Beynəlxalq əlaqələr genişləndirilir - Fotolar
İtaliyanın
Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Auqusto Massari Azərbaycan
İlahiyyat İnstitutunda (Aİİ) olub.
Aİİ
rektoru Ceyhun Məmmədov səfiri salamlayaraq, ölkələrimiz arasında ikitərəfli
münasibətlərin, hörmətin və qarşılıqlı etimadın yüksək səviyyəsindən məmnunluğunu,
qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu ifadə
edib. İnstitut haqqında səfirə geniş məlumat
verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı mübadilələrin
həyata keçirilməsinə böyük önəm verdiyini bildirib. C.Məmmədov dünyanın inkişaf
etmiş dövlətləri arasında olan İtaliya Respublikasının elm və təhsil mərkəzləri
ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının əlahiddə maraq kəsb etdiyini
bildirib. İtaliya universitetləri ilə əməkdaşlıqdan söz açan C.Məmmədov xüsusi
olaraq vurğulayıb ki, "Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi
qabaqcıl təhsil müəssisələrindən biri də
məhz İtaliyanın "La Sapienza” Universitetidir ki, Aİİ bu tədris ocağı ilə qarşılıqlı
əlaqələr qurmaqda maraqlıdır.
Aİİ rəhbərliyinə səmimi təşəkkürlərini ifadə edən səfir
Auqusto Massari yeni yaradılmış İlahiyyat İnstitutuna müvəffəqiyyətlər
arzulayıb, belə bir İnstitutun yaradılmasını dünyada sülhün, təhlükəsizliyin bərqərar
olmasına böyük töhfə adlandırıb. Səslənən təklifləri müsbət qarşıladığını söyləyən
səfir, əlaqələrin qurulması üçün mühüm addımlar atılmasının vacibliyini,
qarşılıqlı münasibətlərin daha yüksək səviyyədə inkişaf etməsinə səy göstərməyə
hazır olduğunu bildirib.
Daha sonra səfir Auqusto Massari Aİİ-nin tələbələri
ilə görüşüb. Aİİ rektoru görüş zamanı Azərbaycan–İtaliya ölkələri
arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən, bu sahədə Ulu Öndər Heydər Əliyevin
irsinin Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım
Mehriban Əliyevanın uğurla davam etdirməsindən
söz açıb. C.Məmmədov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə
İtaliyada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpa edilməsi, şübhəsiz,
böyük hadisədir və tarix durduqca yaşayacayacaqdır.
İtaliyada
təhsil imkanlarını tələbələrin diqqətinə çatdıran Aİİ rektoru bu ölkədə din sahəsində ixtisaslaşmış müxtəlif
universitetlərin olduğunu qeyd edib.
Səfir
Auqusto Massari iki ölkə arasında münasibətlərin
yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycana ilk gəldiyi zaman
dini liderlərlə görüşüb, Azərbaycanda mövcud olan multikultural mühitdən məmnunluğunu
ifadə edib. Din müxtəlif etiqadlı insanların dinc birgəyaşayışını təmin edən
faktorlardan biridir.
Səfir bütün dinlərin mənbəyinin eyniliyini nümunə gətirərək, insanların bir-biri ilə əməkdaşlığa açıq
olmalarının zəruriliyini ifadə edib.
Tədbirin
sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.