Bəlli qüvvələrin məqsədli qarayaxma kampaniyası
Qərb ölkələrinə məxsus bəzi media qurumlarında son
günlər Azərbaycana qarşı qərəzli, heç bir reallığı əks etdirməyən, yalnız
ermənipərəst dairələrin və erməni lobbisinin maraqlarına söykənən "faktlar”
əsasında qarayaxma kampaniyasına start verilib. Bununla xarici anti-Azərbaycan
və ermənipərəst qüvvələr növbəti dəfə beynəlxalq ictimai rəyi çaşdırmağa, beynəlxalq
aləmdə ölkəmizin nüfuzunu ləkələməyə çalışırlar. Bəzi beynəlxalq təşkilatlar
guya Azərbaycanın böyük pullar hesabına xarici siyasətçiləri, ekspertləri,
rəsmi şəxsləri satın alması, onları gizli fondlardan maliyyələşdirməsi barədə
növbəti dezinformasiyalar dövriyyəyə buraxır, bir sıra beynəlxalq media
qurumları da məqsədli şəkildə bu yalanları tirajlayırlar. Xüsusilə diqqət çəkən
məqam budur ki, bu informasiya dünya səviyyəli fırıldaqçı, Azərbaycanda özəl
maraqları olan və məqsədlərinə çata bilməyən Corc Soros, erməni fondları və
sair bu kimi dairələr tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf və bəlli
məqsədlər üçün yaradılmış "The Organized Crime and Corruption Reporting
Project” (OCCRP) təşkilatının adından verilir və dərhal bəlli xarici KİV
şəbəkəsi tərəfindən ictimailəşdirilir. Araşdırmalar bir daha sübut edir ki,
Azərbaycana qarşı belə iddiaların ortaya çıxmasında və yayılmasında erməni
lobbisi və onun təsiri altında olan media və jurnalistlər xüsusi fəallıq
göstərirlər. Məsələn, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən
biri milliyyətcə ermənidir. Həmçinin "Guardian”da dərc olunmuş məlum məqalənin
müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir. Bu
dairələr təkcə Azərbaycanı deyil, həm də ölkəmizə xoş münasibət bəsləyən, onun
inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı müsbət
fikirlər bildirən tanınmış şəxsləri, o cümlədən ictimai-siyasi xadimləri, rəsmi
şəxsləri, ekspertləri də hədəfə götürüblər.
OCCRP təşkilatı ilə bağlı aparılmış araşdırma
nəticəsində məlum olub ki, 2007-ci ildə müəmmalı şəkildə yaranmış bu qurumun
yerləşmə məkanı Sarayevo və Buxarest olub. ABŞ-ın Merilend ştatında yerləşən
xeyriyyəçi "Jurnalistikanın İnkişafı Şəbəkəsi”nin qeydiyyatdan keçmiş
rəsmi adıdır. 2012-ci ildə aparılan araşdırmalar isə göstərib ki,
"Jurnalistikanın İnkişafı Şəbəkəsi” adında qurum ümumiyyətlə mövcud deyil.
Merilenddə sadəcə OCCRP-nin redaktoru kimi adıkeçən Endryu Sallivan yaşayır.
Həmin Sallivanın da ümumiyyətlə nə bu layihədən, nə də hansısa təşkilat rəhbəri
olmasından xəbəri yoxdur. Həmin vaxt təşkilatın maliyyəçiləri arasında C.Soros,
ABŞ Milli Demokratiya Fondu və USAİD-lə bərabər, həm də Amerikanın KİV-lərə
Beynəlxalq Dəstək Mərkəzinin (CİMA) nəzdindəki "Araşdırmaçı Jurnalistlərin
Beynəlxalq Konsorsimu (İCİJ) və SCOOP təşkilatı da olub. O zaman araşdırmalar
belə qənaətə gəlməyə əsas yaradırdı ki, bu qurum Azərbaycanda proseslərə
nəzarət etməyi hədəfə alan Qərbin bəzi dairələri tərəfindən dezinformasiya
vasitəsi kimi istifadə oluna bilər. Çox keçməyib ki, bu ehtimal öz təsdiqini
tapıb. OCCRP-nin "araşdırmalarına” nəzər yetirdikdə məlum olub ki,
materialların 80 faizindən çoxu Azərbaycana aiddir. Əsas hədəf də Azərbaycan
Prezidenti və onun ailə üzvləridir.
Düzdür, sözügedən qurum Gürcüstan və bir sıra digər
ölkələrlə bağlı da müəyyən "araşdırmalar” həyata keçirib. Ancaq həmin
materiallarla tanış olduqda bunun iz itirmək üçün edildiyi gün kimi aydın olur.
Çünki, ABŞ-ın Ayrıca Silikon vadisindəki Gələcək İnstitutu və dünyanın ən güclü
beyin mərkəzlərindən biri hesab olunan Stenford İnstitutunun xüsusi texnoloji
proqram paketləri hazırlayan qurumları ilə işbirliyi, eyni zamanda Azərbaycanın
rəhbər vəzifəli şəxsləri, iş adamları haqqında müəmmalı dosyelərin hazırlanması
və qərəzli məlumatların planlı şəkildə ictimai rəyə sızdırılması OCCRP-nin
fəaliyyətinin başlıca istiqamətini təşkil edir. Maraqlı məqam həm də burasıdır
ki, korrupsiya faktlarını araşdıran bir şəbəkə olduğunu iddia edən OCCRP erməni
lobbisinin satın aldığı siyasətçilər, ekspertlər barədə heç vaxt heç nə
yazmayıb. Qeyd edilən təşkilat indiyə qədər erməni lobbisinin Dağlıq Qarabağın
işğalını qanuniləşdirmək üçün ABŞ, Fransa, Rusiyada siyasətçilərini necə ələ
alması, onlara hansı məbləğlərdə pullar ötürməsi haqqında da heç nə verməyib.
Xatırladaq ki, Azərbaycan əleyhinə beynəlxalq
mediada yer alan qarayaxma mahiyyəti daşıyan bütün yazılar eyni ölkəni tək
tərəfli şəkildə hədəf alır. Yazılardan ikisinin həmmüəllifi erməni, birinin
müəllifi Azərbaycan dövlətinə qarşı açıq savaş elan etmiş Xədicə İsmayıldır.
Xədicə İsmayıl OCCRP-nin Azərbaycanla bağlı bütün yazılarının müəllifidir.
Ancaq həqiqətən də müəllifidirmi? Bəzi iddialara görə, o yazıların altına
sadəcə Xədicə İsmayılın adı qoyulur. Bütün bunlar onu göstərir ki, OCCRP feyk
qurum, Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin ölkəmizə qarşı
informasiya müharibəsində bir vasitədir.
Azərbaycan Mətbuat
Şurasının sədri, millət vəkili Əflatun Amaşov da "Kaspi”yə açıqlamasında "The Washington Post” kimi
nüfuzlu nəşrin Azərbaycanla bağlı tutduğu mövqenin təəssüf doğurduğunu dilə
gətirib. O, hər şeydən öncə jurnalistikadan söhbət getdiyini xatırladaraq deyib
ki, jurnalist peşəkar olmalı, peşəkarlıq isə qərəzsizliyə söykənməlidir.
Deputatın sözlərinə görə, jurnalistikada həssaslıq da mühüm şərtdir: "Bu mənada
"The Washington Post”un təqdimatı tam yarıtmaz xarakter daşıyır. Mövcud
dəst-xətt heç şübhəsiz siyasi amillərlə bağlıdır. Zaman-zaman belə halların az
şahidi olmamışıq. Bu gün də eyni kampaniya aparılmaqdadır. Məqsəd bəllidir -
Azərbaycanın beynəlxalq imicini ləkələmək, onun dövlət başçısının nüfuzuna
zərbə vurmaq. Hesab edirəm ki, ölkə ictimaiyyətində bu cür uğursuz cəhdlərə münasibətdə
tutarlı immunitet formalaşıb. İnsanlarımız reallıqları görürlər və düzgün
qiymət verməyi bacarırlar”.
Ə.Amaşov bildirib ki, "The Washington Post”un
jurnalistlərin dövlət tərəfindən mənzillə təmin edilmələrinə toxunması, bu
məsələ ilə "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi
arasında paralellər aparması tam etikadan uzaqdır: "Bir qədər öncə jurnalistin
həssas olmasının vacibliyini təsadüfən vurğulamadım. Düşünürəm ki, "The
Washington Post” məhz bu məqama həssas
yanaşmalıydı. Ona görə ki, burada ittiham edilən tərəf həm də Azərbaycan
jurnalistləridir. Dövlət ümumilikdə 411 jurnalisti mənzillə təmin edib. "The
Washington Post”un nəzərində 411 jurnalist mənzili rüşvət kimi qəbul edib.
Yanaşma tam absurd və ziddiyyətlidir. Dövlətin jurnalistikaya təmənnalı
münasibət bəsləməsinə hətta nəzəri cəhətdən belə ehtiyac yoxdur və olmayıb da.
Müstəqillik dövründən bu yana həyata keçirilən islahatlarda, görülən işlərdə
media amili əsas götürülüb. Yəni Azərbaycan dövləti öz işini məhz medianın
dəstəyindən yararlanmaqla həyata keçirib. İkinci bir tərəfdən isə dövlətin ev
verdiyi jurnalistlər Azərbaycan mediasının palitrasını təşkil edir. Bölgüdə
müxalifətyönümlü və iqtidaryönümlü mediaya heç bir fərq qoyulmayıb. İndi də
həmin jurnalistlər tam sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Onlar heç
bir halda düşünməyib və düşünə də bilməzlər ki, dövlət ev verirsə, nələrisə
yazmamalı və deməməlidirlər. Əksinə, jurnalistlər indi daha çox tənqid yazır və
hesab edirlər ki, tənqid və nöqsanların diqqətə çatdırılması cəmiyyətin
inkişafı, dövlətin tərəqqisi üçün son dərəcə vacibdir. Bu mənada "The
Washington Post” Azərbaycan reallıqlarına tam əhəmiyyətsiz yanaşır”.
"Yeni Azərbaycan”
qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu da son günlər qlobal mediada Azərbaycanda
korrupsiya faktı ilə bağlı yayılan dezinformasiyanın arxasında məhz düşmən
qüvvələrinin ölkəmizdə daxili sabitliyi pozmaq cəhdinin dayandığını vurğulayıb.
O, qəzetimizə açıqlamasında təəssüflə bildirib ki, hazırda imperialist
mərkəzlərin ruporu rolunda çıxış edən bəzi xarici media qurumları bu kimi
dezinformasiyaları tirajlayan vasitəyə çevriliblər. Millət vəkilinin fikrincə,
bu, informasiya ilə yaxud yumşaq güc vasitəsilə milli dövlətin şantaj
olunmasıdır: "Azərbaycanla bağlı qərəzli məlumatların əsas müəlliflərindən
birinin milliyyətcə erməni olması bir daha göstərir ki, sözügedən informasiya
təxribatında düşmənlərimizin bir başa iştirakı var. Eyni zamanda məşhur
milyarder və siyasi hoqqabaz Corc Sorosun da bu işdə dəsti xəttinin olması onun
postsovet məkanında "yarımçıq qalmış çevriliş planları”nın davamına cəhdi kimi
qiymətləndirilməlidir. Bəlli olduğu kimi, hazırda Corc Sorosun terrorçu elan
edilməsi üçün ABŞ-da petisiya elan olunub və məsələnin müvafiq qurumlarda müzakirə
olunmasına hüquqi əsas yaradacaq qədər imza artıq toplanıb. Bu şəxs ABŞ
ərazisində iqtisadi və maliyyə terroru törətməkdə və haqsız rəqabət mühiti
yaratmaqla dövlətin maraqlarına ziyan vurmaqda ittiham edilir. Belə adamın
ermənilərlə iş birliyi içərisində olması olduqca təbiidir .Çünki onları
terrorizm xisləti birləşdirir”.
Millət vəkili "The Washington Post” nəşrində
Azərbaycanda jurnalistlərə ev verilməsi hadisəsi ilə bağlı irəli sürülmüş
əsassız iddialara da münasibət bildirib. O, Azərbaycanda jurnalistlərə ev
verilməsinin heç də birinci belə hadisə olmadığını xatırladıb. Qeyd edib ki, bundan
öncə də ölkəmizin milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərə
ev verilib. Deputatın sözlərinə görə, bu, həm sosial baxımdan, həm də
cəmiyyətimizin aparıcı intellektual institutlarından biri olan medianın
fəaliyyətinin stimullaşdırılması baxımından olduqca mühüm hadisədir: "Deməli, təəccüblü
olan evlərin verilməsi yox, "The Washington Post” nəşrinin məsələyə olan
münasibətidir .Əgər ev vermək pis hadisə idisə onda nəyə görə birinci dəfə
evlər paylananda həmin nəşr bu məsələyə münasibət bildirməyi vacib hesab
etmədi. İndi birdən-birə bu məsələ ilə manipulyasiya edir. Deməli, yazı
sifarişlidir və kimlərinsə maraqlarına xidmət edir. Ona görə də biz son günlərdə
transmilli mediada Azərbaycan haqqında gedən informasiyaları təşkil edilmiş təxribat
adlandıra bilərik. Bunun nəyə görə təşkil edildiyi də məlumdur. Azərbaycanın öz
ərazi bütövlüyünü bərpa etmək əzmi ermənipərəst mərkəzləri ciddi şəkildə
narahat edir. İslamafob mərkəzlər müsəlmanların yaşadığı inkişaf etmiş və güclü
ölkənin mövcud olmasını istəmirlər. Hər fürsətdə informasiya imperializminin
cəbbəxanası olan "yumşaq güc”, yəni informasiya manipulyasiyası vasitəsilə
ölkəmizə qarşı qara piar aparırlar. Ancaq Azərbaycan cəmiyyəti savadlı
cəmiyyətdir və nələrin nə üçün baş verdiyini yaxşıca təhlil etməyi bacarır”.
Millət vəkillərinin söylədikləri fikirlərə
qatılaraq onu da əlavə etmək istərdik ki, Azərbaycan əleyhinə təbliğat aparan dairələrin
bütün səyləri əbəsdir. Azərbaycan o ölkələrdən deyil ki, feyk informasiyalarla
onu çaşdırmaq, boyun əyməyə məcbur etmək mümkün olsun. Prezident İlham Əliyevin
həyata keçirdiyi prinsipial, düşünülmüş, qətiyyətli siyasətin əsasını
Azərbaycan xalqının milli maraqları təşkil edir. Heç bir avantüra, qarayaxma
kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil.
Alpər TURAN