AZE | RUS | ENG |

Bayburtda hara baş çəkməli? - Reportaj - Fotolar

Bayburtda hara baş çəkməli? - Reportaj - Fotolar
Dədə Qorqudun, Beyrəyin məzarları, yeraltı şəhər, qədim qala...

Gəlin, sizi Türkiyənin ən kiçik şəhəri ilə tanış edim. Adı Bayburtdur, kiçik şəhər olsa da, torpaqlarında böyük tarix yazılıb. İnsanları mərddir, öz tarixini qoruyub saxlamağı, ona sahib çıxmağı bacarıblar. Onlar üçün milli-mənəvi dəyərlər digər dəyərlərdən üstündür. Bu diyardakı bir çox yerlər, xüsusilə, şifahi xalq yaradıcılığının möhtəşəm səhifələrindən biri olan və Oğuz türklərinin tarixi yaşantılarını, adət-ənənələrini özündə əks etdirən "Kitabi-Dədə Qorqud” dastanındakı adlarla uyğunluq təşkil edir. Burda insanlar öz övladlarına Bamsı, Beyrək adlarını qoyur və bununla fəxr edirlər. Onlar babalarının babalarından eşitdikləri qədəri ilə xatırlatmağa çalışırlar ki, Oğuzların mənəvi atası Dədə Qorqudun qəbri də məhz buradadır.
Bizim Bayburta gəliş səbəbimiz burada 25-ci dəfə keçirilən "Dədə Qorqud” festivalı idi. Səfərimiz isə Türkiyənin Azərbaycandakı Mədəniyyət və Tanıtım müşavirliyi tərəfindən həyata keçirilmişdi.
Anadolunun şimal-qərbində, Çoruh çayının aşağı vadisində, dəniz səviyyəsindən 155 metr yüksəklikdə, yaşıllıqlarla örtülü mənzərəli bir şəhər qarşımda dayanıb. Bəzi mənbələrdə bu şəhərin tarixinin hətta miladdan əvvələ dayandığı qeyd olunur. Bayburt Qara dənizi Bəsrə körfəzinə bağlayan ticarət yollarının üzərində yerləşdiyi üçün bura daim bütün dövlətlərin diqqət mərkəzində olub və sanki Osmanlı dönəmindən necə varsa, elə də qorunub-saxlanılıb. Bayburt tarixi gözəllikləri ilə bərabər, əl dəyilməmiş təbii mənzərəsi ilə Anadolunun ən gözəl şəhərlərindən biri kimi yaddaşıma hopdu. Tarixi İpək Yolunun üzərində yerləşən Bayburtu dəlisov və müəyyən günlərdə özünü şıltaq qız kimi aparan Çoruh çayı iki yerə bölür.
Bayburta getmək üçün Türk Hava Yolları ilə İstanbula, oradan Ərzuruma keçid etdik. Ərzurumdan bir saatlıq yoldur Bayburta.  Bayburt və Ərzurum vilayətlərinə olan səfərimizdə bizə bələdçilik edən Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin (Kuzeydoğu Anadolu Kalkınma Ajansı–KUDAKA) əməkdaşları Fatih və Mehmet bəy bizi Bayburtun gəzməli yerləri və ən önəmli məkanları ilə tanış etdilər.  
 
Dədə Qorqudun türbəsi
 

 
Bayburtdan təxminən 40 kilometr məsafədə yerləşən Masat kəndində Dədə Qorqudun tarixi türbəsi ucalır. Uzun illərdir yerli əhali bu türbəni göz bəbəyi kimi qoruyub, dağıntılara məruz qalmasına imkan verməyib. Hətta türbəni ziyarət edən gün Dədə Qorqudun qəbrinin üzərində dayanıb dua edən, onun üçün ağlayan insanları belə gördüm.
Bu torpaqlarda özümü heç də qərib hiss etmədim. Türk dünyasının incisi olan Bayburt Türkiyə və Azərbaycanın ortaq tarixini, xalqlarımızın birgə keçmişini özündə əks etdirən nadir yerlərdən biridir.
 
Bamsı Beyrəyin məzarı
 

 
Burada ziyarət etdiyimiz digər bir məzar isə "Dədə Qorqud” dastanının qəhrəmanlarından olan Bamsı Beyrəyin dəfn olunduğu deyilən məzardır. Erenli (Duduzar) kəndində olan bu məzardan geniş bir mənzərəyə doğru yol görünür. Elə bir mənzərə ki, böyük sıldırım dağlar, uca qayalar o mənzərəyə yol yoldaşlığı edir.
 
Bayburt qalası
 
Bayburta gedib, qalaya çıxmadınsa, heç bu torpaqlarda olmayıbsan demək. Bayburt qalasından bütün şəhər ovcunun  içindəymiş kimi görünür. Bələdçimiz deyir ki, 1054-cü ildən başlayaraq Səlcuq türkləri bu şəhərə hücumlar təşkil ediblər. Vaxtilə inşa edilən və sıldırım qayalar üzərində yerləşən nəhəng Bayburt qalası bu hücumlardan qorunmaq üçün çox əlverişli bir  məkan olub. 1071-ci ildə baş verən Malazgird döyüşündən bir il sonra şəhər Səlcuq imperiyasının nəzarəti altına keçib. Türklərin şəhərə hakim olmasından sonra qala yenidən, bu dəfə daha əzəmətli bir şəkildə inşa olunub. Qala qapısına çatmadan geriyə baxanda, Bayburt şəhərinin möhtəşəm mənzərəsini, hətta şəhərin hər bir küçəsini görmək mümkündür.
 
Saat qülləsi
 
Otelimiz Bayburtun tam mərkəzində yerləşirdi. Eyvanımız isə şəhərin ən mənzərəli yerlərini görməyə imkan yaradırdı. Bayburtun rəmzi hesab olunan Saat qülləsi ilə qonşu idik. Yolun düz üzərində yerləşən qüllə Bayburtun əsas simvoludur. 1924-cü ildə tikilib. Turistlərin ən çox marağını çəkən qüllə və yol boyu uzanan dar keçidlər idi.
 
Aydıntəpə yeraltı şəhəri

Ən maraqlı məkanlardan biri də Aydıntəpə adlanan yeraltı şəhərdir. Qədim Roma imperiyası dönəmində yeraltı məkan xristianlığı qəbul edənlərin sığınacaq yeri olub. Hətta deyirlər ki, ikinci dünya müharibəsi zamanı bu məkandan istifadəyə cəhd olunub. 1988-ci ildən etibarən isə bu məkan hərtərəfli araşdırılmağa başlanılıb. Təxminən bir metrədək enində olan tunellə irəliyə doğru hərəkət edərkən qarşınıza mağaraya bənzər, o qədər də böyük olmayan çoxsaylı otaqlar çıxır. Deyilənə görə, yeraltı şəhərə sığınan ailələr vaxtilə həmin "kiçik evlərdə” məskunlaşıblarmış. Burada, necə deyərlər, təhlükəsizlik tədbirləri də görülüb. Düşmən sığınacağı aşkar etdikdə, onun yolunu bağlamaq üçün "otaqların” birində böyük yumru daş qoyulub. Bu sığınacağı hazırlayan insanlar su ilə təminatı da diqqətdən kənarda saxlamayıblar. Belə ki, tunellə təxminən 300 metr irəlilədikdən sonra qarşımıza kiçik hovuz çıxdı. Yeraltı bulaqdan süzülən su bu hovuza dolur. Maraqlıdır ki, hovuz tam dolandan sonra su axını dayanır. Tunellərdə havalandırma üçün də xüsusi yerlər mövcuddur. Konus formasında olan ventilyasiya dəlikləri yeraltı şəhərdə temperaturun 12 dərəcə selsidə saxlanılmasında böyük rol oynayır.
 
Çımağıl Mağarası
 
Bayburt iki yeraltı dünyası ilə də məşhurdur. Onlardan biri də Çımağıl mağarasıdır.  Şəhər mərkəzindən 35 kilometr məsafədə yerləşən Aşağı Çımağıl kəndində yerləşir.
Mağara əsrarəngiz və mistik bir atmosferə malikdir. Uzunluğu 110 metr, bəzi hissələrdə tavan hündürlüyü 30 metrdir. Əslində, mağara əhəmiyyətli bir ekskursiya sahəsidir və çox sayda turist ziyarət edir.
 
Baksı muzeyi
 
Bayburt yeni mədəni abidələri, muzeyləri ilə də zəngindir.  Baksı muzeyi də onlardan biridir. Bu muzey sanki xüsusi memarlar tərəfindən ilmə-ilmə hörülüb. Bir tərəfdən dağ, digər tərəfdən meşə mənzərəsi və hər ikisinin ortasında yerləşən  mədəniyyət muzeyi. Bu muzey Hüsamettin Koçan tərəfindən salınıb. Bayburtun tanıdılması və turist cəlb olunmasında böyük rolu olan muzeylərdəndir.
 
Demirözü Anbarı

Anbar deyiləndə düşündük ki, yəqin uzun illər bundan əvvəlin saxlanc yerini görəcəyik.  Ancaq məkana çatdıqda böyük bir göllə rastlaşdıq. Əvvəllər əkinçilik ərazilərinin suvarılması məqsədi ilə istifadə edilən bu anbar indi bələdiyyənin təşəbbüsü ilə turizm bölgəsinə çevrilib. Gölün ətrafında hazırlanan anbarda isə balıqlar saxlanılır. Burdan tutulan balıqlar restoranlarda bişirilir və turistlərə təklif olunur. Turistlərə kiçik gəmilərlə  yarım saatlıq turlar da təklif olunur.   
 
Kenan Yavuz Mədəniyyət Evi

2015-ci ildən fəaliyyət göstərən Kənan Yavuz Mədəniyyət Evi və Etnoqrafiya Muzeyi bizə bu torpaqlarda qədim dövrlərdə insanların hansı məişət işləri ilə məşğul olduqlarını göstərdi. Şəhərdən xeyli kənarda, tamamilə sakit və səssiz bir yerdə yerləşir. Burada  100-200 il bundan əvvəl istifadə edilən kənd təsərrüfatı vasitələri, köhnə Bayburt evi, su dəyirmanı, eləcə də "Əkinçilik Muzeyi” və kənd həyatı təbliğ olunur. Muzey içərisində kənd təsərrüfatından başlayan sivilizasiyanın izləri görünür və turistlərə təqdim olunur. Anadolu və Türk əkinçiliyinin mərhələlərini işıqlandıran muzey keçmişdə istifadə edilən, lakin indi itirilməkdə olan müxtəlif kənd təsərrüfatı alətləri və maşınlarını qorumaq məqsədi daşıyır.
Köhnə kənd təsərrüfatı alətləri və traktorlar, kombaynlar, ot maşınları, həmçinin dənli bitkilərin emalında istifadə olunan bütün alətlər bu muzeydə sərgilənir. Bunların muzey inventarına daxil edilməsi, əkinçilik və kənd həyatının mədəniyyətini tanıtmaq və mədəni həyatımıza zənginlik əlavə etmək baxımından böyük önəm daşıyır.
 
Toxuculuq Mərkəzi

Bayburtda qadınların da asudə zaman keçirmələri və əylənmələri üçün mərkəzləri var. Burada xanımlar toplaşır, xalça toxuyur, cəhrədə yun əyirir və yundan çantalar, pul qabı, geyimlər toxuyurlar. Qadınlar əl əməyi, göz nuru ilə ərsəyə gətirdikləri məhsulları isə mərkəzin ikinci mərtəbəsində satışa çıxarırlar. Bu mərkəzdə Bayburtlu xanımlarım gündəlik olaraq istifadə etdikləri ehramlarla tanış olduq. Yundan toxunan ehramlar yayda sərin, qışda isə isti geyim kimi istifadə edilir.
Beləliklə, Bayburt bizim üçün yeni bir tapıntı oldu. Bu şəhər həm tarixi, həm də milli-mənəvi dəyərləri özündə əks etdirir. İstirahət üçün müraciət olunan ən əlverişli şəhərdən biridir desək, yəqin ki, yanılmarıq.
 
Xəyalə Rəis
 





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973