Bakının brendi necə olmalıdır?
Bu ilin sonuna
kimi Bakının brendinin hazırlanması nəzərdə tutulur. Bunu Trend-ə Milli Turizm
Təbliğat Bürosunun mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib. Onun
sözlərinə görə, Bakının brendinin yaradılması üçün işlər fəal şəkildə aparılır.
K.Quluzadə deyib ki, bununla bağlı dünyanın ən populyar şəhərlərinin,
paytaxtlarının brendlərini formalaşdıran 2 beynəlxalq şirkətlə iş aparılır.
Hazırda qurum şirkətlərdən hansı ilə əməkdaşlıq edilməsinin daha münasib
olduğunu müəyyənləşdirir və onlar arasında seçim aparır: "Onlar bizə layihələr
hazırlayaraq təqdim edirlər. Nəzərə alınmalıdır ki, brend yalnız loqonun
hazırlanması demək deyil. Bu, konseptual bir yanaşmadır. Yəni biz Bakını
xaricilərə necə təqdim edirik, Bakını hansı turizm bazarına hansı tərəfdən
göstərmək istəyirik. Bakı çox rəngarəngdir. Buna görə də Çin bazarı üçün Bakı
haqqında bir, körfəz ölkələri üçün başqa bir məlumat maraqlı olur. Kimə isə
mətbəximiz, kimə isə mədəniyyətimiz, tariximiz xoş gəlir”.
Belə bir
brendin yaradılmasının hansı faydaları olacaq? Ümumiyyətlə, Bakının brendi necə
olmaldırı? Bu suallara mütəxəssislərdən cavab aldıq.
Marketoloq
Seymur Quliyevbildirdi
ki, Bakı brendinin formalaşması marketinqin destinasiya
sahəsinə daxildir : "İlk növbədə, Bakının xaricdə necə tanınması məsələsi ön
planda olmalıdır. Biz fikir verməliyik ki,
Bakı deyəndə, insanların ağlına nə gəlir? Məsələn, mən bir neçə xarici
vətəndaşla danışdığım zaman, belə qənaətə gəldim ki, Bakı deyəndə, onların
ağlına neft şəhəri gəlir. Yəni, hal-hazırda Bakı neft şəhəri kimi tanınan şəhər
brendidir. Amma bu, əslində bir brend hesab edilmir. Şəhərin tanıdılması və
brend kimi formalaşdırılması üçün əvvəlcə cari vəziyyəti analiz etmək lazımdır.
Bu analiz edildikdən sonra Bakının brendi ola biləcək kriteriyalar müəyyən edilməlidir. Yəni, Bakını
hansı kriteriyalar üzrə tanıda bilərik? Məsələn, Bakıda çoxlu tarixi abidələr
var. Bu abidələri brendin siması kimi göstərmək olar. Əgər Bakını brend
ediriksə, insanların diqqətini cəlb edəcək xüsusi kriteriyaları daha çox
qabartmaq lazımdır. Həmçinin, Bakı üçün
bir sloqan da seçmək olar. Bu sloqan elə olmalıdır ki, Bakının bütün
kriteriyalarını özündə cəmləyə bilsin. Yəni, loqo ilə sloqan brendlə eyni
tempdə olmalı və harmoniya təşkil
etməlidir. Paytaxt brendlərinə dünya
praktikasında çox rast gəlinir. Məsələn, Dubay deyəndə, ağıla azad zona və
ticarət şəhəri gəlir. Bundan başqa, Dubay
deyəndə, möhtəşəm göydələnlər, səhrada qurulmuş şəhər yada düşür. Onlar bu
şəkildə mövqe tuta biliblər. Başqa bir nümunə kimi İstanbulu göstərmək olar.
İstanbul tarix və müasirliyin vəhdətini xatırladır. Müasir İstanbul dedikdə,
ağıla müəyyən tarixi abidələr, xüsusi obyektlər gəlir. Soltan Əhməd Camisi,
Boğaz körpüsü İstanbulun simvollarındandır. Mən təklif edərdim ki, Azərbaycanda
Bakının brendinqi zamanı Flame Tover əvəzinə Qız Qalası seçilsin. Çünki brend
formalaşan zaman tarixə daha çox üstünlük verilir. Bu, dünya təcrübəsində
belədir. Bakının brend kimi formalaşmasının ölkəyə çox faydası ola bilər. Lakin
bu qədər qısa müddət ərzində Bakının brend kimi tanıdılacağına açığı, bir o
qədər inanmıram. Çünki brendin formalaşması üçün cəmiyyətin bunu qəbul etməsi
lazımdır. Cəmiyyətin qəbul etməsi üçün isə həqiqətən də təqdim olunan elementin
brend olduğuna inanması lazımdır”.
Marketoloq bəzi məqamları
da qeyd etdi: "Bundan başqa, Bakı brendinin yaradılması üçün infrastrukturun
tələb olunan standartlara cavab verməsi lazımdır. Cəmiyyətin bu brendi qəbul
etməsi turist axınına səbəb ola bilər. Brend kimi formalaşmaq həm də ölkəyə
yeni investisiya cəlb etməyə kömək edir. Yəni, bir sözlə, şəhər A-dan Z-yə kimi
bu brendə hazır olmalıdır. Çünki brend o
zaman formalaşır ki, bütün strukturlar buna hazır olur. Destinasiya olaraq loqo, konsepsiya fəlsəfəsi hazır ola bilər. Amma
brend ictimaiyyət tərəfindən qəbul edilə və ad çəkiləndə qavranılan xüsusi kriteriyadır.
Ona görə də, qısa müddət ərzində brend formalaşdırmaq bir qədər çətindir”.
Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar
Aslanov"Kaspi”yə
açıqlamasında bildirdi ki, bu, turizmlə
bağlı yol xəritəsində xüsusi qeyd edilən məsələlərdən biridir: "Dünyanın bir
çox ölkələrində böyük şəhərlərin brendi var. Həmin şəhərin iqtisadiyyat və turizm potensialını, biznes imkanlarını daha da artırmaq üçün
brenddən istifadə edilir. Buna misal olaraq, bir çox nümunə göstərmək olar.
Məsələn, "İ Love London” deyilən brend Londonun
tarixi hissələrinin eskizləri əsasında hazırlanıb. Bakı üçün belə bir brendin yaradılması turizm
potensialını genişləndirmək, Bakı və Abşeron yarımadasında turizm potensialının
tam reallaşdırılması üçün düşünülən bir addımdır. Ümid edirəm ki, bu məsələ
tezliklə öz həllini tapacaq. Brendin yaradılması üçün ilk növbədə brendlə bağlı
komissiyanın yaradılması, tələblərə cavab verəcəyi şərtlərin
müəyyənləşdirilməsi lazımdır. Yaxşı olardı ki, mütəxəssislər, rəssamlar, alimlər,
etnoqraflar, tarixçilər bu məsələni müzakirə etsinlər. Bakının brend olaraq
gerbi var. Bakının müasirliyini simvolizə edən alov qüllələri, tarixiliyini göstərən Qız qalası, Qobustan
qayaları var. Bütün bunları düşünərək, gənclər, alimlər, rəssamlar, dizaynerlər
öz təkliflərini irəli sürə bilərlər. Bu təkliflərin içərisində ən layiqlisi
münsiflər heyəti tərəfindən brend olaraq seçilə bilər. Yaxud bir neçəsini
ictimai rəy sorğusuna çıxarmaq olar. Bu üsullardan dünya təcrübəsində çox
istifadə edilir. Bu zaman çoxluğun rəyi və məmnunluğu önəm kəsb edir. Bu, ümumi
qəbul edilən bir prosedurdur. Bu işlə məşğul olan müvafiq qurumların da buna oxşar bir prosedurdan istifadə edəcəklərini
düşünürəm”.
E.Aslanov
deyir ki, Bakı brendinin yaradılmasının
böyük faydaları ola bilər: "Çünki Bakının potensialını reallaşdırmaq üçün
bundan sonrakı turizm-marketinq fəaliyyətlərində bu brenddən istifadə ediləcək.
Bakıda olan şirkətlər, istehsal edilən məhsulların qablaşdırılmasında, zahiri
görkəmində həmin brenddən istifadə edilə bilər. Bakı şəhərində keçirilən bütün beynəlxalq
tədbirlərdə bu brenddən yararlanacaqlar. Bütün bu səylər isə daha çox turist
cəlb edilməsinə müsbət təsir göstərəcək”.
Şəbnəm Mehdizadə