusi sənət məktəb keçmədikləri üçün iddialı danışırlar, heç
kəsi yada salmırlar. – Əvvəlki muğam ifalarını
dinlədikdə görürük ki, zil səslər azdır. Hazırda isə daha həzin ifalar az
rəğbət qazanır. Nə üçün müasir tamaşaçı
zil səsi sevir?
– Mənə elə gəlir ki, bu, daha çox təbliğatla bağlıdır. Düşünürük ki,
muğam dəsgahlarını ifa edirsə, deməli, onun səs diapazonu var. Belə səsin var
deyə hər muğamda da nümayişkaranə şəkildə zilə qalxmaq bəlli kütləni muğamdan
soyudur. Hər şey əndazəsində, yerində, qaydasında gözəldir. Orta registrdə da
gözəl ifalar etmək mümkündür. Bu baxımdan düşünürəm ki, kütləni nəyə yönəltsən,
ona da meyl edəcək. Ona görə də ifaçıdan çox şey asılıdır.Söhbətləşdi: Fərid Hüseyn