Bəzək əşyasından investisiya alətinə doğru
Dünya birjalarında qızılın qiyməti növbəti rekord vurub. Hər keçən gün insanların qızıla marağının artdığı müşahidə edilir. Azərbaycanda da qızıl artıq bəzək əşyası kimi deyil, etibarlı investisiya aləti kimi nəzərdən keçirilir.
Bu həftə dünya birjalarında qızılın qiyməti növbəti rekord vurub. İlk dəfə olaraq qiymətli metalın qiyməti 2500 dolları keçib. ABŞ Federal Rezerv Sisteminin uçot dərəcəsini sabit saxlamaq barədə qərarından sonra qızlın qiyməti daha bir psixoloji həddi keçib. Belə ki, avqustun birində “Comex” birjasındakı hərracların gedişində ilk dəfə olaraq qızılın bir unsiyasının qiyməti 2500 dolları keçərək əvvəlcə 2501 dollar, daha sonra 2502 dollar olub. Sonradan qızılın qiyməti sabitləşib və 2500 dollardan aşağı düşüb. Ümumilikdə, son bir ayda qızılın unsiyasının qiyməti təqribən 90 dollar və ya 3,8 faiz, son bir ildə 510 dollar və ya 26 faiz bahalaşıb.
Belə bir fikir var ki, indiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır. Bəs qızıla sadə insanların yatırım etməsi sərfəlidirmi?
Pandemiyadan sonra enməyən qiymət
Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyevin sözlərinə görə, qızılın qiyməti böhranlar zamanı daim artır: “Son 15-20 ildə ən ciddi artım pandemiya zamanı müşahidə edildi. Koronavirus pandemiyasına qədər bir qram 999 əyar qızılın qiyməti maksimum 40-42 dollar idi. Böhrandan sonra isə qiymətlər 60-62 dollara qədər qalxdı. Hətta bəzi günlərdə 65-66 dollar da olurdu. Son bir neçə ayda isə 78-79 dollara qədər qalxıb. Bunu dünyada baş verən müəyyən böhranlara, müharibələrə də bağlaya bilərik. Bunlardan Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin münaqişəsini göstərmək mümkündür. Bunlar qızıla investisiya aləti kimi çox ciddi formada təsir edir. Böhranlarda investisiya alətlərinə tələbat artdığından qızılın qiyməti də yüksəlir”.
T.Abbasquliyev bildirdi ki, artım bütün qızıl növlərini əhatə edir: “Qızıl dedikdə söhbət sadəcə 999 əyarlıdan getmir. Zərgərlik məmulatlarını da buraya aid etmək olar. Məsələn, 585 və ya 750 əyarlı qızılların da qiyməti daim qalxır. Çünki qızılın birjadakı ümumi qiyməti yüksəlir. Qeyd etdiyim qiymət artımlarından sonra artıq insanlar zərgərlik məlumatlarına tək bəzək əşyası kimi deyil, həm də investisiya aləti kimi yanaşırlar. Qızılı həm zinət əşyası olaraq fiziki yolla, həmçinin investisiya saytlarından almaq mümkündür. Qiymətlər eyni səviyyədə dəyişdiyi üçün hər bir halda yatırım alətidir”.
Qeyri-müəyyənliklər dövründə insanlar qızıla yönəlirlər
Sədr qiymətlərin gələcəkdə necə dəyişəcəyi sualına da aydınlıq gətirdi: “Qiymətlər birja ilə tənzimləndiyi üçün gələcəklə bağlı proqnoz vermək çətindir. Qızılın qiyməti son bir il ərzində 60-62 dollara qədər qalxdı. Amma sonra 50-52 dollara qədər endi. Bir müddət sonra yenidən əvvəlki vəziyyətinə qayıtdı. Belə oynamalar olduğu üçün dəqiq fikir bildirmək mümkün deyil. Lakin dünyanın böyük banklarının ekspertlərinin rəylərinə görə qızılın qiyməti qalxmaqda davam edəcək”.
İqtisadçı Elçin Rəşidov isə qızılın qiymətindəki baş verən dəyişmələri insanların yatırım seçimləri ilə əlaqəndirdi: “Çaxnaşmalardan, böhranlardan əvvəl bizneslərin, səhmlərin, qiyməti ucuzlaşır. Belə fonda insanlar pullarını qızıla yatırır və nəticədə onun qiyməti artır. Bəzən də insanlar məhz fiziki şəkildə qoruya biləcəkləri investisiyaya yatırım edirlər. Çünki insanların sistemlərə inamı azalır. Riskləri nəzərə almalı olurlar. Siyasi qeyri-müəyyənlik dövründə insanlar yatırımlarını qızıla dəyişirlər. O baxımdan qızıla investisiya hazırkı dövrdə doğru qərardır”.
E.Rəşidov bildirdi ki, investisiya saytlarında qızılın növlərinə görə qiymətləri də dəyişir. Qızılı həmin saytlardan da almaq mümkündür: “Onlar daşınmanı da daha rahat edirlər. Amma həmin saytların yerləşdiyi ölkənin nə qədər risk altında olması da rol oynayır. Unutmayaq ki, qızıla yatırım etmək o demək deyil ki, bu, sizi yüz faiz irəli aparacaq. Amma vəsaitinizi maksimum səviyyədə qoruyacaq. Əgər artım olarsa, əlavə qazanc da əldə etmək mümkündür”.
Qazanc olsa da, təhlükə də mövcuddur
İqtisadçının fikrincə, yatırım edərkən istənilən halda riskləri və təhlükələri də nəzərə almaq lazımdır: “Qızıl elədir ki, onu hər kəs alıb saxlaya bilir. Amma onu fiziki şəkildə qorumaq riskli məsələdir. Təbii ki, digər yatırım növlərində də başqa risklər mövcuddur. İnsanlar riskləri və əllərindəki vəsaiti gözdən keçirərək qərar verirlər. Amma bütün vəsaiti bir yatırıma ayırmaq düzgün deyil. Risklərin idarə edilməsinin əsas metodologiyalarından biri də budur. Orada bildirilir ki, əldə olan vəsaiti bir neçə investisiya növünə yatırmaq daha uğurludur. Vəsaitinizin bir hissəsini buraya ayıra bilərsiniz. Amma vəsaitin nə qədərini məhz qızıla yatırmaq məsələsi individualdır. Bu, sizin yaşadığınız ölkədən, oradakı vəziyyətdən asılıdır”.
Müsahibimiz dedi ki, Azərbaycan qızıl bazarındakı vəziyyət dünyada baş verən proseslərlə tənzimlənir: “Dünyada çaxnaşmalar azaldıqca qızılın qiyməti stabilləşə bilər. Hətta hazırkı qiymətdən aşağı da düşməsi mümkündür. Amma yaxın gələcək üçün proqnoz budur ki, qızılın qiyməti növbəti rekord hədlərə çatacaq. Dünya qızıl bazarında hansı proseslər baş verəcəksə, Azərbaycan üçün də eyni vəziyyət gözlənilir. Çünki ölkəmizin qızıl bazarı da dünyadakı proseslərlə tənzimlənir”.
Zərif Salmanlı