• cümə, 29 Mart, 14:35
  • Baku Bakı 14°C

Beynəlxalq film festivallarımız niyə maraq doğurmur?

01.10.19 09:00 1061
Beynəlxalq film festivallarımız niyə maraq doğurmur?
Dünən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatdı. 3 gün davam edən sərgi-yarmarka böyük maraq və ajiotaj doğurdu. 6-cı dəfə keçirilən sərgiyə ilk dəfədir ki, bu qədər maraq göstərilirdi. Bunu sosial şəbəkələrdə paylaşımlardan, mətbuatda yayılan materiallardan da aydın görmək mümkündür. Bəzi ekspertlər bu tendensiyanı kitaba olan sevgi və insanların elektron həyatdan ayrılıb, kitaba geri dönüşü kimi qiymətləndirirlər.

Oktyabr ayının ilk gününü yaşayırıq. Kitab bayramından sonra, yəni bu aydan etibarən biri-birinin ardınca beynəlxalq film festivallarına ev sahibliyi edəcəyik. Belə ki, III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, II ANİMAFİLM Festivalı, X Beynəlxalq START film festivalları baş tutacaq. Görəsən film festivallarımızın da kitab sərgisi kimi belə böyük ajiotaj və maraq doğurması üçün hansı addımlar atılmalıdır? Festivalların reklamını, yoxsa keyfiyyətini artırmalıyıq?

Bu kimi suallarla ekspertlərimizə müraciət etdik. Onlar bildirdilər ki, kitab sərgi-yarmarkasında yaşanan izdiham bir çox ziyarətçilərin "qonşudan qalma geri” prinsipi ilə hərəkət etməsi səbəbindən yaranıb. Film festivallarımıza gəlincə isə, hər şey maddiyyatdan və təqdimatdan asılıdır.
"Çölçü” filmi ilə dünyanı gəzən, 5 qitədə, 50-dən çox beynəlxalq festivalda iştirak edən kinorejissor və ssenarist Şamil Əliyev deyir ki, beynəlxalq film festivalı keçirmək, filmləri bir araya toplamaq, onları təqdim etmək o qədər də asan məsələ deyil: "Bu, böyük mənada ideoloji, siyasi, önəmli bir hadisədir. Azərbaycanda DokuBaku, START beynəlxalq film festivalları keçirilir. Bunlar böyük masştablı deyil, kiçik festivallardır. Böyük festivalların keçirilməsi üçün dövlətin müəyyən dəstəyi olmalıdır. Yoxsa bu festivallar lokal məkanda ölkəmizdən kənara səs sala bilməyəcək. Ajiotaj yaratması üçün özümüzün kinematoqrafiyamızın, kino sənayemizin inkişaf etdirilməsi vacib məsələdir. 3 gün bundan əvvəl Özbəkistanda keçirilən Azərbaycan kino günlərində iştirak edirdim. Aydın oldu ki, Özbəkistanda hər il dövlət dəstəyi ilə 30 tammetrajlı bədii, 40 sənədli, 20 animasiya filmi çəkilir. Müstəqil studiyalar isə sərbəst şəkildə öz filmlərini çəkir və onu rahat şəkildə bazara çıxarırlar”.
Ş.Əliyev dünyanın diqqətini Azərbaycandakı film festivalına yönəltmək üçün dövlətin dəstəyinin mütləq hesab edir. Rejissor deyir ki, ajiotaj yaratmaq üçün ilk növbədə festival beynəlxalq kino ekspertləri tərəfindən qəbul olunmalıdır: "Kiçik festivallar, əlbəttə ki, ajiotaj yaratmır. Dünya kino cameəsi bizim keçirdiyimiz bu kiçik festivallardan xəbərsizdir. Hesab edirəm ki, ölkədə keçirilən festivalların Avropa səviyyəsində tanıdılması üçün ilk növbədə Azərbaycan "Euroimage”-ə üzvü olmalıdır. "Euroimage” Avropa İttifaqının komissiyası tərəfindən yaradılmış böyük bir təşkilatdır. Orada müştərək beynəlxalq layihələr həyata keçirilir. Bəzən də orada bir neçə dövlətin festivalı bir ölkədə keçirilir və bunun özü belə böyük maraq doğurur. Bu təşkilatın çox maraqlı şərtləri var. Keçirdiyimiz festivalların diqqət çəkməsi üçün həm dövlət, həm də vətəndaş olaraq bir yerdə işləməliyik. Bu dövlət mənimdirsə, sözsüz ki, mən dövlətimin inkişafında maraqlı olmalıyam. Aydın məsələdir ki, hər şeyi dövlətin üzərinə atmaq da olmaz. Biz də oturub nələrinsə olmasını gözləməməliyik. "Azərbaycan mənim üçün nə etdi?” – deyə düşünməməliyik. Mən özümə sual verirəm ki, mən Azərbaycan üçün nə etmişəm. Əgər biz bu sualları özümüzə verə bilsək, çox irəli gedə bilərik. Beynimizdə inqilab yaratmağı bacarmalıyıq. Artıq dünya başqa cür inkişaf edir. Öz qazanımızda qaynamaqla heç nəyə nail ola bilməyəcəyik. Biz onsuz da tolerant millətik və dünyaya çıxmalıyıq. Hesab edin ki, bizim tolerantlığımız Avropanın 10-dan yuxarı universitetində təbliğ olunur. "Asan xidmət” brend kimi artıq bir neçə ölkədə tətbiq olunur. Bu, Azərbaycanın brendidir. Bunu bacaran xalq hər şeyi bacarar”.
2-ci "Animafilm” Beynəlxalq Animasiya Festivalının eksperti animasiya rejissoru, ssenari müəllifi, əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov animasiya festivallarının keçirilməsini müsbət qiymətləndirir. O, bildirir ki, Bakıda oktyabrın 18-dən 21-dək keçiriləcək 2-ci "Animafilm” Beynəlxalq Animasiya Festivalına 50 ölkədən 268 müraciət daxil olub. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq, müxtəlif vokşoplar və tədbirlər keçiriləcək, müsabiqə proqramlarına yekun vurularaq qaliblər mükafatlandırılacaq. Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək builki festivalda uşaqlardan ibarət münsiflər heyəti də böyüklərlə birgə fəaliyyət göstərəcək.
Animator qeyd etdi ki, festivalın tanınması və maraq doğurması üçün həmrəylik, birlik əsas rol oynayır. O ki qaldı festivalın kitab sərgisi kimi maraq doğurmağına, bunun üçün maliyyə də mütləqdir: "Mədəniyyət Nazirliyi bizə haradasa cizgi filmlərinin çəkilişləri üçün xüsusi bina təşkil etsə,dövlətimiz bu sahəyə maliyyə vəsaiti ayırsa, əlbəttə ki, bu sahədə xeyli irəliləyiş olardı”.

Oktyabrın 2-dən 6-dək Bakıda III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) keçiriləcək. Festivalın rəhbəri, beynəlxalq sənədli film festivalının həmtəsisçisi İmam Həsənov deyir ki, festivalın maraq doğurması daha çox həvəsləndirmədən və reklamdan asılıdır: "Mədəniyyət, əslində görünməyən qara tunelin sonunda işığı görmək deməkdir. Bu mədəniyyətin insanlara təqdim olunması üçün isə əlimizdən gələni etməliyik. Filmlərə gəlincə isə, festivalın keçirilməsi üçün nəzərdə tutulan, dövlət tərəfindən dəstəklənən və daha çox maliyyə sərf olunan layihələr, əlbət ki, böyük maraq doğurur. Festivalın keçirildiyi məkanlar da böyük rol oynayır. Misal üçün, festivallar Bakı Konqres Mərkəzi və digər möhtəşəm mərkəzlərdə keçirilsə, bunun özü də böyük diqqətə səbəb olur. Eyni zamanda, diqqət cəlb etmək istəyiriksə, festival haqqında KİV-lərdə geniş şəkildə materiallar yayılmalıdır. Bizim festivalın o qədər də böyük maliyyəsi yoxdur. Çox az insan bizim festival haqqında məlumatlıdır. Bu da onunla əlaqədardır ki, bizim kifayət qədər maliyyəmiz yoxdur ki, daha çox onun PR-na və reklamına xərcləyək”.

İ.Həsənov sualımızdakı müqayisəyə cavab olaraq, kitab sərgisinə gedənlərin çoxunun heç də kitab alıcısı olmadığını bildirdi: "Festivalın keçirildiyi məkanın da böyük rolu var. Şəhərdə izdihamın, sıxlığın çox olduğu məkanlarda, Fəvvarələr meydanında kiçik bilet satış məntəqələri qoyulsa, daha çox tanınar. Bəzi isanlar bir-birindən geri qalmamaq üçün, sosial şəbəkədə paylaşım etmək, çoxluqdan geri qalmadıqlarını göstərmək üçün kitab yarmarkasına gedir və özlərini elə göstərməyə çalışırlar ki, guya bədii ədəbiyyata meyllidirlər. İnanın ki, insanların çoxu şəkil çəkdirməyə gedir. Ən azından, marketinqin ən gözəl tərəfidir ki, insanların gözəl şəkil çəkdirməli üçün belə bir şərait yaradılır. Bu çox yaxşı haldır”.
Ekspert Azərbaycanda kifayət qədər film həvəskarlarının olduğunu və yaxşı reklamı gedərsə, festivalların da böyük maraq doğura biləcəyini dedi: "İnsanların o qədər də vaxtı yoxdur ki, oturub saatlarla filmə baxsın, bunun üçün evdə film izləməyi daha üstün tuturlar. Kommersiya xarakterli filmlər var ki, kinoteatrlarda nümayiş olunur və onların da kifayət qədər tamaşaçıları var. Tamaşaçının hansı janrı sevib-sevməməsindən çox şey asılıdır. Misal üçün, komediya janrında olan filmlər daha çox satılır. O filmlər də seçilmiş auditoriya üçün satılır. Mən deməzdim ki, bizim cəmiyyətdə kinosevərlər azdır. Əksinə, son vaxtlar daha çox beynəlxalq arenalara açılırıq, aktuallaşırıq”.

Sabah keçiriləcək festivala gəlincə isə, İ.Həsənov bildirir ki, festivalın açılışına hazırdırlar və maraqlı həftə olacağına ümid edirlər: "Festivalımızın kiçik komandası var. Sabah açılış olacaq. Festivalın proqramına daxil olmuş filmlər möhtəşəm filmlərdir. Bütün mövzular burada əks olunub. Bu gün bu mövzular çox aktualdır. Bu mövzuların hər biri ayrı-ayrılıqda özünü tapır. Festivala moderator və rejissor qonaqlarımız gələcək, iştirakçılarla canlı ünsiyyət saxlayacaqlar. Bizim gənclik dövrümüzdə özümüzü realizə etmək üçün belə festivallar yox idi. Daha çox insanlar gəlib bəhrələnməlidirlər. Biz festivalımıza kifayət qədər tamaşaçının gələcəyinə ümid edirik. Çünki tamaşaçısız kino heç kimə lazım deyil. Kino çəkilir ki, tamaşaçı onu izləsin”.
X START Beynəlxalq Film Festivalının təşkilatçısı Fehruz Şamıyev mətbuata açıqlamasında festivalın beynəlxalq səviyyədə olduğunu qeyd edib: "Ötən il iştirak üçün 600-ə yaxın müraciət olub. Onlardan 80-i beynəlxalq müsabiqəyə, 20-si yerli müsabiqəyə vəsiqə qazanıb. Həmin filmlər Rusiya, İran, Fransa, Almaniya, Qazaxıstan, Ukrayna, Yunanıstan, İspaniya və s. ölkələri təmsil edirdi. Beynəlxalq filmlər və yerli filmlər üçün ayrı-ayrı kino xadimlərindən ibarət münsiflər heyəti formalaşdırdıq. Bu illər ərzində bir çox tanınmış imzalar var ki, ilk addımlarını məhz bizim festivaldan başlayıblar. Elvin Adıgözəl Kannda senari proqramına qəbul olunub. Buna qədər isə onun bir filmi "A" kateqoriyalı festivalda iştirak edirdi. Ona görə də indi qətiyyətlə deyə bilərik ki, əziyyətimizin bəhrəsini görürük".

Rejissor qeyd edib ki, Azərbaycan üçün festival keçirmək çətindir: "Qonşu Gürcüstanda müxtəlif tipli 12 film festivalı var. Bizdə neçə illərdir fərqli festivallar yoxdur. Yalnız bizim tədbirimizdir ki, o da ölkədə ən uzun ömürlüdür. Amma əvvəllər "Şərq-Qərb", "Audiovizual" adında festivallar olsa da, 5-6 il fəaliyyətdən sonra dayanıb. O ki qaldı cəlb etməyə, mən özüm müxtəlif forumlarda iştirak edirəm. Eyni zamanda bizim komandamız 6 ay öncədən müxtəlif kino şirkətləri ilə danışıqlar aparır. Məlumat üçün deyim ki, sonuncu festivalda 25 nəfərlik komandamız var idi. Ötən il və bu il müraciət edənlərin statistikasına görə deyə bilərəm ki, festivalımıza maraq həddən artıq çoxdur. Təbii ki, bu da bizim komandanın əməyidir”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər