• şənbə, 20 Aprel, 08:24
  • Baku Bakı 14°C

Baydenin müraciəti, Rusiyanın cavabı

06.08.21 17:45 474
Baydenin müraciəti, Rusiyanın cavabı
Ekspert hesab edir ki, ABŞ və Fransa Ermənistanı müharibəyə sürükləmək istəyirlər
44 günlük müharibədən sonra Ermənistan imza atdığı üçtərəfli bəyanatda yer alan öhdəlikləri müxtəlif üsullarla yerinə yetirməkdən boyun qaçırır. Bir çox ekspertlər Paşinyanın bu addımının Fransa və ABŞ-dan gələn təlimatlara uyğun olduğunu vurğulayırlar. ABŞ prezidenti Co Baydenin Azərbaycana və Ermənistana çağırışı bu məsələni bir daha diqqətə gətirdi. ABŞ rəhbəri Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlara sadiq olduğunu qeyd edib. Bayden bildirib ki, biz Ermənistan və Azərbaycanı danışıqlar predmetinə mümkün qədər tez qoşulmağa çağırırıq.
Bu çağırışın ardınca isə Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvarında imzalanmış üçtərəfli razılaşmaların icrası Qarabağ münaqişəsi zonasında vəziyyətin normallaşması üçün prioritetdir. ABŞ prezidentinin və Rusiya XİN-in eyni vaxtda Qarabağla bağlı mövqe nümayiş etdirməsi müəyyən proseslərin getdiyinə işarə kimi qəbul oluna bilər. Bayden bu müraciətlə nə demək istədi, Rusiyanın cavabında hansı eyhamlar yer aldı?

"Ermənistan qərbin əlində alət olaraq qalmaqdadır”

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, hər şeydən öncə, Baydenin çağırışları bir daha sübut edir ki, Ermənistan Qərbin əlində alət olaraq qalmaqdadır: "10 noyabr birgə bəyanatının imzalanmasına və Ermənistanın da sənədin şərtlərinə əməl etməyə hazır olduğunu dəfələrlə bildirməsinə baxmayaraq, təcavüzkar ölkə və onun baş naziri Paşinyan birgə bəyanatın şərtlərinə əməl etməkdən hər zaman yayınmağa çalışır. Görürük ki, Paşinyanın davranışları başlıca olaraq birgə bəyanatın de-legitimliyinə hesablanıb. Yəni birgə bəyanatın qüvvəsinin itirilməsinə gətirib çıxaracaq istiqamətdə cəhdlər etməkdədir. Son dövrlərdə sərhəd boyunca Ermənistanın təxribatları intensivləşdirməsi, təbii ki, elə Baydenin səsləndirdiyi fikirlərin nəyə hədəflədiyini bir daha göstərmiş olur. Yəni əvvəllər dəfələrlə qeyd etmişik ki, Ermənistan təxribatlarını intensivləşdirməklə münaqişənin hələ də mövcud olması təəssüratını formalaşdırmağa çalışır”.

Münaqişənin yenidən alovlanmasını təmin etmək lazımdır ki...

Siyasi elmlər doktoru qeyd etdi ki, Qərbin çağırışları ilə Ermənistanın təxribatları intensivləşdirməsi arasında yaxın bağlılıq aydın şəkildə görünmüş olur: "Yəni Ermənistan münaqişənin hələ də qalması təəssüratını yaratmağa çalışır. Başqa tərəfdən də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa məsələnin müzakirəsini Minsk qrupu formatına qaytarılmasını istəyir. Buradan da aydın görünür ki, ABŞ və Fransa münaqişə vəziyyətindən özlərinin regiondakı maraqları üçün istifadə etməyə çalışırlar. Artıq münaqişə də mövcud deyil. Belə olan halda, münaqişəsinin yenidən alovlanmasını təmin etmək lazımdır. Təbii ki, Ermənistan ona verilmiş təlimatlar əsasında sərhəd boyu təxribatlarını intensivləşdirir. Ermənistanın Qərbin ona vermiş olduğu dəqiq təlimatlar üzrə davrandığını görmək heç də çətin deyil. Ermənistan guya taktiki gedişlər edərək özünün, belə deyək, əsas hədəflərinə çatmağa çalışır. Ermənistan Qərbin təlimatları əsasında davranır və digər tərəfdən də sərhəd boyu rus hərbçilərinin yerləşdirilməsini istəyir”.

"Paşinyan Rusiyaya alternativləri dilə gətirir”

E.Mirbəşirin sözlərinə görə, Ermənistanda nə Rusiyanın, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının proseslərə qoşulmayacağını yaxşı bilirlər: "Bunu bilərək, belə bir istəyin səsləndirilməsi ona xidmət edir ki, Ermənistan Rusiyanın onun üçün əhəmiyyətli olmadığını sübut etsin. Yəni Ermənistan cəmiyyətinə onu aşılasın ki, nə Rusiya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu ölkə üçün heç bir işə yaramır. Belə olan halda, Paşinyan artıq alternativlərin aktuallığını qabardır. Bu da ondan ibarətdir ki, Fransa hərbçiləri də sərhəd boyunca, yaxud da ki, Ermənistan ərazisində sülhməramlılar adı altında yerləşdirilsin. Paşinyan bunu dolayısı ilə etiraf etmiş oldu və bildirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın çağırışlarına, onların gözləntilərinə uyğun cavab verməsə, o zaman alternativ variantlar haqqında düşünəcəklər. Alternativ variant da bəllidir və bir daha qeyd edirəm ki, Fransa hərbçilərinin Ermənistan ərazisində, yaxud da sərhəd boyu yerləşdirilməsindən ibarətdir. Amma digər tərəfdən, Ermənistanın davranışları çox ciddi paradoks təşkil etməkdədir. Hansısa hərbi qüvvələrin Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşdirilməsindən söhbət gedirsə, hər şeydən öncə, bu sərhədlərin dəqiqləşdirilməsi vacibdir”.

Ermənistan unutmamalıdır ki...

Millət vəkili bildirdi ki, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasının aparılmasının qarşısını hər vasitə ilə almaqdadır: "Rusiya tərəfi də belə bir təşəbbüs irəli sürmüşdür ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək işçi qrupu yaradılsın. Lakin Ermənistan tərəfindən bununla bağlı hər hansı bir reaksiya müşahidə olunmadı. Bir daha gördük ki, Ermənistanın başlıca məqsədi ondan ibarətdir ki, münaqişəni yenidən alovlandırsın, ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransanı proseslərə cəlb etsin. Yəni öncə səsləndirdiyimiz kimi, Qərbin, konkret olaraq ABŞ və Fransanın təlimatlarına uyğun olaraq məsələlər yenidən Minsk qrupu platformasında müzakirə olunsun. Bununla da, ABŞ və Fransa yenidən regionda özlərinin təsir imkanlarını bərpa etmiş olacaqlar. İndiki halda ABŞ və Fransa açıq-aşkar Ermənistanı müharibəyə sürükləməkdədirlər. Ermənistan unutmamalıdır ki, ötən ilin payızında, yəni sentyabr ayının 27-də törətdiyi təxribatlar onlar üçün necə baha başa gəldi”.

"Paşinyan girovluqdan çıxa bilməyəcək”

E.Mirbəşir vurğuladı ki, indi Azərbaycan Ordusu daha da güclüdür: "Ermənistan ordusu darmadağın olub və Azərbaycan onların təxribatlarının qarşısını ötən ilin payızındakı kimi alsa, artıq Ermənistanın özünün mövcudluğu sual altında qalacaq. Təbii ki, Paşinyan vəziyyətin nə yerdə olduğunu dərk edir. Rusiya ilə Qərb arasında manevr etməyə çalışaraq özünün siyasi karyerasını qorumağa çalışır. Bilir ki, onun təxribatları Qərbin gözlədiyi nəticələrə gətirib çıxarmayacaq. Ancaq Qərbə nümayiş etdirir ki, sizin istəyinizə uyğun davranmaqdayam. Məsələnin vacib olan başqa tərəfi isə ondan ibarətdir ki, Paşinyan Ermənistanın bu günə qədər həyata keçirdiyi işğalçılıq siyasətinin törətdiyi təxribatların girovluğundan qurtara bilməyəcək. Ermənistanda bundan sonra da siyasi gərginlik davam edəcək, yəni proseslər ona doğru gedir. Azərbaycan müqayisə olunmayacaq dərəcədə Ermənistandan güclüdür, prosesləri öz haqlı maraqlarına uyğun cərəyan etdirməkdədir. Paşinyan isə uzun müddət daxili siyasi çəkişmələrin girovluğundan və Qərbin boyunduruğundan çıxa bilməyəcək”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər