Bəzən idarə etdiyim kuklalar məndən böyük olurdu - Debüt
Mir Qabil Əkbərov: "Əgər rejissor həm də yaxşı aktyordursa, qarşısındakı aktyor onu heç vaxt aldada bilmir”
Hələ
22 yaşı var. Ömrünün ən gözəl illərini, gəncliyini yaşayır. Anası xalq artisti
Yasəmən Ramazanova oğlunu teatrda yetişdirib. Övladının həyatı dərk etdiyi,
dünyagörüşünün formalaşdığı dövrü teatrda keçirməsinin tərəfdarı olub.
"Debüt”
rubrikamızın qonağı ŞahMat Teatrının rəhbəri, Şuşa Dövlət Musiqili Dram
Teatrının aktyoru Mir Qabil Əkbərovdur. O, hazırda Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində "Teatr rejissorluğu” ixtisası üzrə magistr təhsili
alır.
Müsahibim
deyir ki, sənətə gəlişi elə uşaq yaşlarından və təsadüf nəticəsində olub:
- 5
yaşımda anam televiziya tamaşasına çəkilirdi. Həmin tamaşada uşaq obrazını
canlandırmaq üçün azyaşlı uşaq tapa bilmədiklərindən, həmin obrazı mən oynamalı
olmuşdum. Həmin illər anam Naxçıvan Dövlət Dram Teatrında çalışırdı. Elə uşaq
yaşlarımdan Naxçıvan Dövlət Dram Teatrında kiçik epizodik rollarda oynayırdım. Hətta bir dəfə Akademik Milli Dram Teatrı
"Özümüzü kəsən qılınc” tamaşası ilə Naxçıvan Teatrına qastrol səfərinə gəlmişdi,
o tamaşada uşaq obrazını canlandırdığımı xatırlayıram. Məktəb illərimdə isə
anam Naxçıvan Dövlət Kukla Teatrına direktor vəzifəsinə təyin edildi. Kukla
Teatrında isə "Gözəl bahar”, "Möcüzəli adanın sakinləri”, "Məlikməmməd”, "Çay
dəsgahı” kimi tamaşalarda rol aldım. Onda 13 yaşım vardı. Teatrın repertuarında
olan bir çox tamaşada rol aldım. Naxçıvan Dövlət Kukla Teatrı mənim üçün ayrı
bir dünya oldu. Orada kuklaların istifadə qaydalarını, onların dilini öyrəndim.
Teatrda çalışan İlham Babayev mənə kuklaların mexanikasını öyrətdi. Bəzən idarə
etdiyim kuklalar məndən böyük olurdu. Tamaşa zamanı kuklanın arxasında olduğum
üçün boyuma və yaşıma görə orada itib batırdım.
- Yeniyetmə biri üçün ağır kuklalarla
işləmək çətin deyildimi?
-
Kukla Teatrında uşaq tamaşaları ilə işləmək mənim üçün böyük təcrübə oldu.
Əlbəttə ki, çətinlik çəkirdim. Biri var ki, özün aktyor kimi səhnəyə çıxasan,
biri də var ki, kuklanın arxasında
dayanırsan və kuklanı idarə edirsən. Nəinki kuklanı idarə etməli, eyni zamanda
idarə etdiyin bu taxta parçasını uşaqlara sevdirməlisən. Özüm də uşaq olduğum
üçün qarşımdakı uşaqların bizdən nə istədiklərini bilirdim. Buna görə də Kukla
Teatrında çalışmaq mənim üçün üstünlük idi. Kuklaların texnikasını öyrənmək
üçün çox zaman xərcləməli oldum. Pəşəkar aktyorlar bir tamaşanı bir-iki aya
hazırlayırdılarsa, mən 4-5 ay sərf edirdim. Səhər məktəbə gedir, dərslərim
bitəndən sonra isə birbaşa məktəb formasında teatra gəlirdim və çalışmağa
başlayırdım. 17 yaşımda aktyor kimi Naxçıvan Dövlət Kukla Teatrında ştata
düşdüm. Orada 2 il işlədikdən sonra universitetə qəbul olduğum üçün ştatdan
çıxdım və paytaxta oxumağa gəldim.
- Teatrda aktyor kimi çalışdığınız halda, nə
üçün universitetdə "Teatr rejissorluğu” ixtisasına qəbul oldunuz?
-
Universitetə qəbul olmamışdan əvvəl teatrda iki tamaşa hazırlamışdım.
- Artıq rejissor kimi tamaşalar
hazırlayırdınızsa, bəs onda təhsil sizə nə üçün lazım idi, ümumiyyətlə universitet
sizə nə qazandırdı?
- Universitet
mənə çox şey qazandırdı. Biri var hazırladığın tamaşanı kor-koranə
hazırlayasan, biri də var ki, sən artıq bu sistemin bütün sirlərinə bələdsən. Universiteti
bitirdikdən sonra hazırladığım o iki tamaşaya baxanda gördüm ki, rejissor
olaraq bir az naşılıq etmişəm. Universitetdə mənə dərs keçən müəllimlərdən, xüsusən
də birinci kursda kurs rəhbərlərim olan Cənnət Səlimovadan, Fikrət Məlikovdan, ikinci
kursda isə Mehriban Ələkbərzadədən çox şey öyrəndim.
- Sizcə, təhsilsiz aktyor və rejissor olmaq
mümkündürmü?
- Mümkündür,
amma istər-istəməz, natamamlıq olacaq. Əlbəttə, fitri istedad var, ancaq ondan
əlavə, insana bu sənətə məhəbbət və işində məsuliyyət də lazımdır. İstedad işin
50 faizini təşkil edirsə, 50 faiz də təhsil və elm olmalıdır ki, səni
tamamlasın. Bəzən təhsillə də iş həll olunmur.
Rejissorluq elə bir peşədir ki, burda istedad mütləqdir. Fantaziya, düşüncə,
dünyagörüşü - bunlara baxmayaraq, bu sənətin sirlərinə bələd olmaq çox
çətindir.
- Magistr təhsili almaqla pedaqoq olmaq
istəyirsiniz?
-
Əslində xaricdə magistr təhsili almaq istəyirdim, ancaq rəhbəri olduğum ŞahMat
teatrına görə Bakıda qalmalı oldum. Təhsilimi elə burada davam etdirmək
qərarına gəldim.
- ŞahMat teatrı hansı zərurətdən yarandı?
- 11-ci
sinifdə oxuyanda biz Naxçıvan Dövlət Kukla Teatrı ilə Moskvaya festivala getmişdik.
Orda bir zirzəmi teatrının tamaşasını izlədik. Bu teatr mənə fərqli gəldi.
Açığı, heç o zamana qədər Azərbaycanda zirzəmi teatrı yox idi. Fikirləşdim ki,
bunu Azərbaycanda tətbiq etmək maraqlı olar. Tələbəlik illərimdə bu barədə düşünür
və belə bir teatr yaratmağa can atırdım. Tələbə yoldaşım Ümid Abbasla
məsləhətləşdik və nəhayət, ŞahMat teatrını yaratmaq qərarına gəldik. İlk
tamaşamızı 2017-ci ildə oynadıq. İlk tamaşaçı sayımız 3-4 nəfər olsa da, gördüm
ki, insanlar səhnədə nələrin baş verdiyi ilə maraqlanır. İkinci tamaşada
birincidən 3 dəfə çox tamaşaçı cəlb edə bilmişdik. Bu da yaradıcı komandamızda
böyük həvəs yaratmışdı. Artıq iki ildir ki, fəaliyyət göstəririk, üçüncü
mövsümə yeni tamaşalarımızla başlamışıq.
- Daha çox hostellərdə və "pub”-larda
tamaşalar hazırlayırsınız. Hansı çətinliklərlə üzləşirsiniz?
- Daimi
bir məkanımız yoxdur. Tamaşanın texniki işlərini də özümüz hazırlayırıq. Dekorlarımızı
evdə hazırlayır, tamaşa oynadığımız səhnəyə aparmaqda çətinlik çəkirik. Bəzən maddi
cəhətdən sıxınıtmız olduğuna görə məcbur olub dekorumuzu piyada aparırıq. Tamaşamızı
əvvəl "Pub House”-da oynayırdıq. O ərəfələr "Etüd” kafe bizə onlarda tamaşa nümayiş
etdirməyi təklif etmişdi. Çalışdığımız kafelərdə bəzi problemlər yarandı. Daha
sonra "Kulis kafe”yə getdik. Hazırda isə son mənzilimiz isə "Flora Hostel”dir.
- Məkanı dəyişdikcə tamaşaçıları
itirirsinizmi?
- Əksinə,
daha çox tamaşaçı qazanırıq. Bizim tamaşaçımız az da olsa var. Hər yeni məkanın
da öz tamaşaçısı əlavə olunur və biz oradan da tamaşaçı qazanırıq.
- İki il ərzində ŞahMat teatrı nələrə nail
oldu?
- Teatrı
yaradanda, bir illik məqsədim yaxşı bir komanda yığmaq idi. Birinci il bu
məqsədimə çatdım. İkinci ildə isə məqsədim tamaşaların sayını artırmaq idi.
Buna da nail oldum. Bu il demək olar ki, 3-4 tamaşamız təhvil verildi və hazırda yeni bir tamaşa üzərində
çalışırıq. Üçüncü ildə isə, xarici
festivallara getmək istəyirik.
- Hədəfləriniz nələrdir? Özünüzü 10 ildən
sonra harada görürsünüz?
-
Mərhum sənətkarımız Vaqif İbrahimoğlunun bir sözü var, deyir ki, hansı teatr
olursa-olsun, təzə yaranıbsa, 25 ildən artıq yaşamayacaq. Bilmirəm ki, mən özüm
10 ildən sonra harada olacam. Hər rejissorun öz konsepsiyası olduğu kimi, mənim
də bu teatrda öz konsepsiyam və üslubum var.
- Sizin üslub tərziniz necədir?
- Bir
az absurd, bir az sürrealizm, bəzən də ekssentrik üslublardan istifadə etməyi
çox sevirəm. ŞahMat teatrının özünə aid üslubu var. Biz heç zaman reallıqdan
bəhs edən tamaşa hazırlamırıq.
- Səbəb?
-
Şahmatın özü əslində real bir oyundur, iki qoşunun müharibəsidir. Onu
qeyri-real olaraq taxtanın üstə gətiriblər. Biz də real olan hadisələri
qeyri-real şəkildə göstərməyə çalışırıq. Yəni, absurd şəkildə, ifrat reallıq.
- Bəs Şuşa Dövlət Musiqili Dram Teatrına
necə getdiniz?
- ŞahMat
teatrında çalışan Günel İmanova Şuşa teatrında işləyirdi. O, teatrın baş
rejissoru Loğman Kərimovun aktyor axtarışında olduğunu və məni ona məsləhət
bildiyini dedi. Düşündüm, açığı, hər nə qədər rejissor olsam da, təməlim aktyor
olduğu üçün səhnədən kənarda qala bilmirəm. Düzdür, tamaşa hazırlamağı çox
sevirəm. Özümə məxsus düşüncələrim, fikirlərim var. Bununla yanaşı, istəyirəm
ki, hansısa rejissor mənimlə işləsin. Ən güclü rejissor elə ən güclü aktyor
olmalıdır. Əgər rejissor həm də yaxşı aktyordursa, qarşısındakı aktyor onu heç
vaxt aldada bilmir.
- Siz özünüzü ən güclü aktyor hesab
edirsiniz?
- Təbii
ki, yox. Mənə görə, ən güclü aktyor, rejissor anlayışı olmamalıdır. Bu sənətin
zirvəsi yoxdur. Bəlkə də yaşıdlarımın içində aktyor və rejissor kimi ön
sıralardayam. Bu barədə özümə çox arxayınam. Teatr mühitindən uzaqlaşmamaq üçün
Loğman Kərimovla danışdım. Düşündüm ki, məni işə qəbul etmək üçün yoxlayacaqlar.
Ancaq elə olmadı, məni işə götürdülər. Cəlil Məmmədquluzadənin "Anamın kitabı”
tamaşasında Rüstəm bəy obrazını həvalə etdilər, hansı ki, Rüstəm əsərdə əsas
obrazlardan biridir. Hazırda tamaşanın məşqləri gedir. Uşaq tamaşası olan
"Danışan gəlincik”də xidmətçi ilə siçanı, "Ağ qayıq”da Rəsulu oynayıram və bir
çox tamaşalarda rol alıram.
- Şuşa teatrı sizin yaradıcılığınıza hər
hansı bir rəng qatdımı?
- Teatra
daxil olanda keçirdiyim hissi ifadə etmək mümkün deyil. Bəlkə də uşaqlığım səhnədə
keçdiyi üçün teatr mənə bu qədər əzizdir. Teatr mənim üçün çox rahat bir
mühitdir. Teatr mühitində yaradıcı insanların içində olduqda, özümü ailəmdəki
kimi hiss edirəm.
- Kuklalarla işlədiyiniz üçün müəyyən bir
bazanız var. Paytaxta gəldikdən sonra nə üçün Abdulla Şaiq adına Dövlət Kukla Teatrına
müraciət etmədiniz?
-
ŞahMat teatrında kukla tamaşası hazırlamaq istədim. Gördüm ki, bu, çox vaxt aparacaq.
Çünki kuklanın xüsusi texnikası var, bunu öyrənmək çox zaman tələb edir. Kukla Teatrına
müraciət etsəydim, günün çoxunu orada məşq etmək məcburiyyətində qalacaqdım.
Kukla ilə bir gün məşq etməsən, əllər keyiyir. Elə kukla növü var ki, onu 3
nəfər işlədir. Məcbursan ki, onun sinxronluğuna görə hər gün məşq edəsən.
Düşündüm ki, bu mənim çox vaxtımı aparacaq.
- Bəs nə üçün təhsilinizi başa vurduqdan
sonra Naxçıvan Teatrına geri dönmədiniz?
-
Naxçıvana gedəndə, ilk baş çəkdiyim yer teatrdır. Çünki o teatrda mənim
uşaqlığım keçib. Dördüncü kurs diplom tamaşamı Naxçıvan Teatrında hazırlamaq
istəsəm də, alınmadı. Təbii ki, Naxçıvan teatrında tamaşa hazırlamaq istərdim.
Anam indi Naxçıvan Dövlət Dram Teatrında aktrisa olaraq fəaliyyət göstərir.
Naxçıvan Teatrının aktyorları rejissor baxımından acdırlar. O teatrın tarixində
mən üçüncü ali təhsilli rejissoram.
- Təbiətcə çox sakit, susqun birisiniz. Bu,
rejissorlara xas bir xüsusiyyət deyil.
- Mehriban
Ələkbərzadə tamaşalarıma baxanda deyir ki, "Qabili tamaşalarında fərqli görürəm”.
Mən o çılğınlığı tamaşalarda göstərirəm. Ancaq həyatda elə deyiləm.
- Öz həyatınızda tətbiq edə bilmədiyinizi
tamaşalarınızda tətbiq edirsiniz?
- Elə
deyil. Əgər mən dinamik, çılğın biri olsam, həyatda əlimə heç nə keçməyəcək.
Çılğın olmaqdansa, sakit və düşüncəli olmaq daha yaxşıdır. O çılğınlığı onsuz
da tamaşamda göstərirəm. Tamaşam isə mənim övladımdır. Mən nəyəmsə, tamaşam da
odur. Əvvəllər daha çox çılğın idim. Ancaq insan böyüdükcə müdrikləşir,
üzləşdiyi çətinliklər onu dəyişdirir.
Xəyalə
Rəis