• cümə, 19 Aprel, 01:57
  • Baku Bakı 18°C

Baralgin həbləri satışdan niyə yığışdırılıb?

21.05.14 10:35 9313
Baralgin həbləri satışdan niyə yığışdırılıb?
Son günlərdə bir neçə tanışdan apteklərdə baralgin ağrıkəsicisinin tapılmaması ilə bağlı şikayət eşitmişəm. Bildirilir ki, bu ağrıkəsici satışdan yığışdırılır. Səbəb isə ondan başqa məqsədlərlə istifadə edilməsidir. Tanışlardan biri deyir ki, aptekdən baralgin istəyəndə onun əvəzinə nurofen təklif ediblər: “Mənə dedilər ki, analgin, baralgin, tempalgin, ümumiyyətlə, analgetiklər yavaş-yavaş yığışdırılır. Səbəb isə ondan narkotik əvəzləyicisi kimi istifadə olunmasıdır”.
Ağrıkəsicidən narkotik kimi necə istifadə edilə bilər? Adının çəkilməsini istəməyən əczaçı ilə söhbətimiz zamanı gerçəkdən də belə bir halın olduğu aydınlaşdı. Həmsöhbətimiz deyir ki, baralgin keyləşdirici təsirə malikdir: “Bu həblərin satışı xeyli müddətdir məhdudlaşdırılıb. Narkomanlar onu paçkayla alırdılar. Onun bir neçəsini, məsələn, 4-5 dənəsini atanda keyləşdirici təsir göstərir, ona görə də satışı məhdudlaşdırılıb. Onu da deyim ki, baralginin ampulası ilə bağlı heç bir məhdudlaşdırma yoxdur, resept əsasında onun satışı sərbəstdir. Məhdudlaşdırma həblərə aiddir. Biz düşünürük ki, yəqin preparatın tərkibindəki metamizol natrium keyləşdirici effekt yaradır, ona görə ondan çox istifadə edənlərə narkotik təsiri bağışlayır. Amma ampulada metamizolun daha çox olmasına baxmayaraq, həblərə üstünlük verilir. Görünür, bu da həblərin reseptsiz satışının mümkünlüyü ilə əlaqədardır”.
Qeyd edək ki, bir ampula baralginin tərkibində 2,5 qr, bir həbdə isə 500 mq metamizol natrium var.
Araşdırmamız zamanı baralgin həblərindən narkotik məqsədlərlə başqa formada da istifadə edildiyi üzə çıxdı. Məlum oldu ki, bu həblərin bir neçəsini az miqdarda suda qaynatdıqdan sonra daxilə qəbul etmək də narkotik təsir yaradır. Lakin bunun insan orqanizminə çox ciddi ziyanları var. Tibb elmləri doktoru, professor Adil Qeybulla bir zamanlar klofedin həblərindən də eyni məqsədlə istifadə edildiyini xatırlatdı. Bildirdi ki, baralgin də klofedin kimi təzyiqi aşağı salmaqla müəyyən effektə qadirdir və bu səbəbdən də narkomanların ondan sui-istifadəsi mümkündür: “Amma baralgin uzun müddət sınaqdan keçmiş, kifayət qədər effektiv preparatdır. Bu dərman vasitəsi Ümumdünya Səhiyyə Təşkilatı, Dərmanların Dövlət Reyestrində də qeydiyyatdadır. Adətən müəyyən dərmanların toksiki təsirləri və s. üzə çıxdıqda, həmin dərmanlar satışdan yığışdırılır. Məsələn, bir ara liv-52 adlanan preparatla bağlı bu cür qərar qəbul olunmuşdu. Biz periodik olaraq belə qərarların şahidi oluruq. Baralginlə bağlı da ola bilsin, Səhiyyə Nazirliyi hansısa məlumatlar əsasında bu qərarı verib. Amma biz gündəlik praktikada bu dərmandan istifadə edirik. Əgər kimsə sui-istifadə edirsə, qarşısını başqa yolla almaq olar. Tibdə xeyli sayda dərman var ki, eyni xarakterə malikdir. O baxımdan baralginin yığışdırılmasına lüzum görmürəm”.
A.Qeybulla onu da qeyd etdi ki, bütün dərmanlar resept əsasında satılmalıdır, eyni zamanda dərman vasitələri reklam olunmamalıdır, dövlət reyestri güclü işləməlidir: “Həmçinin narkomanlar üçün xüsusi maarifləndirici proqramlar olmalıdır. Bütün bunları edəndən sonra administrativ üsullara ehtiyac qalmır”. Həmsöhbətimiz onu da qeyd etdi ki, istənilən dərman vasitəsindən çox istifadə insan orqanizmində ciddi fəsadlara səbəb ola bilər. Bu fəsadlar arasında qaraciyərin fəaliyyətinin pozulması, böyrəklərdə ciddi problemlərin yaranması, hətta qan təzyiqinin qəfildən kəskin enməsi nəticəsində ölüm kimi hallar var. Bu halların baş vermə ehtimalının olması baralginin satışının məhdudlaşdırılması üçün kifayət qədər ciddi səbəbdir. Lakin məsələ ondadır ki, bunda məqsəd heç də təkcə insanları qorumaq deyil.
Mövzu ilə bağlı söhbətləşdiyimiz əczaçı deyir ki, indi yeni ağrıkəsici nurofen daha çox reklam edilir və apteklərə onun satışı üçün xüsusi göstərişlər verilib: “Bizə deyiblər ki, baralgin istəyənə nurofen təklif edək, belə də edirik”. Yeri gəlmişkən, bu barədə yazının girişində də qeyd etmişdik ki, baralgin axtarıb tapmayanlara apteklərdə nurofen təklif edilib. Əczaçı həmsöhbətimizin sözlərinə görə, analgin, baralgin kimi ağrıkəsicilərdən narkomanların keyləşdirici vasitə olaraq istifadə etməsi yeni söhbət deyil: “Bu, neçə illərdi belədir. Məhdudlaşdırmanın indi olması deməyə əsas verir ki, bazarda nurofenin reklamı gedir”.
Baralgin həblərinin satışının məhdudlaşdırılması Səhiyyə Nazirliyinin göstərişidirmi? Nurofenin reklamını apteklərə kim tapşırıb? Bu suallara cavab öyrənmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətilə əlaqə saxlamaq istədik. Lakin gün ərzində buna müvəffəq ola bilmədik. Nazirliyin mövqeyini dərc etməyə çalışacağıq.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər