AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Beynəlxalq Atom Enerjisi Agentliyi: İran nüvə razılaşmasına dair tələbləri yerinə yetirir

Beynəlxalq Atom Enerjisi Agentliyi: İran nüvə razılaşmasına dair tələbləri yerinə yetirir

Təfsilat
01 Sentyabr 2017, 10:10 479
İran 2015-ci ilin iyulunda əldə edilmiş nüvə razılaşmasına dair bütün tələbləri yerinə yetirir.

AZƏRTAC xəbər verir ki, bu məlumat Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) yaydığı hesabatda əksini tapıb.

Hesabatda qeyd edilir ki, İranın nüvə proqramı iki il bundan öncə imzalanan beynəlxalq sazişin tələbləri ilə uzlaşmış şəkildə fəaliyyət göstərir. Xüsusilə də Tehranın icazə verilən həddən yuxarı uran zənginləşdirməməsi sənəddə müsbət hal kimi vurğulanıb. Sazişdə ölkənin dinc məqsədlər üçün 300 kiloqramadək zəif zənginləşdirilmiş urana malik olmasına icazə verilir.

Hesabatda, həmçinin nüvə proqramına nəzarət üçün İran tərəfindən BAEA-nın müfəttişlərinə lazımi şəraitin yaradılması da qeyd edilib.

2015-ci ilin iyulunda İran və "altılıq” dövlətləri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında əldə edilmiş razılaşmaya görə, BAEA İranın nüvə proqramına 25 illik müddəti əhatə edən çoxpilləli proqram üzrə məhdudiyyətlər, nəzarət və yoxlamalar həyata keçirir. Son dövrlərdə ABŞ ilə İran arasındakı diplomatik gərginlik əldə edilmiş razılaşma üçün təhlükəyə çevrilib. ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Haleyin ötən həftə Vyanada BAEA-nın direktoru Yukiya Amano ilə görüşündə nəzarət mexanizmində mümkün boşluqların olmasını iddia etməsi, dövlət rəhbərliyinin də İranın öhdəliklərinə əməl etməsinə etimadsız yanaşması sazişin gələcəyi ilə bağlı müəmmaları artırır.