• çərşənbə axşamı, 19 mart, 08:18
  • Baku Bakı 8°C

Bəhruz bəy Kəngərlinin davamçıları

10.06.19 16:30 2752
Bəhruz  bəy Kəngərlinin davamçıları
Naxçıvanda dünyaya göz açan uşaqların İlandağ, Mömünə xatın və Batabat kimi gözəllik qaynaqlarına heyran kəsilmələrindən sonra rəssam olmaq eşqinə düşmələrini yəqin ki, təbii saymaq olar. Onların bu "mavi arzu”larının gerçəkləşməsində Əcəmi Naxçıvani və Bəhruz bəy Kəngərli adının onlara mənəvi dayaq durması da danılmazdır. Bu tendensiyanın ötən yüzillikdən başlayaraq daha da güclənməsi və bu günə kimi davam etməsi də dediklərimizi təsdiqləyir. Zamanın axarında onların öz sənətkar ”mən”in təsdiqləyənlər az olsa da, vardır. Bu da təbiidir. Hər zaman güzəştsiz görünən "sənət xəlbiri”ndə qalmaq çox çətindir. Çünki, bu "xəlbir”i aldatmaq elə də asan məsələ deyildir. Belə ki, ona kiminin sənəti amal, yoxsa şöhrətlənmək vasitəsi hesab etməsi gün kimi aydındır...
Bu mənada çoxəsrlik incəsənətimizin Naxçıvan ünvanlı səhifələrini vərəqləyəndə dünyaya rəssam duyumunu öz memarlıq tikililərinin zahiri bəzək örtüyündə nümayiş etdirmiş Əcəminin "rəng paltrası”nın Bəhruz bəydən başlayaraq bir çox gözəllik aşiqini öz sehrinə saldığına şahidlik etmək mümkündür. Cəmisi 30 il ömür sürən B.Kəngərlinin bədii irsində ifadə olunan bənzərsiz estetikanın başqalarına nümunə olmasındandır ki. bu gün Əcəmi yurdunda gerçəkliyə özünəməxsus "bədii güzgü” tutan sənətkarlar yetişməkdədir.
Müxtəlif nəsillərin təmsilçiləri olan bu rəssamların yaradıcılıq estetikasında B.Kəngərli, İ.Səfi, Ə.Kazımbəyov, A.Qazıyev, H.Əliyev, Ş.Qazıyev, Ə.Hüseynov, E.Şahtaxtinskaya, R.Mehdiyev, Ş.Mustafayev, S.Qədimov, M.İsmayılov, Y.Məmmədov, M.Seyidov, A.Qədimov, A.Qardaşbəyov və b. ərsəyə gətirdikləri ayrı-ayrı janrlı əsərlərdə keçmişlə bu gün arasında yaradılan mənəvi əlaqənin davamlı və özünəməxsus bədii axtarışlardan keçdiyi də duyulandır. Naxçıvan rəssamlığının müasir təmsilçilərinin çoxu gerçəkliyə pəncərəsiz emalatxanalardan baxsalar da, onların yaratdıqlarında duyulası bədii işıq - doğma yurda və onun təbiətinə, onun insan əli ilə gündən-günə gözəlləşən görkəminə böyük sevgi duyulmaqdadır. Bu gün Bəhruz bəy Kəngərli ənənələrini Nuh yurdunda ləyaqətlə yaşadan Naxçıvan rəssamları arasında Hüseynqulu Əliyev, Ülviyyə Həmzəyeva, Telman Abdinov, Sabir Məmmədov, Məmmədəli Ələkbərov, Elman Cəfərov, Rafael Qədimov, Natiq İsmayıl, Həsən Qurbanov, Xaqan Bayramov, Leyla Əzimbəyova, Həmzə Sadıqov, Aydın Rəcəbov, Qədirulla Bağırov, Əli Səfərli, Cavid İsmayılov, Səyyad Bayramov, Əbülfəz Axundov, Ramil Əhmədov, Səriyyə Əkbərova, Həbibə Allahverdieva, eləcə də doğma yurdla əlaqəsini kəsməyən Əfülfəz Fərəcoğlu, Tariyel Əlizadə, İlham Mirzəyev, Xaqan Bayramov, Kirman Abdin, Yusif Əlizadə, Məmməd Şirzadov və b. adlarını çəkmək olar.
Sovet dönəmində Azərbaycan gerçəkliyində atlı heykələ həsrət qalmağımızın qarşılığında, ötən əsrin səksəninci illərində Naxçıvanda xalq qəhrəmanları Koroğluya (müəllifi Hüseynqulu Əliyev) və Babəkə (müəllifi Elman Cəfərov) abidə qoyulmasını ancaq alqışlamaq olar. Hər iki heykəl sona qədər ən ciddi bədii-estetik tələblərə cavab verməsələr də, hər halda paytaxtda qoyulan və əksəriyyət tərəfindən narazılıqla qarşılanan Koroğlu abidəsindən qat-qat yaxşıdır. Xatırlatmaq istəyirəm ki, biz atlı heykəl ucaltmaqda bədxahlarımızdan əlli il gecikmişdik və məntiqlə bu gecikmənin əvəzini onlardan yaxşı əsər yaratmaqla çıxa bilərdik. Amma bir çox hallarda olduğu kimi, bu məsələdə də gecikdik...
Vaxtaşırı Naxçıvanda müxtəlif kollektiv və fərdi sərgilərin keçirilməsi, Muxtar Respublika rəssamlarının Bakıda hesabatlarla çıxış etmələri ilk növbədə yerli məkanda aparılan məqsədli işlərin uğurlu təşkilindən, Ali Məclisin yerli yaradıcılara davamlı diqqətindən xəbər verir. İki ildən bir burada "Naxçıvan-bəşəriyyətin beşiyidir” beynəlxalq simpoziumunun keçirilməsi və tədbirə müxtəlif ölkə rəssamlarının qatılması da yerli mədəni məkanın yeni çalarlarla zənginləşməsini şərtləndirmişdir. Bu tədbirdə duyulası fəallıqla iştirak edən naxçıvanlı rəssamların bu yaradıcılıq mübadiləsindən faydalanmaları da danılmazdır. Bu gün Naxçıvanda yaşayıb-yaradan fırça və tişə ustalarının təsviri sənət məkanında öz sənətkar "mən”i ilə tanınmaları da danılmazdır...
Öz yaradıcılığında ənənə ilə müasirliyin bütövlüyünə nail olmuş Ülviyyə Həmzəyeva belə sənətkardan biridir. Görüntüyə gətirilənlərə son nəticədə tamaşaçını düşündürə biləcək psixoloji-fəlsəfi tutum verə bilməsi yəqin ki, bir yaradıcı kimi onun ən böyük qazancıdır. Bu mənada rəssamın zamansızlığa qovuşmuş "Muğam”, "Bəşəriyyət”, "Məkan və zaman”, "Fani dünya”, "Olum-ölüm”, "Günahkar”, "İtirilmiş həyat”, "Həyat ağacı”, "Baxış”, "İtmiş dünya” və "Çərxi-fələk” kimi süjetli lövhələrinin adını çəkmək olar.
Naxçıvanda həm də yaxşı pedaqoq kimi tanınan Həsən Qurbanovun janr əlvanlığı ilə diqqətçəkən yaradıcılığında realizm-gerçəkçi bədii üslubun yeni ifadə imkanlarını görmək mümkündür. Süjetli kompozisiyaların hər bir rəssamın yaradıcı potensialının göstəricisi olmasının qarşılığında, Həsən Qurbanovun "Tale” əsərini onun bu yöndə əldə etdiyi yaddaqalan uğurlardan saymaq olar. Rəssamın doğma yurd-yuvasından didərgin düşmüş həmyerlilərimizin taleyinə tutduğu "bədii güzgü”də yaşanan faciənin mənəvi-psixoloji çalarlarını duymaq mümkündür.
Natiq İsmayılın realizmdən romantizmə qədər uzanan yaradıcılıq axtarışlarında tamaşaçını duyğulandıra biləcək estetik məqamlar kifayət qədərdir. Əsərlərini səciyyələndirən klassik irsdən gəlmə məziyyətlər – kompozisiya bitkinliyi, məna-məzmun dərinliyi, inandırıcı realistik-gerçəkçi bədii şərhin stilizə və bədii şərtiliyə qədər uzanmaqla onun yaradıcı "mən”ini əyaniləşdirməsi də bunu təsdiqləyir. Onun yaradıcılığında yer alan "Aylı gecə”, "İthaf. Bəhruz bəy keçib bu yerlərdən”, "Xatirələr”, "İthaf. Bəhruz keçib bu yerlərdən...”, "Bahar”, "İstanbulda gecə”, "Batabat lalələri”, "Kənd motivi”, "Güllər”, "Yuxu”, "Körfəz mənzərəsi”, "Məscid”, "Xidmətçi”, "Düşüncələr” və s. əsərləri vurğuladığımız bədii-estetik məziyyətlərə malikdir.
Ötən əsrin son qərinəsində təhsilsonrası Bakıdan doğma Naxçıvana dönən Xalq rəssamı Hüseynqulu Əliyevin yaradıcılığı təsviri sənətin bir çox sahələrini əhatə edir. Əgər onun Naxçıvanı bəzəyən "Koroğlu” və "Bəhruz bəy Kəngərlinin məzarüstü abidəsi”ni, yerli muzeyləri bəzəyən rəngkarlıq tablolarını və qrafika nümunələrini, eləcə də teatr tərtibatı nümunələrini göz önünə gətirsək, onda özündə bir-birindən fərqli estetik tutum daşıyan həmin əsərlərin tamaşaçısı üçün maraqlı göründüyünü söyləmək olar.
İstedadlı fırça ustası Məmmədəli Ələkbərovun "bədii yalan”a və "yaradıcı şişirtmə”yə tapınmaqla ərsəyə gətirdiyi rəngkarlıq və dekorativ-tətbiqi sənət nümunələri ilk növbədə müasirliyi ilə cəlb edir.
Respublikanın əməkdar rəssamı Telman Abdinovun müxtəlif janrları əhatə edən yaradıcılığında bədii ifadə estetikası zənginliyi ilə seçilir. Elə bu səbəbdən də onun müxtəlif ölkələrdə nümayiş olunan əsərləri duyulası tamaşaçı sevgisi qazanmışdır. Onun çəkdiyi portretləri ("Xəlil Rzanın portreti”, "Sənətşünas”, "Nigarın portreti”, "Xalçaçı qız” və s.) insan psixologiyasına bədii nüfuzetmənin yaddaqalan nümunələrindən hesab etmək olar.
Sənətsevərlər Naxçıvan MR əməkdar rəssamı Əli Səfərlini çoxşaxəli yaradıcılığa malik sənətkar kimi tanıyırlar. Qənaətimcə, onun teatr tərtibatı sahəsində zəngin və uğurlu təcrübəyə malik olmasının rəngkarlıq əsərlərinin bədii həllinə duyulası təsiri olmuşdur. Bu mənada müəllifin "Azərbaycan”, "Ulu öndər”, "Düşüncə”, "Hüseyn Cavid”, "Qaçqınlar”, "Səfəvilər”, "Xocalı soyırımı”, "Əshabi-Kəhf” və s. əsərlərinin adını çəkmək olar.
Müasir Azərbaycan qrafikasını özünəməxsus akvarel nümunələri ilə zənginləşdirən Sabir Məmmədovun əsərlərində bu texnikanın bədii-texniki imkanlarının ən yaxşı məziyyətlərini görmək mümkündür. Etiraf edək ki, onun akvarellərindəki bədii improvizələr heyranedicidir.
Cavid İsmayılovun yağlı və sulu boya ilə işlədiyi əsərlərin estetikasında müşahidə olunan bədii məziyyətlərin cövhərində inandırıcılığın əldə olunması dursa da, rəssam heç vaxt yaradıcı duyğularını çərçivədə saxlamır. Onun yağlı boya ilə çəkdiyi portretlərdə ikonoqrafik dəqiqliyin bədii gerçəkliklə uğurlu sintezinə üstünlük verilibsə, sulu boya ilə ərsəyə gətirilmiş lövhələrdə tamamilə fərqli estetika ilə qarşılaşırıq.
Müasir Naxçıvan bədii məkanı təkcə bu yaradıcıların fəaliyyətindən ibarət deyildir. Digərlərinin sırasında Bəhruz Quliyev, Tural Həsənli, Fizzə Quliyeva, Mahir Xəlilov və b. adını xüsusi qeyd etmək istərdim. Onların hamısı barəsində məlumat vermək bir yazının imkanı çərçivəsinə sığışmasa da, biz gələcəkdə onların bədii axtarışlarını dəyərləndirə biləcəyimizə inamlıyıq...
Ziyadxan Əliyev


banner

Oxşar Xəbərlər