• cümə axşamı, 28 mart, 12:41
  • Baku Bakı 16°C

Balaca ürəklərin böyük Vətən sevgisi

23.05.19 11:00 1127
Balaca ürəklərin böyük Vətən sevgisi
Mayın 20-də paytaxtımızdakı Xətai Sənət Mərkəzində "AZƏRBAYCANIM" adlı II Respublika Uşaq Rəsm Festivalı çərçivəsində təşkil olunmuş müsabiqə-sərginın açılışı oldu. Bu layihə Azərbaycan Respublikasının Mədəniyyət və Təhsil nazirlikləri, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Nəsimi ili" çərçivəsində keçirilib. 28 May Respublika gününə həsr olunmuş bu sənət yarışı rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hissləri aşılamaq məqsədi ilə təşkil olunub.

Qeyd edək ki, müsabiqəyə iki yaş kateqoriyası üzrə ümumilikdə 1065 uşaq rəsm göndərib. İlkin seçimdə 12 yaşa qədər uşaqların 160 əsəri, 12-17 yaş arası uşaqların isə 170 əsəri sərgilənib. Bundan əlavə, "Yurdumuza bahar gəlir" uşaq rəsm müsabiqəsindən seçilən hər yaş kateqoriyasından 10 əsər, həmçinin "Mənim Şamaxım" müsabiqəsindən seçilən 33 əsər nümayiş olunmaq üçün dəvət alıb.

O çağlar özü bizi çağırır

Uşaqlıqda tez böyümək istəyirik. Ata-anamız da bu istəklə yaşayır. Amma zamanında böyüyür, yaşa doluruq. İllər ötdükcə qəlbimizdəki arzular dəyişir və biz yeni arzuların ardınca bəzən çox uzaqlara getməli oluruq. Hər cür sınaqlar izləyir bizi. Dünyanı dərk etdikcə, bir vaxt xəyallarla qurduğumuz nağıllı, cilvəli dünya bizim üçün uzaq yaşıl adaya çevrilir. İstəsək də, istəməsək də sevinclə yanaşı, qəlbimiz bu dünyanın ağrı-acılarına tuş gəlir. Həyatın sınaqlarına hazır olmayanlar sükansız bir gəmi kimi dalğaların qoynunda hara gəldi üzürlər.
İnsan hansı yaşda, harada olur-olsun, yaşa dolduqca tez-tez geri boylanır, uşaq olduğu illəri xatırlayır. Bəlkə ona görə ki, o dünya bizim üçün daha təmiz, daha işıqlıdır. Bəlkə o illərin insanları daha mehriban, daha nəvazişli, ümidlərimiz bol, şirin olur deyə. Bəlkə onda arzularımıza sərhəd çəkən olmur deyə. Yəqin belə olmasaydı, kimsə haçansa uşaq olmaq həvəsinə düşməzdi.

Çəkdiyi rəsmin yanında təbəssüm paylayan qız

Yaman qələbəlik idi. Uşaqlar, onların valideynləri, müəllimlər, sərginin təşkilatçıları, Mədəniyyət və Təhsil Nazirliklərinin əməkdaşları, müxtəlif yaşlı rəssamlar, teleoperatorlar, jurnalistlər bir-birinə qarışmışdı. Hərə nəyisə axtarır, üzərinə düşən işi görməyə çalışırdı. Xətai Sənət Mərkəzinin rəhbəri Zahid müəllim və xanım əməkdaşları daha narahat idilər.

On-on bir yaşı olardı. Qarayanız, çəlimsiz uşaq idi. Gözləri gülürdü. Çöhrəsində xoş bir təbəssüm vardı. Belə demək olarsa, sərgiyə gələnlərə təbəssüm paylayırdı. Əlində rəsminə görə qazandığı diplom vardı. Söhbətləşdik Dedi ki, adım Şükufə, soyadım Həmzəyevadır. Onun sulu boya ilə işlədiyi kompozisiya əlvan rənglərlə boyanmışdı. Xovlu xalçada baharın gəlişi ilə bağlı elementlər təsvir olunmuşdu. Xalçanın ortasındakı butada od və çəmən vardı. Aşağıda qaval, kamança və tar çəkilmişdi. Rəsm tamaşaçıda xoş ovqat yaradırdı.

Tariximizə, mədəniyyətimizə, zəngin təbiətimizə sevgi

Nə yaxşı ki, tarix təkcə kitablara yazılmır. Qalalar, daş kitabələr, əlyazmalar, torpaq altından çıxan qədim silahlar, həyat tərzimizi və əski rəssamlığımızı özündə əks etdirən Qobustan qayalıqları üzərindəki şəkillər... Bunlar da əvəzsiz tarixdir. Nə yaxşı ki, yeni nəslin tariximizə marağı böyükdür. Sərgidəki rəsmlərə baxdıqca, bu fikrin təsdiqini gördük. Bir çox rəsmlərdə milli atributlarımız da təsvir olunmuşdu. Məsələn, 9 yaşlı Fatimə Nurəlinin rəsmində mavi gözlü Xəzərin dalğaları qoynundakı ağ yelkənli qayıq, arxa fonda tarixlərin şahidi Qız qalası və İçərişəhərin qala divarları, müxtəlif biçimli binaları görünürdü. Mavi səmada bir aydınlıq və genişlik vardı.

Ekspozisiyadakı rəsmlərdən biri gənclik və kimyaçılar şəhəri olan Sumqayıtın inkişaf tarixini əks etdirirdi. Bu rəsm Sumqayıt məktəblisi Səkinə Zeynallının uğurlu əl işidir. Rəsm sanki salnaməyə bənzər vərəqlərə işlənib və şəhərin emblemi altında "1949-2019" rəqəmləri yazılıb.

11 yaşlı Selin Vəliyevanın da ekspozisiyadakı rəsmi həm keçmişimiz, həm də bu günümüzlə səsləşir. Qoşa nar, Qız qalası, dalğalı dəniz, uca minarəli məscid, üzüm salxımı, sarı sünbüllər, lap yuxarıda isə Dövlət gerbimiz və parlayan Günəş. Şəkildə bir bütövlük, harmoniya var. Rənglərlə mövzunun həlli də uğurludur.
Lənkəran rayonundakı Şirinsu kənd orta məktəbinin şagirdi, 10 yaşlı İlahə Şirvanovanın rəngli karandaşla işlədiyi rəsmdə bir poetik düşüncə yaşayır. Rəsm baxımlı və düşündürücüdür. Adam rəsmə baxdıqca İlahənin zəngin dünyasına heyran olmaya bilmir.

Sərgidə mövzu, kompozisiya və rəng həllinə görə diqqət çəkən, yadda qalan əl işləri çox idi. Bəsti Qasımovanın yağlı boya ilə işlədiyi "Qızılgül", Nərminə Xudayevanın "İrəli", Nazənin Məmmədovanın "Bahar", Zümrüd Rzayevanın "Bahar gəlir", Atlaz Həsənovanın "Nəsimi dünyası", Sənan Mədətovun "Bahar duyğuları" rəsmləri də gözəl işlənmişdi.

Sərginin açılışı zamanı Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimovun, Xalq rəssamı Arif Hüseynovun, Xətai Sənət Mərkəzinin müdiri Zahid Əvəzovun, Təhsil Nazirliyinin 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Lalə xanım Qətinin və başqalarının çıxışlarında dönə-dönə vurğulandı ki, bu rəsmlərdə doğma torpağa, tariximizə, mədəniyyətimizə, zəngin təbiətimizə, xalqımızın qəhrəman oğullarına sevgi böyükdür. Bu, balaca ürəklərdə çağlayan Vətən sevgisidir. Sərginin tamaşaçılara verdiyi mesajlardan biri də budur.

Professorun dedikləri

Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevdən müsabiqə-sərginin münsiflər heyətinin üzvlərindən biri kimi qısa təəssüratını bizimlə bölüşməsini xahiş etdik. Ziyadxan müəllim bildirdi: "Bir neçə ildir ki, Xətai Sənət Mərkəzi istedadlı uşaqların üzə çıxarılması üçün müxtəlif uğurlu layihələr həyata keçirir. Bəzən buradan uşaqları gəzməyə aparır, onların təbiətin qoynunda işləməsi üçün şərait yaradılır və səfərlər zamanı çəkilən rəsmlər sərgilənir. Son vaxtlar Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və başqa təşkilatlar da bu xeyirxah təşəbbüsə qoşulublar.

Bir vaxtlar, adətən, yaşlı nəsildən olan rəssamların əsərlərinin sərgilənməsi dəb idi. Halbuki həmin rəssamlar dəfələrlə müxtəlif sərgilərdə əsərlərini sənətsevərlərə təqdim etmişdilər. Amma mən bu fikirdəyəm ki, uşaqların əl işlərindən ibarət sərginin təşkili daha cəlbedici və vacibdir. Çünki uşaqlar yeni düşüncə, yeni nəfəsdirlər və təsviri sənətimizin gələcəyi onların necə yetişməsindən çox asılıdır. Mən çox müşahidə eləmişəm ki, bəzən yaşlı rəssamlar da uşaqların əl işlərindən ibarət sərgilərə maraqla baxırlar. Onlar belə sərgilərdən mövzu götürməyə gəlirlər. Çünki bu rəsmlərdə yeni nəfəs, tarixi mövzulara yeni baxış var. Buna görə də, təcrübəli rəssamlar arabir uşaq dünyasına enməyə çalışır, uğur qazanırlar. Onu da qeyd edim ki, rəhbərlik etdiyim Sənətşünaslığın Təbliği İctimai Birliyi mövzunun ən yaxşı həllinə görə 5 yaşlı Şura Zeynalı mükafatlandırıb...”

Son sınaq mayın 24-də olacaq

Sərginin sonunda Xətai Sənət Mərkəzinin direktoru Zahid müəllim gərgin zəhmət bahasına gerçəkləşən sənət festivalının son akkordu haqqında danışdı: "Münsiflər heyəti yekun tura 42 nəfəri seçib. Onlar mayın 24-də Xətai Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda hamının gözləri önündə istədikləri mövzunu işləyəcəklər və birinci, ikinci və üçüncü yerləri tutanların əl işləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq. On nəfərə həvəsləndirici mükafat veriləcək.

Sərgi bitmişdi. Uşaqlar bu müsabiqədə dostlaşdıqları yaşıdları, tanınmış rəssam və digər sənət adamları ilə şəkil çəkdirirdilər. Onların sevinc dolu çöhrələrinə baxdıqca, könlümdən mümkünsüz bir arzu keçdi - uşaq olmaq istədim. Lakin yanımdakı nəvəmə baxıb, sakitcə köks ötürdüm...

Səməd Məlikzadə



banner

Oxşar Xəbərlər