Bal kimi brend yaradan balçı - Biznes
Deyir ki, boş vaxtı az olur. Olanda da onu arı
təsərrüfatlarında keçirir, bu sektorda müəyyən yeniliklərlə tanış olur. Komanda
işinə və müştəri məmnuniyyətinə böyük önəm verir. Biznesə başlamaq üçün təcrübə
və investisiyanın böyük rolu olduğunu düşünür. Həmsöhbətimiz "Ballı” bal brendinin yaradıcısı Rəşad
Rəşidovdur.
- Biznesin
sahələri çoxdur və burada hansı sahəni seçmək önəmlidir. Nəyə görə bal sahəsini
seçdiniz?
- Bu sahəyə gələnə kimi bir çox şirkətlərdə satış
rəhbərliyində çalışmışam. Balı seçmə səbəbim isə bizim ailəmizin bu işə
bağlılığı olub. Mənim babam və atam da arıçı olublar. Uzun müddət bu sahə ilə
bağlı beynimdə müəyyən fikirlər, strategiyalar var idi. Zaman elə gətirdi ki, 3
il əvvəl professional şəkildə bal satışına başladıq. Amma bu o demək deyil ki,
biz o zamana kimi bal sahəsində deyildik. Ən azı, 50 ildən çoxdur ki, bu sahədə
çalışırıq. Gözümü açandan arı təsərrüfatlarının içində böyümüşəm.
- Biznesin 3
il əvvəli - başlanğıcı necə idi?
- Həmin dövrdə məhsulun daha çox qablaşmamış formada
satışını həyata keçirirdik. Amma zamanla bazara baxdıqda hiss olunurdu ki, bu
işin satışında professional yanaşmaya ehtiyac var. Ona görə, bu sahəni
araşdırmağa başladıq. Avropa, Amerika bazarında fəaliyyət göstərən bir çox
şirkətlərin satış strategiyasını incələdik. Sonra özümüzə bir plan cızdıq ki,
biz məhsullarımızı daha sanballı, yüksək səviyyədə qablaşdırılmış şəkildə
təqdim etməliyik. Nəticə etibarı ilə də təqdimatımız məncə, kifayət qədər
normal və uğurlu alındı. Brend olaraq artıq İqtisadiyyat Nazirliyinin xaricdə
"Made in Azerbaijan” adı altında təşkil edilən qida sərgilərində iştirak
etmişik. Balımızı Azərbaycan məhsulu kimi ölkə sərhədlərindən də kənarda tanıtmışıq.
- Danışarkən
"biz” deyirsiniz. Maraqlıdır, bu "bizə” kimlər daxildir?
- Təbii ki, təbiətdən müştəriyə çatana qədər "Ballı”
brendinin üzərində çalışan professional bir komanda var. İlk olaraq balın
istehsalında, hazırlanmasında böyük əməyi olan arıçılarımızı qeyd etmək
istəyirəm. Daha sonra mərhələli şəkildə hər kəs öz işini layiqincə yerinə
yetirir.
- Bal satışı
çətin olan məhsuldur. Bu məhsulla müştərini razı salmağı necə bacarırsınız?
- Bal həqiqətən, kifayət qədər spesifik məhsuldur.
Çünki balı saxtalaşdırmaq rahat, yoxlamaq isə çox çətindir. Zaman-zaman
bazarlarda sui-istifadə halları olduğu üçün insanlarda bala qarşı ehtiyatlı
davranış formalaşıb. Biz insanların məhsulumuza olan etibarını qazanmaq üçün
bir sıra işlər gördük. Məhsulun kompleks halda təqdim olunmasına, qablaşmasına,
keyfiyyətinə, saxlanmasına, doğru yerdə təqdim olunmasına kifayət qədər güc
sərf etdik. Bu gün "Ballı”nın bazarda keyfiyyətli bal markası kimi tanınmasında
gördüyümüz işlərin rolu böyükdür. Hazırda alıcılarımızın doxsan faizi təkrar
müştərilərdir. Bir dəfə məhsulumuzu alıb dadına baxan, yenidən "Ballı”nı seçir.
Həmçinin, biz satış nöqtələrimizdə müştərilərimizə balımızı laboratoriya
şəraitində yoxlamağı təklif edirik. Bütün xərcləri müəssisəmiz ödəyir. Müştəri
istənilən zaman məhsulun təbiiliyini laboratoriyada yoxlatdırıb əmin ola bilər.
Bundan başqa, sosial şəbəkələr üzərindən də müəyyən aksiyalar keçirərək,
insanlar arasında təşviqedici məlumatlar paylaşaraq markamız haqqında müsbət
fikirlər yaradırıq.
- Məhsulun
təbiətdən müştəriyə qədər keçdiyi proses haqqında məlumat verərdiniz.
- Əslində, elə şüarımız da sizin sualınıza çox
yaxındır. Yəni, məhsulumuz sexdə hazırlanmır, təbiətdən gəlir və həmin proses
əslində, kifayət qədər zaman aparır. Bir arıçı il ərzində ortalama iki dəfə bal
süzə bilər. Və həmin balı süzmək üçün bütün il ərzində təsərrüfata xidmət edir.
Onun profilaktikasını aparır, doğru, vaxtında bir zonadan başqa zonaya
köçürülməsini edir Əlbəttə, süzülmə ilə iş bitmir. Süzülmüş balın təbiiliyini
qorumaq, tərkibindəki fermentlərin ölməməyi üçün saxlanılmasına,
qablaşdırılmasına ciddi önəm vermək lazımdır. Ona görə də biz balın
saxlanmasına, gigiyenasına, yeni qablaşmasına və doğru şəkildə, heç bir kənar
təsir olmadan müştəriyə çatdırılmasına çox diqqət edirik.
-
Müştərilərin məhsulunuz haqqındakı fikrini necə öyrənirsiniz?
- Bizim bir çox super marketlərdə satış
nöqtələrimiz var. Burda satış menecerlərimiz müştərilərlə mütəmadi əlaqədə
olurlar. Deyərdim ki, alıcılarımızdan kifayət qədər müsbət fikirlər alırıq.
Həmçinin, sosial şəbəkələr üzərindən müəyyən sorğular keçiririk. "Facebook”da böyük
izləyici sayı olan "Ballı” səhifəmiz, eyni adda onlayn mağazamız var. Bu
platformalarda da müştərilərimiz balımız haqqında rəylərini qeyd edirlər.
- Bu sahədə
rəqibləriniz çoxdur. Seçilmək, üstün olmaq üçün nə edirsiniz?
- Hazırda əsas məqsədimiz insanlara təbii balı
çatdırmaq və bunu zövqverici formada etməkdir. Bunun üçün də biz hər bir
elementə - qablaşdırmadan tutmuş, təqdim olunmasına, sonra müştərinin
fikirlərinin öyrənilməsinə kimi bütün məqamlara çox diqqətlə yanaşırıq.
Kompleks halda işləməklə müəyyən mənada bir nəticə formalaşdıra bilmişik. Amma
rəqiblərlə fərq məsələsinə gəlincə isə bizim də, digər bal satan rəqiblərimizin
də məhsulunun az və ya çox satılacağını biz yox, müştərilər təyin edir. Təbii
ki, fərqin nə dərəcədə olub-olmadığını onlar deyə bilərlər. Amma biz,
müştərilərimizin məmnuniyyəti üçün əlimizdən gələni edirik.
- Bir az da
qurulan biznesi uğurlu etməyin sirlərindən danışaq.
- İlk növbədə təcrübə olmalıdır. Daha sonra ətrafda
sağlam, həqiqətən bu biznesi irəli çəkəcək insanlar olmalı və doğru strategiya seçilməlidir.
Sektor həm maddi, həm də strateji tərəfdən öyrənilməli, rəqiblər kifayət qədər
araşdırılmalıdır. Rəqəmlər dəqiq hesablanmalıdır. Ən əsas da, ilkin başlanğıc -
investisiyası olmalıdır. Başladıqdan sonra imkanlar açılır. Əgər iş uğurludursa
hər kəs - həm fərdlər, həm dövlət orqanları lazım olan dəstəyi göstərəcəklər.
Bu gün startaplara dəstək olmaq üçün daha öncəki illərə nisbətdə kifayət qədər
müsbət məqamlar var. Gənclər bunlardan maliyyə baxımından faydalana
bilərlər.
- Bu işdə
təcrübə önəmlidirmi?
- Əlbəttə, çox böyük önəmi var. Nəzəri biliklərə
təcrübə, investisiya əlavə etdikdən sonra ortaya fərqli biznes çıxarmaq
mümkündür. Hazırda gənclərin bir istəyi var. O da özlərinə kifayət qədər yaxşı
gələcək qurmaq. Satışa yaxın sahələrdə çalışan gənclərin çoxundan soruşsan,
gələcəkdə özlərini sahibkar kimi görürlər. Amma uğurlu nəticə almaq üçün öncə
sağlam şirkətlərdə çalışmalı, təcrübə toplamalıdırlar. Universiteti bitirdikdən
sonra doğru bir iş kollektivi seçib orda təcrübə toplamağa ehtiyac var. Bir
müddətdən sonra təcrübə insanda yeni bir işə başlamaq üçün özünəinam yaradır.
Yəni, həmin gənc yeni biznesə başlamaq üçün hazır olduğunu düşünür. Əlbəttə,
zamanla müəyyən çətinliklər olacaq, amma təcrübə və özünəinamın olması onları
dəf etməyə kömək edəcək.
- Dediniz ki,
investisiya əsas məsələlərdən biridir. Biznesə başlamaq üçün nə qədər pul
lazımdır?
- Bu, biznesin qurulduğu sahədən, qurmaq istədiyiniz
işin həcmindən, məkanından asılıdır. Kifayət qədər dostlarımız var ki, simvolik
investisiya ilə bu işləri başlayıblar. Həmin dövr üçün nə qədər məvacib lazım
olduğunu heç vaxt hesablamamışam. Çünki biz bu işə başlayanda
təsərrüfatlarımız, infrastrukturumuz var idi.
- Bəs işə başlayarkən hansı çətinliklərlə
üzləşdiniz?
- Bütün bizneslərin başlanğıcında çətinliklər olur.
Həm psixoloji, həm də maddi və texniki çətinliklər qaçılmazdır. Amma bunun
gözəlliyi də ondadır ki, bütün çətinlikləri dəf edərək irəliləyirsiniz. Bütün
xidmət sahələrində uğurlu olan insanlar bu çətinlikləri keçirlər. Əsas olan, bu
çətinlikləri dəf etmək üçün yaxşı hazırlığa, komandaya və məhsula sahib olmaqdır.
Çətinliklərdən heç vaxt qorxmasınlar. Çətinliklər olmasa, şirkət böyüməz,
inkişaf etməz.
- Bu işdə dəstəkçiləriniz kim olub?
- Dəstəkçilərimiz çox olub. Biz şirkətdə "mən” yox,
"biz” sözünü işlədirik. Uğur fərdlərə görə olmur. Komanda şəklində qazanılan
uğur uzunmüddətli və sabit olur. "Ballı”da məhsulun ərazidən toplanmasında
əməyi keçənlərdən başlayaraq,
texniki işlərə qədər hər kəs
dəstək olur. Həmçinin, dövlətimizin də bu işdə dəstəyi böyükdür. Təbii ki, ən
böyük dəstəyi isə müştərilərimiz verir. Onların məhsulumuzu bəyənməsi, yenidən
məhsulumuzu seçməsi bizim üçün ən böyük dəstək və motivasiyadır.
-
Müsahibələrinizin birində Azərbaycanı bal brendi ilə dünyada təmsil etmək
istədiyinizi deyibsiniz.
- Bəli, bir çox ölkələrin məhsullarını daddıqda,
görürük ki, Azərbaycan balı tərkibinə görə çox zəngindir. Ölkəmizdə 9 iqlim
qurşağının olması imkan verir ki, kifayət qədər zəngin bal istehsal edilsin.
Ona görə də düşünürəm ki, bizim balın təqdimatı düzgün edilərsə, kifayət qədər
ixrac potensialı var. "Ballı” olaraq keçən il Qətərə məhsul ixrac etdik. Bu il
də bir neçə ölkəyə və eləcə də, Uzaq Şərqə və Körfəz ölkələrinə ixrac edəcəyimiz
artıq dəqiqdir. Növbəti illər üçün də ixrac potensialımızı genişləndirməyi
düşünürük.
- Bəzən ilk
cəhddə alınmayanda, geri çəkilənlər olur. Onlara nə demək istəyərdiniz?
- Təbii ki, "hər şey ilk cəhddə alınacaq” kimi bir
qayda yoxdur. İlk cəhddən həvəsdən düşmək olmaz. İstək realdırsa, güclüdürsə,
içdən gəlirsə, davam etdirsinlər. Əgər bir sahədə nəticə alınmırsa, sahəni
dəyişsinlər. Özlərinə inandıqları, güvəndikləri sahədə irəliləsinlər.
- Biznesdə
təhsilin rolundan danışaq...
- Əlbəttə, burada təhsil də önəmlidir. Amma təhsillə
bərabər bir çox fərdi keyfiyyətlər də olmalıdır. İşin 50 faizi təhsilin, qalan 50
faizi isə şəxsi keyfiyyətlərin üzərinə düşür. Təhsil ona görə önəmlidir ki,
insan rəqəmlərlə işləyir və doğru analizlər etməlidir. Kompleks halda saysaq,
təhsil və təhsildənkənar şəxsi fərdi və təcrübi keyfiyyətlər mütləq olmalıdır.
- Gənclərə məsləhətiniz nədir?
- İlk olaraq sevdikləri işlə məşğul olmaqlarını
tövsiyə edirəm. Çünki bütün işin, uğurun arxasında sevgi dayanır. İşə olan
sevgi gələcəkdə uğura çevrilir. 3-5 il gec başlaması deyil, əsas sağlam
başlaması önəmlidir. Əgər mən də müəyyən şirkətlərdə işləyib təcrübə
toplamasaydım, "Ballı”da nəticə ala bilməzdim. Mərhələli şəkildə irəliləmək,
inkişaf etmək lazımdır.
Günel Azadə