• cümə axşamı, 28 mart, 23:37
  • Baku Bakı 13°C

Beynəlxalq neft kəşfiyyatı yarışında qalib gələn azərbaycanlı tələbə

21.06.19 12:30 3798
Beynəlxalq neft kəşfiyyatı yarışında qalib gələn azərbaycanlı tələbə
Deyir ki, insan öz istiqamətini nə qədər erkən yaşda müəyyən etsə, bir o qədər yaxşıdır. Həm də düşünür ki, bu qərara gəlməzdən əvvəl yaxşıca düşünmək, araşdırmaq lazımdır. Bunun üçün isə şagirdlər məktəbdə oxuduqları dövrlərdə müxtəlif dərnəklərə, layihələrə və könüllü təcrübələrinə qoşularaq özlərinə maraqlı gələn sahəni müəyyən etsinlər. Çünki insan yalnız sevdiyi işlə məşğul olduğu zaman uğur qazana bilər.

Müsahibim Beynəlxalq Neft Kəşfiyyatı Yarışının (İnternational Petroleum Exploration Competition) qalibi Aydın Şahtaxtinskidir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində geologiya üzrə bakalavr təhsili alan Aydın hazırda ABŞ-ın Texas ştatında Hyuston Universitetində doktorantura pilləsi üzrə təhsilini davam etdirir. Qeyd edim ki, həmyerlimizin qalib olduğu bu yarış 2006-cı ildən keçirilir və 61 ölkənin 455 universitetini əhatə edir.

Geologiyaya həvəs

Müsahibim deyir ki, hazırda universitetdə təhsil almaqla yanaşı, tədris və elmi işlər assistenti kimi çalışır. Eyni zamanda bakalavr pilləsi üzrə təhsil alan tələbələrə laboratoriya işləri ilə üzrə dərs deyir. Geologiyaya uşaqlıqdan həvəsi olan həmsöhbətim, eyni zamanda, Amerika Neft-Qaz Geoloqlar Birliyinin (AAPG) tələbə bölməsinin prezidenti kimi də fəaliyyət göstərir: "Yer elmlərinə, xüsusilə geologiyaya marağım məktəb illərindən yaranmağa başladı. 8-ci sinifdə Amerikanın skaut oğlanları (Boy Scouts of America) adlanan dərnəyə qoşulmuşdum. Orada xarici tələbələrlə Azərbaycanın müxtəlif rayonlarından kampinqə gedirdik. Biz orada təbiətdə sağ qalmaq və digər bacarıqları öyrənirdik. Ətrafdakı dağlar, göllər və digər təbii strukturlar haqqında müxtəlif məlumatlar toplayırdıq. Elə həmin dövrdən başlayaraq onların necə formalaşması, tərkibi mənə maraqlı gəlməyə başladı. Həmçinin, Azərbaycanda neft sahəsinin əhəmiyyətini nəzərə alaraq neft-qaz geologiyası sahəsində təhsil almağa qərar verdim”.


"Əsas məqsədim qalib gəlmək idi”

2018-ci ilin payız semestrində Aydın öz göstəricilərinə görə, magistr təhsili almadan birbaşa olaraq ABŞ-da doktorantura təhsili almaq hüququ qazanıb: "Təhsil aldığım universitetdə əsas fənlərim neft sahəsinə aiddir. Mənə dərs deyən professor dedi ki, gələn semestr beynəlxalq yarışma olacaq. Neft-qaz şirkətlərində işəgötürənlərin bu yarışmada iştirak edənlərə böyük marağı var. ABŞ-da təcrübə imkanları əldə etmək üçün gərək sənayedəki mütəxəssislərlə, peşəkarlarla geniş əlaqələrin olsun. Bu yarışmada iştirak etmək və onların qarşısında öz layihənlə çıxış etmək sənə çox kömək ola bilər. Neft kəşfiyyatına və məlumatların analizinə böyük marağım olduğundan, yarışmaya qatılmağı çox istəyirdim. Əslində hər şey qısa vaxtda baş verdi. Birinci semestrdə oxuyanda fikirləşirdim ki, görəsən, gələn il bu müsabiqəyə müraciət etsəm, qalib gələ bilərəm? Mənim əsas məqsədim qalib gəlmək idi. Bu yarışda qalib olmaq, özünü mütəxəssislərə təqdim etmək deməkdir. Bu, həm də sənin əlaqələrinin genişlənməsinə çox kömək olur. ABŞ kimi ölkədə bu, çox vacib məqamdır. Bilirdim ki, qalib gəlsək, müxtəlif şirkətlərdə təcrübə imkanları əldə etmiş olacağam. Professorumun dediklərini bir qədər düşündükdən sonra qərara gəldim ki, layihədə iştirak edim”.


"Bütün səylərimizi ortaya qoyduq”

Aydın deyir ki, sözügedən yarışın müxtəlif çətin tərəfləri də var. Amma belə böyük və beynəlxalq layihələrdə iştirak etməyin müsbət tərəfləri daha çoxdur: "Çünki yarışdan sonra müxtəlif şirkətlər səni müsahibələrə çağırır. ABŞ-da təhsil alan tələbələrin əksəriyyəti belə layihələrdə iştirak etməyə can atırlar. Adətən şirkətlər belə yarışların qaliblərini dərhal təcrübəyə götürürlər. Komandamızın üzvləri seçilməzdən əvvəl universitet daxili müsabiqə keçirildi. 40-a yaxın tələbə bu müsabiqəyə müraciət etmişdi. Seçilmək üçün özümüz haqqında təqdimat hazırlamışdıq. Bu təqdimat, bir növ, özümüzün "niyə bu layihədə məhz biz seçilməliyik” sualına cavab idi. Daxili seçimlərdən sonra məni komandanın kapitanını seçdilər. Yarışdan əvvəl gün ərzində 8 saat fasiləsiz işləyirdik. Öz dərslərimdən əlavə, bakalavr tələbələrinə laboratoriya dərsləri keçdiyimə görə, müəyyən çətinliklərim oldu. Komandamız 5 nəfərdən ibarət idi. Qalib gəlmək üçün hər gün daha çox çalışmalı idik. Demək olar ki, komandakı hər kəsin geologiyaya və yer elmlərinə böyük marağı var idi. Hamımız yarışda udmaq üçün bütün səylərimizi ortaya qoyduq. Hər kəs öz işini vaxtında və ən yüksək səviyyədə yerinə yetirməyə çalışırdı. Nəticədə biz qalib gəldik”.


"Gecə-gündüz çalışmağımız nəticəsiz qalmadı”

Həmsöhbətim qeyd etdi ki, bu yarışda qalib seçilərkən müxtəlif məqamlara diqqət edilir: "Bu, beynəlxalq layihə olduğundan, 200 universitetdən tələbələr iştirak edirdi. Onların içərisində ABŞ-ın 5 regionundan olan müxtəlif top universitetlərin komandası var idi. İlk olaraq yarımfinal mərhələsi oldu. Bizim regionumuzdan 12 universitet iştirakçı idi. Yarımfinaldakı rəqiblərimiz çox güclü idi. Bu mərhələdə qələbə qazandıqdan sonra özümüzə inamımız xeyli artdı. Yarışdan əvvəl bizə yeraltı yataqlar haqqında bir sıra informasiyalar verildi. 8 həftə ərzində biz bu məlumatları analiz edərək yeni neft-qaz yatağı təklif etməli idik. Yarışda ən əsas meyar komanda şəklində düzgün işləmə bacarığı idi. Komanda nə qədər sürətli və effektivdirsə, qalib olmaq şansı bir o qədər çoxdur. Qısa müddət ərzində hazırladığın layihə yüksək səviyyədə olmalı idi. Həmçinin, texniki qabiliyyətlərə də önəm verilirdi. Bundan başqa, hazırladığın layihəni düzgün formada təqdimetmə bacarıqlarına da xüsusi diqqət edilirdi. Bu layihədə qalib gəlməyimizdə komandanın əməyi böyük idi. Çünki hər birimiz qalib olmaq istəyirdik. Həftələrlə gecə-gündüz çalışmağımız nəticəsiz qalmadı. Əslində komanda ilə işləmək, insana, çətinliklər yarandığı zaman qısa müddətdə effektiv həll yolları tapmaq və onları aradan qaldırmağı öyrədir. Mən komanda rəhbəri olduğuma görə, liderlik bacarığımı daha da artırmaq şansım oldu. Komandanın hər bir üzvü xüsusi sahə üzrə çalışdığına görə, birlikdə işin ayrı-ayrı hissələrini həll edib, qısa müddətdə nəticə əldə edə bildik. Amma bunun üçün komanda üzvləri bir-birini yaxşı başa düşməli, bir-birinə qarşı hörmətli olmalıdır. Birgə fəaliyyət həmçinin, insanlarda yeni ideyaların yaranmasına gətirib çıxarır”.


"İmtahan sistemi burada bir qədər fərqlidir”

Deyir ki, yaxşı oxuyan tələbə Amerikada da əla qiymət ala bilir. Bunun üçün tələbəyə hər bir şərait yaradılır: "Burada da eynilə professorların oxuduğu mühazirələri öyrənirik. Eyni zamanda, laboratoriya işləri ilə məşğul oluruq. Adətən laboratoriya dərslərində verilən tapşırığı yerinə yetiririk. Mühazirələr elə də çətin deyil. Ən çox vaxt alan ev tapşırıqlarıdır. Bəzən elə olur ki, bir tapşırıq 10-12 saat vaxtımızı ala bilir. Dərslərlə bərabər elmi-tədqiqat işi apardığımıza görə, bəzi çətinliklərimiz olur. Ona görə də, sən vaxtını düzgün idarə etməyi bacarmalısan. Amma gündəlik dərslərə hazırlaşırsansa, imtahanlardan əla qiymət almaq çətin deyil. İmtahan sistemi burada bir qədər fərqlidir. Çünki suallar daha çox oxuduğumuz mühazirələrdən deyil, dünyagörüşündən olur. Yəni oxuduğun dərslərdən ümumi nəticə çıxarıb suallara cavab hazırlamalısan. Nə qədər çətin olsa da, düşünürəm ki, klassik imtahanlardan daha maraqlıdır. Çalışqan tələbə hər yerdə olduğu kimi burada da uğur qazana bilər”.

Gün ərzində vaxtının böyük hissəsini dərslərinə ayırır. Buna görə də digər məşğuliyyətlərə çox vaxtı qalmır: "Dərslərdən başqa idmanla məşğul olmağı sevirəm. Boş vaxt tapan kimi müxtəlif çöl idmanı, gimnastika ilə məşğul oluram. Hazırda çalışıram ki, təhsilimdə və karyeramda daha çox nailiyyət əldə edim. Bunun üçün isə gecə-gündüz çalışmalı olduğumu bilirəm. Hələlik uzunmüddətli planlar qurmasam da, yaxın gələcəklə bağlı müəyyən hədəflərim var. Əsas hədəfim növbəti illərdə böyük neft şirkətlərinin birində ixtisasıma uyğun təcrübə imkanı əldə etməkdir. Bu layihədə iştirak etməyimin də əsas məqsədi bu idi”.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər