Bayram kimi festival - Fotolar
İsti yay günləri. Dəniz kənarında
bir şəhər və teatr festivalı. Təsəvvür edin ki, burada mənəvi istirahət üçün hər
bir şərait var. Qalır, bu şəraitdən, daha doğrusu, o istirahətdən zövq almaq.
Biz də bu istirahəti dəyərləndirənlərdən olduq. Belə ki, 1-5 iyun tarixlərində
I Lənkəran Beynəlxalq Teatr Festivalı baş tutdu. Mədəniyyət Nazirliyi, Lənkəran
Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə
keçirilən festivalın son günündə yerli və xarici iştirakçıların təəssüratlarını
xəbər aldıq. Onlar teatr festivalının bir bayram olduğunu və bu bayramdan zövq
aldıqlarını bildirdilər.
"Festivalın keçirilməsi özü bir hadisədir”
Teatr Xadimləri
İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru,
xalq artisti, professor Azər Paşa Nemətov festivalın bir
bayram olmasından və bu bayramda iştirakın nə qədər vacibliyindən danışdı:
"Bizim bura toplanmağımzın əsas səbəbi I
Lənkəran Beynəlxalq Teatr Festivalıdır. Lənkəran Teatrı mənim üçün ona görə
doğma bir məkandır ki, gənclik illərimdə bu teatrda tamaşa hazırlamışam. Prezidentimizin
teatrların inkişafı ilə bağlı verdiyi sərəncama əsasən, Azərbaycanda mövcud
olan teatrların əksəriyyəti təmir olundu, aktyor və rejissorlar üçün əlverişli
şərait yaradıldı. Teatrlarımızın yaradıcı proseslə məşğul olması üçün hər bir
imkan var. Və bu gün beynəlxalq festivallar təşkil edəndə, teatr binalarımıza,
texniki imkanlarımıza baxanda utanmırıq. Əksinə, əlverişli şəraitimizlə fəxr
edirik. İstər paytaxtda, istər bölgələrimizdə müasir standartlara cavab verən
teatr binalarımız var. Hesab edirəm ki, biz rahatlıqla Lənkəranda teatr
festivalı kimi bir çox festivallara ev sahibliyi edə bilərik. Bu festivalın
keçirilməsi özü bir hadisədir. Bu hadisə münasibəti ilə Lənkəran sakinlərini,
teatrsevərləri təbrik edirəm. Ola bilər ki, Lənkəran sakinləri Bakıya, eləcə də
digər bölgələrə gedib onların teatrlarında nümayiş olunan tamaşalara baxa
bilməsinlər. Yaxud da xaricə gedib tamaşaları izləmək imkanları olmur. Bu
festival nəticəsində onlara imkan yaradılır ki, paytaxt və xarici teatrların
hazırladıqları tamaşaları izləsinlər. Bu teatrlar özləri Lənkəran tamaşaçılarının
ayağına gəlib, təmasda olur. Bunun ümumi mədəniyyətimiz, mədəni inkişafımız
üçün mahiyyəti böyükdür. Teatr Xadimlər İttifaqı olaraq Mədəniyyət Nazirliyi
ilə birlikdə belə festivalların keçirilməsini müsbət qarşılayır, bunun üçün
dəstəyimizi əsirgəmirik. Bu tip festivallara ev sahibliyi etməklə həm də
Azərbaycan mədəniyyətinə xidmət etməyə çalışırıq”.
Lənkəran teatrı
üçün imtahan, lənkəranlılar üçün teatr bayramı
Lənkəran Dövlət
Dram Teatrının direktoru Tofiq Heydərov bizimlə söhbətində
teatrın ikinci dəfə belə mötəbər bir
festivala ev sahibliyi etdiyini dedi: "I Beynəlxalq Teatr Festivalı struktur
baxımdan fərqlənir. Burda paytaxtdan, bölgələrdən, eyni zamanda xarici teatrlar
da iştirak edir. Belə ki,
festivalda Böyük Britaniyanın "Two Destination Language” Teatrı,
Gürcüstanın "Azadlıq” Teatrı, İranın "Muğan Hünər” və "Mika”
teatrları, habelə "Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri də iştirak
edirdilər. Bu da bizi böyük bir məsuliyyətə cəlb edir. Xaricdən təşrif
buyuran qonaqların rahatlığının təmin olunması, yaradıcılıq imkanlarının
nümayişi üçün uyğun şəraiti yaratmaq məsuliyyətimizi daha da artırır.
Teatrımızın kollektivi tərəfindən həm yaradıcı, həm də texniki məsələlər həll
olunur. Qonaqların qarşılanması, gözəl xidmət görmələri üçün yaxşı atmosfer
yaratmışıq. Biz üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyə hazır idik”.
T.Heydərov əlavə etdi ki, festivalın Lənkəran
şəhərinin tanınması cəhətdən də müstəsna rolu var: "Belə festivalların
Lənkəranda keçirilməsi bizim üçün çox önəmlidir. Bu, tarixi, təbiəti,
mədəniyyəti ilə seçilən Lənkəranın tanınmasında müstəsna rol oynayır. Təbii ki,
biz beynəlxalq layihələrə hər zaman hazırıq. Bu festival nəticəsində həm
Lənkəran turistik bir bölgə kimi tanınacaq, həm də Lənkəran Teatrının adı
sərhədləri aşacaq. Məhz bu festival paytaxt, bölgə sakinlərinə, eləcə də xarici
vətəndaşlara Lənkəranla tanış olmaq üçün hər bir imkan yaradır. Festival imkan verir ki, onlar Lənkəranın
iqtisadi, siyasi potensialını görə bilsinlər. Festival çərçivəsində Lənkərana
gələn truppalarla, bədii şuralarının üzvləri, kollektivlərlə görüşlər keçirdik,
onlarla müəyyən təcrübə mübadilələri apardıq. Bu da bizim gələcək işimizin
inkişafında müstəsna şəkildə rol oynadı. Son olaraq isə qeyd edim ki, I
Lənkəran Beynəlxalq Teatr Festivalı Lənkəran Teatrı üçün bir imtahan,
lənkəranlılar üçün teatr bayramı idi”.
"Müxtəlif teatrlar
bir amal uğrunda yığışdılar”
Lənkəran Dövlət
Dram Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanov isə
deyir ki, bu festival teatr cameəsini bir araya toplamaq üçün vasitədir:
"Lənkəranda keçirilən bu festivalda teatrlarımız bir çətir altında toplaşdı.
Onlarla fikirlərimizi bölüşdük, diskussiyalar etdik, maraqlı müzakirələrimiz
oldu. Burada ən çox qazanan isə uşaqlar oldu. Belə ki, nümayiş olunan
tamaşaların əsas izləyiciləri olan uşaqlar böyük maraqla tamaşaları izlədilər.
Əslində uşaqları bir saat nəyəsə baxmağa məcbur etmək bir qədər çətin olur. O
qədər maraqlı bir şey göstərməlisən ki, onların diqqətini cəlb etsin. Bu
festival çərçivəsində mən uşaqlarda bu marağı hiss etdim. Bu festival
çərçivəsində müxtəlif teatrlar bir amal uğrunda yığışdılar. Doğma teatrımızın
səhnəsindən repertuarda olan tamaşaları izlədim və bu mənim özümə böyük ruh
yüksəkliyi verdi. Mənə yaratmaq, işləmək həvəsi gətirdi. Burada xarici teatrların
iştirakı bizi bir az da ruhlandırdı. Əlbəttə ki, biz də onlara baxıb nələrisə
öyrəndik, nələrisə bəyəndik, nələrdənsə razı qalmadıq. Əsas odur ki, hamı
tamaşaları izləyir, əylənir, başqa bir mühitə düşürük”.
"Bizləri sənət yaxınlaşdırdı”
Gəncə Dövlət Kukla
Teatrının direktoru, əməkdar artist Fərmail Paşayevfestivalın uşaqların yaddaşında böyük izlər buraxdığını qeyd etdi: "Belə
festivalların tez-tez keçirilməsi ölkədə fəaliyyət göstərən teatrların bir-birilərini
yaxından tanıması üçün böyük əhəmiyyət kəsb edir. Bir dəfə Türkiyədə
festivalların birində iştirak edəndə, teatrda ailə bayramı keçirilməsinin
şahidi oldum. Belə ki, teatrda çalışan işçilər bir gün təyin edib, öz xanımları,
bəyləri, uşaqları ilə ailə bayramına təşrif buyurmuşdular. Teatrda çalışan
insanların ailəvi olaraq bir-birini yaxından tanımaları üçün belə bir şənlik
keçirirdilər. Deməyim odur ki, teatrlar da bir ailədir. Festivalları isə, o
ailələri bir araya toplayan bir ailəyə bənzədirəm. Belə ki, teatrlarımızın
aktyorları Lənkəran Teatrında, eləcə də festivalda iştirak edən digər
aktyorlarla fikir mübadilələri apardılar, dərdlərini bölüşdülər. Hesab edirəm
ki, belə festivallar çox olsa, Azərbaycan teatrları bir-birinə daha yaxın olar,
yaradıcılıq mübadilələri baş tutar. Bu, bəzəkli söz deyil. Akademik Milli Dram
Teatrı, Lənkəran Teatrı, ingilis teatrı elə doğmalaşdılar, sanki illərdi
bir-birilərini tanıyırdılar. Onları sənət yaxınlaşdırırdı”.
"Elə bilirik ki, doğma torpağımızdayıq”
İran İslam
Respublikasının "Mika” (Təbriz) teatrının müğənnilər qrupunun rəhbəri Əli Məmmədzadə bizimlə təəssüratlarını
bölüşdü. Bildirdi ki, bu festivalda iştirak etməkdən məmnunluq hissi
keçirirlər: "Biz sizinlə eyni mədəniyyətə, eyni dinə sahibik. Festival da
onları nümayiş etdirmək üçün bir vasitədir. Artıq 3-cü dəfədir ki Azərbaycanda
festivalda iştirak edirik. 12 il bundan qabaq "Ənəl-həqqin boğulan səsi”, o
biri il Lənkəran Teatrında "Canavar” tamaşaları ilə çıxış etdik. Bu festivallar
bizi bir-birimizə yaxınlaşdırır. Teatrın təşkilatçıları hər şeyi gözəl
hazırlayıb. Bizim rahatlığımız yüksək səviyyədə təmin edilib. Bu qədər insan
gəlir, onları izləmək şansı əldə edirik. Bütün bunlar bizi həm də inkişaf
etdirir. Lənkəran bizim üçün doğma məkandır. Burda olduğumuz üçün çox məmnunuq.
Biz onlardan enerji alırıq. Elə bilirik ki, doğma torpağımızdayıq”.
Lənkəran limonu,
samovar çayı
Böyük Britaniyanın
"Two Destination Language” Teatrının Şarlot Vinsentin əsəri əsasında
hazırlanmış "Near Gone” tamaşası ilə çıxış edən aktyorları Katerina Radeva
və Alister Louninin də fikirlərini öyrəndik. Onlar deyir ki, bu
günə qədər bir çox ölkələrə gedib, festivallarda iştirak ediblər. Lənkəranı isə
məxsusi seviblər. Günün birinci yarısında tamaşaları izləyib, ikinci yarısında
şəhəri gəziblər. Xüsusən də Lənkəran limonu, samovar çayının dadını uzun müddət
unutmayacaqlar. Repertuarda olan tamaşaları izlədiklərini və hər birinin
özünməxsus olduğunu bildirdilər. Sonda isə lənkəranlıları çox sevdiklərini
dedilər.
Xəyalə RƏİS
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai
Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin
formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində
hazırlanıb.