• cümə axşamı, 28 mart, 13:08
  • Baku Bakı 16°C

Baydenin komandası nə vəd edir?

27.11.20 17:33 472
Baydenin komandası nə vəd edir?
ABŞ-ın yeni prezidentinin kabinetində Türkiyəyə böyük önəm verən simalar olacaq

Yeni seçilən prezidenti Co Baydenin Ağ Evə ayaq basması ilə ABŞ-da və dünyada hansı dəyişikliklərin baş verəcəyi diqqət mərkəzindədir. Əksəriyyət əmindir ki, daha çox xarici siyasətdə köklü dəyişikliklər müşahidə olunacaq. Bayden, prezidentliyinin ilk yüz günü planlarında, hələ ki, ilkin olaraq miqrasiya islahatı və koronavirusla mübarizə var. "11 milyondan çox sənədsiz insanın vətəndaşlıq alması üçün Senata immiqrantlarla bağlı qanun göndərəcəyəm”, - deyə müsahibələrində bildirib. ABŞ-ın hazırkı prezidenti Donald Trampın ətraf mühitə və amerikalıların sağlamlığına zərər vuran bəzi fərmanlarını da ləğv etmək niyyətindədir. Baydenin əsas aparıcı postlara artıq namizədləri də bəllidir. Dövlət katibi Entoni Blinken, daxili təhlükəsizlik naziri Alexandro Mayorkas və ABŞ kəşfiyyat sistemi tarixində ilk qadın rəhbər Avril Heyns olacaq. Blinkenə gəldikdə, bu şəxs daha çox beynəlxalq tərəfdaşlıq, insan haqlarının və qaçqın hüquqlarının müdafiəçisi kimi tanınır. Entoni Blinken keçmiş Obama-Bayden administrasiyası dövründə dövlət katibinin müavini vəzifəsində çalışıb və 2002-ci ildən Co Baydenin müşaviri olub. Parisdə orta məktəbi bitirən Blinken NATO və digər ittifaqlar, habelə çoxtərəfli qurumların güclü bir dəstəkçisidir. Blinken ABŞ-ın qlobal qaçqın böhranının həllində iştirak edib və 2016-cı ildə uşaq şousu "Sesame Street”də qaçqınların kim olduğunu və insanların biri-birinə necə öyrəşə biləcəyini izah etmişdi. Onun "Bunlar evlərini tərk etmək məcburiyyətində qalan insanlardır. Qrover, təsəvvür edirsən ki, evini tərk etmək nə qədər çətindir?” sualına şounun qəhrəmanı Qrover "Xeyr, edə bilmərəm! Heç vaxt Sesami küçəsindən ayrılmaq istəməzdim!" cavabını verib. Bəzi analitiklər Blinkenin ilk prioritetinin Trampın çıxdığı müqavilələrə qayıtmaq və münasibətləri yaxşılaşdırmaq olduğunu deyir. "Düşünürəm ki, onun birinci və ən böyük prioriteti ABŞ-ın dünyada etibarlı bir müttəfiq və tərəfdaş kimi qəbul edilməsinin bərpasıdır. Düşünürəm ki, o, zədələnmiş münasibətləri bərpa etmək istəyir” - deyə, Atlantik Şurasından Mark Simakovski bildirib. Senat tərəfindən təsdiqlənsə, Blinken 2018-ci ilin aprelindən bəri dövlət katibi vəzifəsində çalışan Mayk Pompeonu əvəz edəcək.

Daxili təhlükəsizlik naziri Mayorkas daxili təhlükəsizlik nazirinin keçmiş müavinidir. O, nazirliyin rəhbərliyinə namizəd göstərilən ilk latın mənşəli bir mühacir olacaq. Kubanın Havana şəhərində anadan olan 60 yaşlı Mayorkas uşaq yaşlarında ailəsi ilə birlikdə siyasi qaçqın kimi ABŞ-a yerləşib. Vəkillik karyerasından sonra Obama administrasiyasına 2009-cu ildə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri agentliyinin direktoru vəzifəsində çalışıb və burada ölkəyə qanunsuz olaraq gətirilən immiqrantların müdafiəsi məqsədi daşıyan DACA proqramını (Uşaqlıqda Gələnlər üçün Təxirə salınmış Fəaliyyət) həyata keçirib.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Dövlət Departamentində 35 illik fəaliyyəti dövründə dünyanın dörd qitəsində işləmiş veteran afro-amerikalı diplomatdır. O, Obamanın prezidentliyi dövründə (2013-cü ildən 2017-ci ilədək) Afrika üzrə diplomat olub. Tomas-Qrinfild Qərbi Afrikada Ebola epidemiyası dövründə ABŞ-ın Böyük Səhraaltı siyasətinə rəhbərlik edib. Dövlət Departamentindən ayrıldıqdan sonra Tomas-Qrinfild keçmiş dövlət katibi Madlen Olbraytın qlobal strategiya şirkətində rəhbər vəzifə tutub.
İqlim üzrə xüsusi nümayəndə Con Kerri də Demokrat Partiyasında tanınmış simalardandır. O, Obama administrasiyasında keçmiş dövlət katibi, 25 ildən çox Massaçusetsdən keçmiş senator, 2004-cü ildə Demokrat Partiyasından prezidentliyə namizəd olub. İqlim üzrə xüsusi nümayəndə Nazirlər Kabineti vəzifəsi deyil, lakin Kerri Milli Təhlükəsizlik Şurasında oturacaq, ilk dəfə şuraya iqlim dəyişikliyinə dair bir səlahiyyətli daxil edəcək. Kerri, seçimi elan edildikdən sonra "Titter”də "Amerika tezliklə iqlim böhranını milli təhlükəsizlik təhdidi kimi qəbul edən bir hökumətə sahib olacaq” yazıb. Milli Kəşfiyyat direktoru Avril Heyns CİA-nin keçmiş direktor müavini və Obama administrasiyasında keçmiş milli təhlükəsizlik müşaviri vəzifələrində çalışıb. O, ABŞ kəşfiyyat icmasına rəhbərlik etmək üçün namizəd göstərilən ilk qadın olacaq. 51 yaşlı Heyns vəkildir və daha əvvəl Baydenin sədri olduğu Senatın Xarici Əlaqələr Komitəsində baş məsləhətçinin müavini vəzifəsində çalışıb. O, 2017-ci ildə Obama administrasiyasından ayrıldıqdan sonra Kolumbiya Universitetində bir neçə vəzifə tutub. Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Obama administrasiyası dövründə Baydenin təhlükəsizlik müşaviri vəzifəsində çalışıb. O, həm də Hillari Klintonun dövlət katibi olduğu müddətdə kadrlar aparatının sədri olub. 43 yaşlı Sallivan bu vəziyə seçiləcək ən gənc kadr olacaq.
Öz komandasını təqdim edən Bayden, bu komandanın heç də Barak Obamanın üçüncü müddəti olmadığını bildirib: "Biz Obama-Bayden idarəçiliyi dövründəki vaxtlardan tamamilə fərqli dövrdə yaşayırıq. Tramp landşaftı dəyişdi” deyən keçmiş vitse-prezident, bununla Trampın xarici siyasi mövqeyini xatırladıb. "Bu da "Amerika birinci növbədə”, yəni, Amerika özbaşına anlamına gəldi. Biz elə bir vəziyyətdə olduq. İndi isə hər şey dəyişib. Bu səbəbdən də aparıcı vəzifələrə və administrasiyaya Amerika xalqının ən müxtəlif baxışlı insanlarını və Demokrat Partiyasının bütün spektrini daxil etdim”. Maraqlıdır ki, bu şəxslərdən bəziləri, Obamanın da xatirələrində yazdığı kimi, ona Liviyada müharibəyə başlamağı tövsiyə edirdilər. O müharibə ki, artıq 10 ildir davam edir. On ildir ki, vətəndaş müharibəsi davam edir, miqrant axını Avropanı bürüyüb. Müşahidəçilər diqqəti ona yönəldirlər ki, Baydenin namizədliyini irəli sürdüyü şəxslər İsraillə ərəb ölkələri arasında Fələstin münaqişəsi nizamlanmadan separat sülh müqaviləsinin mümkünsüzlüyünü bildirirdilər. Trampın dövründə o qədər belə sazişlər imzalandı ki, onları sadalamaq da mümkün deyil. Trampın dövründə Yaxın Şərqdə üç sülh sazişi imzalandı. Oktyabrın sonunda İsrail və Sudan arasında münasibətləri normallaşdıran sazişin ardınca, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında saziş imzalandı.
Beləliklə, əsas aparıcı fiqurlar bəllidir. İqtisadi sahəyə gəldikdə, indidən bir çoxları bildirir ki, Baydenin prezidentliyi dövründə dolların ucuzlaşması davam edəcək. Bu qənaətə gələnlər arasında "Citi Private Bank”ın analitikləri də var.
Baydenin qələbəsindən və vəzifəsinin icrasına başlamasından sonra ABŞ valyutasının bir qədər də ucuzlaşacağını bankın baş investisiya direktoru Devid Beilin və baş iqtisadçı Stiven Uitinq proqnozlaşdırır. Onların fikrincə, Demokrat Partiyasının nümayəndəsinin seçilməsi ölkəyə geosiyasi risklərin azaldılmasını vəd edir. Xüsusilə Ağ Evin hazırkı başçısı Donald Trampın prezidentlikdən getməsi ticarət müharibələri (Çin də daxil olmaqla) və tarif artımı təhlükəsini azaldacaq: "Rəsmi Vaşinqton yenə də ittifaqlar qurmağı hədəfə alacaq: idarəetmə daha ənənəvi və proqnozlaşdırıla bilən hala gələcək”. ABŞ-ın bu siyasəti dünya maliyyə bazarlarına, xüsusən də inkişaf edən bazarlara faydalı təsir göstərəcək.
O ki qaldı postsovet məkanına, konkret olaraq Qarabağ münaqişəsinə - Co Bayden bu ilin sentyabrında Qarabağda başlayan döyüşlərə prezident Tramp administrasiyasının müdaxilə etməməsini qınamışdı. O, ABŞ-ın çoxdan Ermənistan, Azərbaycan və Türkiyə liderləri ilə birbaşa danışıqlar aparmalı və Azərbaycan qoşunlarının Dağlıq Qarabağa doğru irəliləməsinin qarşının alınmasına çağırmalı olduğunu bildirmişdi.
Məsələn, Avropa Xarici Münasibətlər Şurası analitik mərkəzindənAsli Aydıntaşbaşdüşünür ki, Co Baydenin hakimiyyətə gəlməsi ilə Türkiyə-ABŞ münasibətlərində yeni səhifə açılacaq: "Co Baydenın komandasına baxdığımız zaman ilk növbədə də Entoni Blinken, Ceyk Sallivan Türkiyəni yaxından, yaxşı tanıyan, Türkiyənin də önəmini bilən insanlardır. Əlbəttə, iki dövlət arasındakı gərgin münasibətləri idarə etmək çətin olacaq. Ola bilər ki, ilk 6 ay qeyri-müəyyən keçəcək. Ancaq əvvəl-axır iki ölkə arasında ortaq məsələlərdə razılıq, qarşılıqlı güvən olacaq”.

Azər
banner

Oxşar Xəbərlər