Beynəlxalq maliyyə institutları ölkəmizdə aparılan islahatları dəstəkləyir
Azərbaycan "2018 İqtisadi Azadlıq” indeksində bir
pillə irəliləyərək 180 ölkə arasında 67-ci yerdə qərarlaşıb. İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, Heritage
Foundation tərəfindən hazırlanan hesabatda bildirilir ki, son on il ərzində
həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində Azərbaycan ümumi orta
hesab üzrə regional və dünya göstəricilərindən üstün olaraq, Asiya-Sakit Okean
regionunda 43 ölkə arasında 14-cü yerdə qərarlaşıb. Bundan əlavə, sözügedən
indeks üzrə Azərbaycan Fransa, İtaliya və Yunanıstan kimi inkişaf etmiş ölkələrlə
müqayisədə ön sıralarda yer tutub.
Azərbaycanın iqtisadi baxımdan əldə etdiyi bu
uğurun səbəbini və bunun ölkəmiz üçün əhəmiyyətini öyrənməyə çalışdıq.
İqtisadçı ekspert Vüqar Bayramovbildirir ki, nəticələr hazırlanan zaman dörd kateqoriya üzrə qiymətləndirmə
aparılıb: "Burada ticarət azadlığı, iqtisadi azadlıq, o cümlədən biznesə
müdaxilə və biznesin azadlığı kimi məsələlərə toxunulub. Həmçinin vergi yükü
tipli meyarlar da hesabat hazırlanan zaman əsas indikatorlardan biri kimi
götürülüb. İndeksdə irəliləməyimiz son dövrlər iqtisadiyyatın liberallaşması
yönündə keçirilən islahatların dərinləşməsi, həm də ixracın və idxalın
asanlaşması ilə birbaşa bağlıdır. İqtisadi sahədə əldə edilən hər bir uğur
ölkəmizin bu siyahıda yüksəlməsinə səbəb olub. 2018-ci il də daxil olmaqla
növbəti illərdə islahatların dərinləşməsi ölkəmizin sözügedən hesabatdan başqa,
digər beynəlxalq reytinqlərdə də öz layiqli yerini tutmağına şərait yaradacaq”.
İqtisadiyyat Nazirliyinin İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov deyir
ki, ölkəmizin iqtisadi azadlıq indeksinə görə 1 pillə
irəliləyərək 67-ci sıraya yüksəlməsi son vaxtlar "İnklüziv İnkişaf indeksi 2018”, "2018 Doing Business”
və "Qlobal Rəqabətlilik İndeksi” kimi göstəricilər üzrə də daha yüksək pillələr
tutmağımızın bir növ davamı kimi qiymətləndirilməlidir: "Sözügedən indeks üzrə
Azərbaycanın inkişaf etmiş ölkələr ilə müqayisədə ön sıralarda yer tutması
mühüm hadisədir. "Qanun aliliyi”, "Dövlət payı”, "Səmərəli tənzimləmə” və
"Bazarların açıqlığı” kimi amillərə görə qiymətləndirmə ciddi yanaşma tələb
edir. Ümumiyyətlə, mən həmişə bu cür hesabatlara münasibətdə, o cümlədən
beynəlxalq maliyyə və reytinq qurumlarının rəylərinə dair açıqlamalarımda qeyd
etmişəm ki, bunlar ölkədə aparılan islahatların nəticəsidir. Belə ki, əksər
beynəlxalq reytinq agentlikləri tərəfindən ard-arda ölkə iqtisadiyyatının real
vəziyyəti haqqında müsbət mövqe nümayiş etdirilir. Bütün hesabatlarda
Azərbaycanın adının yüksəlməsini müşahidə edirik. Bu da təsadüfi deyil. Bütün
bunlar göstərir ki, ölkədə investisiya şəraiti durmadan yaxşılaşdırılır.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün müvafiq stimulverici tədbirlər
həyata keçirilir. Bütün bunların nəticəsi də beynəlxalq hesabatlarda öz
qiymətini alır”.
Müsahibimiz qeyd edir ki, 2015-ci ildə ölkədə
2 dəfə devalvasiya baş verdi və Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarından 15
milyard itirdi, üstəlik bank sektorunda da ciddi problemlər ortaya çıxdı: "Belə
ki, ən böyük sistem əhəmiyyətli bank olan Beynəlxalq Bank az qala bağlanmaq
məcburiyyəti qarşısında qaldı. Bütün bunlar beynəlxalq reytinq və hesabat
qurumları tərəfindən mövqelərimizin aşağı salınması ilə nəticələnmişdi. Hazırda
isə bunlar bərpa olunmağa və yaxşılaşmağa başlayıb. Ölkə hökuməti qeyri-neft
sektorunun inkişafı üçün durmadan işləyir, biznes, investisiya, bazar və əmək
şəraitinin əlverişliliyinin təmini və genişlənməsi məqsədilə addımlar atır.
Ümumiyyətlə, bütün hesabat və reytinq qurumları üzrə mövqeyimiz
yaxşılaşmaqdadır. Bu isə investisiya axınlarının təmininə, kredit cəlbi və s.
kimi məsələlərin həllinə ciddi təsir göstərir və gələcəkdə də göstərəcəkdir”
"Ekonomiks” Beynəlxalq İqtisadi
Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov qeyd edir ki, dünya
iqtisadiyyatının zəiflədiyi və böhran yaşadığı son illərdə Azərbaycan
iqtisadiyyatı güclü və rəqabət qabiliyyətli olduğunu dəfələrlə sübut edə bilib:
"Bir neft ölkəsi kimi neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən yaşanan
maliyyə çətinlikləri də ciddi islahatlar yolunu tutan iqtisadiyyatımızı sarsıda
bilmədi. Əksinə, yaranmış durum bu islahatların daha da dərinləşdirilməsinə və
sürətləndirilməsinə yeni yol açdı. 2015-ci ilin sonlarından aparılan islahatlar
iqtisadiyyatın real sektora uğurlu transformasiyasını hədəfləyən yeni iqtisadi
islahat modelidir. Dünyanın ən nüfuzlu beynəlxalq maliyyə institutları
Azərbaycanda aparılan iqtisadi islahatlara yüksək qiymət verərək, atılan
addımları hərtərəfli dəstəkləməyə hazır olduqlarını bəyan etdilər”.
Mərkəz rəhbəri bildirir ki, bəzi nəhəng ölkələr
iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qaldılar:
"Yola saldığımız 2017-ci ildə Davos Ümumdünya İqtisadi Forumunun hesablamaları
əsasında ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə
Azərbaycan dünya miqyasında daha iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə
yüksəldi. Və bu göstəriciyə görə dünyanın hər 4 ölkəsindən 3-ü üstələməyi
bacardı. Hətta G-20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan,
Türkiyə, Cənubi Afrika Respublikası kimi nəhəng ölkələr də iqtisadiyyatın
rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qaldılar. Hazırda
Azərbaycan bu vacib göstəriciyə görə MDB məkanında liderdir”.
Günel Azadə