AZE | RUS | ENG |

Banklar kredit faizlərini aşağı salmalıdır

Banklar kredit faizlərini aşağı salmalıdır
Ekspertlər qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin azaldılmasını müsbət qiymətləndirirlər

İyulun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. Belə ki, Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır. Həmçinin, iyulun 1-dən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər ƏSF tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Bayramovşərh verib. O bildirib ki, bu, milli valyutada qorunan əmanətlərin faiz dərəcəsinin 33 faiz azaldılması deməkdir: "Artıq bu gündən sonra banklarda yerləşdiriləcək milli valyutada yalnız 10 faiz və daha aşağı divident hesablanan əmanətlər qorunacaq. Qorunan əmanət faizlərinin yuxarı həddinin azaldılması birbaşa banklarda depozitlər üzrə dividentlərin son 1 ildə aşağı düşməsi ilə bağlıdır. Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz divident təklif edirlər. Fondun son qərarından sonra bir sıra vacib məqamların bölüşdürülməsinə ehtiyac var. Əvvəla, əmanət faizləri azalsa da, hələ də kredit faizləri yüksək olaraq qalır. Mərkəzi Bankın məlumatına görə, kredit qoyuluşları 12 milyard 861 milyon, əhalinin əmanətləri isə 8 milyard 622 milyon manatdır. Bu o deməkdir ki, əmanətlər kredit portfelinin 67 faizi təşkil edir. Sadə müqayisə aparsaq, banklar kredit kimi təklif etdikləri hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb sonra yüksək faizlə digər vətəndaşımıza verirlər. Sistem əhəmiyyətli banklarda manat ilə depozitlərə 7 faiz təklif olunsa da, kredit faizləri 29 faizədək yüksəlir. Deməli, bank bir vətəndaşdan 7 faizlə əmanət cəlb edib, onun üzərinə 22 faiz əlavə edərək digər vətəndaşımıza kredit kimi təklif edir. Əmanətlərin qorunan faizləri azaldıqdan sonra kredit faizlərinin aşağı salınması istiqamətdə fəaliyyətinin genişləndirilməsinə və ən əsası, bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var. Digər tərəfdən, fondun qərarına əsasən, bu gündən etibarən banklarda yerləşdirilən və 10-dan çox faiz təklif edən əmanətlər qorunmur. Yəni, əgər vətəndaşımız 11 faizlə bankda kredit yerləşdirsə və o bank müflis olsa, o zaman onun depoziti qorunmuş hesab edilməyəcək. Buna görə də vətəndaşlarımız əmanət yerləşdirən zaman bu halı nəzərə alsalar, yaxşı olar. Həmçinin qorunan əmanətlər üzrə yuxarı həddin 10 faizədək azaldılmasına baxmayaraq, əvvəlki dövrdə 10 faizdən çox, 15 faizdən az olan milli valyutadada əmanətlər müqavilə müddətində qorunmuş hesab olunacaq. Məsələn, vətəndaşımız ötən ay bankda 1 illik 14 faizlə milli valyutada əmanət yerləşdirib və bu gündən qorunan əmanətlər üzrə yuxarı hədd 10 faizədək azaldılıb. Buna baxmayaraq, həmin əmanət qorunmuş hesab olunur”.

İqtisadçı bildirib ki, əvvəlki dövrdə milli valyutada 10 faizdən çox qorunan əmanət yerləşdirən vətəndaşımız müqavilə bitən zaman yeni müqavilə bağladıqda, qorunan əmanət seçməsi vacibdir: "Belə ki, müddət bitəndən sonra müqavilənin əvvəlki şərtləri uzanırsa, o zaman o əmanət qorunmayan əmanətə çevrilir. Məsələn, ötən ay 14 faizlə milli valyutada əmanət yerləşdirən vətəndaşımız 2020-ci ilin iyun ayında müqaviləni yeniləyən zaman o dövrdəki qorunan əmanət faizlərini nəzərə almalıdır ki, vəsaiti sığortalansın. Əvvəlki banklar, xüsusən də "Dəmirbank” müflis olan zaman müqavilə müddəti avtomatik uzadılan bir sıra sığortalanan əmanətlərin qorunmayan əmanətə çevrilməsi praktikası var. Qorunan əmanətlərin yuxarı həddinin 10 faiz olması 12 faizlik depozitdə 10 faizin sığortalanması anlamına gəlmir. Bütövlükdə, bu gündən etibarən bankda yerləşdirilən və 10 faizdən çox divident təklif edən heç bir milli valyutada olan əmanət sığortalanmayacaq. Bu baxımdan, vətəndaşlarımızın öz vəsaitlərini qorunan depozit kimi yerləşdirməsi daha məqsədəuyğundur”.

Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli "Kaspi”yə açıqlamasında bildirdi ki, əslində bu qərar bir qədər gecikib: "Banklar bir illik 10 faizdən yuxarı əmanət qəbul etmir. Yəni, rəsmi rəqəmlərdə 15 faiz göstərilməsi reallığı ifadə etmir. Ümumilikdə götürdükdə, faizlərin aşağı düşməsinin əmanətlərin həcminə ciddi təsir edəcəyini gözləmək olmaz. Çünki əhali öz vəsaitini 9-10 faizlə banklara yerləşdirir. Burada söhbət manatla olan əmanətlərdən gedir. Bu mənada, Əmanət Fondunun faiz dərəcəsini 10 faizə endirməsi əmanətlərin azalacağı demək deyil. Çünki bazarın reallığı xeyli müddət idi ki, belə idi. Yeni qərarla, sadəcə bu reallıq təsdiq edilir. Azərbaycanda bankçılıq sektorunda faizlər 8-15 arasında dəyişir. Hazırda ölkənin maliyyə vəziyyətini və digər parametrləri nəzərə alsaq və 10 il əvvəlki dövrlə müqayisə etsək, bu rəqəm bir qədər aşağı olmalıdır. Çünki pul kütləsi kifayət qədərdir. Həmçinin iqtisadiyyatımız dayanıqlıdır, ümumdaxili məhsulun həcmi artır. Ölkədəki işsizlik səviyyəsi aşağı düşür. Ona görə də faizlər bir qədər də aşağı düşməlidir. Mərkəzi Bankın uçot dərəcəsi və bazarın reallığı aspektindən məsələyə yanaşsaq, hazırkı rəqəm pis göstərici deyil. Amma bu bir qədər də aşağı endirilə bilər”. 

İqtisadçı-ekspert Fikrət Yusifov deyir ki, faiz dərəcəsinin aşağı salınması Mərkəzi Bankın son dövrlərdə apardığı siyasətə uyğun gəlir: "Mərkəzi Bank artıq bir neçə dəfə uçot dərəcəsini aşağı salıb. Bu isə o deməkdir ki, bu məsələyə yenidən baxmaq zərurəti yaranıb. Əmanətlərin faiz dərəcəsinin aşağı salınması qərarı ilə kreditlərin verilməsi ilə bağlı sahədə irəliləyiş əldə etmək olar. Çünki devalvasiyadan sonra bu sahə üzrə müəyyən problemlər yarandı. İndi bank kreditləri üzrə faiz dərəcələri aşağı düşəcək. Əgər bank əmanətləri aşağı faizlə cəlb edirsə, deməli, kreditlər də aşağı faizlə verilməlidir. Ümumilikdə götürdükdə, bu, bank sektorunda müsbət tendensiya kimi qiymətləndirilə bilər. Əslində 10 faiz pis göstərici deyil. Amma bu o demək deyil ki, faiz dərəcəsinin aşağı salınması sözügedən sahədə ciddi dəyişikliyə səbəb olacaq. Yəni, ciddi hansı azalma və artımların olacağını gözləmək düzgün deyil. Dünya ölkələrində əmanətə görə faiz dərəcələri çox aşağıdır. Bu mənada, bizdə 10 faizi məqbul hesab etmək olar”. 
 
Şəbnəm


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056