• cümə, 29 Mart, 17:57
  • Baku Bakı 14°C

Bakıda Dünya Şahmat Olimpiadasının möhtəşəm açılışına beş gün qaldı

27.08.16 15:16 1440
Bakıda Dünya Şahmat Olimpiadasının möhtəşəm açılışına beş gün qaldı
42-ci Dünya Şahmat Olimpiadasının açılış mərasiminin əsas məşqlərinə start verilib.AZƏRTACxəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək tədbirin təşkilində ölkənin bir çox tanınmış mədəniyyət xadimləri, incəsənət nümayəndələri iştirak edirlər. Mərasimin geyim eskizləri və ifa olunacaq musiqilər təsdiqlənib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events” şirkətinin dəstəyi ilə açılış üçün hazırlanan dekorasiya və lazımi texniki avadanlıqlar quraşdırılıb. Bir saata yaxın davam edəcək açılış mərasimində Azərbaycanda şahmat ənənələri ilə bağlı məqamlar, o cümlədən milli mədəniyyətimizin elementlərindən istifadə olunacaq.
Mərasimin xoreoqrafı, Azərbaycanın Xalq Artisti Təranə Muradova layihə haqqında fikirlərini bildirərək deyib: "Bakı Şahmat Olimpiadası kimi mötəbər yarışın açılış mərasimində xoreoqraf olmaqdan məmnunam. Ukraynanın tanınmış rejissoru Viktor Knış Nikolayeviç və Əməkdar Artist Rəşad Haşımovla birlikdə çalışırıq. Açılış mərasiminin ssenarisini də birlikdə yazmışıq. Mərasimdə gözəl tamaşa nümayiş olunacaq. Azərbaycan həmişə beynəlxalq tədbirləri yüksək səviyyədə keçirib. Əminik ki, Bakı Şahmat Olimpiadası da yüksək peşəkarlıqla təşkil olunacaq”.
Tədbirin rejissoru və tərtibatçısı Viktor Knış deyib: "Tamaşaçıları gözəl mərasim gözləyir. Bunu şahmat nağılı da adlandırmaq olar. Maraqlı obrazlar yaradılıb. Əvvəlcədən bütün sirləri açıqlamaq istəməzdim, sadəcə yaddaqalan olacağına əminəm. Artıq on günə yaxındır ki, məşqlər keçirilir. Hazırda son məşqlər aparılır. Azərbaycanın ən mötəbər yarışları keçirmək üçün böyük təcrübəsi var. Bakı Şahmat Olimpiadası və açılış mərasimi də yüksək səviyyədə olacaq”.
Açılış mərasiminin musiqi tərtibatçısı, "Rast” qrupunun rəhbəri, Azərbaycanın Əməkdar Artisti Rəşad Haşımov layihə üçün eksklüziv musiqi bəstələdiyini vurğulayaraq bildirib: "Şahmat dünyada elit və intellektual idman növüdür. Azərbaycana dünyanın ən güclü və tanınmış şahmatçıları gələcək. Açılış mərasimi üçün klassik musiqiyə yaxın bir janrda musiqi tərtibatı etmişik. Mərasimin musiqi tərtibatında, həmçinin dahi bəstəkarlarımız Fikrət Əmirov və Qara Qarayevin əsərlərindən də istifadə olunub. Açılışa çox az vaxt qalıb. İnanırıq ki, yaradıcı heyətin əməyi nəticəsiz qalmayacaq. Qonaqlar çox maraqlı və unudulmaz anlar yaşayacaq”.
"Amapola Exclusive Events” şirkətinin nümayəndəsi Səfər Aslanov mərasimin qeyri-adi şəkildə hazırlandığını bildirərək deyib: "Yarışa 180-dən çox ölkədən nümayəndə gələcək. Onların bir çoxunun Azərbaycanla tanışlığı bu arenadan başlayacaq. Mərasimdə şahmatın yaranma tarixi, Azərbaycanın milli ornamentləri nümayiş olunacaq. Tədbirdə həm müasir texnologiya vasitəsilə şou, həm də möhtəşəm sənətkarların ifası təqdim ediləcək. Layihə üzərində 400-ə yaxın əməkdaş çalışır. Burada milli və klassik rəqslərin nümayişləri də olacaq. 177 nağaraçının ifasında bayraqların paradı təşkil ediləcək”.
Xatırladaq ki, 42-ci Dünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər