• cümə axşamı, 28 mart, 13:49
  • Baku Bakı 16°C

Beynəlxalq birliyin 25 illik sükutu

13.12.16 15:52 1581
Beynəlxalq birliyin 25 illik sükutu
XX əsrin sonlarında dünyada baş verən dəhşətli hadisələr tarixə öz damğasını vurdu. Dünyanın müxtəlif ərazilərində qaynar nöqtələr yaranmış, müharibələr, beynəlxalq cinayətlər, soyqırımlar geniş vüsət almışdı. Həmin dövrün mənzərəsini göz önündə canlandırmaq üçün Dağlıq Qarabağda, Ruandada, Yuqoslaviyada baş verənləri xatırlamaq kifayətdir. Təəssüf ki, digər münaqişə ocaqlarında baş verənlərin fonunda ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə törətdiyi qətl və soyqırımlar, işğalçılıq siyasət beynəlxalq birliyin diqqətindən kənarda qalmışdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bütün beynəlxalq sənədlərə nəzər salanda xüsusilə bir sual narahatlıq doğurur. Niyə beynəlxalq cinayətləri törədənlərin ittiham edilməsində maraqlı olan dünya birliyi Dağlıq Qarabağda baş verənlərin qarşısında susur, digər münaqişələrə isə dərhal reaksiya verir?! Bu gün beynəlxalq birlik Dağlıq Qarabağ məsələsinə diqqətsizlik nümayiş etdirir, onu dondurulmuş münaqişələr sırasına aid edir, Ukrayna, Suriya böhranından demək olar ki, hər gün yazan xarici mediada Qarabağ mövzusu kifayət qədər işıqlandırılmır, Qərb dövlətləri isə münaqişənin nizamlanmasına maraq göstərmir. BMT Təhlükəsizlik Şurası (TŞ) Qarabağ münaqişəsinin nizamlanmasına dair 4 qətnamə qəbul etsə belə, bu vaxta qədər qəti mövqe nümayiş etdirməyib. BMT TŞ-nın qətnamələri ilə yanaşı, AŞ PA, Avropa Parlamentinin qəbul etdiyi sənədlər də masa üzərində qalıb.
Amerikalı ekspert: "Xocalı faciəsi müasir tarixin holokostudur”
Qoyulan suallara cavab tapmaq üçün ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti, siyasi analitik Piter Teysə müraciət etdik. P.Teys bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın əsas media orqanları tərəfindən də lazımi səviyyədə işıqlandırılmır. Ekspert düşünür ki, ABŞ Dövlət Departamentinin xarici siyasət sektorları münaqişəyə yetərincə diqqət yetirməyib: "Obamanın prezidentliyi dövründə Ağ Evin fəaliyyəti xarakterizə edilərkən, deyilir ki, ABŞ-ın xarici siyasəti effektiv şəkildə həyata keçirilməyib. Hesab edirəm ki, Azərbaycan diplomatiya, beynəlxalq hüquq, müxtəlif institutlar və onların liderləri, QHT-lər və regional ticarət bloklarından istifadə edərək, haqq səsini dünyaya çatdıra bilər”. O həmçinin əlavə edib ki, bu gün Pakistan, İndoneziya, Əfqanıstan, Türkiyə, Meksika və digər dövlətlər Azərbaycanla ikitərəfli münasibətlərini əhəmiyyətli dərəcədə inkişaf etdirib, nəticədə coğrafi uzaqlıqdan asılı olmayan güclü iqtisadi, mədəni və siyasi əməkdaşlıq yaranıb: "Xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bir sıra dövlətlərlə möhkəm münasibətlər qurmaq mümkün olub”.
P.Teys 1992-ci ilin fevralında ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının Azərbaycan xalqına əzab verdiyini də bildirib. O, hesab edir ki, Xocalı soyqırımı haqda daha çox məlumat dərc edilməlidir: "Azərbaycanı öyrənən bir tədqiqatçı kimi deyə bilərəm ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş genosid aktıdır, bu müasir tarixin holokostudur”.
Ekspert qeyd edib ki, ABŞ ictimaiyyətinin və bütövlükdə oxucu kütləsinin, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatı məhdud səviyyədədir. P.Teys hesab edir ki, bu məsələdə məsuliyyət jurnalistlərin üzərinə düşür: "Biz jurnalistlər həqiqətləri ictimaiyyətlə bölüşməli və ABŞ-la Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına dəstək verməliyik. Qeyd etmək istərdim ki, Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliyi Ermənistanın apardığı media manipulyasiyası və dezinformasiya kampaniyasına qarşı müstəsna işlər görüb”.
O, vurğulayıb ki, dünya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həll edilməsi və Azərbaycanın ərazi bütövlüyünü dəstəklənməsi üçün inamlı mövqe nümayiş etdirməlidir.
"Bu dövlətlər sülhün bərqərar olduğu Qafqazda rahat siyasət tətbiq edə bilməyəcəklər”
Azərbaycanı ədalətsiz müharibəyə qarşı mübarizədə tək qoymayan dövlətlər içərisində birinci yerdə Türkiyə dayanır. İşğalçı Ermənistanla diplomatik münasibətlərdən imtina edən, sərhədlərini düşmən dövlətin üzünə bağlayan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinin tapılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün danışıqlar prosesində vasitəçilik etmək təklifini də irəli sürür. Türkiyənin "Strategic Outlook” Analitik Mərkəzinin vitse-rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu bizimlə söhbəti zamanı bildirdi ki, Türkiyə və Azərbaycanın birlikdə daha çox işləməsinə ehtiyac var. Ekspert ölkəsinin beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə etməsindən danışdı. Onun fikrincə, Türkiyənin Azərbaycanın haqlarını müdafiə etməkdə məqsədi effektiv regional siyasət yürütmək və Qafqazda təhlükəsizliyi təmin etməkdir. Lakin ekspert Qarabağ münaqişəsinə dünyanın çox diqqət yetirmədiyini düşünür: "ABŞ və Fransa kimi Minsk qrupuna həmsədr dövlətlər də daxil olmaqla, Qarabağ münaqişəsinə ciddi yanaşan ölkə yoxdur. Çünki onlar üçün qarşıdurma vacibdir. Bu dövlətlər sülhün bərqərar olduğu Qafqazda rahat siyasət tətbiq edə bilməyəcəklər”. Müsahibimiz əlavə edib ki, Türkiyə və Azərbaycanın bu xüsusda təbliğat işlərini artırması lazımdır.
Ədalətsizlik, beynəlxalq hüquq və prinsiplərin tapdalanması göz qabağındadır
Azərbaycan öz haqq səsini dünyaya çatdırmaq üçün müxtəlif istiqamətlərdə geniş iş aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildən başlayan "Xocalıya ədalət!” kampaniyası artıq öz nəticəsini verib. Kampaniya son illər bir çox dövlətlər tərəfindən dəstəklənib. Həmçinin bir sıra ölkələrin qanunverici orqanları, beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində faciə ilə əlaqədar tədbirlər keçirilib, müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər keçirilib.
Azərbaycan öz həqiqətlərini bütün beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırsa da, anti-Azərbaycan qüvvələri öz fəaliyyətindən geri qalmır. Azərbaycan əleyhinə təxribat xarakterli məlumatlar yayılır. Bu məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov düşünür ki, anti-Azərbaycan qüvvələrin əsas məqsədi ölkəmizin əleyhinə iş aparmaq, müxtəlif şüarlar altında ölkəmizə qarşı mənfi münasibət göstərməkdir: "Beynəlxalq təşkilatların işğal edilmiş Azərbaycan əraziləri ilə bağlı bu qədər qətnaməsi olduğu halda, Qarabağ münaqişəsinin bu vaxtadək həll edilməməsi bunu sübut edir. Ədalətsizlik, beynəlxalq hüquq və prinsiplərin tapdalanması göz qabağındadır”. Politoloq hesab edir ki, işğal edilmiş ərazilərin azad edilməsi üçün bizim kifayət qədər hüquqi əsasımız var: "Birincisi, aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İkinci məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatların müxtəlif qətnamələri var. Üçüncüsü isə Dağlıq Qarabağda yaradılmış qondarma dövləti Ermənistan və onunla yaxın münasibəti olan ölkələr tanımır. Onlar da başa düşürlər ki, bu ərazilər Azərbaycana məxsusdur”.
F.Sadıqov əlavə edib ki, Azərbaycan aprel ayında dünyaya nümayiş etdirdi ki, bizim iradəmiz və hərbi potensialımız var. Öz torpaqlarımızı işğaldan azad etməyə gücümüz çatır. Hesab edirəm ki, diplomatik sahədəki işlərimizi, o cümlədən hərbi potensialımızı daha da gücləndirməliyik”.
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu
Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında media müstəsna rol oynamalıdır. Medianı informasiya müharibəsinin iştirakçısı da adlandıra bilərik. Ermənistan mediasının dezinformasiya yaydığı bir zamanda Azərbaycan mediasının beynəlxalq informasiya mərkəzləri ilə daha sıx əlaqəsi olmalıdır ki, Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırsın və erməni təxribatlarının qarşısını bilsin. "Trend” İnformasiya Agentliyinin baş direktor müavini, politoloq Arzu Nağıyev Azərbaycan mediasının bu istiqamətdəki fəaliyyətinin vacib olduğu hesab edir. A.Nağıyev qeyd etdi ki, aprel döyüşləri zamanı Azərbaycan mediası istənilən anda ümumi fikir yürüdüb, eyni nöqtəyə vurmağı bacardığını göstərdi. Politoloq hesab edir ki, bu gün medianın qarşısında bir neçə hədəf var: "Mətbuat Dağlıq Qarabağ münaqişəsinin tarixi, gedişatı, ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə bir neçə dildə material hazırlayıb dünya mediasına çıxarmalıdır. Bu materiallar Azərbaycan və dünyanın digər yerlərində öz oxucu kütləsini formalaşdırmalıdır”.
Politoloqun fikrincə, diaspor jurnalistikası da inkişaf etdirilməlidir. Bütün diaspor təşkilatları Azərbaycanda fəaliyyət göstərən media qurumları ilə əlaqə yaratmalıdır. Həmin təşkilatlar mövcud olduqları yerlərdə media qurumlarının materiallarını oxuculara çatdırmalıdır.
A.Nağıyev əlavə edib ki, diaspor təşkilatları artıq lobbiçilik siyasətinə keçməlidir: "Hətta aprel hadisələri bir daha göstərdi ki, Ermənistan mediası Rusiya və digər dövlətlərdə lobbiçilikdən çox məharətlə istifadə edir, öz fikirlərini dünyaya yaymağı bacarırlar. Hesab edirəm ki, əsas məsələlərdən biri də mediada bir neçə dil bilən kadr potensialının yaradılmasıdır. Tək Azərbaycan dilini bilməklə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq mümkün deyil. Media öz işini qurmalı, münaqişənin həqiqətlərini dünyaya yaymalıdır”.
Xeyrin Şər üzərində qələbəsi
Uğurlu son o zaman gəlir ki, Xeyir Şər üzərində qələbə çalır. 25 ildən çoxdur ki, Qarabağda Şər hökmranlıq edir. Dünya birliyi isə çox sadə bir seçim qarşısında qalır: Ya beynəlxalq hüquqa, ədalətə söykənən qəti mövqe tutmalıdır, ya da işğalçıya göz yumaraq, Qarabağda daha çox insan itkisinə şahid olmalıdır. Nədənsə, Ermənistana gəldikdə dünya birliyi susur. Qəti addım atmaqdan, sanksiya tətbiq etməkdən boyun qaçırır. Bizə isə erməni yalanlarına qarşı mübarizə aparmaqla yanaşı, sonda Xeyrin Şər üzərində qalib gələcəyinə ümid etmək qalır. Belə də olmalıdır. Xeyrin məğlubiyyəti insanlığın sonu olardı!
Leyla Məhərrəmova
"Azadinform” İnformasiya Agentliyinin müxbiri
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
banner

Oxşar Xəbərlər