Beynəlxalq birliyin 25 illik sükutu
XX əsrin sonlarında dünyada baş verən dəhşətli hadisələr tarixə öz
damğasını vurdu. Dünyanın müxtəlif ərazilərində qaynar nöqtələr yaranmış,
müharibələr, beynəlxalq cinayətlər, soyqırımlar geniş vüsət almışdı. Həmin
dövrün mənzərəsini göz önündə canlandırmaq üçün Dağlıq Qarabağda, Ruandada,
Yuqoslaviyada baş verənləri xatırlamaq kifayətdir. Təəssüf ki, digər münaqişə
ocaqlarında baş verənlərin fonunda ermənilərin Dağlıq Qarabağ və ətraf
ərazilərdə törətdiyi qətl və soyqırımlar, işğalçılıq siyasət beynəlxalq
birliyin diqqətindən kənarda qalmışdır. Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına dair bütün beynəlxalq sənədlərə nəzər salanda xüsusilə bir sual
narahatlıq doğurur. Niyə beynəlxalq cinayətləri törədənlərin ittiham
edilməsində maraqlı olan dünya birliyi Dağlıq Qarabağda baş verənlərin
qarşısında susur, digər münaqişələrə isə dərhal reaksiya verir?! Bu gün
beynəlxalq birlik Dağlıq Qarabağ məsələsinə diqqətsizlik nümayiş etdirir, onu
dondurulmuş münaqişələr sırasına aid edir, Ukrayna, Suriya böhranından demək
olar ki, hər gün yazan xarici mediada Qarabağ mövzusu kifayət qədər
işıqlandırılmır, Qərb dövlətləri isə münaqişənin nizamlanmasına maraq
göstərmir. BMT Təhlükəsizlik Şurası (TŞ)
Qarabağ münaqişəsinin nizamlanmasına dair 4 qətnamə qəbul etsə belə, bu vaxta
qədər qəti mövqe nümayiş etdirməyib. BMT
TŞ-nın qətnamələri ilə yanaşı, AŞ PA, Avropa Parlamentinin qəbul etdiyi
sənədlər də masa üzərində qalıb.
Amerikalı ekspert: "Xocalı faciəsi müasir tarixin holokostudur”
Qoyulan suallara cavab tapmaq üçün ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti,
siyasi analitik Piter Teysə müraciət etdik. P.Teys bildirdi ki, Dağlıq
Qarabağ münaqişəsi ABŞ-ın əsas media orqanları tərəfindən də lazımi səviyyədə
işıqlandırılmır. Ekspert düşünür ki, ABŞ Dövlət Departamentinin xarici siyasət
sektorları münaqişəyə yetərincə diqqət yetirməyib: "Obamanın prezidentliyi
dövründə Ağ Evin fəaliyyəti xarakterizə edilərkən, deyilir ki, ABŞ-ın xarici
siyasəti effektiv şəkildə həyata keçirilməyib. Hesab edirəm ki, Azərbaycan
diplomatiya, beynəlxalq hüquq, müxtəlif
institutlar və onların liderləri, QHT-lər və regional ticarət
bloklarından istifadə edərək, haqq səsini dünyaya çatdıra bilər”. O həmçinin
əlavə edib ki, bu gün Pakistan, İndoneziya, Əfqanıstan, Türkiyə, Meksika
və digər dövlətlər Azərbaycanla
ikitərəfli münasibətlərini əhəmiyyətli dərəcədə inkişaf etdirib, nəticədə
coğrafi uzaqlıqdan asılı olmayan güclü iqtisadi, mədəni və siyasi əməkdaşlıq
yaranıb: "Xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində
bir sıra dövlətlərlə möhkəm münasibətlər qurmaq mümkün olub”.
P.Teys 1992-ci ilin fevralında ermənilər tərəfindən törədilmiş Xocalı
soyqırımının Azərbaycan xalqına əzab verdiyini də bildirib. O, hesab edir ki,
Xocalı soyqırımı haqda daha çox məlumat
dərc edilməlidir: "Azərbaycanı öyrənən bir tədqiqatçı kimi deyə bilərəm ki,
Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş genosid aktıdır, bu müasir
tarixin holokostudur”.
Ekspert qeyd edib ki, ABŞ ictimaiyyətinin və bütövlükdə oxucu
kütləsinin, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatı məhdud səviyyədədir.
P.Teys hesab edir ki, bu məsələdə məsuliyyət jurnalistlərin üzərinə düşür: "Biz
jurnalistlər həqiqətləri ictimaiyyətlə bölüşməli və ABŞ-la Azərbaycan arasında
ikitərəfli münasibətlərin inkişafına dəstək verməliyik. Qeyd etmək istərdim ki,
Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliyi Ermənistanın apardığı media
manipulyasiyası və dezinformasiya kampaniyasına qarşı müstəsna işlər görüb”.
O, vurğulayıb ki, dünya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq
əsasında həll edilməsi və Azərbaycanın
ərazi bütövlüyünü dəstəklənməsi üçün inamlı mövqe nümayiş etdirməlidir.
"Bu dövlətlər sülhün
bərqərar olduğu Qafqazda rahat siyasət tətbiq edə bilməyəcəklər”
Azərbaycanı ədalətsiz müharibəyə qarşı mübarizədə tək qoymayan
dövlətlər içərisində birinci yerdə Türkiyə dayanır. İşğalçı Ermənistanla
diplomatik münasibətlərdən imtina edən, sərhədlərini düşmən dövlətin üzünə
bağlayan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinin
tapılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün danışıqlar
prosesində vasitəçilik etmək təklifini də irəli sürür. Türkiyənin "Strategic Outlook” Analitik Mərkəzinin vitse-rəhbəri,
Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu bizimlə söhbəti zamanı bildirdi ki, Türkiyə və Azərbaycanın
birlikdə daha çox işləməsinə ehtiyac var. Ekspert ölkəsinin beynəlxalq
təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə etməsindən danışdı. Onun
fikrincə, Türkiyənin Azərbaycanın haqlarını müdafiə etməkdə məqsədi effektiv
regional siyasət yürütmək və Qafqazda təhlükəsizliyi təmin etməkdir. Lakin
ekspert Qarabağ münaqişəsinə dünyanın çox diqqət yetirmədiyini düşünür: "ABŞ və
Fransa kimi Minsk qrupuna həmsədr dövlətlər də
daxil olmaqla, Qarabağ münaqişəsinə ciddi yanaşan ölkə yoxdur. Çünki
onlar üçün qarşıdurma vacibdir. Bu dövlətlər sülhün bərqərar olduğu Qafqazda
rahat siyasət tətbiq edə bilməyəcəklər”. Müsahibimiz əlavə edib ki, Türkiyə və
Azərbaycanın bu xüsusda təbliğat
işlərini artırması lazımdır.
Ədalətsizlik,
beynəlxalq hüquq və prinsiplərin tapdalanması göz qabağındadır
Azərbaycan öz haqq səsini dünyaya çatdırmaq üçün müxtəlif
istiqamətlərdə geniş iş aparır. Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildən başlayan
"Xocalıya ədalət!” kampaniyası artıq öz nəticəsini verib. Kampaniya son illər
bir çox dövlətlər tərəfindən dəstəklənib. Həmçinin bir sıra ölkələrin
qanunverici orqanları, beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb.
Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində faciə
ilə əlaqədar tədbirlər keçirilib, müxtəlif ölkələrin parlamentləri və dövlət
qurumları qarşısında etiraz aksiyaları, piketlər keçirilib.
Azərbaycan öz həqiqətlərini bütün beynəlxalq tribunalardan dünya
ictimaiyyətinə çatdırsa da, anti-Azərbaycan qüvvələri öz fəaliyyətindən geri
qalmır. Azərbaycan əleyhinə təxribat xarakterli
məlumatlar yayılır. Bu məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən Qərb Universitetinin professoru, politoloq
Fikrət Sadıqov düşünür ki, anti-Azərbaycan qüvvələrin əsas məqsədi
ölkəmizin əleyhinə iş aparmaq, müxtəlif şüarlar altında ölkəmizə qarşı mənfi
münasibət göstərməkdir: "Beynəlxalq təşkilatların işğal edilmiş Azərbaycan
əraziləri ilə bağlı bu qədər qətnaməsi olduğu halda, Qarabağ münaqişəsinin bu
vaxtadək həll edilməməsi bunu sübut edir. Ədalətsizlik, beynəlxalq hüquq və
prinsiplərin tapdalanması göz qabağındadır”. Politoloq hesab edir ki, işğal
edilmiş ərazilərin azad edilməsi üçün bizim kifayət qədər hüquqi əsasımız var:
"Birincisi, aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İkinci
məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatların müxtəlif qətnamələri var.
Üçüncüsü isə Dağlıq Qarabağda yaradılmış qondarma dövləti Ermənistan və onunla
yaxın münasibəti olan ölkələr tanımır. Onlar da başa düşürlər ki, bu ərazilər
Azərbaycana məxsusdur”.
F.Sadıqov əlavə edib ki, Azərbaycan aprel ayında dünyaya nümayiş
etdirdi ki, bizim iradəmiz və hərbi
potensialımız var. Öz torpaqlarımızı işğaldan azad etməyə gücümüz çatır. Hesab
edirəm ki, diplomatik sahədəki işlərimizi, o cümlədən hərbi potensialımızı daha
da gücləndirməliyik”.
Qarabağ həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında medianın rolu
Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında media müstəsna rol oynamalıdır. Medianı informasiya
müharibəsinin iştirakçısı da adlandıra bilərik. Ermənistan mediasının
dezinformasiya yaydığı bir zamanda Azərbaycan mediasının beynəlxalq informasiya
mərkəzləri ilə daha sıx əlaqəsi olmalıdır ki, Dağlıq Qarabağ həqiqətlərini
dünyaya çatdırsın və erməni təxribatlarının qarşısını bilsin. "Trend” İnformasiya Agentliyinin baş
direktor müavini, politoloq Arzu Nağıyev Azərbaycan mediasının bu
istiqamətdəki fəaliyyətinin vacib olduğu hesab edir. A.Nağıyev qeyd etdi ki,
aprel döyüşləri zamanı Azərbaycan mediası istənilən anda ümumi fikir yürüdüb,
eyni nöqtəyə vurmağı bacardığını göstərdi. Politoloq hesab edir ki, bu gün
medianın qarşısında bir neçə hədəf var: "Mətbuat Dağlıq Qarabağ münaqişəsinin tarixi,
gedişatı, ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə bir neçə dildə material
hazırlayıb dünya mediasına çıxarmalıdır. Bu materiallar Azərbaycan və dünyanın
digər yerlərində öz oxucu kütləsini formalaşdırmalıdır”.
Politoloqun fikrincə, diaspor jurnalistikası da inkişaf
etdirilməlidir. Bütün diaspor təşkilatları Azərbaycanda fəaliyyət göstərən
media qurumları ilə əlaqə yaratmalıdır. Həmin təşkilatlar mövcud olduqları
yerlərdə media qurumlarının materiallarını oxuculara çatdırmalıdır.
A.Nağıyev əlavə edib ki, diaspor təşkilatları artıq lobbiçilik
siyasətinə keçməlidir: "Hətta aprel hadisələri bir daha göstərdi ki, Ermənistan
mediası Rusiya və digər dövlətlərdə lobbiçilikdən çox məharətlə istifadə edir,
öz fikirlərini dünyaya yaymağı bacarırlar. Hesab edirəm ki, əsas məsələlərdən
biri də mediada bir neçə dil bilən kadr potensialının yaradılmasıdır. Tək
Azərbaycan dilini bilməklə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq mümkün
deyil. Media öz işini qurmalı, münaqişənin həqiqətlərini dünyaya yaymalıdır”.
Xeyrin
Şər üzərində qələbəsi
Uğurlu son o zaman gəlir ki, Xeyir Şər üzərində qələbə çalır. 25
ildən çoxdur ki, Qarabağda Şər hökmranlıq edir. Dünya birliyi isə çox sadə bir
seçim qarşısında qalır: Ya beynəlxalq hüquqa, ədalətə söykənən qəti mövqe
tutmalıdır, ya da işğalçıya göz yumaraq, Qarabağda daha çox insan itkisinə
şahid olmalıdır. Nədənsə, Ermənistana gəldikdə dünya birliyi susur. Qəti addım
atmaqdan, sanksiya tətbiq etməkdən boyun qaçırır. Bizə isə erməni yalanlarına
qarşı mübarizə aparmaqla yanaşı, sonda Xeyrin Şər üzərində qalib gələcəyinə
ümid etmək qalır. Belə də olmalıdır. Xeyrin məğlubiyyəti insanlığın sonu
olardı!
Leyla
Məhərrəmova
"Azadinform”
İnformasiya Agentliyinin müxbiri
Yazı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir