• cümə, 19 Aprel, 04:21
  • Baku Bakı 18°C

Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan üzrə seçimləri keçirilib

19.02.20 11:08 1073
Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan üzrə seçimləri keçirilib
Holiday Inn oteldə Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan seçimlərinin final raundu baş tutmuşdur. Seçimlər Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin media dəstəyi və ADA Universiteti Hüquq Proqramının akademik dəstəyi ilə ABŞ Təhsilli Azərbaycan Məzunları İB tərəfindən təşkil olunub. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və BP Azərbaycan şirkəti Müsabiqənin Azərbaycan seçimlərinin Platin Sponsorları olmuş və MGB hüquq şirkəti seçimlərə təşkilati dəstək göstərmişdir. Səfirlikdən "Kaspi”yə verilən məlumatda bildirilir ki, müsabiqə 100-ə qədər ölkədən 600-dən çox hüquq məktəbinin iştirak etdiyi dünyada ən böyük məhkəmə müsabiqəsidir. Qalib komandanın ABŞ-ın Vaşinqton şəhərində keçiriləcək beynəlxalq raundlara vəsiqə qazandığı milli raundlar ölkəmizdə 13 illik fasilədən sonra artıq ikinci dəfə təşkil olunur. Beynəlxalq Ədalət Məhkəməsində baxılan xəyali iş üzrə keçirilən müsabiqə yeni yaranan və aktual beynəlxalq hüquq problemlərini əks etdirən məsələləri əhatə edir. Müsabiqə hüquq tələbələrinin vəkillik, hüquqi təhlil, hüquqi yazı və hüquqi nitq kimi mühüm bilik və bacarıqlarının önə çəkilməsinə və inkişafına köklənərək onları peşəkar təcrübəyə hazırlayır. İlkin turlar ADA universitetində, Final Raundu isə Holiday Inn otelində baş tutmuşdur.


Bu ilki Azərbaycan milli raundlarında Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikası Gömrük Komitəsi Akademiyasının, eləcə də 15 illik fasilədən sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültələrinin komandaları iştirak edirdi. Seçimlərdə ABŞ, Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan və Türkiyədən olan hakimlər iştirak etmişdir.

Seçimlərin final raundunda Bakı Dövlət Universitetinin komandası qalib olmuş və müsabiqənin beynəlxalq raundlarına vəsiqə qazanmışdır.

banner

Oxşar Xəbərlər