Bədbəxtlik üzərində xoşbəxtlik quranlar
Azərbaycanı müxtəlif
bəhanələrlə tərk edib xaricə sığınan, oradan ölkəmiz əleyhinə kampaniya aparan
antimilli ünsürlər, eləcə də onların daxilimizdəki "züy tutanları” bir neçə
gündür Mehman Hüseynov məsələsini şişirdir, süni ajiotaj yaratmağa cəhd
edirlər. Xüsusən də M.Hüseynovun qardaşı, bir vaxtlar qadın paltarında Bakıdakı
səfirlikləri dolaşan Emin Hüseynov hazırda sığındığı ölkədə "hüquq müdafiəçisi”
qismində tədbirlər keçirir, mövzunu gündəmdə saxlayır. Avropa küçələrinə
çıxardığı 3-5 nəfərə "free Mehman” şüarları səslətdirir, internet üzərindən davamlı
videolar paylaşır. Bir sözlə, "şüvənşünaslıq elmi”, dezinformasiya ilə
manipulyasiya etmək üzrə ixtisaslaşan E.Hüseynov guya qardaşının hüquqlarını
müdafiə etmək üçün cilddən-cildə girir, beynəlxalq müstəvidə qara-qışqırıq
salmağa çalışır. Məsələnin mahiyyəti isə onun dil-boğaza qoymadan
danışdıqlarından tamamilə fərqlidir.
Xaricdəki anti-milli
qruplar və onların havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti
kampaniya başlamaq üçün fürsət kimi istifadə ediblər. Məsələ elə təqdim edilib
ki, guya M.Hüseynov günlərdir quru aclıq keçirir, ona fiziki və mənəvi
işgəncələr verilir, səhhəti kritik durumdadır və sair. Ədliyyə Nazirliyinin
Penitensiar Xidmətinin M.Hüseynovun aclıq aksiyası keçirmədiyi, səhhətinin
qaydasında olduğu barədə yaydığı məlumata əhəmiyyət verilmir. Antimilli
ünsürlər məqsədli şəkildə başlatdıqları növbəti kampaniyanı davam etdirmək üçün
M.Hüseynovun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla
danışdığı kimi rəsmi məlumatlara da diqət kəsilmirlər. Adətləri üzə
nəzarətlərində olan internet resurslarında, media qurumlarında, eləcə də sosial
şəbəkələrdəki səhifələrdə M.Hüseynov barəsində qeyri-obyektiv, dezinformasiya
xarakterli məlumatlar yaymaqda davam edirlər.
Destruktiv qüvvələr İnsan
Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvlərinin Ədliyyə
Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata
keçirməsinə də diqqət yetirmirlər. Halbuki, MPQ-nin rəhbəri və həkim üzvünün
də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan M.Hüseynov konfidensial
qaydada qəbul olunub, müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq
durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət
olunmaqla yerində araşdırılıb. Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov
qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu
normaldır. Başçəkmə çərçivəsində M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı
müraciəti baxılması üçün Baş Prokurorluğa da göndərilib.
Bu kimi faktlar qarşısında qalan antimilli
ünsürlər və onların xaricdəki havadarları belə məlumatların həqiqəti əks
etdirmədiyini sübut etmək üçün müxtəlif vasitələrə əl atırlar. E.Hüseynov
"Facebook” üzərindən video-müraciət yayaraq, qardaşı M.Hüseynovun 4 gün quru
aclıq etdiyini, indi də gün ərzində əvvəlki kimi bir deyil, yarım çörək
yediyini vurğulayır. Fikrini əsaslandırmaq üçün onu da qeyd edir ki, əgər gün
ərzində 1000 kilokalorilik qida qəbul edən insan bunun yarısı həcmində - 500
kilokalorilik qida qəbul edirsə, deməli, o, aclıq aksiyası keçirir. Bu
açıqlaması ilə özünü gülüş obyektinə çevirən E.Hüseynov bunun ardınca
Vaşinqtonda mətbuat konfransı təşkil edərək, guya qardaşına dəstək nümayiş
etdirir.
Azərbaycana qarşı qərəzli mövqeləri ilə tez-tez gündəmə gələn "PEN” rəhbəri
Tomas Melia və "Amnesty İnternational” təşkilatının Mərkəzi Avropa və Orta
Asiya Departamentinin rəhbəri Deniel Bolson, həmçinin Amerikada yaşayan
jurnalistlər Ələkbər (Aleks) Raufoğlu və
Sevinc Osmanqızı ilə sədarət kürsüsünü bölüşən E.Hüseynov yalan üzərində qurulan
fikirlərini ictimailəşdirməyə çalışır. S.Osmanqızının öz səhifəsində yaydığı və
tərcüməçilik etdiyi videoda ən birinci diqqət çəkən odur ki, mətbuat konfransı
keçirilən zal tamam boşdur, cəmi 3 nəfər ön sırada əyləşib. Halbuki,
S.Osmanqızının - "PEN təşkilatı öz ətrafında 2 minə qədər amerikalı jurnalisti,
yazarı birləşdirir”, - fikrinə inansaq, heç olmasa konfrans zalını dolduracaq
media mənsubu tədbirə qatılmalıydı. Amma bu, baş verməyib. Boş zala üzünü tutan
E.Hüseynov əvvəlcə iddia edir ki, 6 gündür Mehmanla danışmaq mümkün deyil.
Sonra isə deyir ki, vəkili Şəhla xanım Mehmanla görüşüb və onun hələ də aclıq
aksiyasını davam etdirdiyini söyləyib. Bunun ardınca da vurğulayır ki, Mehman
süd və süd məhsulları qəbul edir, guya ona işgəncə verilir, səhhətində ciddi
problemlər var və sair.
Əlbəttə ki, E.Hüseynov bu
cür bir-birini təkzib edən fikirlərlə öz yalanını ilk növbədə özü üzə çıxarır. Adam
hər açıqlaması və davranışı ilə göstərir ki, qardaşının aclıq aksiyası
keçirməsində daha çox maraqlıdır, nəinki Mehmanın səhhətinin qaydasında
olmasında. Bundan başqa, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Rauf
Zeyni, eləcə də hüquq müdafiəçisi Sahib Məmmədov mətbuata açıqlamalarında bəyan
ediblər ki, M.Hüseynovla həm onlar, həm də beynəlxalq təşkilatların
nümayəndələri görüşüblər. Onlar M.Hüseynovun aclıq aksiyası keçirmədiyini,
sadəcə, mədəsində qıcıqlanma olduğu üçün gün ərzində süd, qatıq, kəsmik,
yoqurt, bal və sair bu kimi qida məhsulları qəbul etdiyini qeyd ediblər. Bu isə
aclıq aksiyası keçirmək deyil, mədənin vəziyyətinə görə dieta saxlamaqdır. Üstəlik,
Mehmanın saxlanma şəraiti, qidalanma, görüşmək, telefonla danışmaq və sairlə bağlı
probleminin olmadığını dilə gətiriblər. Bildirilib ki, həbsxanaya düşməzdən
əvvəl M.Hüseynovun ayağında damar genişlənməsi olduğundan hazırda yalnız
bununla əlaqədar səhhətində narahatlıq var. Bu narahatçılığın aradan
qaldırılması üçün cəzaçəkmə müəssisəsi tərəfindən ona həkim müalicəsi,
cərrahiyyə əməliyyatı təklif olunsa da, Mehman qəbul etməyib və bildirib ki,
azadlığa çıxandan sonra özü əməliyyat etdirəcək.Hüquq müdafiəçisi S.Məmmədov
onu da əlavə edib ki, cəzaçəkmə müəssisəsindəki qaydalara görə, hər hansı
məhkum aclıq aksiyası başlayanda da, aksiyanı dayandıranda da sənədləşmə, aktlaşma
işi aparılır. Mehman da belə bir akta şəxsən qol çəkib və həbsxanada baş vermiş
insident zamanı da hər hansı təzyiqə, işgəncəyə məruz qalmadığını təsdiqləyib.
Hətta bu barədə onunla görüşənlərə də bildirib və söylədiklərinin olduğu kimi
mətbuata çıxarılmasına da etiraz etməyib. Hüquq müdafiəçisinin sözlərinə görə,
M.Hüseynovun yeganə narazılığı ona qarşı açılan əlavə cinayət işi ilə bağlıdır
və bu məsələnin hüquq müstəvisində həllini tapması üçün yəqin ki, vəkili
tərəfindən müəyyən prosedurlar həyata keçiriləcək.
Ən nəhyət,11 yanvar tarixində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub.Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir.
Bütün bunları sadalamaqla
bir daha baş vermiş hadisə barədə obyektiv mənzərənin canlanmasına çalışdıq.
Bunun ardınca isə bəzi məqamlara xüsusi diqqət yetirmənizi istərdik. Yanvarın
21-25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış
sessiyası keçiriləcək. Sessiya zamanı AŞPA deputatları dezinformasiya və
təbliğat kontekstində kütləvi informasiya vasitələri və mətbuat azadlığı barədə
birgə müzakirələr aparacaqlar. Həmçinin interneti idarəetmə və insan hüquqları
məsələləri də gündəmə gətiləcək. Bundan əlavə, Gürcüstanda keçirilmiş prezident
seçkiləri (28 oktyabr və 28 noyabr) və Ermənistandakı növbədənkənar parlament
seçkiləri (9 dekabr) də masaya çıxarılacaq. Ermənipərəst dairələrin sifarişini
yerinə yetirən E.Hüseynov və onun kimi antimilli ünsürlər M.Hüseynov olayını
süni şəkildə şişirtməklə Strasburqda keçiriləcək sözügedən müzakirələri
Ermənistanın lehinə, Azərbaycanın əleyhinə çevirmək istəyirlər. Ermənipərəst
senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer
tutan "The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə M.Hüseynov
məsələsinin gündəmdə saxlanılması cəhdi də Viktoruya Nulandın uşaqlarının
çirkab kampaniyasından xəbər verir. Ermənistanı özünün kiçik bacısı hesab edən Fransa
kimi bir dövlətin Xarici İşlər Nazirliyinin M.Hüseynov barəsindəki məlum
bəyanatı da vahid mərkəzdən idarə olunan bir kampaniyanı, həmçinin bu
kampaniyanın arxasında kimlərin durduğunu bir daha gün işığına çıxarır. Məlum
olur ki, dezinformasiya üzərində qurulan bu kampaniyanın əsl məqsədi böyük
güclərin, dövlətlərin Azərbaycana növbəti təzyiq göstərmək cəhdidir. Bu
məqsədin həyata keçirilməsində E.Hüseynov və onun kimi antimilli ünsürlər maşa,
M.Hüseynov isə qurbanlıq rolunu oynayır. Söz yox ki, maşa rolunu oynayan E.Hüseynov
buna görə maraqlı dairələrdən böyük məbləğdə qrantlar da alır, qardaşının
bədbəxtliyi üzərində xoşbəxtliyini qurmağa çalışır.
Rufik
İSMAYILOV