AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Benzini unutmaq, elektriki təqib etmək

Benzini unutmaq, elektriki təqib etmək

Cəmiyyət
05 Dekabr 2020, 13:12 523
 
Dünya elektriklə işləyən avtomobillərə keçidin astanasındadır
 
Elektrikli avtomobillər… Hamımızın onlar haqqında müəyyən bir fikri var. Çünki filmlərdə, xəbərlərdə, hətta uşaq vaxtı nağıllarda həyatımıza daxil oldular. İndi isə küçələrdə onlara rast gələ bilirik. Bəs bir neçə ilə öncəyə qədər bizim üçün mümkünsüz görünən bu nəqliyyat vasitələrinin hansı üstünlükləri var? Benzinlə işləyən avtomobillərdən fərqləri nədir? Məlumat üçün bildirək ki, Böyük Britaniyada 2030-cu ildən benzin və dizel yanacağı ilə işləyən avtomobillərə qadağa qoyulacaq. Baş nazir Boris Conson benzin və dizellə işləyən avtomobillər və mikroavtobusların 2030-cu ildən etibarən satılmayacağını deyib. Planın həyata keçirilməsi üçün büdcədən 4 milyard funt sterlinq vəsait ayrılıb.

2015-ci ildə qəbul edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əsasən, elektriklə çalışan bütün növ avtomobillərin istifadəsinin genişləndirilməsi ən mühüm məsələlərdən biri kimi göstərilib. Sazişin bu sahədə qarşıya qoyduğu başlıca məqsəd dünya üzrə elektriklə çalışan minik avtomobillərin sayının 2030-cu ilədək 100 milyona çatdırılmasıdır. BMT-nin bu məsələyə belə həssaslıqla yanaşmasının əsas səbəbi ekoloji faktorlarla bağlıdır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı ildə 3.7 milyon ölümə səbəb olan motorlu nəqliyyat vasitələrini dünyanın ən böyük ətraf mühit sağlamlığı riski olaraq təyin edib. Benzin və dizel mühərriki ilə təmin edilən avtomobillər atmosfer havasına daha çox zərərli maddələr atdığından, bu cür avtomobillərin elektriklə işləyən və hibrid avtomobillərlə əvəzlənməsi zəruri məsələyə çevrilib.

Yenilikçi və inqilabi texnologiya

Elektrikli avtomobillər yeni nəsil texnologiyanın ən güclü tərəflərindən biridir. İnnovasiya və texnologiyanın böyük əhəmiyyət daşıdığı müasir dünyada texnologiyanın nəbzini tutmaq çox vacibdir. Bu çərçivədə avtomobil sənayesində bir inqilab baş verir. Dünyada elektrikli nəqliyyat vasitələrinin qiymətlərinin rəqabət səviyyəsinə qaldırılması, batareya xərclərini azaldılması, şarj stansiyalarının sayını artırılması və avtomobillərin uzun məsafələrə gedə biləcəyi bir səviyyəyə çatması elektrikli nəqliyyat vasitələrinin sayını tədricən artırır.

"Avtostop” verilişinin aparıcısı, nəqliyyat üzrə ekspert Tural Yusifovdeyir ki, benzini unutmaq lazımdır: "Ölkəni metal tullantılar və zəhərli avtomobillərlə doldurmaq lazım deyil. Ətraf mühitə az ziyan verəcək texnologiyalar tətbiq edilməli və gətirilməsi stimullaşdırılmalıdır. Çünki bizim başqa yerdən gətiriləcək havamız, suyumuz və ağacımız yoxdur”.

Ekspertin sözlərinə görə, neft dünya iqtisadiyyatında əsas qiymətini almazdan öncə, kütləvi istehsalda olan avtomobillər elektrik mühərriki ilə hərəkət edirdilər: "XX əsrin əvvəllərində elektrikli avtomobillər tendensiyasına neft son qoydu. Benzin və dizel yanacağı əlçatan idi və kütləvi avtomobilləşmə zamanı elektrik mühərrikləri unudulmağa başladı. Bu avtomobillər yalnız konsept (bir nüsxədə istehsal edilmiş nümunə avtomobili) kimi sərgilərdə nümayiş olunurdu. 2000-ci illərdən başlayaraq artıq yenidən alternativ enerji ilə çalışan avtomobillərə maraq yaranmağa başladı. Son beş ilin tendensiyası isə məhz elektrik mühərrikli avtomobillərdir”.

"Hər dəfə qaz verəndə vicdanım ağrıyır”

T.Yusifov mətbuata açıqlamasında bildirib ki, ekoloji avtomobillərin təbliğatçısı olaraq bir bayraqdar olmaq istəyir: "Özüm də elektrik mühərrikli avtomobilə keçid etməyi planlaşdırıram. Bunu dəb üçün deyil, mənim idarə etdiyim avtomobildən arxada dayanan avtomobilin sürücüsünü və onun ailəsini, kənarda dayanan piyadaları zəhərləməmək üçün edirəm. Hər dəfə qaz verəndə vicdanım ağrıyır”. Elektrikli avtomobillərin qət etdiyi məsafə bir çox insanı narahat edirdi. Batareya texnologiyasındakı inkişaflar bu narahatlığı geridə qoyur. Hazırda həftədə bir dəfə batareyanın doldurulması kifayətdir. Tam batareya ilə 500 kilometrə qədər səyahət etmək mümkündür. Yanacaq qənaətində yeni bir dövr başlatmaq xüsusiyyətlərinə sahib olan elektrikli vasitələr, yanacaqdoldurma stansiyalarını həyatınızdan tamamilə kənarlaşdırır. Daha sürətli, daha geniş və səssiz keyfiyyətləri ilə də seçilir. Daxili nəqliyyat mühərriki olmadığı üçün bu avtomobillərin texniki xidmət xərcləri adi nəqliyyat vasitələrindən xeyli aşağıdır.

"Elektrikli avtomobillər atmosferi çirkləndirmir”

Nəqliyyat eksperti Ərşad Hüseynov"Kaspi”yə açıqlamasında bildirir ki, elektrikli avtomobillərin təhlükəsizlik baxımından üstünlükləri çoxdur: "Elektrikli avtomobillər ən yeni nəsil avtomobillərdir. Ona görə də, təhlükəsizlik baxımından üstünlükləri çoxdur. İlk növbədə ekoloji təhlükəsizlik dayanır. Çünki bu avtomobillərin daxili yanma mühərrikləri yoxdur. Daxili yanma mühərriki planetdəki ən böyük fosil yanacağı istehlakçısı və CO2 yayıcısıdır. Bir əsrdən çoxdur ki, atmosferi çirkləndirir. Düzdür, bəzi mütəxəssislər hesab edir ki, əslində elektrikli avtomobillərin istifadə etdiyi elektrik enerjisi də ətraf mühitə müəyyən təsirlər nəticəsində əldə olunur. Amma o təsir onsuz da var. Çünki biz elektrik enerjisini məişətimizdə, istehsalatda, sənayedə tükədirik. Bundan qaça bilmərik. Bununla yanaşı, alternativ enerji mənbələri də var. Bu baxımdan, birmənalı olaraq, ətraf mühitə elektrik mühərrikli avtomobillərin ziyanı daha azdır”.

Ekspert vurğulayır ki, bu avtomobillərin mühərrikləri səssizdir: "İkinci əsas nüans ondan ibarətdir ki, bu avtomobillərin mühərriklərinin səsi də yoxdur. Əslində bu, mühüm üstünlükdür. Şəhər küçələrində, prospektlərdə səs-küy azalacaq. Bundan əlavə, insanların həyat və sağlamlığı üçün daha etibarlıdır, son nəsil avtomobillərdir. Sərnişinlərin, sürücünün, hətta yolda hərəkət edən piyadaların da təhlükəsizliyi yüksək şəkildə təmin olunur. Çünki burada müasir naviqasiya, aktiv təhlükəsizlik sistemləri var”.

"Artıq o əlçatmaz qiymət yoxdur”

Həmsöhbətimizin sözlərinə görə, bu avtomobillərlə bağlı əsas problem qiymətlərinin baha olması idi: "Son 5 ilə qədər qiymətlər çox yüksək idi. Getdikcə texnologiyalar təkmilləşir, qiymətlər dəyişir, dünyanın demək olar ki, avtomobil istehsalçıları artıq elektrik mühərrikli avtomobilləri istehsal edir və rəqabət də artdığı üçün qiymətlərdə azalma olur. Artıq o əlçatmaz qiymət yoxdur. Orta statistik avtomobil həvəskarları əldə edə bilərlər. Dünya ölkələrində olduğu kimi Azərbaycanda da elektrikli, hibrid avtomobillərin sayı 100-ü keçib. Bu sevindirici tendensiyadır”.

Qeyd edək ki, hazırda doqquz ölkədə 2025-2040-cı illər  arasında daxili yanma mühərrikləri olan avtomobillərin satışına tamamilə qadağa qoyulub. Norveç bunun 2025, Fransa isə 2040-cı ilə qədər reallaşacağını açıqlayıb.

Aygün ƏZİZ