• şənbə, 20 Aprel, 00:33
  • Baku Bakı 15°C

“Baş məşqçini zorla saxlaya bilmərəm“

12.08.13 11:46 1541
“Baş məşqçini zorla saxlaya bilmərəm“
“İnter” klubunun bolqarıstanlı prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi:
- Gürcüstanlı baş məşqçiniz Kaxaber Sxadadze “Qəbələ” ilə oyundan sonra istefa vermək istəyib. Mövsümə 2 məğlubiyyətlə başlayan komandanızda baş məşqçi dəyişikliyi gündəmdədir?

- Yox. Hazırda baş məşqçi dəyişikliyi aktual deyil. Sadəcə, Sxadadze oyundan sonra emosiyalarla danışıb. Matçdan sonra onunla qısa söhbətim oldu. Çalışdırıcı belə vəziyyətdə nə istəsə, deyə bilər. Ancaq onu sakitləşdirdim. Dedim ki, get yat, dincəl, səhər danışarıq. Bu gün məşqçilərlə qısa məşvərətimiz olacaq. Ancaq bu, hər oyundan sonra adəti üzrə keçirdiyimiz bir toplantıdır. Mən məşqçilərə fikirlərini bildirmək üçün imkan yaradıram.
- Ancaq bu faktdır ki, “İnter” mövsümə 2 məğlubiyyətlə başlayıb və klubun tarixində belə şey olmamışdı...

- Bəli, ilk dəfədir belə uğursuz start götürürük. Ancaq digər tərəfdən, biz əvvəllər çempionatı yaxşı başlamışıq, sonu bizim üçün uğursuz olub. İndi belə olsun ki, pis başlayaq, təki sonu uğurlu olsun. Buna ümid edirik. İstənilən halda, nikbinliyimizi saxlayırıq. Hər məğlubiyyətə görə təşvişə düşmək düzgün deyil. Hər halda, nəzərə almaq lazımdır ki, startda 2 güclü rəqiblə - hazırda liderlər olan “Qarabağ” və “Qəbələ” ilə üzləşmişik.
- Sxadadzenin məsələsinə qayıtsaq, uğursuzluğa görə günahı özündə görüb, getməyi təkid etsə, onda necə olacaq?

- Hər şey ola bilər. Kiminsə iradəsinə qarşı çıxıb, onu zorla saxlaya bilmərəm. Sadəcə, fikrim belədir ki, kimsə başladığı işi sona çatdırmalıdı. Baş məşqçini hər məğlubiyyətdən sonra vəzifəsindən çıxarmaq prinsipimə ziddir. Təsadüfi deyil ki, kluba rəhbərlik etdiyim 7 ildə cəmi 2 baş məşqçi – Valentin Xodukin və indiki çalışdırıcımızla işləmişəm. Sxadadze çempionatı sona çatdırmalı, heç olmasa, qışa kimi komandanın başında olmalıdır.
- “Transfer pəncərəsi” hələ bu ayın sonunda bağlanacaq. Yeni transferləriniz olacaq?

- Əlbəttə. Heyətimizi gücləndirməliyik. 2 transferimiz olacaq. Danışıqlar final mərhələsindədir. Buna görə hələ ad çəkə bilmərəm. Ancaq qısa müddətdə onların adlarını biləcəksiniz.
- Yəqin ki, hücuma olacaq...

- Sözsüz. Bu mövqe bizim “ağrıyan dişimizdir”. Biri hücumçu olacaq, digəri də hücuma meylli yarımmüdafiəçi.
- Əsas qapıçınız olan Georgi Lomaya hər 2 matçda ehtiyatda qaldı, “çərçivə” Səlahət Ağayevə tapşırıldı. Lomayanın oynamamağı hansı problemlə bağlıdır?

- Qapıda Səlahətin dayanmağının nəyi pisdir ki? Hər halda, o, Azərbaycanın əsas yığmasının qapıçılarından biridir. Lomayanın hazırkı vəziyyəti elədir ki, 100 faiz hazır deyil. Bizdə qapıçıların durumunu onlarla işləyən məşqçi Cəmaləddin Əliyev dəyərləndirir. Məğlubiyyətləri qapıçı ilə əlaqələndirmək olmaz. Bir də ki, qapıda yerli futbolçu yer alanda limitdə 1 yer boşalır. Bu da bir biclikdir.
- “Qəbələ”dən “İnter”ə qolların ikisini keçmiş futbolçularınız – mövsümlərarası fasilədə komandanızdan gedən Vladimir Levinlə İbrahima Niasse vurdu. Bunu necə qəbul etdiniz?

- Bu, onu göstərir ki, necə futbolçular yetişdiririk. İndi görüm kim deyəcək ki, “İnter” Azərbaycan futboluna xidmət etmir?
banner

Oxşar Xəbərlər