Bankomatlarda nağd pul problemi
Bankomatlar bu gün bank hesablarında olan pulun nağdlaşdırılması üçün
ən rahat üsuldur. Bankda növbə gözləmirsən, sənədləşmə proseduru üçün vaxt sərf
etmirsən. Ümumiyyətlə, banka getməyə ehtiyac olmur, şəhərin müxtəlif yerlərindən
bankomat vasitəsilə sənə lazım olan pulu hesabından çəkə bilirsən.
Ancaq son vaxtlar burda bir "amma” ilə üzləşməli oluruq. İstədiyin
vaxt, istədiyin məbləğdə pulu bankomatdan çəkə biləcəyinə heç kim zəmanət
vermir. İstər-istəməz, pul çıxarmağa gedəndə, "bankomatda pul olsa...” deyirsən.
Ya da gərək vaxtın olsun ki, bir bankomatda pul olmayanda, başqasına gedəsən. Hələ
qeyri-iş günləri dalbadal düşəndə, bir neçə bankomat da bəzən köməyinə gəlməyə
bilər.
Heç yoxdan bir az yaxşı variant isə bankomatda yalnız 1 manatlıq əskinasların
qalmasıdır. Böyük məbləğdə pul çəkənlər isə adətən pulu daha iri nominallı əskinaslarla
almaq istəyirlər.
Maraqlıdır, bu istiqamətdə bankların iş prinsipi necədir? Ümumiyyətlə,
bankomatlara gündəlik nə qədər pul yerləşdirilir? Nə qədər vaxtdan bir
bankomata pul əlavə edilir? Qeyri-iş günləri olanda, bu yenilənmə necə olur?
Bankomatda pul tamamilə bitməlidir ki, yenidən pul gəlsin, yoxsa xırda
nominallı qalanda, artıq yenilənir? Bu sualları ölkənin bir neçə aparıcı
bankına ünvanladıq.
"Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva deyir ki, "Kapital Bank”ın ölkədaxili 700-dən çox bankomatı
müştərilərin xidmətindədir. Bankomatlarda vəsaitin mövcudluğu real vaxt
rejimində bank əməkdaşları tərəfindən sistem vasitəsilə monitorinq olunur və
ehtiyac yarandıqca ATM-lərə vəsait əlavə edilir, bəzilərinə isə hətta gündə bir
neçə dəfə xidmət göstərilir: "Qeyri-iş və bayram günləri də, həmçinin
bankomatlar nağd vəsaitlərlə vaxtında təmin olunur və əməkdaşlarımız tərəfindən
bankomatlara texniki dəstək göstərilir”.
G.Fərzəliyeva deyir ki, "Kapital Bank” sosialyönümlü bir bank olduğu
üçün bankomatların düzgün qaydada inkassasiya olunmasına diqqət yetirir: "Öncə
qeyd etdiyimiz kimi, bankomata əlavə olunan vəsaitin ümumi məbləğindən əlavə, əskinasların
növü də ATM-in yerləşdiyi yerdən asılıdır. Məsələn, elə bankomatlar var ki,
onlarda iri nominallı əskinaslar üstünlük təşkil edir, bəzilərində isə əksinə.
Lakin istənilən halda bankomatlar daimi nəzarət altındadır”.
"AccessBank”ın PR meneceriİlkin Əhmədov deyir ki, bankomatların nağd pul ilə təmin olunması
prosedurları "AccessBank”ın daxili qaydaları ilə müəyyənləşir. Belə ki, həm
filial ərazisində, həm də filialdan kənarda yerləşən ATM-lərə mərkəzləşdirilmiş
qaydada nəzarət olunur: "Bankomatların nağd pulla yüklənməsi və boşaldılması
inkassasiya qaydalarına müvafiq surətdə həyata keçirilir. Bankın müvafiq
struktur bölməsinin əməkdaşları mütəmadi olaraq bankomatda olan nağd pulun məbləği
barədə məlumat toplayır. Qeyd edim ki, vaxtaşırı, ayda bir dəfədən az olmamaqla
bankomat tam boşaldılır. Bankomatlara gündəlik hansı məbləğdə vəsaitin yerləşdiriləsi
və hansı müddətdən bir əlavə olunması müştərilərin tələbatı ilə bağlıdır.
Qeyri-iş günlərində bankomata pul əlavə olunması da, həmçinin. Qeyri-iş günlərində
də "AccessBank” hər bir müştərisinin nağd pula olan tələbatını tam olaraq ödəyir”.
İ.Əhmədov bildirdi ki, irili-xırdalı əskinasların bankomatlara yüklənməsi
prosesi də müəyyən monitorinqlərin nəticəsinə əsaslanır: "Müştərilərimizin tələbatına
əsasən, "AccessBank”ın bankomatları istənilən nominalda əskinasla yüklənir. Bir
şeyi də qeyd edim ki, bankomatdakı nağd pul kütləsi müəyyən həddə
yaxınlaşdıqda, əlavə olaraq pul yüklənir”.
"AzərTürk Bank”ın mətbuat
katibi Rauf Ağayev deyir
ki, təmsil etdiyi bankda maaş kartı olanların belə problemlə üzləşməməsi üçün
daha geniş imkan təqdim edilir: "Öz işçilərimiz daxil, bizim bankda əməkhaqqı
kartı olan hər kəs Azərbaycandakı bütün bankomatlardan istifadə edərək
pullarını nağdlaşdıra bilər. Bunun özəlliyi ondadır ki, digər bankların
bankomatlarından pullarını nağdlaşdıranda, onlardan faiz tutulmur. Biz təkcə öz
bankomatlarımızın sayı ilə öyünmürük, həm də belə bir xidmət təqdim edirik ki,
müştərilərə daha rahat olsun”.
Digər kartlardan pul nağdlaşdırılması zamanı hər hansı problem
olub-olmamasına gəlincə, R.Ağayev bildirdi ki, hansısa bankomatda qısa bir müddət
pul olmaya bilər: "Bankomata limitsiz həcmdə pul yerləşdirmək olmur. Bankomatda
4 kaset var, hər biri də 2000 əskinas tutur. Hər kasetə bir növ əskinas
qoyulur. Orda pulun bitməsi gün ərzində bankomatdan nə dərəcədə intensiv
istifadə olunmasından asılıdır. Yəni çox pul nağdlaşdırılırsa, pul da tez
qurtarır. Təbii ki bankomatda pul bitən kimi, banka birbaşa siqnal gedir və
bank onun inkassasiyasını yerinə yetirir. İnkassasiya prosesi də müəyyən qədər
vaxt alır. Protokol imzalanıb maşınla pul gətirilib bankomata yerləşdirənə qədər
müəyyən qədər vaxt keçir. Bankomatın yerləşdiyi ərazi bir az uzaqdadırsa, təbii
ki yola sərf edilən vaxt da nəzərə alınmalıdır. Həmin müddətdə pul çəkmək istəyən
müştəri bankomatda pul olmadığını görəcək. Belə hallar ola bilər”.
R.Ağayev deyir ki, nağdsız ödəniş edilə biləcək yerlərdə insanlar
onlayn ödəməyə üstünlük versələr, bankomatlarda bu kimi problemlər azalar: "Bəzən
insanlar bankomatdan pulu çəkib kommunal ödəniş edirlər. Halbuki bu ödənişi
kart vasitəsilə də edə bilərlər. Bunun üçün bankomatdan pul çəkməyə ehtiyac
yoxdur. Ümumiyyətlə, nağdsız ödəniş edilə biləcək yerlərdə kartlardan istifadə
olunmasına keçmək lazımdır”.
Bank məsələləri
üzrə ekspert, hüquqşünasƏkrəm Həsənov deyir ki, bu problemin yaşanmasının əsas səbəbi
insanlarımızın nağd puldan daha çox istifadə etməsidir: "Azərbaycan
kimi ölkələrdə nağd puldan daha çox istifadə olunur, ona görə də belə bir
problem yaşanır. Məsələn, Avropanın aparıcı ölkələrində bankomatlara bəlkə də
bizdən də az məbləğdə və daha az dövriliklə pul qoyulur. Çünki insanlar nağd
puldan az istifadə edirlər, ödənişlərini kart vasitəsilə edirlər. Bizdə nağd ödəniş
çox istifadə olunduğu üçün banklar da daha çox məbləğdə və daha tez dövriliklə
o məbləği bankomata yerləşdirməlidirlər. Əslində, əvvəllər bu problem indiki qədər
deyildi, indi daha çox yaşanır. Bunun səbəbi də odur ki, bankların filialları
bağlanıb, işçilər ixtisara salınıb. Daha sürətli iş qurmaq üçün işçi sayı daha
çox olmalıdır”.
Ə.Həsənov deyir ki, bu məsələyə hüquqi və iqtisadi aspektdən yanaşmaq
olar: "Hüquqi tərəfdən baxsaq, qanunvericiliklə bankların müştərilərin daim
bankomatlarından istədiyi qədər nağd pul ala bilməsini təmin etmək kimi öhdəliyi
yoxdur. Hansısa bankın bankomatında pul yoxdursa, deyə bilmərik ki, bu bank
hansısa qanunvericilik aktını, normasını pozur. Uzaqbaşı deyə bilər ki,
bankomatda pul yoxdursa, gəlsin bankdan çıxarsın, biz ona pulu belə də verə bilərik.
Bankın belə bir öhdəliyi var ki, müştəri banka gəlib pulunu nağd istəyirsə, onu
verməlidir. Düzdür, bankomat pulun nağdlaşdırılmasının ən asan yoludur, amma
bank bunu tam təmin etmirsə, heç bir qanunu pozmuş olmur”.
Axı bu, heç də vətəndaşlar üçün arzuolunan hal deyil. Bir neçə
bankomat gəzib, içərisində pul olanı tapmaq isə xeyli vaxt aparır. Bəs vətəndaşlar
neyləyə bilər? Hüquqşünasın sözlərinə görə, belə hallarla qarşılaşan müştəri
araşdırıb xidmət səviyyəsi yaxşı olan bankı seçə bilər: "Bankomatlar vasitəsilə
pulun nağdlaşdırılmasını təmin etmək əslində, geniş mənada bankın xidmət səviyyəsinin
göstəricisidir. Əgər müştəri hansısa bankın bankomatlarında istədiyi vaxt lazım
olan məbləği tapa bilmirsə, deməli bank xidməti
pis göstərir. Bu gün Azərbaycanda elə banklar var ki, onların bankomatında belə
problem olmur. Seçim etmək müştəriyə qalır. Hansı bankda bu xidmət daha yaxşı
göstərilirsə, onu seçsin”.
Maaş kartı olanlar bəs necə etsin? Ə.Həsənov bildirdi ki, hər kəsin
maaş kartını istədiyi bankda açdırmaq ixtiyarı var: "Bəzi vətəndaşlarda əməkhaqqı
kartı olduğu üçün məcburən hansısa bankın xidmətindən istifadə etdiklərini
deyirlər. Burda kartın hansı bankda olmasını vətəndaş deyil, işəgötürən müəyyənləşdirir.
Qanunvericiliyə əsasən, heç kəsi hansısa bankın xidmətindən istifadəyə məcbur
etmək olmaz. Hər bir vətəndaşın ixtiyarı var ki, əməkhaqqı kartını istədiyi
bankda açdırsın və işəgötürənə bu barədə məlumat versin ki, mənim maaaşımı o
banka yox, bu biri banka köçür”.
Aygün Asimqızı