• cümə, 29 Mart, 16:32
  • Baku Bakı 14°C

Belə vaxt itkisi nəyə lazımdır?

08.11.19 17:01 3896
Belə vaxt itkisi nəyə lazımdır?
Və ya"Oğru və Doğru”nun görünən tərəfi
İki qaçqın, torpağından ayrı düşmüş teatr təsəvvür edin. Biri tam təmirli, digəri isə maddi-texniki baza cəhətdən şəraitsiz vəziyyətdə olan. Elə birinin təmiri bu yaxınlarda başa çatdı. Yeni teatr mövsümünü də məhz onun səhnəsində açdıq. Nə gözəl, mübarəkdir. Ancaq sözümün canı bu deyil.
Sözümün canı odur ki, ötən günlərdə Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının şair-dramaturq İmir Məmmədlinin "Oğru və Doğru” pyesi əsasında hazırlanan yeni tamaşanın premyerası keçirildi.
Axır ki, "Şuşa Teatrının səhnəsində tamaşa nümayiş olundu” sözünü də yazmaq qismətimizə yazıldı. Bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissor assistenti Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov olan tamaşanı izləyənlərdən biri də mən idim.

Tamaşada hadisələr vağzalda başlayır. Nədənsə bu aralar tamaşaların əksəriyyəti ya vağzalda, ya da hava limanında başlayır. Mətləbdən çox uzaqlaşmayım. Afaq sevdiyi Rasim adlı oğlana sevgi etirafını edə bilmədiyi üçün qohumları ilə birlikdə kiçik oyun hazırlayır. Sonda Afaq Rasimi öz sevgisinə inandırır. Qəribədir, deyilmi?! Bu gün nədənsə oğlanların qızlara deyil, qızların oğlanlara daha çox eşq elan etdiyi bir dönəmi yaşayırıq. Elə bir dönəm ki, artıq qızlar belə sevgilərini etiraf etməyə çəkinmirlər. Rahat şəkildə sevdikləri oğlanlar üçün mübarizə aparır, lap yeri gələrsə, hər varianta əl atırlar. Yetər ki, məqsədlərinə nail olsunlar. Nəticədə, onlar öz istəklərinə çatırlar. Necə deyərlər, bacarana can qurban.

Uzun müddətdir ki, doğma torpaqlarından uzaq düşmüş bir teatrın niyə sevgi oyunu tamaşası hazırlaması sualı da beynimdə var-gəl edirdi. Digər tərəfdən də düşünürdüm ki, torpaqlarından kənar düşsələr də, hər gün ağlayası da deyillər ki. Teatrın binasının əlverişli şəraiti olmasa da, qalmaqalları bitib tükənməsə də, yaradıcı heyət yeni mövsümdə tamaşa hazırlayıb onu təqdim edə bilirsə, bunun özü bir nailiyyətdir. İstənilən halda, çəkilən əziyyət yerdə qalmamalıdır. Ancaq bir məsələ də var ki, görünən dağın bələdçiyə ehtiyacı olmur. Belə ki, tamaşanı izlədikcə əsərə səhnə həlli verən rejissor Nicat Mirzəzadənin yaranan şəraitdən yetərincə istifadə edə bilmədiyinin şahidinə çevrilirdik. Rejissor tamaşada baş verən hadisələrin məğzini düzgün aça bilməmişdi. Yalan üzərində qurulan sevgidən tamaşa hazırlayanda nə olar ki, buna bir az maraq qatsaydı, bəlkə də, repertuarın ən çox sevilən tamaşalarından olardı.
Son dönəmlər mətbuatda gedən "Teatrlarımız yalnız klassik əsərlərə müraciət edir” başlıqlı yazıların fonunda İrəvan Teatrının müasir dramaturgiyaya yön alması bizi bir qədər sevindirdi. Mövzu da ki, lap günümüzlə səsləşir. Aldat, inandır və evlən – bu qədər sadə. Nə isə, mövzudan çox da uzaq düşməyim. Onu deyirdim axı, zənnimcə, komediya janrında hazırlanan tamaşada rejissor işi ilə yanaşı, aktyor oyununun güclü olması çox vacibdir. Rejissura heç də, teatrımızın hər zaman əzəli və əbədi problemi olub və belə görünür ki, olmaqda davam edəcək. Açığı, tamaşanı sona qədər izləsək də, rejissorun fikri, tamaşaçıya ötürdüyü mesaj tam mənası ilə açılmır, onun nə deməyə çalışmasını anlamaqda çətinlik çəkirik. Səhnədə baş verən hadisələrdə bir məna, alt qat, səmimi hisslər axtarmağa çalışsaq da, buna başqa bir don geydirə bilmədik.

Bilirəm ki, komediya oynamaq, insanları güldürmək çətindir. Ya gərək özünü arsızlığa qoyasan ki, insanlar sənə gülsünlər, ya da gərək bir sənət göstərəsən və zalda əyləşən tamaşaçıları düşündürəsən ki, sən nəyə gülürsən. Ancaq bu tamaşada nə ondan var idi, nə də bundan. Böyüklərimdən eşitdiyim qədər, aktyor səhnədə obraz canlandırarkən komediyanı hiss edib, oynamalı, yerində və düşərli improvizə etməlidir. Bunu etmək üçün də rejissor gərək tamaşanı və aktyoru "bişirə”. Bəlkə bu, rejissorun günahı deyil, bəzən özünə aktyor deyən şəxs bunu anlamır. Hadisələr nə qədər gərgin cərəyan edirmiş kimi görünsə də, səhnənin mərkəzi davamlı olaraq boş qalırdı. Tamaşaçının gözünü zillədiyi o mərkəz sönük və cansız təsiri bağışlayırdı. Sanki nəsə gözləyirdik. Vallah, biri çıxıb ordan elə boş-boşuna keçsəydi də, biz onun alt qatında dərin məna axtaracaqdıq. Açığı, bu tamaşanı izləməyə gələndə böyük ümidlərim vardı. Tamaşa zamanı isə ümidlərim qəlpə-qəlpə yox olurdu. Özümü günahlandırmağa başlayırdım ki, bura xərclədiyim zamanı gedib əsərin özünü oxusaydım, daha çox şey qazanardım. Çəkilən əziyyətə hörmət əlaməti olaraq sona qədər izlədim, dedim bəlkə tamaşanın sonunda məni bir sürpriz gözləyir. Düşündüm ki, tamaşanın ən ləzzətli yerini böyük ehtimal ki, məhz sona saxlayıblar. Rejissor tamaşaçılara bir sürpriz hazırlayıb, bizi sönük tamaşa ilə yatızdırıb, ikinci hissədə cuşa gətirəcək. Ancaq mən saydığımı sayım, görək rejissor nə sayır.
Obrazlara gəlincə, Afaq obrazını canlandıran Müdvər Nemətovanın səhnəyə yaraşan görünüşü vardı. Axı, səhnə gözəllik tələb edir. Adamın üstündə Allahı var, gözəl xanımdır. Təəssüf ki, aktrisa Afaq obrazını mənə sevdirməyi bacarmadı. Deyəsən, elə bir niyyəti də yox idi. Sanki Tıq-tıq xanım obrazını canlandırırdı. Bəzən körpə uşaq ədaları ilə zalda əyləşən yaşlı nəsli yox, körpə uşaqları güldürməyi bacarırdı. Tamaşa boyunca özündən çox tərəf-müqabili olduğu aktyoru yorurdu. Sanki onlar ortaq bir dil tapa bilmirdilər. Tərəf-müqabili nə qədər aktrisanı "düz yola gətirsməyə” çalışsa da, sonuncunu fikrindən döndərə bilmirdi. Sanki bu, ayrı havaya oynayırdı, tərəf-müqabili ayrı havaya. Bəlkə də bu obraz onun üçün yaradılmamışdı.
Baş qəhrəmanı, yəni Rasim obrazını canlandıran Anar Bulud da səhnədə diqqəti özündə saxlamağı bacarmadı. Bəzən səhnədə həyəcandanmı, yoxsa başqa səbəblərdənmi sözlərini unudur, bizi oynadığı obraza inandırmaqda çətinlik çəkirdi. Gənc aktyor maraqlı oyun tərzi göstərməyə çalışsa da, qarşı tərəfin sönük ifası onu daha da ruhdan salırdı. Adətən, tamaşada tərəf-müqabilləri bir-birini tamamlamırsa, bu, "tamaşa olmadı” deməkdir. Əsər boyu Afaqla Rasimin çox maraqlı dialoqları, həmçinin maraqlı monoloqları olsa da, nədənsə bu söz olaraq qaldı. Anar Bulud isə özünü yetkin aktyor kimi yox, uşaq kimi aparırdı.
Piralı obrazının ifaçısı Niyaməddin Səfərəliyev saxtakar mollanı canlandırsa da, səhnəyə çıxdığı ilk saniyədən saxtakar olduğunu faş etdi, necə deyərlər, bütün kartları açıb tamaşaçıya göstərdi, hətta başına qoyduğu balaca molla papağına taxdığı saqqalın ipi açıq-aydın görünürdü. Əslində, bu kimi hallar hər tamaşada aktyorun başına gələ bilər. Yəqin ki, tamaşa bişəndən sonra, bu cür detallar yerini tutacaq. Ancaq düşünəndə ki, bir də bu tamaşanı nə zaman harda oynayacaqlar, insan tərəddüd edir.

Nümayiş boyu, nədənsə, xalq teatrları festivalında izlədiyim tamaşalar yadıma düşürdü. Aktyor və Tamada obrazlarını canlandıran Niyaməddin Səfərəliyev istedadlı aktyor olsa da, nədənsə bu rolu "yola vermişdi”. Halbuki, obrazı daha maraqlı ifa etmək olardı. Amma görünür, aktyor, sadəcə, vaxtını öldürürdü. Əgər belədirsə, bizim nə günahımız var ki, həmin "vaxt öldürmə” prosesinin müşahidəçisinə çevrildik.
Rövşən Cəfərov Gözətçi obrazını ifa edirdi. Onun oyun tərzi mənə sirk səhnələrində uşaqları güldürən klounları xatırladırdı. Çünki aktyor, sözün əsil mənasında, Gözətçini yox, Klounu canlandırırdı. Amma hərdən nə isə baş verirdi, inanmaq istəyirdin ki, hə, gözətçidi, elə təzəcə inanmağa başlayanda artıq baxırdın ki, yox, bu elə kloundu ki var. İstedadlı aktyorun bu cür uğursuz oynamağı təəccüb və təəssüf doğurur.
Bütün bunları nəzərə alıb, bircə söz demək istəyirəm: "Belə vaxt itkisi nəyə lazımdır?” Rejissor və aktyorlar buna xərclədiyi enerjini ciddi işə sərf etsəydilər, bəlkə nə isə alınardı. Belə işlərlə həm öz olan-qalan enerjilərini tükədir, həm də tamaşaçını yorurlar. Bu cür tamaşaları mədəniyyət evlərində, klublarda, xalq teatrlarında, özfəaliyyət kollektivlərində oynasalar, daha yaxşı olardı, çünki özünə peşəkar deyən teatr bu cür quruluşla həm tamaşaçısını teatrdan perik salır, həm də öz imicinə xələl gətirir.

Turan Etibaroğlu

banner

Oxşar Xəbərlər