“Bəzən yeməyə pulum olmurdu, acqarına döyüşlərə çıxırdım”
İsvahan Əliyev: Həm döyüşmək, həm də məşqçilik etmək çətindir, amma öhdəsindən gəlməyə çalışıram
Deyir ki, idmana başladıqdan sonra qısa müddətdə nəticə gözləmək
doğru yanaşma deyil. Uduzmaqla isə, həvəsdən düşmək olmaz, əksinə, insan
uduzduqca səhvlərini görməli, üzərində işləməlidir ki, bu da nəticəsini versin.
"Uduzmaqla həvəsdən düşən adam idmançı olaz bilməz” deyən müsahibimiz Gürcüstan
azərbaycanlıları içərisində kikboksinq üzrə ilk rəsmi peşəkar Avropa kəmərinin
sahibi, Qardabani rayonunun kikboksinq üzrə baş məşqçisi İsvahan Əliyevdir.
- İsvahan bəy, oğlanların
bir çoxunda idmana maraq döyüş filmlərini izlədikdən sonra yaranır. Bəs sizdə
necə olub?
- Məni də həmin oğlanların sırasına aid etmək olar. Uşaq vaxtı izlədiyim
döyüş filmləri məndə idmana maraq yaradıb. Eyni zamanda, atam da idmançı
olmağımı çox istəyirdi. Atam Rusiyada polis işləyirdi, həm də uzun müddət döyüş
sambosu ilə məşğul olub. İdmana yönəlməyimdə onun da istiqamətləndirməsi, dəstəyi
olub.
- Bəs idman, döyüş
yarışları filmlərdəki kimi maraqlı prosesdir?
- Əslində, idmandakı o proseslər də filmlərdəki kimidir. Sadəcə
olaraq yarışda iştirak edəndə, filmdəki kimi hər anı tuta bilmirik. Ekran işi ərsəyə
gətirənlər artıq hər nüansa fikir verirlər. Filmlərdəkinə yaxın hisslər
yaşadığımızı deyə bilərəm.
- İdman karyeranıza
Gürcüstanda başlasanız da, Azərbaycanda da fəaliyyətiniz olub. Gəlməyiniz necə
oldu? Getməyinizin səbəbi nə idi?
- Mən 2005-2006-cı illərdə idmana başlamışam. 2008 və 2009-cu illərdə
60 kq çəki dərəcəsində böyüklər arasında keçirilən uşu-sanda döyüş növü üzrə
yarışda Gürcüstan çempionu oldum. Sonra hərbi xidmətə getdim. Əsgərlikdə olan ərəfədə
yarış oldu, mən də ora qatıldım. O yarışda Azərbaycan ŞaolinDöyüş SənətiFederasiyasının prezidenti Rafiq
Əliyevlə tanış olduq və o mənə vizitkart verdi, "əsgərliyini bitir, Azərbaycana
gəl, orda məşq elə” dedi. 2010-cu ilin noyabrında hərbi xidməti başa vurdum,
2011-ci ilin fevralında Azərbaycana gəldim. Karyeramın 5 ili Azərbaycanda oldu.
2015-ci ilə qədər bir çox döyüş növlərindən çempion oldum. 2013-cü ildə Wof
Dünya Döyüş Növləri Federasiyasının Masallı rayonunda təşkil etdiyi dünya
kubokunda çempion oldum. Ondan əlavə, kikboksinq üzrə Azərbaycandakı məşqçim
Samir Həsənov məni bir çox döyüşlərə çıxarırdı və qalib gəlirdim. Sadəcə, vətəndaşlığım
olmadığı üçün çox qabağa gedə bilmədim və bir gün ölkəmizə qayıtmaq qərarı
verdim. Bunun daha yaxşı olacağını düşündüm. Çünki kəndimizdə narkomaniyaya
meyl edən gənclərin sayı artırdı və fikirləşdim ki, gəncləri sağlam həyata təşviq
etmək üçün kəndimizdə məşqçi kimi işləyim. 2015-ci ildə gəncləri öz evimə dəvət
edərək, məşqlərə başladım.
- Nəticə necə oldu, hansı
nailiyyətlər var?
- İşə başladığım il uşaqlar Gürcüstan çempionatından 5 ədəd
birincilik gətirdilər. Üstəlik, mən özüm də peşəkar döyüşçü kimi yarışlara
qatılıb, nailiyyətlər əldə edirdim. Bu kimi işlər kənddəki digər adamları da həvəsə
gətirdi, uşaqlarını idmana yönəltməkdə maraqlı olurdular. 2016-cı ildən ölkə
xaricində döyüşlərə qatıldıq. 2018-ci ildə klubum Gürcüstan komandaları
arasında nailiyyətlərinə görə birinciliyə layiq görüldü. 12 döyüşçüdən 8
çempion, 3 finalçı, 1 üçüncülük əldə etdik. Gürcüstanın 1 nömrəli klubu
seçildik.
Mənə böyük dəstək olan ailəvi dostum, dünya döyüş növlərinin
Gürcüstan nümayəndəsi Tofiq Əkbərov qardaşıma və bütün gənclərin yanında olan
Qardabani Mojatvar deputatı Savalan Mirzoyevə dərin təşəkkürümü bildirirəm. Məqsədimiz
böyük bir təşkilat qurub, xalqımızın istedadlı idmançılarından ibarət yığma
komanda yaratmaqdır.
Mənim məqsədim Gürcüstan vətəndaşı olaraq Azərbaycan xalqının hansı
gücə qadir olduğunu, necə qəhrəmanlar yetişdirdiyini bu dövlətə sübut etməkdir.
Eyni zamanda, bu ölkənin bayrağını zirvələrdə dalğalandırmaq istəyirəm.
- Özünüzün idmançı kimi
hansı nailiyyətləriniz var?
- Mənim peşəkarlar arasında 16 döyüşdə 12 qalibiyyətim var. 3 peşəkar
rəsmi kəmərin sahibiyəm. 2018-ci ildəki Avropa çempionatında ard-arda qalibiyyətlər
əldə etdik. 2019-cu ilin 18-20 oktyabr tarixlərində Almaniyada dünya
çempionatına 6 tələbəmlə birlikdə qatıldıq. K1 versiyası üzrə özüm 3-cü oldum.
Müəyyən zədələrə görə yarımfinalda uduzdum. 3 tələbəm dünya çempionu oldu. 1 tələbəm
2-cilik əldə etdi. Gürcüstan azərbaycanlıları tarixində belə böyük nəticə olmamışdı.
Qarşıda məni böyük peşəkar döyüşlər gözləyir, artıq "A class”a yüksəlmişəm.
- Nailiyyətlərinizdən
danışanda, bir neçə idman növünün adını çəkdiniz. Maraqlıdır, burda sahə dəyişikliyi
etmisiniz?
- Bəli, mən demək olar ki, bir çox döyüş növlərində döyüşmüşəm.
Karate, aykido, kikboksinq, uşu-sanda, qaydasız döyüş və s. Digər idman növlərindəki
yarışlara sadəcə təcrübəmi artırmaq üçün çıxırdım. Çünki məqsədim döyüş növlərini
öyrənmək idi. Ancaq kikboksinq və taiboksinq mənim üçün daha maraqlıdır və sonda
bu sahələrdə dayanmışam. Döyüşdə olduğumu bu idman növlərində hiss edirəm. Həm
də bilirəm ki, bunları daha yaxşı bacarıram, burda nailiyyət əldə etmək imkanım
daha çoxdur. Hazırda həm döyüşürəm, həm də məşqçilik edirəm.
- İdmançılar məşqçiliyə
adətən karyeralarının sonuna yaxın yönəlirlər. Sizin gənc yaşda məşqçiliyə
başlamağınızın səbəbi nədir?
- Mən hələ Azərbaycanda olanda məşqçi köməkçisi işləməyə başlamışdım.
2 il də məşqçilik etdim, öz tələbələrim oldu. Sonra Gürcüstana qayıtdım, burda
gənclərə sağlam həyat tərzini təbliğ etmək üçün özüm məşq edə-edə həm də məşqçilik
etmək qərarı verdim. Sonra elə oldu ki, bu məşqlər nəticəsini verdi, nailiyyələr
oldu və rəsmi məşqçi olaraq qeydiyyatdan keçdim, 2018-ci ildə baş məşqçi
seçildim. Həm döyüşmək, həm də məşqçilik etmək çətindir, amma öhdəsindən gəlməyə
çalışıram.
- Müəllimlər özlərinin
üzləşdikləri bəzi çətinliklərlə tələbələrinin qarşılaşmamasını istəyirlər. Elə
çətinlikləriniz olubmu?
- Azərbaycanda məşq edəndə, maliyyə cəhətdən vəziyyətim elə də yaxşı
deyildi. Bəzən yeməyə pulum olmurdu, acqarına döyüşlərə çıxırdım. Arxam,
dayağım yox idi. Təsəvvür edin, döyüş sənətini öyrənmək üçün zalı silmişəm ki,
məşqçi mənə bir şeylər öyrətsin. Zamanla bir çox döyüş növlərinin sirlərini öyrəndim.
5 il fəhləlikdən pul qazanıb məşq etmişəm. Mən o işləri ayıb hesab etmirdim,
çünki öyrənirdim. Özüm çox çətinliklə üzləşmişəm, amma indi idmançıların onları
görməsini istəmirəm.
- Tələbələriniz də yarışa
çıxır, özünüz də. Bu zaman keçirdiyiniz hisslər arasında fərq olurmu?
- Tələbələrimin də qalibiyyəti mənim adımadır, öz qabiliyyətim də.
Onların da nailiyyəti ölkə adınadır, mənim də. Həyəcan, təbii ki, hər ikisində
olur. Özüm rinqdə olanda düşünürəm ki, filan nailiyyətim var, bu dəfə qazanıb
daha çoxunu əldə etməliyəm. Tələbənin qalibiyyəti isə bağbanın əkdiyi ağacın
meyvə verməsi kimidir. Əkdiyi ağac bəhrə verəndə bağban necə sevinirsə, məşqçi
də elə.
- Bəzən həvəsdən düşüb
idmandan uzaqlaşanlar da olur. Sizdə belə dönəmlər olubmu?
- Bəli, bəzən elə olub ki, idmana həvəsim ölüb. Amma yenə də öz üzərimdə
daim məşq etmişəm. Azərbaycanda olanda 5-6 saat təkbaşına məşq edirdim. Bəzən gənclər
bir il döyüşüb nailiyyət əldə edə bilməyəndə, həvəsdən düşürlər. Amma tam
olaraq insan özünü sübut etməsə, heç nə əldə edə bilməz.
- Həvəsdən düşmələr nə
vaxt olur?
- Hər bir idmançıda həvəsdən düşmə prosesi olur. Bəzi hallarda bir
müddət maddi vəziyyətin pis olur, istədiyin forma və nəticəni ala bilmirsən, bu
zaman həvəsdən düşmələr də ola bilir. Amma insan məqsədli olanda, o hallar tez
keçir. Uduzduğuna görə həvəsdən düşən adam idmançı ola bilməz. İnsan uduzduqca,
səhvlərini görüb daha çox çalışmalıdır.
Aygün Asimqızı