AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda kanalizasiyadan tutulan balıqlar da satışa çıxarılır ŞOK

Bakıda kanalizasiyadan tutulan balıqlar da satışa çıxarılır ŞOK

Cəmiyyət
19 Dekabr 2012, 10:18 5989
“R” hərfi olmayan aylarda balıq yeməyin yaxşı nəticələr vermədiyi deyilir. Amma bu o demək deyil ki, hansısa ayda “r” hərfi varsa, balığı ağına-bozuna baxmadan alıb yemək olar. Nəzərə almalıyıq ki, bu gün bazarlardan, mağazalardan başqa küçələrdə, metro stansiyalarının üstündə, hətta dayanacaqlarda belə səbətin, vannanın içərisində balıq satılır. Bu da o deməkdir ki, balıq alarkən ehtiyatlı olmalıyıq.
Onu dad eyək ki, fizioloji normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq yeməlidir.

Balıqdan zəhərlənənlər
Ötən il və bu il ərzində balıqdan zəhərlənənlərin nə qədər olduğunu öyrənmək üçün Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etdik. Maraqlıdır ki, mərkəzin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev ötən il və bu il ərzində balıqdan zəhərlənənlərin olmadığını bildirdi. Amma faktlar başqa şey deyir. Təkcə KİV-in balıqdan zəhərlənmələrlə bağlı məlumatlarına nəzər salsaq, ötən ilin noyabrından bu günə qədər xeyli sayda adamın balıqdan zəhərləndiyini, deyə bilərik. Belə ki, ötən ilin noyabrında Sumqayıt şəhərində 1 ailənin 5 üzvü balıq zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Balıqdan ən çox zəhərlənən isə 3 il bundan əvvəl Qaraheybət Ümumqoşun Təlim Mərkəzində olub. Belə ki, sözügedən mərkəzdən 200 əsgər konservləşdirilmiş balıqdan zəhərlənərək xəstəxanaya aparılıb. Bu ilin oktyabrında isə Qazax rayonun Daş Salahlı kəndində keçirilən toy məclisində 35 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Mütəxəssislərin fikrincə, balığın haradan və necə tutulması da əsas şərtdir. Məsələn, aznews.az saytında gedən məlumata görə, bu ilin oktyabrında Kürün Zərdab rayonundan keçən hissəsində brakonyerlərin balıq tutmaq üçün istifadə etdiyi vasitə əhali arasında zəhərlənməyə səbəb olub. Belə ki, brakonyerlər balıq tutmaq üçün çaya elektrik cərəyanı buraxıblar. Bu vasitə ilə tutulan balıqlardan istifadə nəticəsində əhali arasında zəhərlənmə faktları qeydə alınıb. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktla bağlı araşdırma aparılması üçün Zərdaba əməliyyat qrupu da göndərib.

Satıcılar nə deyir?
Yuxarıda göstərdiyimiz faktlar yalnız mətbuatda gedən məlumatlardır. Nəzərə alaq ki, zəhərlənərək evində özünü müalicə edənlər də az deyil. Bu da o deməkdir ki, balıq satışına nəzarət olmalıdır. Ancaq qeyd etdiyimiz kimi, paytaxtda balıq satışına hər yerdə, dayanacaqda, metrostansiyaların üstündə, həyətlərdə rast gəlmək mümkündür. Bu balıqlar haradan tutulur, necə satılır, kim buna icazə verir? Suallarımıza cavab tapmaq üçün küçədə balıq satanlarla söhbətləşdik. Ancaq satıcılar özlərinin, hətta satdıqları balıqların belə şəkillərini çəkməyə icazə vermədilər. Onlar bunu aidiyyəti orqanların onları yerlərindən yığışdıra biləcəkləri ilə izah etdilər. Satıcıların gözündən yayınıb 1-2 şəkil çəkə bildik.

“İnşaatçılar” metro stansiyasının yaxınlığında adının çəkilməsini istəməyən balıq satışı ilə məşğul olan satıcılardan biri balığı Xəzər dənizindən qohumlarının tutduğunu və özünün sadəcə satışla məşğul olduğunu dedi: “Balığı Şıxov çimərliyi tərəfdən tuturuq. Burada elə təzə-təzə satırıq. Gördüyünüz kimi, təmiz vannalara qoyuruq, alıcılar da hansını istəsə, onu seçir. Əslində mağazalarda satılan balıqlar daha təhlükəlidir, çünki aylarla orada qalır”.

Müsahibimiz onu da etiraf etdi ki, bəzi balıq tutanlar onların işinə kölgə salır: “Onlar natəmiz yerlərdən balıq tutduqlarına görə bəzən alıcılar bizə də inanmır”.

Söhbətləşdiyimiz satıcılar onu da bildirdilər ki, burada heç də icazəsiz satmırlar: “Biz özbaşına deyilik, heç icazəsiz balıq da sata bilmərik. Bunun üçün bu əraziyə nəzarət edənlərə “hörmət edirik”.

Sahilyanı ölkələrin təcrübəsi
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında ölkəsində böyük göl, dəniz olan ölkələrin təcrübəsindən danışdı. Dedi ki, sahilyanı ərazilərdə yerləşən ölkələrdə yüksək səviyyədə təşkil olunmuş balıq bazarı olur: “Qonşu Türkiyədə, hətta Gürcüstanda belə bu cür bazarlar var. Belə bazarlar 1 neçə saat davam edir və alıcılar bazarın yerini bildiklərindən tez bir zamanda balıqlar satılır və bazar dağılır. Bizdə isə kimin ürəyi harada istəyir, necə gəldi, şəraitindən asılı olmayaraq balıq satmaq səlahiyyəti olur”.

E.Hüseynovun sözlərinə görə, suyun içərisində satılan balıqlar problemsiz ola bilər: “Amma həmin balıqların hansı şəraitdə bəsləndiyini bilmək, suyun içərisinə nə qədər antibiotik vurulduğunu öyrənmək lazımdır. Harada baytarın əli varsa, orda yetişən balıq təhlükəli ola bilər, yəni balıq süni şəkildə yetişdirilibsə, artıq burda təhlükədən danışmaq olar”.

E.Hüseynov bəzən kanalizasiyadan tutulub gətirilən balıqların da istehlakçılara təklif olunduğunu dedi: “Məsələn, bulvar tərəfdə Xəzərə kanalizasiya suyu buraxılır və burada balıqçıların balıq tutduğunu hər birimiz görə bilərik. Əslində balıqlar mikrobla çirklənmiş suda yaşaya bilmir, ancaq təəssüf ki, bəzən belə suda yaşamağa uyğunlaşırlar. Buna görə də balıq alarkən istehlakçı onun hansı şəraitdə saxlanıldığını da bilsə, yaxşı olar”.

Təzə balığı seçməyin üsulları
İqtisad Universitetinin adının çəkilməsini istəməyən balıq məhsulları əmtəəşünaslığı üzrə mütəxəssisi bildirdi ki, balıq alanda öncə onun gözlərinə baxmaq lazımdır: “Təzə və yaxşı şəraitdə saxlanılan balığın gözləri mütləq açıq olmalıdır. Bundan başqa, köhnə balığın gözünün rəngi bulanıqlaşır. Təzə balığın ətini əlimizlə basanda yumşaq olmalıdır, batıq tez hamarlanmalıdır. Balıq alarkən qəlsəmələrinə də fikir vermək lazımdır. Əgər qəlsəmələrin altı qıpqırmızıdırsa, demək təhlükəsiz balıqdır. Ancaq qəlsəmələrin altının qırmızı olmasına aldanmaq lazım deyil. Bunun təbii qırmızı olub-olmadığını bilmək üçün əllə qəlsəmələrin altına baxılmalıdır, əgər əlinə rəng yapışmırsa, demək təbii qırmızıdır. Qəlsəmələrin üzərindəki selik qatı təzə balıqlarda şəffaf və rəngsiz olur. Əks təqdirdə, satıcılar qəlsəmələrin altına rəng vurmalıdırlar. Bundan əlavə, balığın qarın tərəfini əllə sığallayarkən hamarlıq olmalıdır. Balığın təzə olub olmadığını öyrənmək üçün onun arxa tərəfində anus dəliyini şeylə basmaq olar. Bu zaman əgər pis, iylənmiş qoxu varsa, deməli, köhnə balıqdır”.

Bazarda Qanlı göldən tutulan balıq da satılır
Mütəxəssis bildirdi ki, təzə balığı akvarium şəraitində saxlamaq lazımdır: “Balıq sudan çıxdısa, ölməlidir. Balığı açıq havada günün altında saxlamaq onun xarab olması deməkdir. Ümumiyyətlə, balığı açıq havada bir gündən artıq saxlamaq olmaz. Çünki bu zaman balıqda oksidləşmə gedir. Dondurulmuş balığı isə 3-5 gün saxlamaq mümkündür”.

Qeyd edək ki, açıq hava şəraitində satılan balıqların heç birinin içalatı təmizlənməmişdi. Mütəxəssis bildirdi ki, içərisi təmizlənməmiş balığı satışa çıxarmaq olmaz: “Yoxsa keyfiyyətsiz ət olacaq və zəhərlənmə baş verəcək”.
Mütəxəssis balığın saxlanma şəraitindən çox onun haradan tutulmasına fikir verməyin vacib olduğunu dedi: “Ola bilər ki, küçədə vannanın içərisinə su töküb balıqları orda saxlayırlar. Balıq dənizdən tutulubsa, bunun problemi yoxdur. Əsas odur ki, balıq haradan tutulub. Təəssüflər olsun ki, bu gün bazarda Qanlı göldən tutulub satılan balıqlar da var. Balığın qidalandığı mühit sağlam olmalıdır. Broyler toyuğunu necə böyüdürlərsə, balığı da süni hövzələrdə elə böyüdürlər”.

Kanalizasiya sularında yaşayan balıqların satışına gəlincə, əmtəəşünas dedi ki, o cür balıqlar toksiki maddələrlə zəhərlənir: “Buna görə də bu cür balıqları yemək olmaz. Toksinlər bağırsaq yollarına gedir və orqanizmdə müxtəlif xəstəliklər yaradır”.

Onu da deyək ki, həkimlər balıqdan zəhərlənmənin uzağı yarım sutka ərzində özünü büruzə verdiyini deyir. Zəhərlənmə ishal, ürəkbulanması, qusma, qarın boşluğunda sancılar, qızdırma ilə müşayiət olunur. Bu əlamətlər olduqda, həkimə vaxtında müraciət etmək lazımdır ki, zəhərlənmə ölümlə nəticələnməsin. Balığın gözə işıq verdiyi deyilsə də, diqqətli olmadan aldığımız balıq gözümüzün işığını da ala bilər.
Lalə Musaqızı