AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bayraq günündə doğulub bayraq uğrunda həyatını qurban verən şəhidimiz - FOTOLAR

Bayraq günündə doğulub bayraq uğrunda həyatını qurban verən şəhidimiz - FOTOLAR

Təfsilat
16 Yanvar 2021, 12:00 1355
Ədalət Dəmirov döyüşə gedən gün dostuna zəng edib, amma valideynlərinə bu barədə heç nə deməməsini tapşırıb
 
Torpaqlarımızın azadlığı uğrunda Vətən Müharibəsi başlayanda cəbhəyə yollanan qəhrəman oğullarımızın cərgəsində Göyçay rayonunun gəncləri də geri qalmadı. Onlar Vətən savaşını haqq savaşı bilərək mərdliklə döyüşdülər. Yurd yerlərimizin azadlığı uğrunda şəhid olanları da oldu, sağ-salamat geri qayıdanları da. Rayonun Aşağı Qaraməryəm kəndində yaşayan Dəmirovlar ailəsini isə bu gün təkcə həmin kənddə və ətraf kəndlərdə deyil, rayonlarında da hamı tanıyır. Yaşadıqları kəndin və qonşu kəndlərin Vətən Müharibəsinə yollanan onlarla oğlundan biri, amma şəhid olan yeganə övladıdır Ədalət Dəmirov. Sakit təbiəti, saflığı, zəhmətkeşliyi ilə kənddə hörmət qazanan gənci bu gün təkcə bir kəndin deyil, bir rayonun, bir ölkənin qəhrəman oğlu kimi dəyərləndirirlər. Ədalətin 19 yaşı vardı. Sadə bir ailədə böyümüşdü. Pinəçi işləyən atası Nüsrət Dəmirov övladlarını halal zəhmətə, torpağa, Vətənə sevgi aşılayaraq böyüdüb. Yeganə oğlu Ədaləti hərbi xidmətə yola salanda da "Vətən qarşısındakı borcunu yerinə yetirməyə gedirsən” - deyə xeyir-dua verib. 
 
 
 
"Oğlum şəhid olmuşdu...”
 
Ədalət orta məktəbi Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində bitirib. Ali təhsil almaq, həyatda özünə sənət qazanmaq arzularından öncə hərbi xidmətini başa vurmaq istəyib. 2020-ci il yanvarın 3-də Vətən qarşısında borcunu yerinə yetirmək üçün Göyçay rayon Səfərbərlik Xidmətindən hərbi xidmətə yola düşüb. 10 ay Ağcabədi ərazisində yerləşən hərbi hissədə nümunəvi əsgər kimi xidmət edib. Müharibəyə də həmin hərbi hissədən yollanıb. Ə.Dəmirov Vətən müharibəsi başlayandan bir neçə gün sonra - oktyabr ayının 5-də hərbçi yoldaşları ilə birlikdə Füzuli rayonu uğrunda döyüşlərə göndərilib. Atası Nüsrət Dəmirov deyir ki, sonuncu dəfə Ədalətlə sentyabr ayında danışıblar: "Onda  səhhətinin yaxşı olduğunu, xidmətinin bitməsinə az qaldığını söylədi. Onda heç kim bilmirdi müharibə olacaq. Sentyabrın 27-də müharibə başladı. Daha onunla danışa bilmədik. Sonuncu dəfə qonşudakı dostuna zəng vuraraq müharibəyə getdiyini deyib. Dostuna tapşırıb ki, evdəkilərə demə, qoy narahat olmasınlar”.
 


Ədalət Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid olması ilə bağlı xəbəri alanda atası Füzuli rayonuna yollanıb, oğlunun cəsədini axtarıb. "Həlak olanların cəsədini gətirib Füzulidəki xəstəxananın həyətinə yerləşdirirdilər. Ədalət minomyotla vurulmuşdu. Övladımı müəyyənləşdirmək üçün qan analizi verdim. 10 gün analizin cavablarını gözlədim. "Sen get, cavab olunca sənə zəng edəcəyik”- deyə bildirdilər. Zəng gəlmədikcə "yəqin oğlum sağdır” deyə ürəyimdə düşünürdüm. Amma vaxt uzandıqca gözləyə bilmədim, yenidən Füzuliyə yolandım. Ədalətin meyitini həlak olan hərbçilərin arasından tapdım. Oğlum şəhid olmuşdu...” 
 


Anası Ruhiyyə xanım oğlunun vətən yolunda şəhid olmasından qürur duyur: "Ədalət torpaqlarımızın azadlığı uğrunda döyüşüb və şəhid olub. Yeganə təsəllim budur. Bir ana kimi oğlumun yoxluğu mənim üçün ağırdır. O evin yeganə oğlu idi. Evin hər yerində onun xatirələri var”. 
 


Bibisi Nurə Əsədova üçün də qardaşı oğlunun Vətən uğrunda şəhid olması yeganə təsəllidir: "Ədalət çox tərbiyəli və saf uşaq idi. Əsgərlikdə olanda da mənə tez-tez zəng edir, hal-əhval tuturdu. Dəfnində bütün kənd camaatı göz yaşı tökürdü. Elə təmizliyinə görə də Tanrı onu şəhidlik zirvəsinə qaldırdı”. Bibisi danışır ki, Ədalət ata-anasının zəhmətinə dəyər verən övlad olub: "Bir dəfə rayon mərkəzinə dostları ilə gedəndə atası ona 10 manat vermişdi. Amma o, bu pulu xərcləməyib gətirmişdi. "Ata, sən bu pulu çox əziyyətlə qazanmısan. Mən onu xərcləyə bilmədim” deyə atasına qaytarmışdı. Bu kimi xüsusiyyətlərinə görə qohum-qonşu da, dost-tanışı da onu çox sevirdi”. 
 


Ədalət noyabrın 9-da - Bayraq Günündə doğulmuşdu. "Əgər icazə versələr, ad günümü gəlib evdə qeyd edəcəyəm” deyirmiş. Amma noyabrın 2-də şəhid olması xəbəri gəlib. "Ədalət 19 yaşını məzarda qeyd elədi. O, qəhrəmanlıqla həlak oldu. Vətən qarşısında borcunu canı ilə ödədi. Bircə təsəllim odur ki, şəhidlər Tanrının yanında cənnət müjdəçisidirlər. Onlar ölmürlər, zirvəyə yüksəlirlər”- bibisi deyir. 
 


Aşağı Qaraməryəm kəndinin camaatı şəhidini yüksək dəyərləndirir. Onlar pul toplayaraq Ədalətin şəklini kəndin girişində əbədiləşdiriblər. Adına bulaq yaradıblar, ətrafı işıqlandırıblar: "Kənd camaatı kəndin yeganə şəhidinə son borclarını verirlər. Onun ruhu qarşısında baş əyirlər”.
 

 
”Səninlə fəxr edirəm, dostum!”
 
Ə.Dəmirov döyüşə yollananda sonuncu dəfə dostu Davud Babayevlə telefonla danışıb: "Ədalət mənim həm dostum, həm ən yaxşı sinif yoldaşım idi. Demək olar ki, mənə qardaş əvəzi idi. Nə sıxıntım olsa, onunla bölüşəndə rahatlıq tapırdım” deyə D.Babayev dostundan qürurla söhbət açır: "Ədalətlə uşaqlıqdan bir yerdə böyümüşdük, bir oynayıb, bir gülmüşdük. Qəmimiz də, sevincimiz də bir idi. Məktəb illərində çox sakit, tərbiyəli şagird kimi bütün kollektivin rəğbətini qazanmışdı. Ədalət tərbiyəsi, əxlaqı ilə seçilirdi. O, həmişə sakitliyi sevirdi. Heç vaxt heç kimlə işi olmazdı. Uşaqlar  arasında münaqişə düşəndə həmişə aralayardı, sülhsevər biri idi. Ən çox futbola marağı vardı. Hər futbol oynayanda "Məni də gözləyin, başlamayın ha...” dediyi daim qulağımda səslənir. İdmandan başqa 2 -ci hobbisi balıq tutmaq idi. Hamıdan çox balıq tutmaq istəyirdi. Həmişə deyərdi ki, mənsiz balığa getməyin. İstədiyi hər şeyə can atırdı. Mərd idi, düzgünlüyü sevirdi, heç vaxt yalan danışmazdı. Həm də zarafatcıl idi, qəribə gülüşü vardı. Heç vaxt  o sima yadımdan çıxmaz. Hər gün dərsə gələndə maraqlı təəssüratlar danışardı. Arada müəllim hirslənərdi. Müəllimlərə çox hörməti vardı. Oxuduğu müddətdə heç bir müəllimə söz qaytarmazdı. Bu da onun ailə tərbiyəsindən  irəli gəlirdi”. 
 


Dostu danışır ki, Ədalət məktəbdə oxuyanda  

Hərbi hazırlıq dərsini daha çox sevirmiş: "Hərbi hazırlıq dərslərinə xüsusi marağı vardı. Məhz bu marağı onun vətənpərvər yetişməsində böyük rol oynadı. Ədalət döyüşə gedən gün mənə zəng vurdu. Həmişəkindən fərqli danışırdı, sanki Şəhadətə yüksələcəyini bilirdi. "Görüşmək ümidi ilə”  deyib telefonu söndürdü. Təəssüf ki, görüşə bilmədik. Bu, axırıncı danışığımız oldu, ondan sonra onun səsinə həsrət qaldıq.  

Ədalətin şəhid olması tək ailəsini deyil, bizi də sarsıtdı. Hərdən elə bilirəm ki, nə vaxtsa gələcək, sanki şəhid olmayıb, bir gün zəng edib "mən sağam” deyəcək, bizlə həmişəki kimi danışacaq”. D.Babayev dostunun itkisinə nə qədər çox üzülsə də, onun Vətən uğrunda şəhid olmasından qürur duyur: "Nə qədər sarsıdıcı olsa da, bir o qədər də fəxr edirəm ki, mənim dost dediyim şəxs bu gün Allah yanında ən uca zirvədədir - şəhidlik məqamına sahibdir. 

O, nəinki ailəsinin, hər birimizin, bütün Azərbaycan xalqının qəlbində xüsusi yer tutur. Məhz belə qəhrəmanlarımız sayəsində illərlə həsrətində qaldığımız doğma yurdumuza  - Qarabağımıza qovuşduq. Mən səninlə Fəxr edirəm, nur üzlü dostum! ŞƏHİDİM, heç vaxt unudulmayacaqsan!”

"Ən vəfasız əşya saatdır. Çünki fırlanıb eyni yerə gəlir, amma fırlandığı anda apardıqlarını geri gətirmir”. "İnstaqram”da Ədalətin sonuncu paylaşımı saat şəkli olub. Sanki zamanın onu geri qaytarmayacağını duyurmuş... 

İndi Aşağı Qaraməryəm kəndinə gələnləri kəndin girişində şəhid Ədalət Dəmirovun simasında qəhrəmanlıq ifadə edən şəkli qarşılayır. İnsanlar bu şəklin qarşısında dayanır, sükut edir, Tanrıdan rəhmət diləyirlər. Dəmirovlar ailəsinin də yeganə təsəllisi budur:  oğulları Vətən torpaqlarının azadlığı uğrunda şəhid olub. "Vətən sağ olsun! Ədalət şəhidlik zirvəsinə ucaldı...”- deyirlər. 
 
Təranə Məhərrəmova