Belarusda parlament seçkiləri keçirilir

Belarusda parlament seçkiləri keçirilir

Təfsilat
17 Noyabr 2019, 11:07 650
Noyabrın 17-də Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər keçirilir.
AZƏRTAC xəbər verir ki, səsvermə yerli vaxtla 20:00-da başa çatacaq.
 
Belarus parlamentinin aşağı palatasında 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkə hüdudlarından kənarda isə 3,6 min seçici var. Seçkilərdə minə yaxın beynəlxalq müşahidəçi iştirak edir. Ən böyük müşahidəçi qrupu MDB-ni və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edir. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyir.
 
Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları da var. Deputatlar Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili səsvermə prosesini izlədikdən sonra seçkilərin nəticələrinə dair açıqlama verəcəklər.
 
Xatırladaq ki, Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib. Növbədənkənar səsvermə noyabrın12-də başlayıb və noyabrın 16-da başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39, 41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28, 56 faiz) qeydə alınıb.
Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır.