• cümə, 29 Mart, 14:48
  • Baku Bakı 14°C

“Bal ayı”nda velosipedlə dünyanı gəzən cütlük Azərbaycanda

27.07.18 10:00 3932
“Bal ayı”nda velosipedlə dünyanı gəzən cütlük Azərbaycanda
Velosipedlə səyahətə çıxmaq… Zövqlü səslənir, anlatdıqca gözəl tərəfləri də çoxdur, amma həm də asan deyil. Bu barədə velosipedlə səyahət planı quran, başlanğıc nöqtəsi Azərbaycanı götürən argentinalı cütlüklə söhbətləşdik.
Xuan Kruz ilə Adam Timi 2012-ci ilin yanvar ayında tanış olublar, 2 aydan sonra artıq bir yerdə yaşamağa qərar veriblər və iki aydır ki, rəsmi olaraq ailəlidirlər, bu səfərə onların "bal ayı” da demək olar.
Xuan məndə velosipedə həvəs yaratdı
Timinin 32 yaşı var, onun əvvəllər velosiped sürməyə elə də marağı olmayıb. Bu həvəsi onda həyat yoldaşı yaradıb: "Mən Macarıstandanam, Argentinaya tətilə getmişdim, orda Xuanla tanış oldum. 2012-ci ilin yanvarında tanış olduq, may ayında artıq bir yerdə yaşamaq qərarı verdik. Rəsmi şəkildə isə iki aydır evlənmişik. Mən səyahət etməyi sevirəm. Amma əvvəldən velosiped sürməyə maraq göstərdiyimi desəm, yalan olar. Xuandan ilhamlandım. Mən fitnes təlimçisiyəm, Xuan da məndə velosipedə həvəs yaratdı. Beləcə, səyahət marağımızı velosipedlə birləşdirib dünyanı gəzirik”.
Xuanın isə 42 yaşı var, Argentinada yaşayır. Universitetdə molekulyar biologiya üzrə təhsil alıb, alimdir. Deyir ki, ilk səyahəti 12 yaşında elə öz ölkəsi daxilində olub: "İlk dəfə 12 yaşımda Argentinanın içində səyahətə çıxmışam. Ondan 20 il sonra xaricə - Avropaya səfər etmişəm. Sonra artıq davamı gəldi. Çünki insan gəzdikcə gəzmək, yeni yerlər görmək istəyir. İndiyə qədər 20 ölkədə olmuşam. Əsasən, Avropa və Cənubi Amerika ölkələrinə getmişəm”.

Bu səyahət elə də qısa olmayacaq
Asiya ölkələrini gəzməyi bu səfərdə məqsəd olaraq götürüblər. Xuan deyir ki, onda bu ölkələrə həvəsi qonşusu yaradıb: "Məndə Asiyaya həvəs yaradan hindistanlı qonşumuz oldu. Elə danışdı ki, bu maraq yaranmaya bilməzdi. Ona görə biz planlaşdırdıq ki, Azərbaycana gələk. Bura viza almaq çox rahat oldu, təyyarə ilə gəldik, bundan sonrakı səfərimiz ancaq velosipedlə olacaq. Bakıda ilk planımız palçıq vulkanlarını görməkdir, amma dedilər ki, oralar çox istidir. Yenə də vəziyyətə baxacağıq, Qəbələyə gedəcəyik. Daha çox şimal rayonlarında olacağıq, sonra Gürcüstana keçəcəyik. Gürcüstan, Ermənistan və İran sonrakı plandadır, hələ ki onlara viza almamışıq, düşünürəm ki, bu, rahat olacaq. Əsas problemimiz odur ki, Pakistandan viza ala bilmədik. Bizim marşrut elə idi ki, İrandan sonra Pakistana, ordan da Hindistana gedəcəkdik. Bütün sənədlərimiz qaydasında olsa da, Pakistan bizə viza vermədi. Ona görə marşrutumuzu çox uzatmalı oluruq. Çin vasitəsilə getmək də maliyyə cəhətdən sərfəli deyil. Ona görə fikirləşirik ki, İrandan Birləşmiş Ərəb Əmirliklərinə keçək, ordan Mərkəzi Asiya ölkələrinə. Bu səyahət elə də qısa olmayacaq, qış aylarına da təsadüf edəcək”.
Xuan deyir ki, onlar səfərə çıxanda hər cür hava şəraitinə hazırlıqlı olurlar: "Qış üçün hazırıq, lazım olan şeyləri özümüzlə götürmüşük. Get-gedə havanın temperaturu dəyişərsə, hazırıq. Barselonada olanda bir dəfə bizim çantamızı oğurlamışdılar. Bəxtimiz onda gətirdi ki, əşyalarımızla velosiped eyni yerdə deyildi, yoxsa vəziyyət daha pis olardı. Düzdür, sonra polis çantanı tapdı, içindən bəzi şeyləri götürmüşdülər, amma qalanlar da var idi”.

İslanandan sonra isti yataq, isti ev şansın da olmur
Velosipedlə səyahət etməkdən də danışdılar. Deyirlər ki, bu, elə səyahət növüdür ki, evdən çıxanda yollarda səni nələr gözlədiyini bilmirsən. Timi deyir ki, belə məqamda insanın qarşısına elə bir adam çıxır ki, çətinliklər unudulur: "Bu səyahətin çətin tərəfi odur ki, yuxarıdan aşağı da düşə bilirsən. Getdiyin yolda səni nələr gözlədiyini öncədən planlaşdıra bilməzsən. Qalmağa yer tapmadığımız da olur, başqa problemlər də. Boliviyada olanda yolda dolu yağdı, tamam su olmuşduq. Və ondan da betəri odur ki, belə islanandan sonra isti yataq, isti ev şansın da olmur. Yaş paltarda yola davam etməlisən. Amma yaxşı cəhəti odur ki, bəzən gözləmədiyimiz anda bir insan qarşımıza çıxır, hər cür kömək edir. Pis və yaxşı tərəflərini bir-birini balansda saxlayır”.
Xuan isə deyir ki, bu cür səfərdə əsas olan yatmaq üçün təhlükəsiz yer tapmaqdır: "Çünki getdiyimiz yerdə birinci dəfə oluruq, tanımırıq, heyvanlar, oğrular, yaxud başqa təhlükələr ola bilər. Ona görə yatmaq üçün təhlükəsiz yer tapmalısan. Bu elə də asan deyil”.

Cəmi bir nəfər velosiped sürən gördüm
Xuana görə velosipedlə səyahət zamanı getdiyin ölkəni, insanlarını daha yaxşı tanıyırsan: "Adi səyahətlərdə hosteldə dünyanın müxtəlif yerlərindən olan adamlarla bir yerdə qalırıq, getdiyimiz ölkəni o qədər də tanıya bilmirik. Bizim səyahətlərimizdə isə oteldə qalmırıq, getdiyimiz ölkənin insanlarının içində oluruq. Nəyəsə ehtiyacımız olanda insanlardan istəyirik”.
İndiyə qədər gəzdiyi ölkələr içərisində Xuana ən xoş təsir edəni doğma Argentina olub: "Məsələn, Boliviyanı o qədər də bəyənmədik. Argentinada ən xoşuma gələn velosipedçilərə münasibətdir, bunun üçün yolların olmasıdır. Hər ölkədə bunu müşahidə edə bilmirik. Azərbaycana gəldiyim gün ərzində cəmi bir nəfər velosiped sürən gördüm. Burda velosiped yolları yoxdur. Ona görə velosipedlə hərəkət etmək çətindir”.
Timiyə isə qidalanma cəhətdən Argentina daha uyğundur: "Xuanla velosipedlə birinci səyahətimiz Argentina daxilində olub, digər ölkələrlə müqayisədə qidalanma cəhətdən o ölkə mənə daha rahatdır. Çünki məndə belə bir problem var, tərkibində qlüten olmayan qidalar qəbul etməliyəm. Argentinada qidalarda qlütenin göstərilməsi məsələsi qanunla tənzimlənir. Digər ölkələrdə qidanın üzərində bu barədə məlumat verilmir. Xəstəliyimə görə mən orda çox rahat oluram, qidalanma ilə bağlı problem yaşamıram”.

Gün ərzində 50-100 kilometr velosiped sürürük
Bəs səyahətlərdə gününüz necə başlayır? Bu sualımızı Timi cavablandırdı: "Mən xüsusi qidalandığım üçün yuxudan duranda Xuan mənə ya yumurta hazırlayır, ya da meyvələrdən nə isə. Sonra yola çıxırıq, saat 14:00-16:00 arası yolda dayanıb, tərəvəz filan alıb yeyirik. Sonra yenə sürməyə davam edirik, gün batana qədər gedirik, sonra artıq qalmağa yer axtarırıq. Hosteldə filan qalmırıq, ona görə bizi qonaq edəcək adam axtarırıq, əgər belə adam tapmasaq, polisə yaxınlaşıb qalmağa yer cəhətdən bizi yönləndirməsini xahiş edirik. Heç nə tapmayanda isə özümüz çadır qururuq. Daha çox təbiət qoynunda olmağı, yerli insanlarla ünsiyyət qurmağı sevirik. Ümumilikdə, gün ərzində 50-100 kilometr velosiped sürürük”.

Xuan deyir ki, qida məsələsində yola ehtiyatsız çıxmaq olmaz: "Getdiyimiz yerlərdə mağazalar olur. Amma bununla yanaşı, üstümüzdə ehtiyat qidalar saxlayırıq. Çünki yolu bilmək olmur”.

Adi həyatda daha çox pul xərcləyirik, nəinki səfərlərdə
Səfərləri öncədən planlayırlar. Timi deyir ki, əsas məsələ büdcənin uyğun gəlməsidir: "Biz səfərlərdə elə böyük məbləğlərlə çıxmırıq. Məsələn, Azərbaycan haqqında bizim heç bir məlumatımız yox idi. Sərfəli büdcə ilə Yaxın Şərqə getmək üçün bu yolu seçdik. Bu səfərdə biz gün ərzində 20 dollardan artıq xərcləməməyi qarşımıza məqsəd qoymuşuq. Biz adi həyatda daha çox pul xərcləyirik, nəinki səfərlərdə”.
Xuan laboratoriyada işləyir, deyir ki, bu cür səyahət etmək üçün 6 ay öncədən işdə məlumat verir, məzuniyyət götürür: "Laboratoriyada işləyirəm, orada işdən çıxmıram, 3 aylıq məzuniyyət götürürəm. 6 ay əvvəldən məzuniyyət götürəcəyimi deyirəm. Qayıdanda da işimə qayıdıram. Bizim turumuz tez-tez olmur. Bir dəfə çıxırıq, 3-4 ay gəzib qayıdırıq”.
Səyahət deyəndə, mütləq fərqli mətbəx nümunəsi də düşünülür. Timi sərfəli büdcə ilə hər ölkənin mətbəx nümunələrinin hamısının dadına baxmağın heç də həmişə mümkün olmadığını bildirdi: "Getdiyimiz hər ölkənin mətbəxi ilə tam olaraq maraqlana, dadına baxa bilmirik. Çünki bu, maliyyə cəhətdən heç də sərfəli deyil. Azərbaycanın özündə ucuz olsun deyə yerli meyvə və qidalarla qidalanırıq”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər