• cümə axşamı, 25 aprel, 20:50
  • Baku Bakı 21°C

Bazardan aldım bir dənə, evdə açdım min dənə - Fotolar

13.12.18 14:15 2836
Bazardan aldım bir dənə, evdə açdım min dənə - Fotolar
Rusiyanın məşhur futbolçusu Andrey Arşavin Azərbaycana qonaq gəlir. Arşavin ölkəsinə qayıtdıqdan sonra jurnalistin "Azərbaycandan özünlə nə gətirdin” sualına belə cavab vermişdi: "Özümlə bir yeşik möcüzəvi meyvə gətirdim”. Arşavinin Azərbaycandan Rusiyaya apardığı möcüzəvi meyvənin adı nə idi? O meyvə Rusiyada belə qəhətdir ki, Andrey Azərbaycandan qayıdarkən ondan bir yeşik aparıb? Bu sualların cavabında çox mətləblər var.

Son illər ərzində qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Qeyri-neft sektorunun əsas qollarından biri sayılan aqrar sahədə aparılan islahatlar, verilən qərarlar və görülən işlər yavaş-yavaş öz bəhrəsini verməkdədir. Artıq öz daxili tələbatımızı ödəməklə yanaşı, xarici ölkələrə də məhsul ixrac edirik. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxmağa başlayıb. Dövlət başçısı İlham Əliyevin də söylədiyi kimi, bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Bu məhsullar içərisində özünəməxsusluğu ilə seçilən və dünya bazarlarında Azərbaycanı böyük uğurla təmsil edən məhsullardan biri də nardır. Andrey Arşavinin Azərbaycandan Rusiyaya apardığı, "möcüzəvi meyvə” adlandırdığı nar.


Məlumat üçün qeyd edək ki, ölkəmizdə 2017-ci il üzrə illik nar ixrac 6 min ton təşkil edib. Ümumi istehsalın həcmi 156 min ton, ümumi istehlak isə 135 min tondur. Təhlillər göstərir ki, ildən-ilə ölkədə nar istehsalı artır. Rəsmi göstəricilərə əsasən, bu məhsul üzrə özünü təminetmə səviyyəsi 104,5 faiz təşkil edir. Bəs görəsən bu göstəriciləri daha da artırmaq imkanımız varmı? Necə edək ki, Arşavin dadı damağında qalan Azərbaycan narını Rusiyada da rahatlıqla ala bilsin? Ümumiyyətlə, Azərbaycan narı daha hansı ölkələrə ixrac edilə bilər?
"Azərbaycan narına böyü tələbat var”
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, ölkədə istehsal edilən aqrar məhsulların ixracı artım dinamikası nümayiş etdirir. Bu məhsulların içərisində nar da var: "Nar Azərbaycanda yetişdirilən və öz keyfiyyətlərinə görə üstünlüyə malik olan məhsuldur. Keçmiş MDB ölkələrində və Rusiya bazarlarında Azərbaycan narına böyük maraq və tələbat var. Hazırda nar xarici bazarlara daha çox xammal formasında ixrac edilir. Amma biz məhsulun emal formasında ixracına da çalışmalıyıq. Bu sahədə müvafiq analizlər aparılmalıdır ki, daha çox gəlir əldə etməyin yolları öyrənilsin. Aidiyyəti qurumlar bu məsələ ilə bağlı hərəkətə keçməlidir. Aydın məsələdir ki, Azərbaycanda becərilən aqrar məhsulların ən böyük bazarı Rusiyadır. İxracımızın böyük hissəsi bu ölkənin payına düşür. Ümumilikdə götürdükdə, bu, müsbət hal kimi qiymətləndirilə bilər. Çünki əsas məsələ məhsulu ixrac etməyə müvafiq bazarların olmasıdır. Amma bir bazardan asılı olmaq heç də yaxşı hal deyil. Bu mənada hesab edirəm ki, aqrar məhsulların yalnız bir bazardan asılı olması tendensiyası ləğv olunmalıdır. Çalışmaq lazımdır ki, yeni bazarlar kəşf edək və məhsullarımızın şaxəli formada ixracını təşkil edək. Məsələn, Türkiyə, Orta Asiya, Avropa bazarlarına çıxışımızı təmin etməliyik”.
"Azərbaycan narı özünü yeni bazarlarda da sübut edə biləcək”
İqtisadçı alim Vüqar Bayramov bizimlə söhbətində xarici bazarlarda Azərbaycan narına olan tələbatın böyük olduğunu söylədi: "Azərbaycan narı müqayisəli üstünlüyə malik olan kənd təsərrüfatı məhsullarından hesab olunur. Azərbaycanda yetişdirilən nar təkcə regional bazarlarda deyil, o cümlədən dünya bazarlarında da artıq özünü təsdiq edə bilib. Bu isə nar ixracının genişlənməsinə böyük imkan yaradır. Azərbaycan nar məhsullarının Rusiya və digər qonşu ölkələrlə yanaşı, yeni bazarlara da çıxış imkanları var. Bu bazarlar içərisində Avropa, Körfəz ölkələri və Yaponiya özünəməxsus yer tutur. Bu isə nar ixracının daha da genişlənməsinə təkan verə bilər. Mərhələli şəkildə növbəti illər ərzində nar ixracını daha da artıra bilərik. Ölkəmizdə yetişdirilən nar kifayət qədər rəqabətə davamlı məhsuldur. Buna görə də, mövcud şərtlər daxilində Azərbaycanın nar ixracatını növbəti illərdə xeyli artırmaq olar. Düşünürəm ki, sözügedən məhsul yeni bazarlarda da özünü tam sübut edə biləcək. Yeni bazarlar dedikdə, əsasən Asiya bazarları və özəlliklə Yaponiya nəzərdə tutulur. Bu bazarlarda bizim kənd təsərrüfatı məhsullarına tələb kifayət qədər yüksəkdir. Yaponiya özlüyündə böyük bazar hesab olunur. Orada nara və nar suyuna böyük tələb var. Bu mənada Azərbaycan növbəti illərdə adıçəkilən ölkəyə daha çox məhsul ixracına çalışmalıdır”.

Onu da qeyd etmək yerinə düşər ki, Arşavinin dadı damağında qalan Azərbaycan narı ilə yanaşı, bu məhsuldan əldə edilən şərablar da xaricə ixrac olunur. Misal üçün, bu günlərdə "Az-Granata” MMC-nin mətbuata açıqlamasından aydın olub ki, Azərbaycanda istehsal edilən nar şirəsi və nar şərabı dünya bazarında öz yerini möhkəmləndirməkdədir. Belə ki, "Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun məhsullarından bu gün Rusiya, ABŞ, Kanada, Almaniya, Fransa, Hollandiya, Belçika, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Yaponiya, Çin, Bəhreyn, İsrail, Avstriya kimi bir çox ölkələrdə bu məhsullara tələbat artmaqdadır. MMC-nin mətbuat xidmətindən o da bildirilib ki, buna səbəb ixrac olunan nar şirəsi və nar şərabının yüksək keyfiyyətidir. Şirə və şərabın keyfiyyətli olması bir sıra amillərlə bağlıdır. Müəssisəyə məxsus 100 hektar orqanik nar bağı var və burada yetişdirilən yüksək keyfiyyətli məhsul öz dadı ilə digər ölkələrdə yetişdirilən nardan seçilir. Yetişdirilən məhsuldan alınan şirə və şərabın özünəməxsus gözəl və fərqli dadı alıcıları daha çox cəlb edir. Təsadüfi deyil ki, müəssisənin nar bağlarına Almaniyanın GMBH İnstitutu tərəfindən BİO sertifikatı verilib.

Bunu da xatırlatmaq yerinə düşər ki, keyfiyyətli məhsulu yetişdirmək bir işdirsə, həmin məhsuldan beynəlxalq bazarda rəqabətə davam gətirən yeni məhsul almaq da bir işdir, təcrübədir. Bu təcrübənin formalaşmasında müasir texnologiyalardan istifadə edilməsi də mühüm rol oynayır. Elə "Az-Granata”nın nar şirəsi və şərabını məşhurlaşdıran digər səbəblərdən biri? zavodda ən müasir texnologiyanın tətbiqidir. Belə ki, meyvə şirəsinin dadının qorunub saxlanması üçün hazırda Almaniya istehsal olan vakum filtrlərindən istifadə edilir. Əldə olunan şirə heç bir digər təsirə məruz qalmadığı üçün öz rəngini, dadını və ətrini özündə saxlayır. Əminliklə demək olar ki, bir çox xarici ölkələrdə şöhrət qazanan nar şirəsi və şərabı yaxın 2-3 ildə dünya miqyasında Azərbaycanın milli brendi kimi tanınacaq. Bu da ixrac potensialının daha da genişlənməsinə töhfə verəcək.
"İxrac imkanlarını daha da artırmaq olar”
Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı bildirdi ki, Azərbaycanın təbii şəraiti, xüsusilə də iqlimi və torpaqları narın inkişafı üçün olduqca əlverişlidir: "Azərbaycanın dağlıq və dağətəyi bölgələrindən başqa, əksər əraziləri nar yetişdirmək üçün əlverişli hesab olunur. Ölkəmizdə nar daha çox Göyçay, Ağdaş, Kürdəmir kimi aran rayonlarında becərilir. Onu da qeyd edim ki, bu ərazilərdə yetişdirilən məhsul digərləri ilə müqayisədə daha keyfiyyətlidir. Ölkəmizdə yetişdirilən narın keyfiyyətinə söz ola bilməz. Onun ixrac imkanları da kifayət qədər genişdir. Amma indiki halda daha məhsuldar nar sortlarının yetişdirilməsinə çalışmalıyıq ki, ixrac imkanlarımız daha da genişlənsin. Hələ Sovet dövründə Azərbaycanda becərilən nar bir çox respublikalara ixrac edilirdi. Müstəqillik illərindən sonra kənd təsərrüfatının bir çox sahələrində olduğu kimi, bu sahədə də tənəzzül yaşandı. Hal-hazırda tənəzzülə uğrayan ənənəvi sahələrin yenidən dirçəldilməsi üçün işlər görülür. Son dövrlər bu sahənin inkişafına yönələn tədbirlər və eyni zamanda kənd təsərrüfatı sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində sözügedən sahənin inkişafında müəyyən qədər irəliləyiş var. Amma bu sahədə problemlər də qalmaqdadır. Sahibkarlar üçün dövlət tərəfindən uzunmüddətli kreditlər olsa, bu sahəni inkişaf etdirmək olar. Əkmək üçün kifayət qədər nar bağları var.Fermerlərin əsas problemlərindən biri də suvarma sistemi ilə bağlıdır. İlk olaraq suvarma sistemlərinin yenilənməsinə, həmçinin aqro-sığortanın tətbiqinə böyük ehtiyac var”.
"Bazara gözəl məhsul çıxarmaqla iş bitmir”
Marketoloq Seymur Quliyev bildirdi ki, önəmli olan həmin məhsulun brend olaraq tanınmasıdır: "Önəmli olan, məhsulun dünya bazarlarında tanınmasıdır. Bazara gözəl məhsul çıxarmaqla iş bitmir. Onun brendləşdirilməsini işini həyata keçirmək lazımdır. Əgər biz dünya bazarına hansısa məhsulu çıxarırıqsa, deməli, bu, ölkənin adıdır. Azərbaycanın Göyçay narı həqiqətən də dadına və keyfiyyətinə görə mükəmməldir. Amma bunu bizim özümüzdən başqa neçə nəfər bilir? Önəmli olan, ölkənin brendini formalaşdırmaqdır. Daha sonra ayrı-ayrı məhsullarımızın brendləşdirilməsini apara bilərik. Yəni birdəfəlik nardan başlayıb, Azərbaycan narını brend adı altında tanıtdıra bilmərik”.

S.Quliyev deyir ki, məhsulun brendə çevrilməsində onun fiziki göstəriciləri ilə yanaşı emosional göstəriciləri də əhəmiyyətli rol oynayır: "Ad, sloqan rəng kimi nüanslar məhsulun fiziki keyfiyyətləridir. Amma emosional əlavələr olmadan brend yaratmaq mümkün deyil. Azərbaycan narının brend olması üçün emosional bir əlavəyə ehtiyacı var. Hekayəsi olmayan bir məhsul emosiyalara sahib ola bilməz. Biz hər hansı bir məhsulu dünyada tanıtmaq istəyiriksə, həmin məhsulun özünəməxsus tarixi, hekayəsi olmalıdır. Bu gün hansısa markadan paltar alıb sevə-sevə geyiniriksə, deməli, həmin marka bizim zehnimizə nəyəsə görə həkk olunub. Xarici brendlər özlərinin brend dəyərini istehlakçı zehnində formalaşdıra bilir Bunu araşdırmaq və öyrənmək lazımdır ki, nar deyəndə insanların ağlına daha çox nələr gəlir? Məsələn, nar deyəndə hansı ölkələr yada düşür? Və bunun səbəbi nədir? Bu sualların cavabı əsasında Azərbaycan narının brend etmək olar. Azərbaycan məhsulları keyfiyyətli olsa belə, marketinq və brendinq strategiyaları düzgün deyil. Həmçinin, şirkətlərin satış sonrası xidmətləri olduqca bərbaddır”.

Şəbnəm Mehdizadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim olunur

banner

Oxşar Xəbərlər