• cümə axşamı, 18 aprel, 16:09
  • Baku Bakı 22°C

Bakuinfo.Az saytının iki yaşı tamam oldu

14.01.15 18:48 1912
Bakuinfo.Az saytının iki yaşı tamam oldu
Bu gün Azərbaycanın onlayn media qurumları içərisində öz dəst-xətti ilə seçilən Bakuinfo.Az saytının 2 yaşı tamam olub. AZADİNFORM bu münasibətlə saytın baş redaktoru Əvəz Qurbanlının fikirlərini öyrənib.
Ə.Qurbanlı bildirib ki, rəqabət şəraitində media qurumunun öz varlığını qoruyub saxlaması başlıca vəzifədir: “2 il, əlbəttə, bir media qurumu üçün çox da böyük bir müddət deyil. Bilirsiniz, rəqabət müstəvisində çoxsaylı rəqib var. Azərbaycan oxucusunun onlayn mediaya inteqrasiyasının artması ilə yanaşı, auditoriyanın bölünməsi prosesi də sürətlə gedir. Belə bir şəraitdə öz varlığını, rəqabətə davamlılığını qoruyub saxlamaq hər bir xəbər qurumunun başlıca vəzifəsidir. Xüsusilə, bu vəzifənin ağırlığı onda özünü göstərir ki, reklam və piar işləri aparmadan fəaliyyət göstərəsən”.
Baş redaktor qeyd edib ki, bu gün bəzi xəbər saytlarında İP giriş çoxluğunu önə çəkmək, saytın reytinqini bununla müəyyən etmək kimi arzuolunmaz tendensiyalarla rastlaşırıq: “Lakin biz vaxtında öz istiqamətimizi formalaşdırmaq yolunu seçdik və bu gün də görürük ki, yanlış istiqamət seçməmişik. Ucuz sensasiyadan, şou nümayəndələrinin təbliğindən, mənəvi-əxlaqi dəyərlərə, dövlətçilik prinsiplərinə, milli təhlükəsizlik məsələlərinə zidd olan, eyni zamanda dəqiqləşdirilməmiş informasiyaların yayımlanmasından mümkün qədər qaçdıq. Biz bu işə başlayanda xəbərçilik işində ziyalılıq prinsiplərinin qorunmasını əsas götürmüşdük”.
Onun sözlərinə görə, “Bakuinfo.Az” bu gün də həmin prinsiplərə sadiqdir: “2 illik fəaliyyətin nəticələrini hesablayarkən diqqətimizi çəkən və sevindirici bir halın şahidi olduq: bizim auditoriyamızı əsasən cəmiyyətin ziyalı təbəqəsi, ciddi xəbər istehlakçıları təşkil edir. Ziyarətçi statistikasına gəldikdə, sutkalıq İP girişimiz, orta hesabla 12 000–17 000 arasında dəyişir. Əlbəttə, bu rəqəm bizim üçün böyük önəm daşımır. Bizim üçün daha önəmli olan məsələ bu 2 il ərzində öz oxucularımızı toplaya bilməyimizdir. Daha bir statistika: bu gün bir sutka ərzində, heç bir yönəldici vasitə olmadan, kompüter arxasında, yaxud digər cihazlardan birbaşa Bakuinfo.Az yazaraq saytımıza daxil olan real ziyarətçilərin sayı 5000 nəfərə yaxındır. Bu rəqəm ümumi İP giriş sayının orta hesabla, 33 faizinə bərabərdir ki, bu da ciddi nəticədir. Bu auditoriyanı təsəvvür etmək üçün hesab edək ki, Bakuinfo.Az bir çap qəzetidir və tirajından asılı olmayaraq, hər günə olan qəzet satışı 5000 ədəd təşkil edir. Bütün bu uğurlara rəğmən, Bakuinfo.Az-ın kollektivi öz fəaliyyətini gündən-günə genişləndirmək, yeni-yeni uğurlara, nəticələrə nail olmaq əzmindədir”.
“Kaspi” qəzetinin və Kaspi.Az saytının kollektivi Bakuinfo.Az-ın 2 yaşının tamam olması münasibətilə saytın əməkdaşlarını təbrik edir, onlara işlərində daha böyük nailiyyətlər arzulayır.
banner

Oxşar Xəbərlər