• cümə, 29 Mart, 17:29
  • Baku Bakı 14°C

Baş infeksionist: “Ümid edirəm ki, növbəti il dönüş baş verəcək, bəşəriyyət pandemiyadan xilas olacaq"

27.05.21 11:40 361
Baş infeksionist: “Ümid edirəm ki, növbəti il dönüş baş verəcək, bəşəriyyət pandemiyadan xilas olacaq"
"Hazırda qapanmalara gedən ölkələrlə yanaşı, yumşalmalara gedən bir çox ölkə var".
BunuAPA-ya baş infeksionist Təyyar Eyvazov deyib.
O, Azərbaycanda epidemioloji durumun yaxşılaşmasının yumşalmalara getməyə imkan verdiyini qeyd edib: "Hesab edirəm ki, pandemiya ilə mübarizədə nailiyyətlərin əldə olunması birinci növbədə dövlətimiz tərəfindən düzgün strateji qərarların vaxtında qəbulu və icrasıdır. Artıq əminliklə deyə bilərik ki, bu günə qədər görülən kompleks tədbirlər müəyyən iqtisadi geriləmələrə baxmayaraq, daha az itkilərlə vəziyyətdən çıxmağımıza imkan verib. Yalnız bir faktı sadalamaq dediklərimizə sübutdur. Azərbaycan pandemiya ilə mübarizədə ən kəsərli vasitə olan vaksinasiya prosesini bir çox inkişaf etmiş ölkələrlə eyni vaxtda başlaya bildi və uğurla davam etdirir. Bu gün dünyada vaksin qıtlığı yaşandığı halda, ölkəyə kifayət qədər peyvəndin gətirilməsi təmin olunub, hətta əhalimiz üçün müxtəlif növ peyvəndlərin seçim imkanı yaradılıb".
Bununla belə, T. Eyvazov bildirib ki, qaydalarda yumşalmalara gedilməsi insanların təmaslarının artmasına səbəb olur ki, bu da son nəticədə yoluxma hallarının sayının yüksəlməsində özünü göstərə bilər: "Pandemiya təcrübəsi göstərir ki, bunun baş verməməsi üçün hər birimizdən universal fərdi qoruyucu qaydalara daha ciddi əməl etmək tələb olunur. Qapalı şəraitdə uzun müddət yaşamaq insanları artıq yorub. Lakin yenidən sərtləşmələrə getməmək istəyiriksə, hər birimiz vətəndaş məsuliyyətimizi hiss etməli, heç vaxt arxayınlaşmamalı, vaksinasiya prosesində aktiv iştirak etməliyik. Yalnız əhalinin əksər hissəsi vaksinasiya olunduqdan sonra əldə etdiyimiz nailiyyətlər, getdiyimiz yumşalmalar davamlı ola bilər".
Baş infeksionist bildirib ki, hazırda əhalinin iki növdən olan 3 müxtəlif vaksin seçimi var: "Verilən məlumatlara görə, digər bir növ vaksinin ölkəyə gətirilməsi gözlənilir. İndiyədək peyvənd olunanların sayı 2 milyonun üzərindədir. Prosesin təşkili yüksək səviyyədədir. Bu günədək peyvəndlərin ciddi yan təsirləri müşahidə olunmayıb. Ən başlıca istək isə əhalinin bu prosesdə könüllü olaraq daha aktiv iştirakına nail olunmasıdır. Vaksinasiya nə qədər sürətli aparılarsa, biz bir o qədər bu bəladan tez qurtula, əvvəlki həyatımıza qayıda bilərik. Bu işdə əhalinin maarifləndirilməsini davam etdirmək, kütləvi peyvəndləmə nəticəsində kifayət qədər uğur əldə etmiş ölkələrin təcrübəsini örnək kimi təbliğ etmək vacibdir".

T. Eyvazov hazırda ölkədə COVID pasportlarının tətbiqinin vaksinasiya prosesinin sürətləndirilməsinə yönəlmiş tədbirlərdən sonuncusu olduğunu və öz effektini verəcəyini ümid etdiyini qeyd edib: "Yalnız Vaksinasiya Strategiyasında qarşıya qoyulan hədəflərə çatdıqdan sonra normal həyatımıza qayıda biləcəyik. Hələlik pandemiyanın səngiməsi haqqında danışmaq tezdir. Bu prosesin səngiməsini eyni vaxtda əksər dünya ölkələrində yoluxma hallarının əhəmiyyətli dərəcədə azalması zamanı qeyd etmək olar. Ümid edirəm ki, məhz növbəti il bu məsələdə dönüş baş verəcək və bəşəriyyət pandemiyadan xilas olacaq".
banner

Oxşar Xəbərlər