• cümə, 29 Mart, 01:32
  • Baku Bakı 7°C

Başqanlıq seçkisi Müsavatı parçaladı

30.09.14 10:38 1329
Başqanlıq seçkisi Müsavatı parçaladı
Müsavat Partiyasının çoxdan gözlənilən qurultayı nəhayət ki, baş tutdu. Təbii ki, əsas diqqət yeni başqanın seçilməsinə yönəlmişdi. Gözlənildiyi kimi, İsa Qəmbərin dəstəklədiyi Arif Hacılı Müsavatın yeni başqanı seçildi. O, səslərin 228-ni toplayaraq 200 səs toplayan Qubad İbadoğlunu qabaqladı. Amma nəticələr elan olunan kimi, narazılıqlar da səsləndirilməyə başlandı. Xüsusilə də seçki prosesində Arif Hacılının əsas rəqibi olan Qubad İbadoğlu açıq şəkildə etirazını bildirdi.
Q.İbadoğlu qeyd edib ki, özü və tərəfdarları Müsavatda heç bir seçkili orqanlarda təmsil olunmaq niyyətində deyillər: «İndi burada başlarını aşağı salıb oturublar, amma rayon təşkilatlarının sədrləri bilir ki, kimlər zəng vurub deyirdilər ki, İsa Qəmbər filan namizədi dəstəkləyir, siz də ona dəstək olun. Təəssüf ki, mən bu insanları tanımamışam, seçki prosesi mənə bu adamları tanıtdı. Seçkinin azad və şəffaf olmasına heç bir şübhəm yoxdur, amma seçkidə ədalətlilik prinsipi pozulub. Bütün bunlara baxmayaraq, mən bu hadisəni Cəmil Ünala görə bağışlayıram”.
Qubad İbadoğlu partiyanın iclasında çıxış edərkən deyib ki, hazırda Müsavatda dəyişikliklərə ehtiyac var. Onun sözlərinə görə, partiyanın qurultayı ərəfəsində bəzi ədalətsizliklərə yol verilib: “Biz növbəti dönəmdə partiyanın yeni seçilmiş rəhbərliyinə baxacağıq ki, görək, onlar Müsavatı hara aparır? Buna uyğun qərarımızı verəcəyik. Qurultay nümayəndələri arasında Gənclər Təşkilatının cəmi iki üzvü vardı. Çünki əvvəldən prosesin necə olacağı bilinirdi. Divan üzvləri Hökumə İbrahimli, Məryəm Oruclu və Vurğun Əyyub kimi şəxslərin adı qurultay nümayəndələrinin siyahısına daxil edilməyib. Çünki onların mövqeyi məlum idi”.
Bundan sonra zalda səs-küy yaranıb. Arif Hacılının tərəfdarları Qubad İbadoğlunun çıxışına etiraz ediblər. Müsavatın sabiq başqanı İsa Qəmbər isə qurultay nümayəndələrini sakitləşdirməyə çalışıb. Q.İbadoğlu isə yeni başqan Arif Hacılını nəzərdə tutaraq: “Öz komandanız var və mən sizə uğurlar arzu edirəm” – deyə çıxışını yekunlaşdırıb.
Müsavatın sabiq başqanı İsa Qəmbər isə Q.İbadoğlunun bəzi ittihamlarına cavab verib: “Əgər şəffaf və demokratik seçki keçirilirsə, burada narazılığın olması təbiidir. Əslində, bilmədiyiniz məqamlar çoxdur. Hər bir məqamın ayrıca izahatı var. Vurğun Əyyub qurultay nümayəndələri seçilən ərəfədə Azərbaycanda olmayıb. O, Türkiyəyə getməzdən əvvəl də mənimlə görüşüb, Divan üzvlüyündən istefa verməyə məcbur olduğunu dedi. Ancaq mən bunun qarşısını aldım və bildirdim ki, Azərbaycana qayıdandan sonra istənilən vaxt fəal siyasətlə məşğul ola bilər. Buna görə istefa verməsinə zərurət yoxdur. O da mənim fikrimlə razılaşdı”. İ.Qəmbər qeyd edib ki, əvvəlcədən kimi başqan görmək istədiyini açıqlamayıb: “Əgər mövqeyimi əvvəlcədən açıqlasaydım, səs fərqi bu qədər az olmazdı”.
Müsavatın yeni başqanı A.Hacılı isə deyilənlərə cavab vermək istəmədiyini, hər kəslə işləməyə hazır olduğunu deyib: “Mən bütün hallarda kiməsə get yox, gəl demişəm”.
Mətbuata açıqlamasında isə Q.İbadoğlu yaranmış durumun Nizamnamə çərçivəsində tənzimlənməsinin tərəfdarı olduğunu, həftə sonuna kimi məsləhətləşmələr aparıb, növbəti addımlarını açıqlayacağını bildirib: «Hazırda başqanlıq seçkisinin nəticələri və veriləcək qərarlarla bağlı müzakirələr davam edir. Məsələ bundan ibarətdir ki, partiyanın strukturları formalaşmalıdır. Məclisə seçkilər keçirilib, ancaq demək olar ki, yarımçıqdır. Biz bu prosesin yekunlaşmasını gözləyəcəyik və ondan sonra Nizamnamə çərçivəsində qərarlar qəbul etmək niyyətindəyik”.
Seçki günü namizədliyini Q.İbadoğlunun xeyrinə geri götürən Səxavət Əlisoy da seçkinin obyektiv keçirilmədiyini vurğulayıb: “Udan populistlər və şüarçılar, uduzan islahat tərəfdarları oldu”. O, A.Hacılıya işarə edərək bildirib ki, 50 dəfə “mən” deyən biri başqan seçildi: “Müsavat dəyişmək istədi, 4 səs imkan vermədi. Bir çıxışında az qala 50 dəfə "mən" deyən, bir 50 dəfə də İsa Qəmbərə istinad edən biri təlimatlandırılmış tərəfdarlarının gurultulu və sürəkli alqışları altında, partiyanın icra aparatındakı “çete”sinin hər cür oyunbazlıqları sayəsində sədr seçildi. Son 20 ildəki seçki məğlubiyyətləri bir daha zəfər kimi qiymətləndirildi. Kəsəsi, partiya ötən əsrin 70-ci illərindəki durğunluq dövrünə oxşar bir mərhələyə qədəm qoydu. Dəyişiklik tərəfdarı olanlar indi necə hərəkət etməlidir? İslahat tərəfdarlarının şüarçılar, populistlər, hay-küyçülər ilə birgə fəaliyyəti mümkünmü? İndi çoxları bu məsələ barədə fikirləşir. Yaxın günlərdə mən də öz qərarımı açıqlayacam”.
Q.İbadoğlunu dəstəkləyən partiyanın Divan üzvü Vurğun Əyyub da seçkilər zamanı bəzi qüsurlara və ədalətsizliklərə yol verildiyini vurğulayıb. «Partiyanın İcra Aparatında çalışan şəxslər rayon təşkilatlarının üzvlərinə təzyiq göstəriblər. Bu barədə faktlar var”. V.Əyyub bildirib ki, qurultay ərəfəsində hazırkı başqan A.Hacılının tərəfdarları tərəfindən qurultay nümayəndələrinə siyahı paylanıb ki, bunlar da Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin qərarının pozulması deməkdir: “Buna görə də qurultaydakı seçkilərin nəticələrinin legitimliyi mənim üçün şübhəlidir”.
V.Əyyub qeyd edib ki hələ ki partiyadan istefa vermək niyyətində deyil: “Mən dediyim faktları müsavatçıların diqqətinə çatdırıb, münasibəti öyrəndikdən sonra qərar verəcəyəm”.
Müsavat Partiyasının yeni başqanı Arif Hacılı da iddiaları cavabsız qoymayıb. O, Modern.az saytına açıqlamasında başqanlıq seçkilərinin tam şəffaf keçdiyini bildirib: “Ola bilsin ki, kimlərsə hansısa qüsurların olduğunu deyir. Amma bu qüsurlar seçkinin nəticəsinə təsir etməyib».
Əslində isə bütün bunlar Müsavatdakı seçkilərin heç də müsavatçıların təqdim etdikləri kimi şəffaf və ədalətli keçmədiyini deməyə əsas verir. Hətta radikal müxalifət mövqeyindən çıxış edən «Meydan» TV-nin hazırladığı reportajda da seçki kabinetinə 2 nəfər girməsi, gizli kabinetdən kənarda səs verilməsi, səsvermə zamanı digər şəxslərin bülletenlərinə baxılması kimi faktlar əks olunub.
Seçkinin nəticələri faktiki olaraq əvvəlcədən proqnozlaşdırıldığı kimi, Müsavatı parçalanma həddinə çatdırıb. Nəticələr elan olunandan sonra hüquq müdafiəçisi, bir zamanlar "Yeni Müsavat" qəzetinin əməkdaşı olmuş Samir Kazımlı partiyadan istefa verdiyini açıqlayıb. Qurultay sonrası verilən açıqlamalardan da görünür ki, Müsavatın əsas aparıcı fiqurları seçkinin nəticələrindən narazı qalıblar. Üçüncü namizəd Tural Abbaslının tərəfdarlarından da heç kim partiya Məclisinə seçilə bilməyib. Onlar da qısa müddət ərzində istefalarını rəsmiləşdirə bilərlər. Daha doğrusu, Əbülfəz Elçibəyin vəfatından sonra AXCP-də yaşananlar indi Müsavatda təkrarlana bilər. Qurultaydan sonra partiya faktiki olaraq 2 yerə bölünüb. Seçkidə məğlub olanlar özlərini dəyişikliklər tərəfdarı olan islahatçılar kimi qələmə verir. Belə görünür ki, onlar çox da uzaq olmayan gələcəkdə ya partiyadan gedəcək, ya da alternativ Müsavat Partiyası formalaşdıracaqlar. İndiki Müsavatda isə Arif Hacılı və İsa Qəmbərdən başqa heç kim qalmayacaq.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər