• cümə axşamı, 25 aprel, 16:12
  • Baku Bakı 23°C

Baydenin məktubu münasibətlərin perspektivini nümayiş etdirir

02.06.22 13:00 1037
Baydenin məktubu münasibətlərin perspektivini nümayiş etdirir

ABŞ Prezidenti Cozef Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub hər şeydən əvvəl iki ölkə arasında mövcud olan qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir. Bu məktub son günlərdə ABŞ Prezidenti tərəfindən Azərbaycan Prezidentinin ünvanına göndərilən ikinci təbrikdir ki, bu da özlüyündə mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputatın sözlərinə görə, iki ölkənin hazırkı mürəkkəb tarixi şəraitdə zəruri əməkdaşlıq çağırışları bütövlükdə regionun və Avropanın təhlükəsizliyi baxımından son dərəcə aktualdır. “Şübhəsiz ki, bu aktuallıq hələ əsası ötən əsrin əvvəllərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası ilə şərtlənir. Ancaq sonrakı mərhələdə “Əsrin müqaviləsi” kimi səciyyələndirilən neft kontraktının Qərbin enerji təhlükəsizliyinə verdiyi töhfələr Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən Cənub Qaz dəhlizi layihəsi ilə daha da strateji əhəmiyyət qazandı”, - deyə H.Babaoğlu qeyd edib.

Deputatın sözlərinə görə, bütün bu regional əməkdaşlıq platformaları ABŞ-ın fəal dəstəyi və iştirakı ilə reallığa çevrilib. Ona görə də hazırda dünyanın mühüm geostrateji mərkəzlərindən biri olan Avropada enerji təhlükəsizliyi tarixin heç bir dönəmində olmadığı qədər təhdidlərə məruz qaldığı bir vaxtda Azərbaycanın həyata keçirdiyi alternativ enerji təhlükəsizliyi kəməri xüsusi əhəmiyyət kəsb edir.

ABŞ Prezidentinin məktubunda da önə çəkilən əsas məsələlərdən birinin məhz bununla bağlı olduğunu bildirən deputat deyib ki, iki ölkə hazırda vaxtilə qəbul etdikləri uzaqgörən və perspektivli qərarların icrasının, regional əməkdaşlığa verdikləri mühüm töhfələrin təntənəsini yaşayır. Ancaq şübhəsiz ki, ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla məhdudlaşmır. Daha geniş və daha rəngarəng sahələri əhatə edir. Buraya qlobal terrorizmə qarşı mübarizədən başlayaraq, elm, təhsil, insan hüquqları və azadlıqları da daxil olmaqla, hərbi–siyasi sahədə əməkdaşlığa qədər son dərəcə çoxşaxəli istiqamətlər daxildir.

“Ona görə də ABŞ Prezidenti bu mühüm istiqamətlərə də toxunaraq iki ölkənin əməkdaşlığının yüksək səviyyədə olmasını göstərən siyasəti, yəni, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini alqışladığını bildirir və ABŞ tərəfindən bu siyasətə sadiqliyi ifadə edir. Eyni zamanda, Azərbaycanın regionda sabitləşdirici rol oynaması xüsusi vurğulanır ki, bu kontekstə Ukraynaya edilən humanitar yardım amilinə də xüsusi diqqət çəkilir”, - deyə H.Babaoğlu qeyd edib.

Deputat vurğulayıb ki, heç şübhəsiz, iki ölkə arasında münasibətlərin ABŞ Prezidenti tərəfindən belə yüksək qiymətləndirilməsi Azərbaycan-ABŞ münasibətlərinin olduqca müsbət perspektivlərinin olduğunu da nümayiş etdirir.

banner

Oxşar Xəbərlər